N.Gəncəvinin ideal, ədalətli hökmdar konsepsiyası və insan haqları

Humanist mütəfəkkirin ideyasına görə, "dünyada zülm etmək qoçaqlıq deyil". Hökmdarın mərdanəliyi xalqa qayğı ilə yanaşmasında, yaxşı və faydalı işlər görməsindədir.

Görkəmli alim Aqşin Quliyev yazır: "Nizaminin fikrincə, cəmiyyətin rifahını yüksəltmək asan olmasa da, bu, hökmdarların gündəlik qayğısı olmalıdır. Ona görə də, ilk növbədə hökmdar xalqa pislik etməkdən həmişə uzaq olmalı, pisliyin əvvəl-axır bir gün pisliklə cavablanacağını heç vaxt unutmamalıdır.

Nizami ədaləti, onun tələb və şərtlərinə əməl edilməsini, xalqa insanpərvər münasibəti və insan haqlarına hörmətlə yanaşılmasını dövlətlərin möhkəmliyinin mühüm amillərindən biri hesab edirdi. Mütəfəkkir bu ideyasını "XosrovŞirin" poemasında da inkişaf etdirir, dövlətin uzun müddət yaşaya bilməsini hökmdarın xalqa qarşı münasibətinin məzmunu ilə əlaqələndirir".

A.Quliyevin fikrincə, Nizaminin məntiqinə uyğun olaraq hökmdarların, hətta uğurlu siyasətləri onların, bilavasitə xalq kütlələrinə soyuq və qayğısız münasibəti nəticəsində, sanki heçə enmişdir. Şübhəsiz ki, mütəfəkkir bu mövqeyini tarixi təcrübə ilə əsaslandırırdı. Çünki hökmdarların fəaliyyətini həmişə zaman özü qiymətləndirmiş, tarix onların siyasətini saf-çürük etmişdir. Başqa sözlə, şahlara, sultanlaraxaqanlara qiymət, əsasən onların əməllərinə görə verilmişdir.

Mütəfəkkirin siyasi düşüncəsinə görə, cəmiyyət, o cümlədən sadə xalq kütlələri ali mənsəb sahiblərinin həm yaxşı, həm də pis əməllərini özündə əks etdirən güzgüdür. Hökmdarların fəaliyyətinin və əməllərinin bəhrəsini, nəticələrini insanların sosial-maddi şəraitindən, yaxud ölkədə mövcud olan iqtisadi-siyasi vəziyyətdən asanlıqla görmək olar. Təbii olaraq ölkə siyasətini, cəmiyyət işlərini zorakı üsullarla həyata keçirən hökmdarın müdrikliyindən və ədalətindən danışmaq qeyri-mümkündür. Cəmiyyət işlərinin özünün gedişi ölkədəki ümumi sosial-siyasi iqlimi qiymətləndirməyə imkan verir. Hökmdarın pis fəaliyyətindən həm cəmiyyət, həm də, bilavasitə onun özü ziyan çəkir. Çünki cəmiyyətdə hökm sürən ədalətsizliklərin, idarəetmədə yol verilən nöqsanların birinci səbəbkarı hökmdaronun əmrlərini icra edən məmurlardır. Buna görə də pisliyin nəticələrini, ilk növbədə pislik törədənlərin özləri hiss edirlər.

A.Quliyev yazır: "Nizami bütün əsərlərində olduğu kimi, "Leyli və Məcnun" poemasında da zülm və zorakılıq əleyhinə çıxır. O, insanı təhqir edən və alçaldan hər şeyin düşmənidir. Mütəfəkkir insanı hər cür boyunduruqdan azad olmağa, zülm və zorakılığa qarşı mübarizə etməyə çağırır. Ən uca zirvələri fəth etməyə qadir olan insan heç bir kəsin qarşısında alçalmamalıdır. Zülm və zorakılıq sonsuz ola və əbədi davam edə bilməz. Müstəbidin zülmü nə qədər ağır olsa da, dünya bu zülmə qarşı çıxanlardan xali deyildir. Bütün bunları cavabsız qoymaq istəməyən Nizami rəzil və nadanların təhqirlərinə dözülməzlik göstərməyə çağırır, zalımların və müstəbidlərin zülmü qarşısında əyilməyi qəbul etmirdi. Zülmü və zorakılığı ədalətsizliyin ən alçağı kimi qiymətləndirən humanist mütəfəkkir zülmə dözməyi, zülmkarın qarşısında müti olmağı rəzalət hesab edirbunu son həddə özünə hörmətsizliyə bərabər tuturdu".

"Leyli və Məcnun" Nizami yaradıcılığının çiçəkləndiyi dövrünün məhsuludur. Əsərdə pakxeyirxah hisslər, insan haqlarının müdafiəsi mövcud ənənələrlə ziddiyyətdə verilir. O dövrün qabaqcıl düşüncəli müasir gəncliyi feodal quruluşunun patriarxal adətlərilə barışa bilmirdi. Həyata, insanadünyaya baxışlardakı müxtəliflik ziddiyyətsiz və münaqişəsiz ötüşə bilmirdi. Haqsızlıqlara və ədalətsizliklərə qarşı mübarizə möhkəm iradə tələb edirdi. Belə iradə nümayiş etdirənləri isə amansız təqiblər gözləyirdi. Deməli, Məcnun tək deyildi. O, Nizami düşüncəsinin, etiraz fəryadının ümumiləşdirilmiş obrazı idi. "Məcnun məhv olsa da, əzilsə də zəmanəsinə ağır bir zərbə endirmiş, onun alnına dəhşətli bir damğa basmışdır. Məcnun öz böyüklüyü ilə artıq adama, zəmanə üçün "bəd övlada" çevrilmişdir. Məcnuna cəmiyyətin etdiyi zülm talevin hökmü, fələklərin gərdişi kimi qiymətləndirilir".

A.Quliyev qeyd edir ki, cəmiyyətdə baş verən hadisələri diqqətlə izləyən və onlardan müəyyən nəticə çıxaran Nizami səbri və təmkini mövcud ziddiyyətlərin aradan qaldırımasında mühüm şərtlərdən biri hesab edirdi. Mütəfəkkirin ideyasına görə, təmkinlilik və möhkəm iradə bütün müşküllərin həllində insana qalırdı. Çünki yaşadığı mühit müasiri olduğu dövrün gerçəklikləri idi. Elə buna görə də mütəfəkkir heç də şahlıq və şahın tamamilə yer üzündən götürülməsi məsələsini qoymurdu, qoya da bilməzdi. O, ədalətlə və ağılla məmləkəti idarə edə bilən hakimlər haqqında düşünürdü. Nizami məhz ədalətli və müdrik hökmdarın zülmü məhv edəcəyinə, məcnunlar üçün həqiqi azadlığın bərqərar olacağına, leylilərin hüquqsuzluğunun aradan qalxacağına ümid edirdi. Ədalətli və müdrik hökmdar Nizami üçün təkcə bir məmləkətin deyil, bütün dünyanın firavanlığı demək idi.

A.Quliyev yazır: "Nizami "Xəmsə"yə daxil olan digər poemalarında olduğu kimi, "Leyli və Məcnun" əsərində də haqsızlıq və özbaşınalıqların aradan qaldırılmasında ədalətli və müdrik hökmdarın qüdrətinə inamını nümayiş etdirir. Ədalətli hökmdar mütəfəkkirin nəzərində insanların ədalət axtarışının nəticəsi kimi canlanır. Məhz ədalətli hökmdar sadə insanların firavan və xoşbəxt gələcəyi ola bilər. Ədalətli hökmdar insanların gələcəyə inamının təcəssümüdür. "Leyli və Məcnun"da hökmdarlara nəsihət Məcnunun dilindən səslənməsə də, feodal quruluşu elitasının bu qəhrəmana, qəhrəmanın isə həmin elitaya münasibətində mövcud hakimiyyətə dikilən nəzərlər içərisində bir cüt göz də Məcnuna məxsusdur. Məhz bu Məcnun elə Nizaminin özüdür. Həmin Nizaminin dünyanın işlərinə məsul olan hökmdarın ədalətinə inamı dərindir".

Nizaminin sayca dördüncü olan "Yeddi gözəl" poeması öz daxili məzmunu nöqteyi-nəzərindən mütəfəkkirin siyasi idealının parlaq təzahürlərindən biridir. Poemada qarşıya qoyulmuş əsas məqsəd insanı kamilləşdirməkdən, onu ideal bir varlığa çevirəcək zirvəyə yüksəltmək üçün bir sıra bəşəri problemləri həll etməkdən ibarətdir. Bundan ötrü düşündürücü ən mühüm məsələlərdən biri insanı ideallaşdıra bilən, onun şəxsiyyətini formalaşdırmağa xidmət edən mükəmməl həyat şəraitinə malik ədalətli cəmiyyət qurmaq idi. "Bütün Nizami yaradıcılığından keçib gedən, bütövlükdə bəzən açıq, bəzən dolayı yolla Nizami irsinin məntiqi vurğusu, Nizami humanizminin baş çıxış nöqtəsi olan xoşbəxt cəmiyyət quruluşu ideyası... mütəfəkkirin bu əsəri üçün məqsəddir, amaldır".

A.Quliyev yazır: "Nizaminin məntiqinə görə, azad, xoşbəxt, ahəngdar cəmiyyəti yalnız o zaman qurmaq olar ki, insanlığın taleyinə məsul olan hökmdarların xisləti fədakarlıq və özünütərbiyə, alicənablıq və fəzilətlərə yiyələnmə yolu ilə daxili-mənəvi rəzalətlərdən, eybəcər və çirkin niyyətlərdən, alçaq vərdişlərdən, qeyri-insani şəhvət və ehtiraslardan, qəsbkarlıqdan, insanlara qarşı biganəlikdən, ədalət qanunlarına hörmətsizlikdən və hakimiyyət hərisliyindən təmizlənsin. Mütəfəkkir şah hakimiyyətinin təbiətinə xas olan qəddarlığı, ədalətin tələblərinə məhəl qoyulmamasını kəskin tənqid edir və belə bir qənaətə gəlirdi ki, hökmdarlıq və hakimiyyət səlahiyyətləri bəzən təbiətcə həlim və mülayim, xeyirxah olan insanı da müstəbidə çevirə bilər. Nizaminin bu etirafı bir qədər ziddiyyətli görünsə də, danılmaz həqiqət ondan ibarətdir ki, o, bu nəticəyə gördükləri və müşahidələri əsasında gəlmişdir". Ona görə də Nizami "Yeddi gözəl" poemasında cəmiyyətin istismar edən və istismar olunanlara bölünməsinə etiraz edir, dünyanı qəssab dükanına bənzədir. Nizami dövründəki ictimai haqsızlıqlara etiraz edir, insanları belə zülmə, ədalətsizliyə dözməməyə, ildırım kimi amansız olmağa dəvət edir.

"Yeddi gözəl"in baş qəhrəmanı Bəhram cəsur, ağıllı və ədalətli hökmdardır. Bəhramın ədaləti zülmə və zorakılığa qarşı amansızlığında daha parlaq əks olunur. A.Quliyevin fikrincə, "Yeddi gözəl"in süjet xəttinin müəyyən əyləncəliliyinə baxmayaraq, mütəfəkkir Bəhram-Gur obrazında məsələnin etik cəhətinə-sosial ədalət probleminə böyük diqqət yetirmişdir. Bəhram Nizaminin ədalətli ideal hökmdar haqqında tələblərinə yalnız qismən cavab verir. Bəhram məhz hakimiyyət başına gəldikdən sonra ölkəni ədalətlə idarə edir. Əslində isə, bu, Nizaminin özünün istəyidir. Hökmdar Bəhramın ədalətsizliyi Nizaminin ədalətli şah idealı ilə daban-dabana ziddiyyət təşkil edərdi. Lakin mütəfəkkir ona sanki ədalət dərsi verir. Bəhram bundan düzgün nəticə çıxarır, ədalətsiz hökmdarların səhvlərini təkrarlamaq istəmir. Nizami ona mənalı ömür sürməyi, tarixdə yaxşı ad qoymağa nail olmağı öyrədir.

Bəhramın tərcümeyi-halı, onun həyat tarixçəsi Nizamiyə ideal hökmdar haqqında öz fikirlərini bir daha söyləməyə, habelə özünün humanist təlimini, insanpərvərlik ideyalarını çatdırmaq imkam verirdi. Ova və həyatın nəşələrinə aludə olan Bəhram, eyni zamanda İranda baş verən hadisələri diqqətlə izləyir. Atası Yəzdigürdün ölümündən sonra iranlıların mülayim xasiyyətli bir qocanı taxta çıxardıqlarından xəbər tutan Bəhram onlara hədələyici bir məktub yazır, iranlılar isə ona cavab verirlər ki, o, ədalətsizliyinə və müstəbidliyinə görə hakimiyyətdən məhrum edilib.

Məsələ burasındadır ki, İranda şah hakimiyyətinin nəzəriyyəçiləri belə bir təlimi müdafiə edirdilər ki, yalnız ilahi qüvvə tərəfindən hünər bəxş edilmiş, şah nəslindən olan xüsusi adamlar hökmdar ola bilərlər. Lakin Nizami bu təlimi birdəfəlik rədd edib, feodalizm dövrü üçün demokratik hesab olunan belə bir ideya irəli sürürdü ki, hər bir ağıllı, müdrik və ədalətli, hünərvər və rəşadətli şəxs hökmdar olmağa layiqdir.

A.Quliyev daha sonra yazır: "Məsələnin digər və həm də ən mühüm cəhəti Nizaminin yaradıcılığında xalqa yaxınlıq və bağlılıq, o cümlədən hökmdarın sadə xalq kütlələri ilə qarşılıqlı ünsiyyətinin olması problemidir. Təsadüfi deyildir ki, "xalqla yenidən qarşılaşmaq Bəhrama həqiqi çıxış yolunu göstərir. Burada da Nizami hadisələrə təbii axarı ilə getmək imkanı verir. Çobanla Bəhramın qarşılaşması zahirən təsadüfidir, lakin zəruridir, ədalətli Bəhramın yenidən özünə qayıtmasıdır". Bu qayıdış Nizaminin ideallarına cavab verirdi.

İztirab və narazılıqlarla dolu olan dünyada insan həyatı həmişə təhlükə qarşısında olmuşdur. Hökmdarı müstəbid, qanunları ədalətsiz olan cəmiyyət, əslində özünün hər bir üzvü üçün həbsxananı xatırlatmışdır. Nəinki onlarla və yüzlərlə insanın azadlığını məhdudlaşdıran hökmdar zindanları, özbaşınalıq və haqsızlıqların hökm sürdüyü cəmiyyətin özü sadə insanlar üçün qaranlıq bir zindana çevrilmişdir. Haqsızlıqlar səltənətində hər bir insanı vahimə və dəhşətli qorxu hədələyir, sanki özünün dəmir pəncəsi arasında sıxaraq əzirdi. Bəhram-Gur dinlədiyi məhbusların şikayətlərindən yalnız bunları eşitmişdi.

Nizaminin ideyasına görə, ədalətsiz cəmiyyətin yetirmələri də öz xislətləri etibarilə haqsızlıq məkanında yetişənlərdir. Ədalətsiz cəmiyyətdə xeyirxah xasiyyətdə olan insan tapmaq o qədər də asan deyildir. Deməli, belələrindən sadiqlik, fədakarlıq və alicənablıq gözləmək əbəsdir. Gücün və qüvvənin qarşısına mütilik göstərib məzlumlara qarşı vəhşiliklər nümayiş etdirənlərdən heyvani davranışdan savayı heç nə gözləmək olmaz".

"Yeddi gözəl" poemasının əsas obrazının arzu olunan zirvəyə qalması sanki Nizami dühasının, Nizami ədalətinin zülm və zorakılıq üzərində qələbəsidir. Ədəbiyyatda qeyd olunduğu kimi "İntibah dövründə xeyirlə şərin mübarizəsi və xeyirin qələbəsinə inam məsələsi mühüm yer tuturdu. "Yeddi gözəl"də də bu məsələyə geniş yer verilmişdir. Xeyirlə şərin mübarizəsi və xeyirin qələbəsinə inam, əslində poemanın əsas pafosunu təşkil edir".

Əsərdə Nizamini dərindən düşündürən bir məqam da tədqiqatçıların diqqətini özünə cəlb etmişdir. Bu, müəlliflərin düzgün olaraq aşkar etdikləri "yeni insan axtarışı" ideyasıdır. Haqlı olaraq qeyd edilir ki, "Yeddi gözəl" insana yeni İntibah dövrünün münasibətini əks etdirən bir poemadır. "İnsan necədir və necə olmalıdır" fikrini geniş planda əks etdirmək Nizaminin daha çox bu əsərdə poetik qayəsi olmuşdur. Ona görə də humanist mütəfəkkir bədxahları və xəyanətkarları, peşəsi yalnız pislik olanları yaşamağa haqqı olmayanlar kimi səciyyələndirmişdir.

 

Vahid ÖMƏROV

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 24 fevral.- S.15