XOCALI SOYQIRIMI BƏŞƏRİYYƏTƏ QARŞI CİNAYƏTDİR

"Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."

 Ulu Öndər Heydər Əliyev

 

Azərbaycanın müasir tarixinin ən kədərli və faciəli səhifələrindən biri kimi 26 fevral gününü hər il xalqımız dərin hüznlə qeyd edir. Faciənin üstündən 24 il keçsə də, onun vurduğu yaralar bu gün də sızlayır və heç zaman unudulmayacaqdır. Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmişdir. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Liditse, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.

 Xocalı soyqırımı "məzlum və əzabkeş erməni" vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir

 Xocalı faciəsi XX əsrdə "böyük Ermənistan" və monoetnik dövlət yaratmaq kimi şovinist siyasət müəllifləri olan ermənilərin Azərbaycan xalqının başına gətirdiyi ən dəhşətli cinayətlərdən biridir. İndiyədək dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən dərk olunub pislənilməməsi və qarşısının alınmasına cəhd göstərilməməsi nəticəsində 1905-ci ildən başlayaraq Azərbaycan torpaqlarının ilhaqını davam etdirən erməni qəsbkarları XX əsrin sonunda, sivilizasiyalı dünyanın gözünün qabağında bütün insanlığa silinməz ləkə olan dəhşətli cinayət və vəhşilik törətmişlər. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış 1992-ci ilin 26 fevral gecəsində erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə yeksan etmişlər. Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi, 487 nəfər şikəst edildi, 1275 sakin - qocalar, uşaqlar və qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir. Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirdilər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsir, körpə uşaqların gözlərini çıxarır, hamilə qadınların qarınlarını yarır, adamları diri-diri torpağa basdırır və ya yandırır, cəsədlərin bir qismini minalayırdılar.

Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Təəssüf ki, Azərbaycanın o dövrdəki rəhbərliyinin fərsizliyi və öz xalqının mənafeyinə biganəliyi ucbatından təcavüz və terror siyasəti geniş miqyas aldı. Ermənistan ərazisindən qovulmuş qaçqınların Dağlıq Qarabağda məskunlaşmasının hər vasitə ilə qarşısının alınması, Dağlıq Qarabağın ayrı-ayrı yaşayış məntəqələrində yerləşmiş qaçqınların oradan zorla çıxarılması, DQMV üzrə Xüsusi İdarəetmə Komitəsinin yaradılması muxtar qurumun Azərbaycanın tabeliyindən çıxarılması üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdi. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti "Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında" qərar qəbul etdi. Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün bir sıra addımlar atıldı. Vilayətdəki müəssisə və idarələr Ermənistanın nazirlikbaş idarələrinə tabe edildi. Vəziyyət son dərəcə kəskin şəkil aldı. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə həyasızcasına edilən qəsdlərin qarşısının alınmaması respublikada böyük etiraz dalğası doğurdu. SSRİ və Azərbaycan SSR rəhbərliyinin Azərbaycanın mənafelərinə zidd olan siyasətinə kəskin etirazını bildirən xalqın müqavimət əzmini qırmaq, milli heysiyyatını tapdalayaraq ona ağır mənəvi zərbə vurmaq məqsədi ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna qoşun hissələri yeridildi, dinc əhaliyə divan tutuldu, yüzlərcə insan qətlə yetirildi, yaralandı, itkin düşdü.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilsə də, müstəqil dövlətin əsas atributlarından olan ordunun qurulması istiqamətində planlı və ardıcıl aparılmadı. O vaxt respublikada mövcud olan siyasi vəziyyət, hərc-mərclik və hakimiyyət davası Ermənistanın Azərbaycana qarşı açıq təcavüzünün qarşısını almaq, ölkənin ərazi bütövlüyünü qorumaq, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyni təmin etmək üçün qətiyyətli tədbirlər görülməsinə imkan vermədi. Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsini başa çatdırdıqdan sonra Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana ilhaq etmək üçün fəal döyüş əməliyyatlarına başlanmışdır. Qüvvələr bərabər deyildi. Nizami ordunu təşkil etməyə macal tapmamış azərbaycanlı əhali əvvəlcədən xüsusi hazırlıq görmüş erməni silahlı birləşmələri, xarici ölkələrdən gətirilmiş muzdlu dəstələr və keçmiş sovet ordusunun tör-töküntüləri ilə üz-üzə dayanmışdı. Nəticədə, Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon - Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları işğal olunmuş, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çoxu əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd, qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgələrindən qovulub didərgin salınmış azərbaycanlıların sayı 1 milyondan çoxdur.

Məlum olduğu kimi, davakar erməni millətçiləri qonşu dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına qarşı ərazi iddialarına haqq qazandırmaq, qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətini pərdələmək üçün guya ermənilərin 1915-ci ildə soyqırımına məruz qaldıqları barədə uydurmalara istinad edirlər. Beləliklə, təcavüzkar və cinayətkar özünü təcavüzün və cinayətin qurbanı kimi qələmə verərək beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhdlər göstərir. Təəssüf ki, ayrı-ayrı dövlətlərin parlamentləri Xocalı faciəsi kimi real soyqırımını görməzliyə vuraraq, yalançı erməni təbliğatının təsiri altında, yaxud siyasi konyunktura mülahizələri ilə "erməni soyqırımı" əfsanəsini müzakirə mövzusuna çevirir, hətta bu barədə əsassız və ədalətsiz aktlar qəbul edirlər.

 

Tarixi həqiqətləri üzə çıxaran əhəmiyyətli Fərman

 

Təcavüzkar erməni millətçiliyinə qarşı dövlət səviyyəsində mütəşəkkil müqavimət Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra quruldu. "Azərbaycanlıların soyqırımı haqqında" Ulu Öndərin 1998-ci il 26 mart tarixli əhəmiyyətli Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan verdi. Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıldı. Bu Fərmanda "böyük Ermənistan" xülyasını həyata keçirməyin əsas yolunu tarix boyu bu ərazilərin yerli sakinləri olmuş xalqların, o cümlədən azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yerli adlarının dəyişdirilməsində görmüş davakar erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verildi. Fərmana əsasən 31 mart günü son yüz ildən artıq dövrdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edildi.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət etmiş, Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirmişdir.

 

Heydər Əliyev Fondu bu istiqamətdəki fəaliyyətini uğurla davam etdirir

 

Heç kimə sirr deyil ki, Xocalı faciəsinin dünyada soyqırımı kimi tanıdılması və onunla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun və şəxsən bu fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, birinci xanım Mehriban Əliyevanın əvəzsiz və müstəsna xidmətləri vardır. Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımına dair hazırlanmış əyani vəsaitlər bu gün dünyanın hər bir ölkəsində bu məqsədlə təşkil olunmuş tədbirlərdə geniş istifadə edilir. Bu işdə fondun vitse-prezidenti Leyla Əliyevanın da böyük xidmətləri var. Artıq dünyanın hər yerində yaşayan azərbaycanlılar, xüsusilə də gənclər Leyla xanımın təşəbbüsü ilə elan olunmuş "Xocalıya ədalət" kampaniyasında fəal iştirak edirlər. Son günlərdə Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün bir milyon imza toplanaraq Niderland parlamentinə təqdim olunması - tək bu fakt qeyd olunan kampaniyanın nə qədər effektli və genişmiqyaslı olduğunu bir daha sübut etdi.

Bu gün erməni lobbisi qondarma soyqırımı iddialarının dünyada tanınması üçün genişmiqyaslı aparır. Ermənilər yalnız mülahizələr və saxtalaşdırılmış faktlar əsasında öz iddialarına haqq qazandırmağa çalışırlar. Xocalıdakı qanlı terrorun soyqırımı olması isə dəqiq faktlarsübutlarla əksini tapmışdır. Bu səbəbdən, dünya ictimaiyyəti bu məsələdə ikili standartları bir kənara qoyaraq ədalətin kimin tərəfində olduğunu açıq şəkildə göstərməlidir.

Azərbaycan erməni lobbisinin səylərinə baxmayaraq, həqiqətin nədən ibarət olduğunu yaxın gələcəkdə dünya ictimaiyyətinə də sübut edəcək, dövlətimizin ərazi bütövlüyü təmin ediləcək, Xocalı soyqırımının da, digər cinayətlərinbütün iştirakçıları layiqli cəzalarını alacaqlar.

 

R.HÜSEYNOVA

Səs.- 2016.- 19 fevral.- S.10