Abbasqulu Ağa Bakıxanovun etik konsepsiyasında insan haqları probleimi

Abbasqulu Ağa Bakıxanovun etik konsepsiyasına uyğun olaraq "insanın vücudu ruhcisim üzərində qurulmuşdur". O "Təkzidul- əxlaq" əsərində göstərir ki, bunların birindən ağıl, o birindən nəfs doğur. Hər kəs nəfsin cürbəcür yaramaz hərəkət və günahdan ibarət olan istəklərinə sığınaraq, ağla maarifin zövqündən qida və qüvvət verərsə, tükənməz feyzə yetişər"."

Ümidsizlik Abbasqulu Ağanın sosial-siyasi görüşlərinin məna və təsir gücünü, sosial ədalətin bir gün zəfər çalacağına inamını heç də azaltmır. Mütəfəkkir islam dininin bir çox ehkamlarının tərəfdarı idio, istər elmi, istərsə də ədəbi yaradıcılığında, eləcə də fəlsəfi və sosial-siyasi görüşlərində özünü  doğma xalqından ayrı hiss etməmiş, onun varlığı və etiqadına  möhkəm sədaqət andı ilə yaşamışdır.

A.A.Bakıxanovun etik təliminə uyğun olaraq ədalət insan mənəviyyatının ən zəruri göstəricisidir. O, ədalətli insan əxlaqının ən mühüm keyfiyyət kateqoriyalarından olan insanvicdan kateqoriyaları üçün ədaləti ən ümumi və əsas meyar qismində təsəvvür edir. Lakin hər üç kateqoriya - ədalət, insafvicdan Abbasqulu Ağanın etik təlimində eyni səviyyəli və eyni mahiyyətli əxlaqi keyfıyyətlər kimi qiymətləndirilir. Böyük mütəfəkkir yazır: "İnsanın lüğəti mənası ədalət deməkdir. Ədalət və insafın ikisinin də tələbi birdir. Ədalət fitri olmaya bilər. İnsan ədaləti və məsləhəti gözləmək səbəbi ilə zülmdən saqınır, hər bir insaflı adam ədalətli olar, amma hər bir ədalətli adama insaflı demək olmaz. İnsaf fitri olsa da, lakin əqli təhqiqat olmadan davamı olmaz".

A.A.Bakıxanov rəhm və insafı anadangəlmə, ədaləti isə sonradan törəmə kimi göstərir. Lakin o, rəhm və insafın özünün də şəraitdən və insanların ağlının inkişaf dərəcəsindən asılı olduğuna işarə edir. Abbasqulu Ağanın ideyasına görə, insaf insanın öz daxilində olanonun hərəkət və davranışlarına nəzarət edib, qiymət verən hakimdir. Mütəfəkkirin fikrincə, insan insanı özünə tanıdır, onu yaxşını pisdən seçməyə və öz təbiətində həmişə nəcib və xeyirxah duyğular tərbiyə etməyə imkan verir. O yazır: "İnsaf elə bir aynadır ki, insan öz işlərinin yaxşı və yamanını onda görə bilər. Bu sifətə malik olan adam sair əxlaqını da tədricən islah edə bilər, islah edə bilməsə də, tüğyan etməz. Çünki insaflı adam hər zaman öz xasiyyət və işlərinin pis cəhətini tənqid edər. Özündə baş vermiş səhv və nöqsanı düzəltməyə çalışar".

İnsafi bəşər övladının daxili zənginliyi, habelə onun hər hansı iradəvi aktını (pozitiv mənada) düzgündoğru bir məcraya yönəldə bilən, eyni zamanda özü də həmişə əqli təfəkkürün köməyinə ehtiyac duyan bir ölçü kimi qyimətləndirərək göstərirdi ki, insafi ağlın və zəkanın ixtiyarına verən insan zalım təbiətli, qəlbiqara və əzazil ola bilməz. Abbasqulu Ağa yazır: "İnsaf qəlbin incəliyindən doğduğu üçün, insaflı adam daşürəkli ola bilməz. Çunki zülm etmək onun təbiətinə uyğun olmaz. İnsaf özbaşına deyildir. O, əqlin dərketmə qabiliyyətinə möhtac olsa da, çox vaxt xalq arasındakı adətə bağlıdır, yəni hər bir kəs hər hansı bir tayfanın içərisində yaşayırsa yaşasın, onların adətlərinin ziddinə hərəkət etməyi pis bilər və insafı razı olmaz". Bakıxanov bu məsələdə də insafı zülmlə qarşılaşdırır və göstərir ki, insaflı adam hər vaxt zülmkar olmaz, özünə rəva görmədiyi zülmü başqasına da rəva görməz. Çünki insaf ədalətdən ayrılmazdır. Ədalət isə hər yerdə və hər şəraitdə zülmü inkar edir. Buna görə də humanist mütəfəkkir zülmün, qan tökülməsinin əleyhinə çıxır və bunu özünə peşə edənləri ədalətsizlikdə və insafsızlıqda təqsirləndirir. Onun fikrincə, insaf və ədalət insan əxlaqının qoşa qanadıdır. Bu qanadlardan məhrum olmuş, yaxud onlara malik olmayan insanın hərəkət və davranışları həmişə zülmkarlığa və fıtnəkarlığa meyil edər. O, belə qeyri-əxlaqi keyfiyyətlərə malik olan adamları tənqid edir.

Görkəmli mütəfəkkir insafı insan təbiətinin bəzəyi kimi qiymətləndirərək, onu cəmiyyətdəki bütün xeyirxahlıqların və yaxşılıqların daşıyıcısı hesab edir. Abbasqulu Ağanın ideyasına görə, insaf hər bir fərdi bütün pisliklərin və çirkinliklərin mənbəyi olan zülmkarlıqdan çəkindirir. "İnsaf səlamətliyə və işin gözəl nəticə verməsinə səbəb olar. O, insanı bütün pisliklərin mənbəyi olan zülmdən saqındırır. Bil ki, hər bir pis insaf maddələrinin zəifliyindən əmələ gəlir".

A.A.Bakıxanovun etik təliminə uyğun olaraq, insaf kamillik dərəcəsinin göstəricilərindən biridir. İnsaf insanı saflaşdırmaqla yanaşı, onu mənəvi cəhətdən ucaldır, insana və insanlığa xeyir verə bilən müdriklik zirvəsinə qaldırır. Bu zaman insan zülmü rədd edir. Mütəfəkkir yazır: "İnsanın insafı kamal dərəcəsinə çatdıqda, o, zülmü özünə və başqalarına rəva görməz. Bütün şəraitlərin hökmləri, hüdudları və hər bir məmləkət qanunlarının möhkəmlənməsi zülmü dəf etmək üçündür. Heç bir günah tapılmaz ki, istər şəri, istər qanuni, istər aşkar, istər gizli şəkildə zülmün bir növü onda olmamış olsun".

A.A.Bakıxanov göstərir ki, aləmin gedişi səbəblərin varlığından asılıdır və buna görə də insanın bütün müsbət əxlaqi keyfıyyətləri yalnız xeyirli işlərə xidmət etməlidir. Məhz bu nöqteyi-nəzərdən də böyük mütəfəkkir zülmü və haqsızlığı ittiham edir. Onun zülmkarlığın tənqidilə bağlı fıkir və mülahizələrinin ideya əsasını ədalət prinsipi təşkil edir. Mütəfəkkir zülm dedikdə, fikrimizcə, hər şeydən əvvəl, cinayəti (cinayətkarlığı) nəzərdə tutur, zülmkarlığa qarşı ifşaedici ideyalarla çıxış edir. Ona görə də Abbasqulu Ağa müəyyən bir məkanda qanunların möhkəmliyindən danışarkən, şübhəsiz ki, belə qanunlarda həm də cinayətlərin qarşısının alınmasını nəzərdə tuturdu.

Mütəfəkkirə görə, üzdə olan günah (bunu "təqsir" də adlandıra bilərik - A.Q.) hər hansı bəyənilməyən, pis əməlin nəticəsi kimi təzahür etdiyinə görə, onun zülm törətdiyi istisna oluna bilməz. Əgər günah varsa, deməli, zülm edilmişdir. Həmin zülmü törədən isə, ilk növbədə insafı və mürüvvəti, ədaləti olmayan adamdır. Əgər belə şəxsin insafı və ədaləti olsaydı, zülmə yol verməz, başqasını (başqalarını) incitməzdi.

  A.A.Bakıxanovun etik təlimi insan hüquqlarına hörmət pərdəsi ilə haşiyələnmişdir. Zülmün tənqidi insan hüquqlarına müdafiəsi zəminində verilir, ətrafdakılara münasibətdə insafsızlıq və ədalətsizlik insan haqlarına, qanunlara qarşı hörmətsizlik kimi qiymətləndirilir. Xalqın adət və ənənələrinə hörmətlə yanaşma əxlaqi saflığın, insaf və ədalətin göstəricisi kimi təzahür etməklə yanaşı, həm də insan hüquqlarına və qanunlara ehtiram göstərilməsinin nümunəsi qismində çıxış edir.

Bakıxanov xeyir və şər kimi mühüm əxlaqi məsələnin həllində də müsəlman ilahiyyatçılar ilə eyni mövqedən çıxış edir. O, iddia edir ki, dünyada mütləq mənada şər yoxdur. "Aləmdə olan hər şey xeyir üçün yaradılmışdır, həqiqətdə şərin vücudu yoxdur. Şər hiss olunursa da, o da xeyir üçündür".

  A.A.Bakıxanovun ideyasına görə, xeyirli görmək, yaxşılıq elmək, bütün hərəkət və davranışlarda ədalətli olmaq insanın mənəvi borcuna və vəzifəsinə çevrilməlidir. Mütəfəkkir göstərir ki, "aləmdə əsl məqsəd və həqiqi məsləhət xeyirdən ibarət olduğu üçün, aləmin ən şərafətli cüzi olan insan da gərək borclarını əda eyləsin və öhdəsinə düşən vəzifəni unutmasın, həmişə yaxşılıq etməyə çalışsın və bilsin ki, əxlaqı təmizləyib islah etməkdən və maarif təhsil etməkdən məqsəd yaxşılıqdır. Çünki onsuz əməl meyvəsiz ağac kimi təsirsiz olar". Abbasqulu Ağa dərin və qəti bir inamla qeyd edir ki, xarici aləmdə mövcud olanvarsa, hamısı xeyir və yaxşılıq üçün yaradılmışdır. Yaradılmışlardan ədalətlə və insanların rifahı, xoşbəxtliyi naminə istifadə olunarsa, nəticə də xeyirli və bərəkətli olar. Bu nəticə son həddə insanın əməlindən və davranışından asılıdır. Belə ki, "insana hər bir işi görmək üçün ixtiyar və bacarıq verilmişdir. İnsan bir işi görməklə savabgünah qazana bilər". Hətta yaxşılığın da müəyyən həddə və çərçivədə edilməsinin, onun edilməsində ifratçılığa yol verilməməsinin, eləcə də hansı niyyətli və təbiətli adama yaxşılıq edilməsinin, yaxud edilməməsinin lazım olduğunu qeyd edən mütəfəkkir yazır: "Yaxşılıq odur ki, onda ümumin mənfəəti olsun. Belə olduqda lazımdır ki, hər kəs özünün bütün işlərini və hərəkətlərini insaf gözü ilə mühafızə etsin. Başqasına yamanlıq etmək fıkrində olan adama yaxşılıq etməsin".

A.A.Bakıxanovun fıkrincə, insanın mənəviyyatı onu əhatə edən mühitin təsiri altında püxtələşir. İnsan əxlaqının gözəllik dərəcəsi cəmiyyətə xas olan əxlaqi keyfiyyətlərin inkişaf səviyyəsindən asılıdır. Çünki insanı yetişdirən mühit onu öz təbiətinə xas olan əxlaqi prinsiplər əsasında tərbiyə edir. Ona görə də "hər kəs hər hansı bir cəmiyyət içərisində yaşayarsa, o cəmiyyətin əxlaqını mənimsər". Deməli, əxlaqi keyfiyyətlərin fitri olmasını qeyd edən mütəfəkkir, insanın əxlaqi cəhətdən kamilləşməsində xarici, yəni ətraf mühitin təsirini də əsas amillərdən biri hesab edir. Əlbəttə, Abbasqulu Ağa bu zaman cəmiyyətin hər bir üzvünün əxlaqi keyfıyyətlərinin formalaşmasında əqli dərketmə qabiliyyətinə böyük üstünlük verir, ədalət, insafvicdan kimi kateqoriyaların insan davranışında təzahür etməsində ağıl və zəkanın xüsusi rolunu qeyd edərək yazır: "Müdara sayağının ən yaxşısı ağla və sədaqətə riayət etməkdir. Ağlın tələbi ilə başlanan xeyirlə nəticələnər. Doğru demişlər, ağıllı adam həmişə möhtərəmdir. Sədaqət heç vaxt ağıldan ayrılmaz, çünki ağıl axırı pis nəticə verən işdən çəkindirir və nəticəsi xeyir olan sədaqəti tələb edir".

Görkəmli mütəfəkkir göstərir ki, insanların davranışlarının, pislik və yaxşılıq etmələrinin əsasını orta hədd prinsipi təşkil etməlidir. İfratçılıqdan, hədsizlikdən qaçmaq lazımdır, çünki ifratçılıq və hədsizlik əxlaq prinsiplərinin pozulması ilə nəticələnir. Abbasqulu Ağa orta hədd prinsipindən danışarkən, əxlaqi keyfiyyətlərin müsbət cəhətləri ilə onun mənfi cəhətlərini qarşılaşdırır və hər hansı keyfiyyətli (ədalətin, insafın və yaxud vicdanlığın) davranışın təzahüründə artıq-əskikliyə yol verilməməsinə xüsusi əhəmiyyət verərək yazır: "Azadlıq ifrat dərəcəsinə çatdıqda, özbaşınalığa çevrilir. Məsəldir deyərlər: "Hər şeyin ortası yaxşıdır", bu surətlə onun xasiyyətləri bəyənilmiş olan faydalarla nəticələnir". "Ortalığın həddi" ("Qızıl orta") prinsipi probleminin həllində Abbasqulu Ağanın etik təlimində Aristotelin, eləcə də Nəsirəddin Tusinin etik fəlsəfəsinin güclü təsiri hiss olunur.

A.A.Bakıxanovun sosial ədalət prinsipinə dair konsepsiyası onun Vətənə, insanaonun taleyinə, bütövlükdə öz xalqına möhkəm bağlılığı, humanistdemokratik dünyagörüşü ilə həmahəng səslənir. O, belə mütərəqqi mövqeyi ilə, hər şeydən əvvəl, yetişməkdə olan nəsildə gözəl əxlaqi keyfıyyətlərin tərbiyə olunmasını, gənclərin cəmiyyətin xeyirxahkamil bir üzvləri kimi formalaşması məqsədini güdmüşdür.

Ədalətsizliyin xeyri olmayan pis əməl və pis adı qalan keyfıyyət hesab edən humanist mütəfəkkir, ədalətli, insaflı və yaxşı əməli insana həmişə zövq verən və onun mənəvi aləmini zənginləşdirən, ona daxili rahatlıq gətirən əxlaqi keyfiyyət kimi qiymətləndirir. Abbasqulu Ağanın ideyasına görə, ədalətsizlik əxlaqi yoxsulluqdur. Ədalətlilik və yaxşı əməl isə insanın elə mənəvi zənginliyidir ki, onları insandan heç bir qüvvə qopara bilməz. Ədalət insanın əməli ilə həmin əməlin nəticəsi arasında nizam tərəzisidir. Buna görə də insan "zahirdə rəftar və hərəkətinin xalqın adət və qanunlarının ziddinə olmamasına mümkün qədər çalışmalıdır. Çünki xalqın adət və qanunlarına zidd olduqda, xalq ondan çəkinər və xeyirli görməyə bacarığı olmaz".

Zəmanənin haqsızlıqlarından narazılıq, sosial ədalətin müdafıəsi, rnövcüd siyasi quruluşun tənqidi və ictimai həyatın yenidən qurulması uğrunda mübarizə Abbasqulu Ağanın sosial-syiasi görüşlərində öz müdrikliyi, ədaləti və parlaq zəkası ilə seçilən maarifçi monarx haqqında ideyanın yaranmasına gətirib çıxarmışdır. Maarifçi monarx mütəfəkkirin istək və arzularına cavab verən, xalqın maddi vəziyyətini və güzəranını yaxşılaşdırmağa çalışan dövlət başçısıdır. Belə hökmdar həm də müdrikdir. Bakıxanovun ideyasına uyğun olaraq zülm və zorakılıq yalnız maarifçi monarx vasitəsilə aradan qaldırıla bilər və ölkə onun müdrikliyi sayəsində möhkəmlənər və inkişaf edər.

A.A.Bakıxanovun xeyirxah ideallarının daşıyıcısı olan müdrik hökmdar qəddar şahlığın tam əksi, müstəbid dövlət başçısının tam inkarıdır. İnsanların qayğısı ilə maraqlanmayan, təvazökarlıqdan, alicənablıqdan və xeyirxahlıqdan uzaq olan hökmdarın ölkəsində ədalətdən, əmin-amanlıqdan və xoş güzərandan danışmağa dəyməz. Belə məmləkətdə mənəviyyat pozğunluğaiflasa doğru gedir, şəxsi mənafelər xalq mənafeyini üstələyir, zorakılıq və özbaşınalıqlar meydan sulayır. Bu cəhətdən Abbasqulu Ağanın "Ümidin boşa çıxması" adlı mənzum hekayəsi ibrətamiz bir sənət əsəridir.

 

Vahid Ömərov

Səs.- 2016.- 14 iyun.- S.15