Azərbaycançılıq milli ideyası

dövlətçilik ideologiyası kimi

 

Buradan görünür ki, 1993-1995-ci ildən sonra Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə milli ideologiya - azərbaycançılıq və dövlətçilik ideologiyası bərqərar olmuş və indi o, Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməkdədir. Ulu Öndər Heydər  Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı  nitqində azərbaycançılıq ideologiyasının dövlətçilik    konsepsiyası  və milli-mənəvi dəyərlərlə vəhdətdə olduğunu göstərdi. Bütün dünya azərbaycanlılarını birləşdirən əsas amillərin milli mənsubiyyətimiz, tarixi köklərimiz, milli-mənəvi dəyərlərimiz    milli   mədəniyyətimizdən ibarət  olduğunu  nəzərə  çatdıran Ümummilli Lider  Heydər Əliyev inamla bunları bildirdi: "Bizim   hamımızı   birləşdirən,   məhz   bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır.

Azərbaycan dövlət müstəqilliyini əldən edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq - öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub-saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".Ulu Öndər Heydər Əliyev milli ideologiyanın milli dövlətçilik və milli-mənəvi dəyərlər kimi iki başlıca komponentdən ibarət olduğunu diqqətə çatdırmışdır. Heydər Əliyevin üzərinə bir tərəfdən milli ideologiyanın məhz ümumbəşəri dəyərlər sistemi zəminində formalaşdırılması, digər tərəfdən də, dövlət və hüquq quruculuğu prosesində xarici təsirlərin milli ideologiya süzgəcindən keçirilməsi kimi ağır bir vəzifə düşürdü. Ulu Öndər Heydər Əliyev tərəfindən milli ideologiyamızın mükəmməl konsepsiyası işlənib-hazırlandı.

Belə bir konsepsiya Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan müstəqillik əldə etdiyi gündən hazırlanır və getdikcə təkmilləşdirilir. Bu ideologiyanın ilk müddəaları və əsas istiqamətləri Yeni Azərbaycan Partiyasının Nizamnaməsində ifadə olunmuşdur. Ümummilli Lider Heydər Əliyev özü YAP-ın yaradılmasının 6-cı ildönümü münasibəti ilə təntənəli yığıncaqda belə demişdir: "Azərbaycanın müstəqil dövlət kimi ideologiyası... Yeni Azərbaycan Partiyasının məramnaməsində öz əksini tapıbdır. Bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə, həm sosial-iqtisadi sahədə gördüyümüz işlər həmin milli ideologiyanın üzərində qurulur.

Bu milli ideologiya nədən ibarətdir? Birincisi dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin və dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub-saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə, hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun".

Elə həmin çıxışda Dahi Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizi milli ideologiyamızın ikinci əsas komponenti kimi təqdim etmişdir. Beləliklə, Heydər Əliyevə görə, milli ideologiyanın əsas komponentləri, bir tərəfdən milli dövlətçilik, digər tərəfdən milli-mənəvi dəyərlərdir.

Dövlətçilik ideologiyası insanların bir vətəndaş kimi formalaşdırılmasını, vətənə sevgi hissini, dövlət mənafeyini üstün tutmaq, şəxsi mənafeyi dövlət mənafeyi prizmasından keçirmək vəzifələrini əhatə edir. Heydər Əliyevə görə, dövlətçilik ənənələri dövlətçilik ideologiyası, dövlətçilik psixologiyası və dövlətçilik praktikasının vəhdətindən yaranır.Dövlətçilik ideologiyası hüquqi və siyasi şüurun yüksəldilməsini, insanın şəxsi həyatının, şəxsi maraqlarının cəmiyyətdə gedən proseslərlə əlaqələndirilməsini, dövlət idarəçiliyində hər bir şəxsin, bilavasitə və ya bilvasitə iştirakının təmin olunmasını nəzərdə tutur.Dövlətçilik ideologiyası, habelə, iqtisadi təfəkkürün və iqtisadi mədəniyyətin inkişaf etdirilməsini, dövlət tərəfindən qanunvericilik aktları ilə aparılan iqtisadi islahat proseslərinin məqsədyönlü surətdə insanların şəxsi mənafeyi, rifahı və həyat tərzi ilə əlaqələndirilməsini və uyğunlaşdırılmasını əhatə edir.Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub-saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürür. Bunlarsız millət yoxdur. Bunları qoruyub-saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. Çünki milli dövlətçilik və milli-mənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən xalqın milli dövlətə də ehtiyacı ola bilməz. Belə ki, milli dövlət, bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən və daha çox dərəcədə milli-mənəvi dəyərlərin qorunması və nisbi müstəqil inkişafının təmin olunması məqsədi daşıyır. Milli dövlət ideologiyası olan azərbaycançılığın gücü ondadır ki, o, xalqın milli-mədəni kimliyini həm müdafiə etməyi və həm də qoruyub-saxlamağı bacaran dövlətlə insanların fərdi sosial-mədəni meyillərini üzvi şəkildə birləşdirməyə qadirdir... Bu ideologiya Azərbaycanda vahid birlik və vahid sosium formalaşdırır."Azərbaycançılıq" ideyasının dərk olunması əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur.Neokonservatizmin milli forması kimi azərbaycançılıq milli ideologiyanın əsasıdır və Azərbaycan dövlətinin bütün tarixi boyu da əsası olaraq qalacaqdır. Müasir qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizi gözləyən təhlükədən ancaq milli ideologiyanın köməyilə xilas olmaq mümkündür. Çünki milli ideologiyanın formalaşdırdığı milli özünüqoruma şüuru milli dəyərlərimizi hər cür təhlükədən qoruya bilər.Bir sözlə, ictimai həyatımızın bütün sahələrində - milli mədəniyyətimizdə, milli əxlaqımızda, mənəviyyatımızda və siyasətimizdə dövlətçilik ideologiyası kimi təzahür edən milli ideologiya - azərbaycançılıq istiqamətləndirici məfkurə kimi tarixi keçmişimizin məhsulu olan milli-mənəvi dəyərlərin varlığını qoruyub-saxlayır. S.Xəlilov milli-mənəvi dəyərlər və dövlətçilik ideologiyası - azərbaycançılığın qarşılıqlı münasibətləri haqqında yazır: "Əsrlərdən bizə miras qalmış milli-mənəvi dəyərlər nəinki təkcə müasir milli mövcudluğumuzun, həm də siyasi mövcudluğumuzun, dövlətçiliyimizin qarantına çevrilməlidir və əksinə, milli-mənəvi varlığımızın qorunub-saxlanması da dövlətin ən əsas funksiyalarından biri olmalıdır. Azərbaycançılıq Azərbaycan dövlətinin milli-siyasi məfkurəsinə çevrilməlidir. Azərbaycançılıq, əslində, dövlət ideologiyası kimi milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasında əsas amillərdən biridir. Beləliklə, milli ideologiyamızın əsası olan azərbaycançılıq qədim dövrlərdə dövlətçilik ənənəsi və milli-mənəvi dəyərlərimizlə sıx bağlı şəkildə meydana gəlmiş, formalaşmış və inkişaf etmişdir.     Ulu Öndər Heydər Əliyevin millətin mənəviyyatında, iqtisadiyyatında, dövlətçiliyində, milli ideologiyası və milli-ideoloji təhlükəsizliyi sahəsində əsl intibah yaradıcısı kimi Azərbaycana nailiyyətlər və uğurlar qazandırdığı məlumdur. Heydər Əliyevin ölkədə yaratdığı təhlükəsizlik və sabitlik mühitini, sözün tam mənasında, fenomen adlandıraraq bu fenomeni şərtləndirən aşağıdakı amilləri göstərirlər:Ən birincisi, parçalanmaqda və hərc-mərclik ucbatından süquta uğramaqda olan ölkəni azərbaycançılıq ideyasına söykənərək, milli birlik və vətəndaş həmrəyliyi ilə demokratik və dinamik inkişaf etməkdə olan bir məmləkətə çevirmək bacarığı.İkincisi, Ulu Öndər Heydər Əliyevin keçdiyi zəngin həyat yolu başlanğıcdan son günədək ölkənin təhlükəsizliyi ilə sıx bağlı olub. Əsl peşəkarın vətən qarşısında əvəzsiz xidmətləri ölkəni və xalqı dəfələrlə bəlalardan və məhv olmaqdan qorumuşdur.Üçüncüsü, bu böyük insanın şəxsi keyfiyyətləri ilə bağlıdır. Heydər Əliyev yenilməz iradəyə, diplomatik bacarığa, başlıca məqsədə doğru ardıcıl və inamlı şəkildə getməyə qadir, ölkənin və millətin mənafeyi tələb etdiyi məqamlarda kompromisə hazır olmağı  bacaran  şəxsiyyət olmuşdur.  Bu  mühüm və  nadir keyfiyyətlər Onun həyatda daim qalib çıxması üçün əsas stimul rolu oynamışdır.     Ulu Öndər Heydər Əliyevin yaratdığı milli ideologiya - azərbaycançılıq ideologiyası, müstəqil dövlətçilik, ölkədə və beynəlxalq aləmdə yeritdiyi sülhsevər siyasət Azərbaycanın milli təhlükəsizliyini, həmçinin, ideoloji təhlükəsizliyini təmin etmişdir.

 

VAHİD ÖMƏROV,

 

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2016.- 16 iyul.- S.15.