Tarixi İ xilaskarlıq missiyası

23  il öncə Ulu Öndər Heydər Əliyev qətiyyəti Azərbaycanı dünya xəritəsindən məhv silinmək təhlükəsindən  qurtardı

 

Bu bir faktdır ki, azadlıq və müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs və əvəzolunmaz bir nemətdir. Biz - Azərbaycan xalqı olaraq uzun illər boyunca azadlığımızın, müstəqilliyimizin yolunu gözləmiş, bu yolda qəhrəmanlıq salnamələri yazaraq mübarizə aparmış, şəhidlər vermişik. Bu baxımdan, demək olur ki, əgər azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub-saxlamaq da bir o qədər mürəkkəb və ağır amildir.

Ona görə də bizlər 15 iyun barədə düşüncələrimizi bölüşərkən, nəticəyə gəlirik ki, bu tarix Azərbaycan xalqının gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası olan bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa-dayaq olan BÖYÜK ŞƏXSİYYƏT Heydər Əlirza oğlu Əliyevdir!

 Xaosdan sabitliyə və inkişafa doğru aparan 15 iyun yolu

 Tale elə gətirib ki, 1992-1993-cü illər müasir tariximizə hərc-mərclik, özbaşınalıq, avantürizm dövrü kimi daxil olub. O dövrkü naşı iqtidarın səbatsızlığı ucbatından xalqın arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. O zaman bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük işlər həyata keçirilən Naxçıvana yönəlmişdi. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Həmin illərdə Naxçıvan Ümummilli Lider  Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqillik hərəkatında bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəlirdi. İttifaq rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Naxçıvana qayıtmış Ulu Öndər Heydər Əliyev xalqının bu ağır günlərində onunla birlikdə olduğunu, onun yolunda bütün məhrumiyyətlərə hazır olduğunu bir daha sübut etdi. Belə bir vaxtda - 1990-cı il noyabrın 17-də muxtar respublikanın ali qanunvericilik orqanında Ulu Öndərin təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı. Elə o vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın adından "sovet sosialist" sözləri çıxarıldı. Respublikada ilk dəfə olaraq sovet ordu hissələri Naxçıvanda bütün əmlaklarını qoyaraq muxtar respublikanın ərazisini tərk etdilər. Qonşu Türkiyə və İranla münasibətlər normallaşdırıldı. Sədərəkdə "Ümid körpüsü" adlı həyati əhəmiyyətli körpü salındı. İranla sərhəddə keçid və ticarət məntəqələri yaradıldı. Dahi Öndər Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini Ali Sovetin tribunasından dəfələrlə tənqid edirdi. Beləliklə, zaman Heydər Əliyevin haqlı olduğunu bir daha sübuta yetirdi. Azərbaycan tezliklə öz dövlət müstəqilliyinə qovuşdu.

 

Həqiqətən də, sübut olundu ki, müstəqilliyi qoruyub-saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətindir

 

Ulu Öndər Heydər Əliyev 15 iyun tarixi barədə danışarkən vurğulayıb ki, bu hadisə zərurətdən doğan bir faktor idi. 28 May Respublika Günü münasibəti ilə 2001-ci il mayın 26-da keçirilmiş tədbirdə bu barədə belə demişdir: "1991-ci ildə müstəqilliyi elan etmək çətin bir məsələ deyildi. Çünki bu, tarixi zərurətdən irəli gəlmiş bir hadisə idi. SSRİ dağılırdı, istəsən də, istəməsən də sən öz respublikanın aqibətini müəyyən etməli idin. Burada da müstəqillikdən savayı başqa yol yox idi. Amma bu müstəqilliyi qoruyub-saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi".Müstəqillik yoluna qədəm qoymuş respublikamızın qarşısında yeni mərhələdə tarixi vəzifələr dururdu. Tarix bu vəzifələrin yerinə yetirilməsi üçün ölkənin intellektual, sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 20 mart tarixli Fərmanında bu barədə deyilir: "Təəssüf ki, 1991-1993-cü illərdə bu istiqamətdə bu barədə heç bir iş aparılmadı. Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi-siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. Azərbaycanda Ermənistanın təcavüzü ilə yanaşı, daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı".

 Müstəqilliyin əldə olunmasında Yeni Azərbaycan Partiyasının əvəzsiz xidmətləri böyükdür

 Belə bir mürəkkəb şəraitdə Naxçıvanda yaşayan Ümummilli Lider Heydər Əliyev 1991-ci il sentyabrın 3-də muxtar respublikanın Ali Məclisinə Sədr seçildi. Heydər Əliyevin nüfuzu nəinki Naxçıvanda, bütün Azərbaycanda günbəgün artırdı. Bundan qorxuya düşən AXC-Müsavat hakimiyyətinin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Lakin xalq öz böyük oğlunu müdafiə etdi, Onunla birlikdə olduğunu bir daha sübuta yetirdi. İlk dövlət çevrilişinə cəhdin qarşısı alındı. Belə bir şəraitdə xalqın gələcək taleyinə biganə qala bilməyən insanlar 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransını keçirdilər. O dövrdə YAP-ın yaranması tarixi zərurət idi və Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı var idi. Bu Lider Heydər Əliyev idi və hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi. Ona görə də YAP Azərbaycanın bütün bölgələrində böyük sürətlə yaranır və təşkilatlanır, Dahi Öndər Heydər Əliyev siyasətini təbliğ edirdi. Ancaq bu ərəfələrdə AXC-Müsavat iqtidarının günahı üzündən Gəncədə qardaş qanı töküldü. O günlərdə Gəncədə ardı-arası kəsilməyən mitinqlər keçirilir, hadisələrə siyasi qiymət verilməsi tələb edilirdi. Belə bir gündə - iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək, onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub- saxlayacaqlarına böyük inam ifadə olunurdu. Belə bir vaxtda Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda "Talış-Muğan Respublikası" elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Belə bir vaxtda möhtərəm Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Tezliklə Milli Məclisdə Gəncə hadisələrinə hüquqi-siyasi qiymət verildi. Qardaş qırğınına meydan açanlar öz layiqli cəzalarını aldılar.

1993-cü il iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına Sədr seçildi. Həmin iclasda Ulu Öndər çıxış edərək, tarixi nitqini söylədi: "...Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm... Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".

Bu tarixi qayıdış, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu idi. "Buna görə də xalqın müxtəlif təbəqələrinin arzu və istəyini nəzərə alaraq, 1997-ci il iyunun 17-də 15 iyunun Milli Qurtuluş Günü elan edilməsi təklifi ilə çıxış edəndə, deputatlar təklifimi dərhal müdafiə etdilər. 10 gün sonra - iyunun 27-də parlamentimiz tarixi qərar qəbul edərək, 15 iyunu Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi"- Ulu Öndər Qurtuluş Gününün elan edilməsi ilə bağlı çıxışında bildirmişdir.

 Bütün bunların əsas mənbəyi isə, məhz 15 iyun tarixindən doğan reallıqlardır

 Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Əliyevlər ocağının ən layiqli yetirməsi Prezident İlham Əliyevin əlindədir. Biz Dahi Öndər Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanımızın Prezidenti İlham Əliyevlə daha yüksək zirvələr fəth edəcəyini görürük və buna qəlbən inanırıq.

Azərbaycan dünyanın mərkəzinə çevrilərək beynəlxalq aləmdə lider ölkələr sırasına qatılmaqdadır. Əbəs yerə deyil ki, artıq paytaxtımız Bakı başda olmaqla, regionlarımız günü-gündən gözəlləşir, abadlaşır və tərəqqi yolunda uğurla addımlayır. Baxın, hələ "Eurovision" mahnı yarışmasından öncə bir çox qaragüruhçu qüvvələr bu böyük tədbirin iflasa uğrayacağını iddia edərək, inkişaf xəttimizə pəl vurmağa çalışırdılar. İstər xarici, istərsə də daxili düşmənlərimiz müstəqilliyimizə kölgə salmaq üçün daha hansı oyunbazlıqlara əl atmadılar.?! Ancaq bu yarış paytaxtımız Bakıda öz əsrarəngilziyi və analoqsuzluğu ilə baş tutdu. Nəinki Avropa, bütün dünya, milyardlarla insan Azərbaycanın inkişafını öz gözləri ilə gördü.

Bunun ardınca I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi, eləcə də bu yarışların regionlarımızda da keçirilməsi artıq növbəti böyük addım idi. Onda da bəzi qüvvələr çox cəhədlər göstərdilər ki, müstəqilliyimizə qarşı fəsadlar göstərsinlər. Ancaq Azərbaycan xalqı el birliyi ilə bu möhtəşəm idman hadisəsini də uğurla başa vurmuş oldu, müstəqil Azərbaycanın adını tarixlərə yazdı. Daha sonra bir neçə beynəlxalq idman turnirlərinin, dünya çempionatlarının da baş tutması buna sübutdur.

Bu günlərdə ölkəmizdə daha bir möhtəşəm beynəlxalq turnir keçiriləcək - "Formula 1" yarışı. Bu yarış artıq dünyanın diqqət mərəzindədir və bir neçə il ard-arda burada baş tutacaq. Hətta demək mümkündür ki, beynəlxalq idman yarışları çərçivəsində brend yarış kimi qiymətləndirilən "Formula 1" Bakıda keçirilməkələ daha öncəki yarışları kölgədə qoyacaq. Bunu biz deyil, burada çalışan xarici turistlər də qeyd edirlər. Əlbəttə ki, bu bir fəxrdir, qürurdur! 

Ona görə də biz əminliklə vurğulayırıq ki, Azərbaycanın tərəqqisi və inkişafı, dünya dövlətləri arasında xüsusi əhəmiyyətilə seçilməsi Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Azərbaycan bir çox mötəbər beynəlxalq təşikilatlarda söz sahibinə çevrilib. Bəli, bütün bunların əsas mənbəyi isə, məhz 15 iyun tarixindən doğan reallıqlardır.

Fürsətdən istifadə edərək mən də qürurlu azərbaycanlı kimi bütün xalqımızı qarşıdan gələn 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə ürəkdən təbrik edirəm, BAYRAMLARINIZ MÜBARƏK, BÖYÜK VƏ QÜDRƏTLİ AZƏRBAYCAN XALQI!

 

NƏRİMAN  ƏLİYEV

Milli Məclisin deputatı

Səs.- 2016.- 11 iyun.- S.11