Vərəsəlik hüququ, ləyaqətsiz vərəsəlik iddiası və insan haqları

        Miras qoyan məcburi pay sahibi xaricində olan şəxsləri istəyinə görə vərəsəlikdən məhrum edə bilər. Bunun üçün məhkəmədə iddia qaldırmasına və ya hər hansı bir şərtin reallaşmasına ehtiyac yoxdur. Bunun əksinə məcburi pay sahiblərinin məcburi paydan məhrum edilməsi isə, sadəcə qanunda göstərilən hallarda və məhkəmə qaydasında tələb edilə bilər. Çünki məcburi pay sahiblərinin "...vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır." Hüquq üzrə fəlsəfə doktoru İ.İsmayıllı yazır: "Buna görə AR Mülki Məcəlləsinin 1137, 1138 və 1164-ci maddələrində nəzərdə tutulan şərtlər reallaşmalı və məhkəməyə müraciət edilməlidir. Unudulmamalıdır ki, vərəsələr də digər vərəsənin vərəsəlik hüququndan məhrum edilməsini tələb edə bilərlər. Vərəsələr həm məcburi pay sahiblərinin, həm də məcburi pay sahibi olmayan vərəsələrin vərəsəlikdən məhrum edilməsi üçün iddia qaldıra bilərlər. Miras qoyanın məcburi pay sahibi olmayan vərəsələri vərəsəlikdən məhrum etməsi üçün məhkəmədə iddia qaldırmasına ehtiyac olmadığı halda, vərəsələr isə belə iddianı, sadəcə qanunda göstərilən hallarda edə bilərlər. Məhrum edilmək istənilən vərəsənin məcburi pay sahibi olub olmamasının vərəsələrin tələbi baxımından fərqi yoxdur.

     Müəllif göstərir ki, ləyaqətsiz vərəsə sayılmış şəxs məcburi payının hamısından məhrum olur. Fikrimizcə, qanunda açıq bir şəkildə ifadə edilməsə də, ləyaqətsiz vərəsənin məcburi payının hamısından deyil, bir hissəsindən məhrum edilməsi (qismi məhrum etmə) də mümkün olmalıdır. Miras qoyanya digər maraqlı şəxslər ləyaqətsiz vərəsənin istər miras payın hamısından, istərsə də miras payın bir hissəsindən məhrum edilməsi barəsində iddia qaldıra biləcəyinə qərar verməlidir. Çünki miras payın hamısından məhrum etmə səlahiyyəti bir hisəsəsindən məhrum etməni də əhatə edir. Əksinin iddia edilməsinin məntiqi əsası yoxdur. Bu fikri miras qoyana ləyaqətsiz vərəsəni bağışlama səlahiyyəti verən qanun norması da dəstəkləyir.

     İ.İsmayıllı yazır: "Bu mövzuda diqqət edilməlidir ki, hər bir maraqlı şəxsin müstəqil şəkildə ləyaqətsiz vərəsəni məcburi paydan tamamilə məhrum etmə imkam vardır. Maraqlı şəxslərdən birinin, ləyaqətsiz vərəsənin qismi məhrum edilməsini iddia etməsi digər maraqlı şəxslərin ləyaqətsiz vərəsəni məcburi paydan tamamilə məhrum etmə imkanını məhdudlaşdırmaz. Bu şəxslər istəsələr, ləyəqətsiz vərəsənin qismi məhrum edilməsinə etiraz edə bilərlər, istəsələr də sonradan iddia qaldırıb tamamilə məhrum edilməsini tələb edə bilərlər. Miras qoyan da qismi məhrum etmə iddiası qaldıra bilər. Bu halda da maraqlı şəxslərin ləyaqətsiz hərəkət etmiş vərəsəni iddia qaldıraraq məcburi paydan təmamilə məhrum etmə hüquqları vardır. Fəqət, bəzən miras qoyanın qismi məhrum etmə iddiası ləyaqətsiz hərəkət edən vərəsəni bağışlama sayıla bilər. AR Mülki Məcəlləsinin 1140-cı maddəsində də bağışlamanın vəsiyyətnamədə açıq şəkildə ifadə edilməsi nəzərdə tutulmuşdur. Fikrimizcə, bəzən konkret hadisənin şərtləri nəzərə alındıqda, miras qoyanın vərəsəni bağışladığı açıq şəkildə və tərəddütsüz görülürsə, vərəsənin bağışlandığının qəbul edilməsi daha məqsədəuyğun olar. Bu, həm vərəsəlik hüququna rəhbər olan prinsplər, həm də AR Mülki Məcəlləsinin 1140-cı maddəsində yer alan normanın məqsədi baxımından da daha uyğundur. Çünki bağışlamanın vəsiyyətnamədə açıq şəkildə ifadə edilməsini nəzərdə tutan AR Mülki Məcəlləsinin 1140-cı maddəsinin məqsədi açıqlığın təmin edilməsidir. Yəni tərəddüdə yer verilməyəcək şəkildə miras qoyanın bağışlamaya dair iradəsini açıqlamış olması şərtdir. Əksinə, məqsəd miras qoyanın iradəsinin məhdudlaşdırılması və ya vərəsənin cəzalandırılması deyildir. Əsas olan qanuni və məcburi vərəsəliyin qorunmasıdır".

     Mövzuyla bağlı, olaraq ilk növdəbə Fransa, Rusiya və Türkiyə qanunvericiliklərində ləyaqətsiz vərəsəliklə bağlı tənzimləmələr haqqında məlumat veriləcəkdir. Son olaraq isə AR Mülki Məcəlləsinin 1137-ci maddəsi təhlil edilərək, mövcud nöqsanlarla bağlı maddədə dəyişiklik təklifi ifadə ediləcəkdir.

     İlk olaraq Azərbaycan vərəsəlik sisteminin tənzimlənməsində əsas alınan Fransa mülki qanunvericiliyinin əlaqədar normaları ilə bağlı məlumat veriləcəkdir. Ləyaqətsiz vərəsəlik halları, əsasən, Fransa Mülki Məcəlləsinin 726 və 727-ci maddələrində tənzimlənməkdədir. Fransa mülki qanunvericiliyində ləyaqətsiz vərəsəliklə bağlı iki sistemin qəbul edildiyi görülür. Belə ki, Fransa Mülki Məcəlləsinin 726-cı maddəsində göstərilən şərtlər reallaşa, vərəsə avtomatik olaraq vərəsəlikdən məhrum edilir. Həmçinin, məcəllənin 727-ci maddəsində nəzərdə tutulan əməllər törədilərsə, o zaman əməli törədən vərəsə məhkəmə qərarına əsasən, vərəsəlik hüququndan məhrum edilir.

     Bəhsi keçən maddəyə görə miras qoyana qarşı qəsdən adam öldürmə cinayəti törədərsə və bu səbəblə məhkəmə hökmünə əsasən, ağır cəzaya məhkum edilirsə, hər hansı başqa qərara ehtiyac olmadan vərəsəlik hüququndan birbaşa məhrum edilir. Vərəsənin öldürmə niyəti olmadan miras qoyanın bədəninə xəsarət yetirməsi və ya miras qoyana qarşı zorakılıq və ya quldurluq əməli törətməsi nəticəsində miras qoyan ölərsə və vərəsə bu səbəblə məhkəmə hökmünə əsasən, cəzaya məhkum edilərsə, əməli törədən vərəsə vərəsəlik hüququndan məhrum ediləcəkdir.

     Müəllif göstərir ki, Fransa Mülki Məcəlləsinin 727-ci maddəsinə görə,

     - miras qoyanı öldürməyə cəhd əməlinin icraçısı və ya iştirakçısı olaraq məhkəmə hökmünə əsasən, məhkum olan şəxslər,

     - miras qoyanın ölümünə səbəb olan qəsdən törədilmiş zorakılıq əməlinin icraçısı və ya iştirakçısı olaraq məhkəmə hökmünə əsasən, islah işləri ilə cəzalandırılmış şəxslər,

     - miras qoyanı ölümünə səbəb olan əməlinin qarşısını almaq imkanı varkən, bunu etməyən şəxslər (özünə və ya üçüncü şəxslərə qarşı təhlükə olmaması şərti ilə),

     - miras qoyana böhtan atdığına görə məhkəmə hökmü ilə məhkum olan şəxslər məhkəmə qərarına əsasən, ləyaqətsiz vərəsə sayıla bilər.

     Türkiyə mülki qanunvericiliyində ləyaqətsiz vərəsəlik halları Türk Mədəni Qanununun 510-cu maddəsində tənzimlənmişdir:

     Aşağıdaki durumlarda miras qoyan, ölümlə bağlı bir təsərrüfatla bağlı paylı mirasçısını mirasçılıqdan çıxara bilir:

     1. Mirasçı, miras qoyanaya miras qoyanın yaxınlarından birinə qarşı ağır bir suç işləmişsə,

 2. Mirasçı, miras qoyanaya miras qoyanın ailə üzvlərinə qarşı ailə hüququndan doğan öhdəliklərini önəmli ölçüdə yerinə yetirməmişsə.

     Maddə mətnindən də görüldüyü kimi, vərəsə miras qoyanaya miras qoyanın yaxınlarına qarşı ağır bir cinayət işləyərsə ləyaqətsiz vərəsə sayıla bilər. Bundan başqa əgər vərəsə miras qoyanaya miras qoyanın ailə üzvlərinə qarşı ailə münasibətlərindən irəli gələn öhdəliklərini ciddi çəkildə pozmuşsa, ləyaqətsiz vərəsə sayıla bilər. Hər iki halda da miras qoyan məhkəmə qərarına ehtiyac olmadan birbaşa ölümə bağlı sərəncamla (vəsiyyətnamə ilə) şəxsi vərəsəlikdən məhrum edə bilər.

     Məsələylə bağlı xarici qanunvericiliklərə nəzər saldıqda görünür ki, miras qoyana qarşı törədilmiş cinayət əməlinə görə vərəsəlik hüququndan məhrum etmə nəzərdə tutulur. Hətta miras qoyana qarşı bu cinayət əməli bəzən cinayət hüququnda nəzərdə tutlduğu qədər ağır cinayət sayılmaya da bilər. Bu əməlin ləyaqətsiz vərəsəliyə səbəb olması üçün miras qoyanla vərəsə arasındakı münasibət baxımından çox qınanılacaq və ya bu münasibəti sarsıda biləcək hərəkətlər olması kifayət hesab edilir. Bundan başqa, bu hüquq sistemlərində vərəsə bəzən birbaşa məhkəmənin xüsusi qərarına ehtiyac olmadan vərəsəlik hüququndan məhrum edilə bilər. Qısası, aparıcı hüquq sistemlərinin ortaq cəhəti, miras qoyana qarşı aralarındaki münasibəti araşdırsaq ağır bir hərəkət etmiş şəxs ləyaqətsiz vərəsə hesab olunur. Yəni ləyaqətsiz hesab oluna bilməsi üçün hərəkətlərinin sırf miras qoyanın son iradəsinə qarşı olması məcburi deyildir.

     İ.İsmayıllı yazır: "Azərbaycan mülki qanunvericiliyində vərəsəliklə bağlı tənzimləmələrin xarici qanunvericiliklərlə müqayisədə bir çox cəhətdən qənaətbəxş olmadığı görülür. Burada mövzuyla bağlı olaraq, sadəcə AR Mülki Məcəlləsinin 1137-ci maddəsi təhlil ediləcəkdir.

     Mövcud tənzimləmələrə baxıldıqda ailə münasibətlərindən irəli gələn vəzifə və öhdəlikləri yerinə yetirməyən şəxslərin bəzən nəinki cəzalandırılmadığı, hətta mükafatlandırıldığı görülür. Bu isə məcburi pay sahiblərinin qorunmasının əsaslandığı düşüncəni yerlə bir etməkdə, bərabərsizliyə səbəb olmaqda və ən önəmlisi bütün hüquq sistemlərinin ən əsas məqsədi olan ədaləti təmin etmə prinsipini ağır şəkildə zədələməkdədir. Çünki AR Mülki Məcəlləsinin 1137-ci maddəsinə baxıldıqda, miras qoyanın vəsiyyətnamədə ifadə olunan iradəsinə qarşı gələn şəxs, məsələn, vəsiyyətnaməni yandıran, başqa şəkildə məhv edən və ya atasına vəsiyyətnamə yazmağa imkan verməyən şəxs ləyaqətsiz vərəsə sayıla bilər. Amma qardaşını öldürən və ya bacısını öldürən şəxs ləyaqətsiz vərəsə sayıla bilmir. Digər tərəfdən miras qoyana qarşı olub, amma onun son iradəsinə yönəlməmiş cinayət əməli vərəsə tərəfindən törədilmiş ola bilər. Belə olan halda şəxs miras qoyanı öldürmüş ola bilər və ya bir an öncə mirası qəbul edə bilmək üçün miras qoyanın həyatına qəsd etmiş ola bılər. Bu, onun son iradəsinə yönəlmiş bir hərəkət deyildir. Buna görə də AR Mülki Məcəlləsinin 1137-ci maddəsi baxımından ləyaqətsiz vərəsəliyə səbəb olan hal olaraq qiymətləndirilə bilməz. Bunun isə heç bir cəhətdən məqsədə uyğun olmadığı aşkardır".

     Müəllif belə nəticəyə gəlir:

1 - Ləyaqətsiz vərəsəlik, vərəsələrin qanunda göstərilən əsaslarla və qanunda göstərilən şəxslər tərəfindən məhkəmə qaydasında miras payının hamısından və ya bir hissəsindən məhrum edilməsidir.

     2 - Məcburi pay sahiblərinin qorunması düşüncəsi ailə münasibətlərinə əsaslanmaqdadır. Bu düşüncəyə görə ailə münasibətlərindən irəli gələn vəzifə və öhdəlikləri yerinə yetirən vərəsələr mirasdan ilk olaraq pay almalıdırlar və bunların bu payı qorunmahdır. Yəni miras qoyana ən yaxın qohumlar olan məcburi pay sahiblərinin, miras qoyana həyatı boyunca xidmət edən, qohumluq mıinasibətlərindən irəli gələn vəzifə və öhdəliklərini layiqincə yerinə yetirən şəxslər olaraq mirasdan pay almağa hüquqları çatır. Miras qoyanaya vərəsələrə qarşı əxlaqsız və ya cinayət tərkibli əməl törədən, qohumluq münasibətlərini ağır şəkildə zədələyən və ailə hisslərinin yoxluğunu göstərən davranışların edilməsi halında məcburi payı qoruma prinsipinin dayandığı əsas ortadan qalxmış olur. Çünki ifadə edildiyi kimi, məcburi payların qorunması prinsipi ailə münasibətlərindən irəli gələn vəzifə öhdəliklərini layiqincə yerinə yetirən şəxslərin paylarının qorunmasını ifadə edir. Buna görədir ki, qanunda məcburi paydan məhrum edilmə "ləyaqətsiz" kəlməsi ilə ifadə edilir. Bu səbəblə, ailə münasibətlərindən irəli gələn vəzifə və öhdəlikləri yerinə yetirməyən şəxslərin, vəzifə və öhdəlikləri yerinə yetirən şəxslərlə eyni olmayacağı və bu səbəblə bunların cəzalandırılması, yəni ləyaqətsiz vərəsə sayılması tələb olunmaqdadır.

     3 - AR Mülki Məcəlləsinin 1137-ci maddəsinə baxıldıqda miras qoyanın vəsiyyətnamədə ifadə olunan iradəsinə qarşı gələn şəxs, məsələn, vəsiyyətnaməni yandıran, başqa şəkildə məhv edən və ya atasına vəsiyyətnamə yazmağa imkan verməyən şəxs rahatlıqla ləyaqətsiz vərəsə sayda bilər. Amma qardaşını öldürən və ya bacısını öldürən şəxs ləyaqətsiz vərəsə sayıla bilməz. Digər tərəfdən, miras qoyana qarşı olub, amma onun son iradəsinə yönəlməmiş cinayət əməlini törədən vərəsə də, ləyaqətsiz vərəsə olmaz. Çünki miraq qoyanın son iradəsinə qarşı deyildir. Belə olan halda, şəxs miras qoyanı öldürmüş ola bilər və ya bir an öncə mirası qəbul edə bilmək üçün miras qoyanın həyatına qəsd etmiş ola bilər. Bu, onun son iradəsinə yönəlmiş bir hərəkət deyildir. Buna görə də AR Mülki Məcəlləsinin 1137-ci maddəsi baxımından ləyaqətsiz vərəsəliyə səbəb olan hal olaraq qiymətləndirilə bilməz. Bunun isə heç bir cəhətdən məqsədəuyğun olmadığı ortadadır.

     4 - Mövzuyla bağlı xarici qanunvericiliklərdə yer alan tənzimləmələri, ləyaqətsiz vərəsəlik institunun mahiyyətini və ümumiyyətlə, hüququn əsas məqsədi olan ədaləti təmin etmə prinsipini nəzərə alaraq, AR Mülki Məcəlləsinin 1137-ci maddəsinə "miras qoyana və ailəsinə qarşı ağır cinayət əməli törədən şəxslərin" ləyaqətsiz vərəsə sayılmasını nəzərdə tutan qayda müvafiq maddəyə əlavə edilməlidir.

    

     Vahid ÖMƏROV,

     fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 4 iyun.- S.15