Xocali soyqırımı - insanlığın faciəsidir
YAP Tərtər rayon təşkilatı gənclər birliyi Xocalı soyqırımının
24-cü ildönümünü qeyd edib
Dünən YAP Tərtər rayon təşkilatının gənclər birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının rus ordusuna məxsus 366-cı alayın bilavasitə iştirakı ilə Xocalı şəhərinə edilən basqın və bunun nəticəsi olaraq yüzlərlə uşaq, qadın və qoca insanların vəhşcisəinə qətlə yetirilmələrindən danışıb. Qeyd edib ki, xalqımızın tarixinə ən dəhşətli faciə kimi daxil olan Xocalı qətliamı ilə bağlı Ulu Öndər Heydər Əliyev demişdir: "Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir ".
Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan uğurlu və ardıcıl tədbirlərin xüsusi əhəmiyyət daşıdığını deyən K.Məmmədov onu da vurğulayıb ki, yaxın zamanlarda ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində işğal altında olan torpaqlarımız tezliklə geri alınacaqdır.
Tədbirdlə rayon təşkilatı gənclər birliyinin sədri Emin Pənahov, rayon təşkilatı aparatının işçisi Arzu Yaqubova, şəhər 6 saylı tam orta məktəbin müəllimi Zülfiyyə Abdullayeva, şəhər 1 saylı tam orta məktəbinin Uşaq-Gənclər Birliyinin rəhbəri Turanə Bayramova, Söylən kənd tam orta məktəbinin hərbi müəllimi Albetov Mübariz, mədəniyyət və turizm idarəsinin metodisti Sevda İsgəndərova və başqaları çıxış edərək bildiriblər ki, bu gün dövlətimizin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Xocalı soyqırımı bir çox dünya dövlətləri tərəfindən tanınır və tanınmaqda davam edir. Lakin bununla arxayınlaşmaq olmaz. Dünyanın bütün diqqətini bu faciəyə və bunu törədənlərə qarşı çevirərək haqq səsimizi bütün sülhsevər ölkələrə çatdırmalıyıq. Çünki dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, onların yolverilməz olduğunu bildirirlər. Cinayət cəzasız qalmamalıdır. Ermənistan dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.
Ü.ƏSGƏROV
Səs.-
2016.- 25 fevral.- S.12