Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 217-ci ildönümü qeyd edildi

Dünən dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 217-ci ildönümü ilə əlaqədar Səbail rayon icra hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və "Sodrujestvo" Cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük rus şairinin abidəsi önündə keçirilən bu mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açıldı.

İlk öncə, şəhərimizin mərkəzində A.S.Puşkinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə açılmış heykəli önunə tədbir iştirakçıları adından gül dəstələri və tər çiçəklər qoyuldu.

Tədbiri giriş sözü ilə Respublika "Sodrujestvo" Cəmiyyətinin sədri Tatyana Kərimova açaraq belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğuladı.

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev, Azərbaycandakı Rus İcması sədrinin birinci müavini Yuri Zenin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildirdilər. Qeyd edildi ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunmuş, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapmışdır. Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli, Süleyman Rustəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunmuş Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olmuşdur.

Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus İcmasının nümayəndələri çıxış etmiş, ölməz şairin şeirləri Azərbaycan, rusingilis dillərində səslənmişdir.

 

Ü.ƏSGƏROV

Səs.- 2016.-7 iyun.- S.13