Xalq, millət və əhali münasibətləri kontekstində
insan hüquqları
XX əsrin sonunda Azərbaycan xalqı öz suverenliyini bərpa etdikdən sonra demokratik, hüquqi, konstitusion dövlət quruculuğuna qədəm qoydu və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi (referendum) yolu ilə dövlətimizin Yeni Konstitusiyasını qəbul etdi. Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində xalq hakimiyyətinin müasir konsepsiyası müstəqil Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasında öz hüquqi ifadəsini tapdı. "Bu konsepsiyaya görə, xalq nədir və o millət, əhali kateqoriyalarından nə ilə fərqlənir" sualını aydınlaşdırmağa zərurət vardır. Hesab edirəm ki, bu sualların tədqiqi həm konstitusionalizm nəzəriyyəsi, həm də hüquqi təcrübə üçün böyük əhəmiyyət kəsb edir.
Hüquq üzrə fəlsəfə doktoru Ceyhun Süleymanov yazır: "xalq hakimiyyəti", "xalq suverenliyi", "milli suverenlik" "xalqın (millətin) öz müqəddəratını həll etmək hüququ" və s. bu kimi anlayışlar həm ümumi, həm də siyasi-hüquqi, eləcə də beynəlxalq hüquq ədəbiyyatlarında geniş istifadə olunan anlayışlardır. Lakin bu günədək Azərbaycanın və xarici ölkələrin nəzəri, normativ və empirik hüquq ədəbiyyatlarında "millət", "xalq" və "əhali" kateqoriyalarının birmənalı izahı yoxdur.
Qeyd edilən problemin mürəkkəbləşməsi, həm də onunla bağlıdır ki, müasir dövrədək beynəlxalq birlik tərəfindən bu kateqoriyaların vahid definisiyası qəbul edilməmişdir.
Bir çox hallarda inkişaf etmiş xarici demokratik ölkələrin konstitusiyalarında, o cümlədən beynəlxalq hüquqi aktlarda "millət" və "xalq" kateqoriyaları, faktiki olaraq eyniləşdirilir.
Azərbaycan Respublikasının Konstitusiyasında isə hər üç anlayışdan fərqli mənalarda istifadə olunur. Əks-halda, bu kateqoriyaların eyniləşdirilməsi hüquqi texnikanın tələb və prinsiplərinin pozulması kimi qiymətləndirilə bilərdi. Belə ki, qanunvericilikdə müxtəlif terminlər bir anlayışı ifadə edə bilməz və yaxud bir termin müxtəlif mənalarda ifadə oluna bilməz.
Nəzərə alsaq ki, konstitusiya qanunvericilik sisteminin normativ, terminoloji bazasıdır, əsas qanunda öz ifadəsini tapan "xalq", "millət" və "əhali" kateqoriyalarının müqayisəli təhlili nəinki hüquq elmi, o cümlədən hüquq yaradıcılığı və hüquq tətbiqetmə praktikası üçün də çox önəmlidir.
Bəzən elmi-nəzəri ədəbiyyatlarda müxtəlif sözlər eyni məna verir və əksinə, bir söz bir neçə fərqli anlayışları bildirir. Müxtəlif dillərdə eyni mənşəli olan oxşar sözlərə nəzər yetirsək, anlayışlar arasında olan qarışıqlığın daha da mürəkkəbləşməsini aşkar edirik. O cümlədən, latın köklü "natio" sözü (tərcümədə-millət), bir çox dillərdə fərqli mənalar verir, bəzən də xalq anlayışı ilə eyniləşdirilir.
Etnoqrafik ədəbiyyatlarda bu mövzu ilə bağlı mübahisəli diskussiyalar XIX əsrdən başlayaraq, bu günədək davam edir.
Uzun illər ərzində millət anlayışı yunanca "etnos" sözünün sinonimi kimi qəbul edilirdi. Lakin yeni dövrdə Qərbi Avropa mədəniyyətinin inkişafının bəzi xüsusiyyətlərinə görə, bu anlayış bir hökmdarın təbəələri, bir respublikanın vətəndaşlarının məcmusu kimi səslənməyə başlamışdır.
Sonralar bu terminin mənası Qərbdə öz təkamülünü davam etdirərək, öz elmi izahı üçün iki ənənəni-Şərq ənənəsi və Qərb ənənəsini yaratmış oldu".
Müəllifin fikrincə, Qərb ənənəsində tarixi fenomen kimi millətlərin meydana gəlməsi milli dövlətlərin, həmçinin kapitalist münasibətlərinin və burjuaziyanın formalaşması ilə əlaqəlidir. Bu ənənəyə uyğun olaraq insanların xüsusi bir kollektivi kimi "millət" - təbəələrin, dövlət vətəndaşlarının tarixən bərqərar olmuş siyasi etnik birliyi və ya məcmusudur. Göründüyü kimi, burada insanın milliyyəti onun etnik deyil, dövlət-hüquqi mənsubiyyəti ilə müəyyən edilir.
Beləliklə, "Qərb" ənənəsinin müddəalarına görə, "millət" "siyasi-hüquqi", demək olar ki, "vətəndaşlıq" anlayışı ilə eyniləşdirilən təzahürdür. Buna görə də, məhz bu mənada "millət" kateqoriyasının ingilis-sakson hüquq sistemindən beynəlxalq hüquq sisteminə keçməsi faktı təəccüb doğurmur. Biz BMT haqqında danışarkən, millət-dövlətlər nəzərdə tuturuq. Bir sıra, əsasən də, Qərbi Avropa dövlətlərinin konstitusiya qanunvericiliyi, məhz bu mövqedən çıxış edir (Fransa, İngiltərə və s.).
"Şərq" ənənəsinə uyğun olaraq millət anlayışı etnos anlayışı ilə sinonim təşkil edir. Millət (və yaxud etnomillət) - əsas milli maraqları qəbul edən və yad etnik qrupları özünə daxil edə bilən etnosdur (bu ənənə Almaniya, Şərqi Avropa və Asiyada daha geniş yayılmışdır). Fikrimizcə, bu mövqe Azərbaycanda ictimai həyatın təhlili üçün daha yararlıdır. Bu ənənəyə uyğun olaraq, insanın milli məsuliyyəti bu və ya digər dövlətin vətəndaşlığı ilə deyil, onun etnik və ümummilli elementlərindən ibarət olan şüuru ilə müəyyən edilir.
C.Süleymanov yazır: "Zənnimcə, "millət" kateqoriyasının ölkə vətəndaşlarının toplumu kimi xarakterizə edilməsi və Şərq ənənəsinin mülahizələrinin tamamilə inkarı Qərb ənənəsinin natamamlığı və çatışmayan cəhəti kimi qəbul edilməlidir. Digər bir tərəfdən "millət" və "etnos" anlayışlarının eyniləşdirilməsinə dair "Şərq" ənənəsinin mülahizələrini də qəbul etmək tam düzgün hesab oluna bilməz. Belə ki, etnosdan fərqli olaraq millət daha geniş anlayışdır, daha sonralar yaranmış və daha mürəkkəb təzahürdür.
Bir çox tədqiqatçıların fikrincə, "millət" və "etnos" anlayışlarının fərqli mənşəyi var. Etnosun əlamətlərinə dil, adətlər, ənənələr, incəsənət, ayinlər, davranış normaları, vərdişlər, yəni nəsildən-nəslə ötürülən və etnik mədəniyyəti yaradan komponentlər aiddir. Əgər etnos üçün mədəni nümunələrin sabitliyi və təkrarlanması səciyyəvidirsə, millət üçün yeni və ənənəvi elementlərin birləşməsi vasitəsilə özünüdərketmə prosesi vacibdir".
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda hazırlanan Azərbaycan dilinin izahlı lüğətində göstərilir ki, millət-insanların tarixən dil, ərazi, iqtisadi həyat və psixika ümumiliyi əsasında təşəkkül tapan və milli xarakterin, mədəniyyətin özünəməxsusluğunda təzahür edən sabit birliyidir.
Qərbi Avropa ölkələrinin konstusiyalarından və universal beynəlxalq hüquqi aktlardan fərqli olaraq, Azərbaycan Respublikasının Konstitusiyası "xalq" və "millət" kateqoriyalarını fərqləndirir. Belə ki, Əsas Qanunun 1-ci maddəsinin 2-ci hissəsində qeyd olunur ki, Azərbaycan xalqı Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir. Bu definitiv normanın interpretasiyası əsasında, belə nəticəyə gəlmək olar ki, Azərbaycan xalqı termini - irqindən, cinsindən, milliyyətindən və harada yaşamasından asılı olmayaraq, bütün Azərbaycan Respublikası vətəndaşlarını ehtiva edir. Konstitusiya hüququ doktrinasında xalq kateqoriyası, həm də dar mənada istifadə olunur. Bu zaman "xalq" "Azərbaycan elektoratı" anlayışı ilə sinonim təşkil edir.
"Millət" termini dövlətimizin ana qanununda ümumi deyil, konkret mənada ifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının "Milli mənsubiyyət hüququ" adlı 44-cü maddəsində göstərilir ki, hər kəsin milli mənsubiyyətini qoruyub-saxlamaq hüququ vardır, heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Bu cür normanın Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunması müasir demokratiyanın bir təzahürü kimi qiymətləndirilə bilər. Digər tərəfdən, qarşılıqlı əlaqədə olan, lakin eyni hesab edilməyən "millət" və milli mənsubiyyət (milliyyət) anlayışlarını da fərqləndirmək lazımdır. Etnik birliyi ifadə edən milliyyət (milli mənsubiyyət) millət faktorlarından yalnız birini təşkil edir. Buna görə bu anlayış "millət" anlayışından daha dar mənaya malikdir.
Azərbaycan müxtəlif etnosları birləşdirən bir məkan və onların tarixi vətənidir. Belə bir normanın dövlətin əsas qanunu səviyyəsində qəbulu Azərbaycan xalqının yüksək demokratik düşüncəsini və tolerantlığını göstərir. Bu cür normaya demokratiya yolunda inkişaf edən bəzi Avropa dövlətlərinin, ABŞ və digər ölkələrin konstitusiyalarında, hətta beynəlxalq hüquqi aktlarda bu günədək rast gəlinmir.
Xalq hakimiyyəti və xalq suverenliyi kontekstində digər aktual problemlərdən biri də "xalq" və "əhali" terminlərinin nisbətidir.
"Əhali" kateqoriyasına Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikası Seçki Məcəlləsində, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının qanununda və digər hüquqi aktlarda rast gəlmək olar.
Demoqrafiya elminə görə "əhali" yer kürəsində və ya dünyanın konkret hansısa hissəsində (qitə, ölkə, region və s.) yaşayan insanların məcmusudur. Təqribən oxşar mənada demostatistika elmi də "əhali" anlayışını izah edir.
Hüquqşünaslıqda isə "əhali" hər şeydən əvvəl beynəlxalq hüquqi kateqoriya kimi qəbul edilir. Lakin beynəlxalq hüquqda bu terminin definisiyası hələ də formalaşmayıb. Bu sualın cavabı beynəlxalq hüquqi doktrinada açıqlanır. Məsələn, professor L.H.Hüseynov qeyd edir ki, əhali dedikdə, bu və ya digər dövlətin yurisdiksiyasına tabe olan fərdlərin məcmusu başa düşülür. Dövlətin əhalisi həmin dövlətin vətəndaşlarından, əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ibarətdir.
Təxminən buna oxşar mənada professor H.T.Blatova tərəfindən əhaliyə aşağıdakı kimi tərif verilir: "...əhali müəyyən dövlətin ərazisində yaşayan və həmin dövlətin yurisdiksiyası altında olan insanların toplusudur. Əhaliyə aiddir: Həmin dövlətin vətəndaşları; Əcnəbilər; İkili vətəndaşlığı olan şəxslər (bipatridlər); Vətəndaşlığı olmayan şəxslər (apatridlər)".
Yuxarıda deyilənləri nəzərə alaraq, fərdlərin ölkə ərazisində yaşaması və həmin dövlətin yurisdiksiyasına tabe olması beynəlxalq hüquqi doktrinaya görə əhalinin əsas əlamətləri kimi xarakterizə oluna bilər. Bu kontekstdə dövlətin əhalisi anlayışına ölkə ərazisində yaşayan həmin dövlətin vətəndaşları, müvəqqəti və yaxud daimi yaşayan əcnəbilər, apatridlər, bipatridlər, qaçqınlar və məcburi köçkünlər daxildir. Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, ölkədə müvəqqəti olan əcnəbilər, apatridlər, xaricdə daimi yaşayan ölkə vətəndaşları, o cümlədən, diplomatik imtiyazlardan istifadə edən şəxslər ölkə əhalisinin tərkibinə daxil deyildir. Belə ki, bu kateqoriyaya aid olan şəxslər həmin dövlətin ərazisində yaşamır, yaxud onun yurisdiksiyasına tabe deyildir.
C.Süleymanov belə qənaətə gəlir: "Hesab edirəm ki, "əhali" anlayışına dair beynəlxalq hüquqi doktrinanın yuxarıda qeyd olunan mülahizələri Azərbaycan Respublikasının Konstitusiyası üçün məqbul sayıla bilməz. Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin üçüncü hissəsində qeyd olunur ki, Azərbaycanın dövlət sərhədləri yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə dəyişdirilə bilər.
Lakin Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq normalarına görə respublikamızın ərazisində daimi və yaxud müvəqqəti yaşayan əcnəbilər referendumda iştirak edə bilməzlər. Digər tərəfdən, ölkə ərazisindən kənarda daimi və yaxud müvəqqəti yaşayan Azərbaycan vətəndaşları həmin xarici dövlətlərin ərazisində yerləşən Azərbaycanın diplomatik nümayəndəliklərində təşkil olunmuş seçki məntəqələrində səs verirlər".
Yuxarıda deyilənləri nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin üçüncü hissəsinin aşağıdakı redaksiyada verilməsini məqsədəuyğun hesab edirəm: "Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə referendum (ümumxalq səsverməsi) keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər".
Vahid
ÖMƏROV
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2016.- 1 iyun.- S.15