Azərbaycan-Yaponiya əlaqələri sürətlə inkişaf edir

 

 

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyevanın başçılığı ilə nümayəndə heyəti Yaponiyada səfərdədir.

Fevralın 17-də Azərbaycan nümayəndə heyətinin Yaponiya xarici işlər nazirinin müavini xanım Miki Yamada ilə görüşü keçirilib.

Yaponiyaya rəsmi səfərə dəvətə görə Xarici İşlər Nazirliyinə təşəkkür edən S.Fətəliyeva ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, Yaponiya hökuməti tərəfindən Azərbaycanda həyata keçirilən layihələrə görə minnətdarlığını bildirib. O, Azərbaycan ilə Yaponiya arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb, bunun hər iki ölkə üçün mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Ölkələrimiz arasında əməkdaşlığın son illər sürətlə inkişaf etdiyini bildirən Miki Yamada yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin intensivləşdiyini vurğulayıb. Qeyd edib ki, bu səfərlər münasibətlərin inkişafına müsbət təsir göstərir.

S.Fətəliyeva Azərbaycanın Yaponiya ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. Bildirib ki, hər iki ölkənin hakim partiyalarının nümayəndələrinin, parlament üzvlərinin qarşılıqlı səfərləri, eyni zamanda, dövlətlərimizin də yaxınlaşmasına xidmət edir. Regionun lider dövləti olan Azərbaycan Yaponiya ilə siyasi münasibətləri inkişaf etdirməklə yanaşı, mövcud iqtisadi əməkdaşlığın daha da əhatəli olmasına xüsusi diqqət yetirir.

Nümayəndə heyətinin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edibbunun nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. Yaponiyanın münaqişə ilə bağlı ədalətli mövqeyinə görə minnətdarlığını çatdıran S.Fətəliyeva bundan sonra da yapon tərəfinin Azərbaycanın haqq işini dəstəkləyəcəyinə əmin olduğunu qeyd edib.

M.Yamada Azərbaycanın sürətli iqtisadi inkişafını Yaponiyada da diqqətlə izlədiklərini deyib. O, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyi, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində uğurlu addımlar atıldığı barədə məlumatlı olduqlarını bildirib.

Azərbaycanın regionun lider dövlətinə çevrildiyini xatırladan S.Fətəliyeva Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası barədə məlumat verərək bildirib ki, qarşıdakı illərdə Azərbaycanda milli iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması istiqamətində ardıcıl aparılır.

M.Yamada ölkəsinin Azərbaycan ilə yüksək səviyyəli əlaqələr qurmaqda maraqlı olduğunu bildirib. Qeyd edilib ki, Yaponiya Azərbaycanın ərazi bütövlüyünüsuverenliyini tanıyır və ona hörmətlə yanaşır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən Yaponiyanın hakim Liberal Demokratik Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Səs.- 2016.- 18 fevral.- S.7