Heydər Əliyev Mərkəzində
“Heydər Əliyev və multikulturalizmin
Azərbaycan modeli” mövzusunda
elmi-praktik seminar keçirilib
Fevralın 22-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli” mövzusunda elmi-praktik seminar keçirilib. AZƏRTAC xəbər verir ki, seminarda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin Azərbaycandakı multikulturalizm ənənələrinin formalaşması və bu modelin yaradılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri barədə məruzəsi dinlənilib.
Dövlət müşaviri bildirib ki, Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib məqam ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib.
Kamal Abdullayev qeyd edib ki, Ümummilli Lider multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edir, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, müxtəlif dinlərə məxsus insanların dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Dövlətimizin başçısı daim ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir. Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri həm də mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar forumların keçirilməsidir.
Dövlət müşaviri
qeyd edib ki, Azərbaycanın multikultural
ənənələrinin qorunub
saxlanması, təbliği ilə bağlı Heydər
Əliyev Fondu mühüm
layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin
bir ölkə çərçivəsində
qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin
və mədəniyyətlərin müxtəliflikləri
rejimində fəaliyyət göstərməsini
reallaşdırır. Heydər Əliyev Fondunun
düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin
mühüm aspektlərindən biri olan mədəniyyətlərarası
əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Fondun Prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun
və ISESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın təşəbbüsü
ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun
genişləndirilməsi”, “Qloballaşma
şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində
birgəyaşama”, “Azərbaycan - tolerantlıq məkanı”
layihələrini xüsusi qeyd etmək olar. Kamal Abdullayev bildirib ki, müasir dövrdə
Azərbaycan özünün multikulturalizm siyasəti və bu
sahədə əldə etdiyi nailiyyətlərlə
dünya dövlətlərinə, o cümlədən bununla
bağlı tarixən zəngin təcrübəsi ilə
tanınan Qərb ölkələrinə nümunədir.
Azərbaycan nümunəsi göstərir ki,
multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər
ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa
uğrayıb. Amma Azərbaycanda
yaşayır və bu meyillər, ideyalar güclənir, ictimaiyyətdən də
daha çox dəstək
alır. Bütün bunların nəticəsidir
ki, 2016-cı il Azərbaycanda
“Multikulturalizm ili” elan olunub.
Səs.- 2016.- 23 fevral.- S.6