Dini və milli tolerantlıq, millətlərarası
münasibətlərin inkişaf etdirilməsi
Allahın yaratdığı ən böyük dəyər insan həyatıdır. Əgər bu belədirsə, onda bu dəyərin xilası müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından, fərqli mədəniyyətlərin dialoqundan asılıdır.
Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır. İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət olan Azərbaycan nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirə bilmiş, hətta onu bir dövlət kimi öz imicinə çevirərək beynəlxalq miqyasa çıxarmağa çalışmaqdadır.
Ölkəmizin tarixinə qısaca nəzər salsaq, bu məkanda demokratik intibah dövründə də, vahid totalitar rejimdə də müxtəlif xalq və dinlərin dinc yanaşı yaşamasının şahidi olarıq. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi ta qədimdən burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilib, biri-birinə qarşılıqlı təsir göstərib, dini həyatın özəlliyini şərtləndirib. Bütpərəstlik təsəvvürlərinin kökləri çox qədimlərə dirənən ölkə ərazisində məskunlaşan əhalinin böyük qismi odu müqəddəsləşdirərək, ona sitayiş edib. İftixarla qeyd etməliyik ki, tarixin bütün mərhələlərində ölkəmizdə milli, irqi və dini zəmində heç bir diskriminasiya hadisəsi olmayıb.
Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın belə müzakirələrə ev sahibliyi etməsi təsadüfi deyildir. Müasir dünyada baş verən müharibələrin motivlərinə nəzər salsaq, etnik-dini anlaşmazlıqların bir çox hallarda katalizator rolunu oynadığını görərik. Bu mübarizələr bəzən eyni dinə mənsub təriqətlər arasında belə qanlı çaxnaşmalara səbəb olur. Etnik təmizləmə siyasəti nəticəsində bu gün dünyanın 21 ölkəsində 12 milyonadək insan qaçqın və məcburi köçkün şəraitində yaşayır. Belə bir şəraitdə dünyanın gələcəyinin mədəniyyətlərarası münasibətlərdən asılı olması tam ciddiliyi ilə meydana çıxır. Bu gün istəsələr də, istəməsələr də xalqlar bir-birinin varlığını qəbul etməli, bir-birinə hörmətlə yanaşmalı və müasir dünyanın birgəyaşayış prinsiplərinin məsuliyyətini anlamalıdırlar. Azərbaycan bu sahədə dünya dövlətlərinə uğurlu model hesab olunur. Çünki Azərbaycan bütün dinlərə hörmətlə yanaşır, hətta ölkəmizə təcavüz edənləri belə din və məzhəbə görə fərqləndirmir. Bütün bu proseslərin müvafiq qanunvericilik çərçivəsində tənzimlənməsi, Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı ilə bağlı müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə əlaqədar qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi və dini qurumların qeydiyyata alınması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvəffəqiyyətlə tənzimlənir. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Bu siyasətin nəticəsində, hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər.
Azərbaycan müstəqilliyini bərpa etdikdən və Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Onun dövlətçilik konsepsiyasına uyğun olaraq, ölkəmizdə dinlər və etnik qruplar arasında münasibətlər daha da möhkəmlənib və bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ulu Öndər milli-dini dəyərlərimizin qorunmasında, islam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynayıb. 25 illik müstəqilliyimiz dövründə isə bu ali dəyər qanunla qorunur. Belə ki, Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir.
Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.
Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Azərbaycan xalqı daim bu bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına əvəzsiz tarixi töhfələr verib. Dözümlülük, başqa dinlərin nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindəndir. Ölkəmizdə tarixən islam dini ilə yanaşı, xristianlıq, yəhudilik dinlərinə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayıblar.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin, Dini Mədəniyyətin İnkişafı Fondunun yaradılması bir daha göstərir ki, ölkəmizdə hərtərəfli inkişaf gedir. Bu müdrik siyasətin əsası Ulu Öndər Heydər Əliyevin zamanında qoyulub. Ümummilli Lider deyirdi ki, "yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür".
Fərəhlə vurğulamağa dəyər ki, Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri yüksək səviyyədədir. Dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq Azərbaycan gerçəkliyidir. Əlbəttə, Azərbaycanın bu sahədə dünyaya örnək ola biləcək uğurlarını ölkəmizdə din-dövlət münasibətlərinin düzgün qurulması şərtləndirir. Tolerantlıq yurdumuzda dövlət səviyyəsində dəstəklənir. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayır, dövlətin diqqətini, qayğı və himayəsini eyni dərəcədə hiss edirlər. Müxtəlif dinlərin təmsilçiləri hər zaman bir arada olur, sevinclərini, kədərlərini bölüşür, fərqli məzhəblərin nümayəndələri eyni məsciddə ibadət edirlər. Azərbaycanda din xadimlərinə, dini ibadət yerlərinə dövlət başçısı tərəfindən yüksək diqqət və qayğı göstərilir.
Əsas Qanunumuzda insan və vətəndaş hüquqlarına, azadlıqlarına ayrılmış fəsil 48 maddədən ibarət olmaqla, ən böyük fəsillərdən birini təşkil edir ki, burada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi mövqeyindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyi nəzərdə tutulmuş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının göstərilən əsaslara mənsubiyyətinə görə məhdudlaşdırılması qadağan edilib. Belə demək mümkündür ki, milli və irqi tolerantlığın ən böyük göstəricisi Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ilə bağlıdır. Bu, ilk sənəddir ki, onun qəbulu zamanı çoxmillətli Azərbaycan xalqı vahid bir millət kimi birləşərək Konstitusiyanın qəbuluna səs verdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün iştirakçılarına müraciətində müzakirə olunan məsələlərin müasir Avropa üçün taleyüklü rol oynadığını nəzərə alaraq qeyd edib ki, tarixən bu qitədə müxtəlif dinlər xalqların mənəvi zənginləşməsinə əhəmiyyətli təsir göstərib. Bu mənəvi zənginləşmə cəmiyyətin bütün təbəqələrinə sirayət edərək, əslində, onun bütövlüyünün vacib şərtlərindən birinə çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü "Bakı Prosesi"nin davam etdirilməsinin nəticəsi olaraq 2011-ci ilin aprelində dövlət başçısının təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO kimi nüfuzlu qurumların dəstəklədikləri forum dünyada bu istiqamətdə reallaşan ilk mötəbər tədbir olub. Bütün bunlarla yanaşı, təhsildə, mədəniyyətdə və gənc nəslin tərbiyəsi ilə bağlı digər sahələrdə də yüksək dözümlülük mühitinin formalaşdırılması çağdaş dövrün başlıca vəzifələrindəndir. Azərbaycanda bu istiqamətdə konkret və effektli addımlar atılır.
Azərbaycanda tolerantlıq şəraitinə dünya siyasətçilərinin və alimlərinin gözü ilə baxmaq da yerinə düşər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştutman söyləyib: "Azərbaycanda dini tolerantlıq heç də yeni konsepsiya deyildir. Bu ölkə yüzillər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşamasına, tolerantlığa bariz nümunə ola bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə nümunə göstərə bilərik".
Azərbaycan olduqca mürəkkəb, böyük güclərin daim maraq dairəsində olan, bu üzdən məkrli planlardan sığortalanmayan coğrafi məkanda yerləşir. Bölgəmizdə təkcə siyasi baxımdan yox, dini və milli məsələlərdə də həssaslıq var. Tarixən Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələri firavan yaşayıb və yaşayır. Onlar burada özlərini sərbəst və rahat hiss edirlər, etnik qrupların vasitəsilə hər hansı təxribatlara cəhd edənlər isə zaman-zaman pərt olublar. Bütün bunlara əsaslanaraq tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir.
Azərbaycan cəmiyyəti istər dini, istər milli zəmində tarixən üzləşdiyi sınaqlardan heç bir təxribatlara uymadan, üzüağ çıxıb. Məhz bunun nəticəsidir ki, biz bu gün "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" ilə bağlı mövzudan danışarkən böyük fəxr hissi ilə qeyd edə bilirik ki, Azərbaycan dini və milli zəmində dünyaya açıq dövlətdir!
Minarə Hacıyeva
Səs.-
2016.- 19 fevral.- S.11