Azərbaycan dünyaya Günəş kimi doğacaq

Tarix heç zaman heç kimiheç nəyi unutmur. Uzun illər keçməsinə baxmayaraq biz keçmişimizi bu gün görməsək, gələcəyimizi qura bilmərik.

 

Dövründən asılı olmayaraq, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə əsl dövlət adamı kimi doğma xalqının gələcək xoşbəxtliyi üçün möhkəm təməl qoymuşdur. Tarixin yetişdirdiyi dahi şəxsiyyətlər həmişə öz taleyini deyil, xalqının, vətəninin gələcəyini düşünmüşdür. Dünya siyasətinin nəhəng simalarından olan Ulu Öndər Heydər Əliyev də öz xalqını düşünən, ürəkdən sevən, bu yolda hər an canından keçməyə hazır olan lider idi. Heydər Əliyev Azərbaycan xalqının rəhbəri olmaqla bərabər, həm də Allah-Taalanın bizə bəxş etdiyi nadir siyasi və dövlət xadimi idi.

Sovet İttifaqının tərkibində olduğumuz 1960-cı illərin axırında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Məhz o zaman Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mədəniyyətin tərəqqisi dövrü yaşanmışdır.

1969-1982-ci illərdə respublikamızda gedən irimiqyaslı tikinti-quruculuq işləri, vüsətli iqtisadi tərəqqi nəticəsində ölkəmizin nüfuzu yüksəldi, paytaxtımız Bakı dünyanın tanınmış şəhərləri sırasında özünə möhkəm yer tutdu. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, qardaş qırğınından, dövlətin parçalanmasından, ictimai-siyasi pərakəndəliyindən xilas etmişdir. Ulu Öndər öz varlığından, özünün güclü şəxsiyyətində təzahür edərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər etdi.

Xalqının, millətinin qəlbində sabaha inam hissini yaratmağı bacardı. Dahi Öndər Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardı. Ulu Öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını gerçəkləşdirdi. O, Azərbaycan dövlətçiliyinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.

Bəşər tarixinin yetirdiyi ən görkəmli şəxsiyyətlərdən olan Ulu Öndər Heydər Əliyevin parlaq siyasi zəkası, polad iradəsi və qətiyyəti sayəsində iki əsrin və iki minilliyin qovuşuğunda, Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə tam müstəqil bir dövlət kimi inamla qədəm qoydu.

1993-cü ilin keşməkeşli iyun günlərində xalqın xahişi ilə yenidən hakimiyyətə qayıdan Böyük Öndərimiz bütün bəlalardan millətini hifz edib qorudu. Həmin dövrdə Azərbaycanın bir dövlət kimi mövcudluğu şübhə altına düşmüşdü. Ölkədə xaos, özbaşınalıq, anarxiya hökm sürürdü, siyasiiqtisadi böhran getdikcə dərinləşirdi. Dərin böhranı aradan qaldırmaq, ölkəni görünməmiş bəladan xilas etmək üçün lazım olan enerji, müdriklik və uzaqgörənlik yalnız bu nadir insanda cəmləşirdi.

Xalqın çağırışına heç vaxt biganə qalmayan Ulu Öndərimiz 1993-cü il iyunun 9-da Naxçıvandan respublika paytaxtına gəldi və iyunun 15-də Azərbaycan Respublikasının Milli Məclisinin sessiyasında Ali Sovetin Sədri seçildi. Ölkəyə rəhbərlik məsuliyyətini öz üzərinə götürən Ulu Öndərimiz demişdir: "Mən bundan sonrakı ömrümü xalqıma bağışlayıram". Doğrudan da, belə oldu. Ulu Öndər Heydər Əliyev öz misilsiz xidmətləri ilə Azərbaycan xalqının və onun tarixinin ən qüdrətli şəxsiyyətinə çevrildi. Dahi Öndər Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə qayıdışı millətimizin və dövlətimizin qurtuluşu idi. Bu qayıdışın bizə hansı uğur gətirdiyi, müstəqil dövlətimizi hansı səviyyəyə çatdırdığı göz önündədir. Bu gün sabitliyə, rifaha, yüksəlişə qovuşmuş Azərbaycan öz iqtisadi inkişaf tempinə görə hətta dünya miqyasında öz mövqeyini tutmuşdur.

Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqli siyasət yürüdən bir dövlətdir. Dünya dövlətlərinin imzası içində millətimizin də imzası görünür. İndi planetimizin çox yerindən nəzərlər dünyada ən böyük enerji layihələrinin gerçəkləşdiyi Azərbaycana yönəlib. Təkcə biz yox, bütün dünya bilir ki, "Əsrin müqaviləsi"nin və digər neft kontraktlarının, iqtisadistrateji baxımdan misilsiz əhəmiyyətə malik neft kəmərinin reallaşması Ulu Öndər Heydər Əliyevin xidmətidir. 1994-cü ildə çoxlarına qeyri-mümkün görünən layihələri yalnız Ulu Öndərimizin şəxsi nüfuzu, qətiyyətli, uzaqgörənliyi sayəsində reallaşdırmaq mümkün olub. Beləliklə, milli tariximizin Heydər Əliyev dövrü özünün daha şərəfli mərhələsinə daxil oldu. Bu gün biz cəsarətlə XX əsri Heydər Əliyev əsri adlandıra bilərik. Çünki bu dövr nadir zəka sahibinin ölkəmizə rəhbərlik etdiyi illərdir. Heydər Əliyevin əsəri olan müasir Azərbaycanın dövlət müstəqilliyi dönməz xarakter almışdır. Azərbaycan dünya birliyinin tərkib hissəsinə çevrilmiş, böyük beynəlxalq nüfuz qazanmışdır. Müstəqil dövlətimizin timsalında ötən illəri təhlil edərkən, bir daha əminliklə söyləmk olar ki, həqiqətən də tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Bu mənada, Mustafa Kamal Atatürkün Türkiyə, Şarlı de Qolun Fransa üçün etdiklərini Heydər Əliyev ən çətin məqamda vətəni və xalqı naminə edib.

Dünyanın məşhur ictimai-siyasi xadimlərinin, dövlət adamlarının və mütəffəkkirlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymət və göstərilən ehtiramdır.

Amerika tarixçisi Odri Alstad: "Bütün güclü şəxsiyyətlər kimi Heydər Əliyev hamını öz arxasınca apara bilir". Moskva meri Yuri Lujkov: "Biz Heydər Əliyevin həm öz xalqı üçün, həm də başqa xalqlar üçün gördüyü bütün işləri heç zaman unutmayacağıq". Böyük Britaniyanın baş naziri Toni Bleyer: "Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhran dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı Onun qoyduğu irs ilə fəxr edə bilər".

Vaxt ötəcək, nəsillər bir-birini əvəz edəcək, onda hamı bir daha keçmişimizi araşdıranda görəcək ki, Ulu Öndər Heydər Əliyev böyük və tükənməz düha sahibi kimi ölkəmizin bu günü və gələcəyi üçün nələr etmişdir və necə əzəmətli tədbirlər həyata keçirmişdir. O, əvəzsiz, yeri görünən çox müdrik şəxsiyyət idi. Qazandığımız müstəqilliyə, əldə olunan sabitliyə, həyatımızdakı inkişafa və tərəqqiyə görə biz bu böyük şəxsiyyətə çox borcluyuq.

Təsadüfi deyil ki, çağdaş tariximizin bütöv bir epoxası Heydər Əliyev dövrü adlandırılır. Bizim hər birimiz əminik ki, Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu və memarı olduğu müasir Azərbaycanda Onun layiqli davamçısı Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ümummilli Liderimizin başladığı işləri uğurla davam etdirən İlham Əliyev Onun məqsəd və amallarını gerçəkləşdirmək üçün möhtəşəm quruculuq tədbirləri və islahatlar həyata keçirir. Ölkəmizin rəhbərinin bu gün dünya miqyasında qazandığı böyük nüfuz nəhəng dövlətlərin başçıları ilə apardığı işlər öz yüksək nəticəsini verir. Dövlətimiz Prezident İlham Əliyevin dövlətşilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini əbədi olaraq qoruyub saxlayacaqdır.

Bir neçə gündən sonra xalqımız Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan tarixinə yazdığı 15 İyun Milli Qurtuluş Gününü qeyd edəcək.

Ulu Öndəirimizin dediyi kimi: "Azərbaycan dünyaya Günəş kimi doğacaq"

 

Misirxan Vəliyev

Səs.- 2016.- 14 iyun.- S. 8-9