"Xocalısız 24 il"

YAP Yevlax rayon təşkilatı Xocalının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümü ilə bağlı tədbir keçirib

 Dünən 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı YAP Yevlax rayon təşkilatı, Yevlax şəhər mədəniyyət və turizm idarəsi mərkəzi mədəniyyət evində tədbir keçiribdir.

Tədbir Xocalı soyqrımında həlak olmuş şəhidlərin əziz xairəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə şəhər mərkəzi mədəniyyət evinin direktoru Eldəniz Mustafayev açaraq bildirdi ki, Ümummilli Liderimiz, böyük şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad edilməsi üçün əzmlə mübarizə aparmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu siyasəti ardıcıl və geniş şəkildə davam etdirir. Cənab İlham Əliyev dəfələrlə birmənalı şəkildə təkrar edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmamış, heç bir danışıqdan söhbət gedə bilməz.

Sonra Xocalı soyqırımından bəhs edən film nuümayiş olundu, tədbir iştirakçılarına bukletlər paylandı.

YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev soyqırımı haqqında geniş çıxış edərək vurğuladı ki, Xocalı faciəsində həlak olan şəhidlərin xatirəsinin hər zaman belə əziz tutulması xalqın mənəvi zənginliyinin və öz keçmişinə etimadla yanaşmasının nəticəsidir. Xocalı faciəsi bir xalqa, millətə edilmiş soyqırımı olmaqla ümumən insanlığa vurulmuş ən böyük zərbədir. Təəssüf ki, insan hüquqlarında danışan dünyanın hegemon ölkələrinin əksəriyyətində bu soyqırımı hələ də tanınmır. Amma biz inanırıq ki, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tez bir zamanda bütün dünya yüzlərlə qətliamın səbəbkarı olan qəddar və vəhşi erməni sifətini tanıyacaqdır.

Tədbirdə Xocalı sakinləri Rafik Məmmədov, Tofiq Həsənov və başqaları  faciə ilə bağlı xatirələrindən söz açdılar. O, gecə Xocalı sakinlərinin başlarına gələn müsibəti göz yaşı içərisində dilə gətirməklə insanların qəlbində düşmənə nifrət hissini bir daha aşılamış oldular.

Xocalıda əzizlərini itirmiş Aynur Mustafayeva bir qadın olaraq bu faciənin Azərbaycan tarixində qadınlara, körpələrə qarşı törədilmiş ən qəddar, amansız bir cinayət hadisəsi kimi qiymətləndirdi və bütün dünya qadınlarını azərbaycanlı qadınlarla, analarla həmrəy olmağa çağırdı.

Sonda təşkilatçılar baş vermiş bu cür qətliama görə Xocalı sakinlərinə ümumilikdə, toplantı iştirakçılarına başsağlığı verərək, onlara güclü və inamlı olmağı arzuladılar.

 

R.HÜSEYNOVA

Səs.- 2016.- 24 fevral.- S.12