15 İyun
Milli Qurtuluş Günü çağdaş
tariximizin dönüş
nöqtəsidir
Heydər Əliyev zəkası
müasir Azərbaycanın etibarlı
bünövrəsini yaratdı
Tarixi ənənələri qoruyub-saxlamaq, genetik yaddaşı, özünəməxsusluğu gələcək nəsillərə ötürmək kimi çətin missiya hər bir xalqın taleyində müstəsna rol oynamış böyük şəxsiyyətlərin əməli fəaliyyəti ilə bağlıdır. Belə insanlar əlverişli siyasi vəziyyətdən böyük məharətlə istifadə edərək, xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini ən çətin situasiyalarda qorumağı bacarırlar. Məhz Ulu Öndər Heydər Əliyev də Azərbaycanın milli-mənəvi dəyərlər sistemini qoruyaraq inkişaf etdirib, onu milli özünüdərkin həlledici amilinə çevirən fenomenal Lider kimi xalqın tarixində əbədi yer alıb.
Ümummilli Lider zirvəsinə yüksələn Heydər Əliyev böyük fədakarlıqlarla qurub-yaratdığı dövlətin demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, dönməzliyini hakimiyyətə böyük qayıdışı ilə təmin etdi. Milyonlarla insana rəhbərlik etmək, qüdrətli tarixi şəxsiyyətə çevrilmək təbii ki, son dərəcə yüksək məsuliyyət, əmək tələb edirdi. Ulu Öndər Heydər Əliyev qüdrəti XX əsr kimi mürəkkəb yüzillikdə Ona Azərbaycanın Ümummilli Lideri olmaq imkanı yaratdı. Sözün həqiqi mənasında O, müasir Azərbaycanın tarixi təkamülünə dinamika verərək, müstəqil Azərbaycan dövlətçiliyinin Qurucusuna və Memarına çevrildi. O öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın XX əsr ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi həyatında yeni bir tarix yaratdı. Bu gün həmin tarixi vərəqlədikcə Dahi Öndər Heydər Əliyev zəkasını, düşüncəsini, müdrikliyini, böyüklüyünü bir daha hiss edir, Ümummilli Liderin respublikamız və xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi oluruq. Dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu fəaliyyət prinsipi 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiyanın əsas qayəsi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi.
XX əsrin sonlarında beynəlxalq aləmdə və Sovetlər İttifaqında yaranan əlverişli siyasi-ictimai vəziyyət xalqımıza qəlbində yaşatdığı müstəqillik arzularını yenidən reallaşdırmaq imkanı verdi. 1991-ci ildə sovet imperiyasının süquta uğraması nəticəsində, Azərbaycan özünün dövlət müstəqilliyinə nail oldu. O zamanlar hakimiyyətdə olan səriştəsiz siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də məhv olmasına gətirib çıxaracaqdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlət müstəqilliyimizin məhvini qaçılmaz edirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan xalqının tələb və istəyi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən, təhdidlərdən xilas etdi. Xalqın tarixinə iz salan 1993-cü il 15 iyun Azərbaycanın ictimai-siyasi və mədəni həyatında hadisəyə çevrildi. Həmin tarixi gün - Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni tarixi dövrün əsası qoyuldu. Ulu Öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" ifadəsi əməli fəaliyyətində daha aydın göründü. Xalqın istək və arzusu ilə Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra həyata keçirilən siyasət Azərbaycanın müstəqil dövlət kimi dünya birliyi sıralarına adını yazmasını təmin etdi.
1993-cü ilin ortalarından başlayaraq, Azərbaycan strateji seçimini müəyyənləşdirdi. Azərbaycan müasir, dünyəvi, beynəlxalq birliyə inteqrasiya edən, demokratik əsaslara sadiq olan ölkə kimi inkişaf etməyə başladı. Ulu Öndər Heydər Əliyev hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı dövlət həyatının ən vacib vəzifəsi hesab edirdi. 1994-cü il sentyabrın 20-də imzalanan və tarixdə "Əsrin müqaviləsi" kimi təşəkkül tapmış neft müqaviləsi Azərbaycanın müstəqillik tarixində imzalanan ən önəmli və həyati dəyərə malik beynəlxalq müqavilələrdən biri, birincisi oldu. "Əsrin müqaviləsi"nin imzalanması XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi və uğurla həyata keçirilməsi istiqamətində görülmüş işlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəldi.
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995, 1998, 1999 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament və prezident seçkilərinin keçirilməsi, Azərbaycanda ölüm cəzasının ləğv olunması, bələdiyyə və bir sıra demokratik qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi, məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi Onun özündən sonra siyasi kursunu uğurla davam etdirə biləcək yeni dövrün Liderini - İlham Əliyevi yetişdirməsi oldu. Ulu Öndər tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir, onun əbədiliyi təmin edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, Onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Onun 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan alternativsiz, məqsədyönlü, gələcəyə hesablanmış siyasət nəticəsində ölkəmiz artıq dünya dövlətləri arasında söz sahibinə çevrilib. Azərbaycan 2011-ci ilin sonlarında 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun və sürətli iqtisadi inkişafının daha bir göstəricisidir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi, dönməz və sarsılmazdır.
Son illər ölkəmizin həyatında qazanılan genişmiqyaslı uğurlar cəmiyyətin bütün sahələrini əhatə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar, mühüm fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. Bu gün inamla deyə bilərik ki, Ulu Öndərin ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin ordu quruculuğu sahəsində də səylərini daha da artıraraq, müasir hərbi texnika ilə təchiz edilməsinə, hərbi infrastrukturun yaradılmasına ciddi əhəmiyyət verir. Məhz bunun nəticəsidir ki, dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin, xalqın əmin-amanlıq içərisində yaşamasının təminatçısı olan ordumuz son illərdə daha da möhkəmlənib mütəşəkkil hərbi qüvvəyə çevrilib. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət və hökumət, eyni zamanda, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad etməsi üçün ən başlıca şərtdir. Bu il aprelin 2-dən – 5-dək Ermənistan tərəfinin təxribat törədərək, atəşkəsi növbəti dəfə pozması, təmas xəttinə yaxın yaşayış məntəqələrində dinc əhalini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulması ordumuz tərəfindən sarsıdıcı zərbələrlə qarşılandı. Müstəqil Azərbaycanın yenilməz ordusu öz qanları və qəhrəmanlıqları ilə erməni ordusu üzərində parlaq zəfər çalaraq, böyük bir qəhrəmanlıq dastanı yazdılar. Silahlı qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə hazırdır və qadirdir. Cənab İlham Əliyevin dediyi kimi, "Bu gün güclü Azərbaycan Ordusu, güclü Azərbaycan iqtisadiyyatı, beynəlxalq mövqelərimiz imkan verir ki, biz bu istiqamətdə istədiyimizə nail olaq. Bizim istədiyimiz bizim haqqımızdır. Haqlı tələblərimiz var. Biz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik. Biz istəyirik ki, azərbaycanlılar bütün tarixi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda yaşasınlar".
Bu gün beynəlxalq aləmdə baş verən iqtisadi proseslərin və siyasi gərginliyin dərinləşməsinə baxmayaraq, müasirləşən və çiçəklənən ölkəmiz dünyanın ən sabit, ən tolerant ölkələrindən birinə çevrilib. Azərbaycan beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsi üçün öz dəyərli töhfələrini verir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə görüşləri Azərbaycanın real panoramasını əks etdirir. Dünyada tolerantlıq və multikulturalizm dəyərləri ilə tanınan Azərbaycan bu gün həm də idman ölkəsidir. Qeyd edək ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ölkəmizin hər yerində istifadəyə verilən idman obyektləri dünya standartlarına cavab verməklə, həm də ölkəmizdə yaradılan idman infrastrukturunun güclü əsaslara söykəndiyini təsdiqləyir. Məhz bunun nəticəsidir ki, paytaxtımızda "Bakı-2015" ilk Avropa Oyunları keçirildi, "Formula 1" yarışması ərəfəsindəyik. 2017-ci ildə isə ölkəmizdə İslam Həmrəylik Oyunları keçiriləcək. Bu və ya digər tədbirlər beynəlxalq aləmin ölkəmizə ayırdığı diqqət, inamı, ölkəmizdə hökm sürən sabitliyin, əmin-amanlığın göstəricisidir. Bütün bunlar Ümummilli Liderin müəyyənləşdirdiyi və Onun siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət sayəsində reallaşır.
Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən ölkədir. Cənab Prezidentin vurğuladığı kimi: "Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşdirilir. Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət hökm sürür, xalqla iqtidar arasındakı birlik möhkəmdir, sarsılmazdır".
KAMALƏDDİN QAFAROV
Səs.- 2016.- 11 iyun.- S.8-9