Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişafa gedən yolunun möhkəm təməlini qoyub

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov müsahibəsi

- Eldar müəllim, 15 İyun Milli Qurtuluş Gününün müstəqil Azərbaycanın tarixindəki yerini necə xarakterizə edərdiniz?

- 15 İyun-Qurtuluş günü xalqımızın ən gözəl bayramlarından biridir. Ona görə ki, bu Qurtuluş günü olmasaydı, yəni Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydı, indi nə ümumiyyətlə Azərbaycandan, nə də ölkəmizdəki bugünkü əmin-amanlıqdan, inkişafdan  danışmaq olmazdı. Çünki o vaxtlar respublikada vəziyyət çox ağır idi, Azərbaycan dağılıb gedirdi.

Mən söhbətimizə lap əvvəldən başlamaq istərdim. Milli Qurtuluşa gedən yol haradan, necə başladı? Bildiyiniz kimi, Ümummilli lider Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya gəldi. Ulu öndər məlum səbəblərdən Bakıda qala bilmədi və doğulduğu Naxçıvana getmək məcburiyyətində qaldı. Burada insanlar Onu çox yüksək səviyyədə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. Ulu öndər, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Seçkilərdən bir qədər sonra-17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Sovetinin sessiyası çağırıldı və sessiyaya sədrlik Heydər Əliyevə həvalə olundu. Bəhs olunan tarixi sessiyada bir sıra qərarlar qəbul edildi, o cümlədən Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı. Heydər Əliyev cəsarət nümunəsi göstərərək Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağının Naxçıvan Ali Məclisində qaldırılmasına nail oldu. Mən xüsusi vurğulamaq istəyirəm ki, Heydər Əliyev Naxçıvan Ali Məclisində üçrəngli bayrağımızın  Muxtar Respublikanın dövlət rəmzi kimi qəbul edilməsinə nail olmaqla ikinci dəfə Azərbaycanın müstəqilliyinin əsasını qoydu. Qurtuluşa gedən yolumuz da məhz buradan başladı. Sonradan-1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.

Əlbəttə, indi bu deyilənlər kimlərəsə adi görünə bilər. Ancaq bəhs olunan dövr kifayət qədər mürəkkəb idi. Belə ki, hələ sovet ittifaqı dağılmamışdı, kommunist partiyası qalırdı. Ancaq ortada Heydər Əliyev fenomeni var idi və Ulu öndər Öz müdikliyi, uzaqgörənliyi və cəsarəti sayəsində üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsinə nail oldu. Heydər Əlyev müdrikliyi və cəsarəti ilə bizə müstəqilliyin yolunu göstərdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyalarında da böyük cəsarət nümayiş etdirərək Dağlıq Qarabağla, respublikamızın müstəqilliyi ilə bağlı fikirlərini açıq şəkildə söylədi. Ancaq təəssüf ki, salonda əyləşənlərin bəziləri-onların bir çoxunun karyera qazanmalarına, vəzifə pillələrində yüksəlmələrinə Ulu öndər ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə böyük dəstək göstərmişdi-ayaqlarını yerə döyməklə Heydər Əliyevə hörmətsizlik nümayiş etdirdilər. Ona göstərilən bu kimi təzyiqlərə baxmayaraq, Ulu öndər sonrakı dönəmlərdə də Azərbaycanın müstəqilliyi ideyasının müdafiəsində dayandı. Məlumdur ki, 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma respublikanın o vaxtkı rəhbərlərinin təhriki ilə Azərbaycan da qoşuldu. Ancaq Ulu öndərin çağırışına əsasən Naxçıvan həmin saxta referendumda iştirak etmədi. Zaman Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi. Saxta referendumdan cəmi bir neçə ay sonra-avqustun 19-da keçmiş SSRİ-də “QKÇP” adını alan dövlət çevrilişinə cəhd oldu. Bundan sonra hadisələr dönməz xarakter aldı, keçmiş ittifaq, onunla bərabər də kommunist partiyası dağıldı. Həmin ərəfədə baş verənlərə baxmayaraq, Azərbaycanda rəhbər vəzifədə əyləşənlər yenə də köhnə rejimin saxlanılmasına uğursuz cəhdlər göstərirdilər. Nə qədər qəribə görünsə də, bir sıra keçmiş ittifaq subyektlərində sovet hakimiyyətinin, kommunist partiyasının süqut etməsinə rəğmən, respublikamızdakı müəyyən qüvvələr yenə də “bəlkə də, qaytardılar” xülyasından əl çəkmək istəmirdilər. O vaxt Ulu öndər parlamentdə çıxış edərək bir daha yolumuzun müstəqillik yolu olduğunu bildirdi. Heydər Əliyev bildirirdi ki, SSRİ-nin gələcəyi yoxdur, biz müstəqilliyimizi qazanmalıyıq və bunu nə qədər tez etsək, bizim üçün bir o qədər faydalı olar.

- Bəhs olunan dövrdə Naxçıvanda ictimai-siyasi vəziyyət necə idi?

- Ötən əsrin 90-cı illərinin əvvəlində bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da hakimiyyət boşluğu hökm sürürdü.  Muxtar Respublikada Ali Məclisin sədri seçilməli idi. “Demblok”, “komblok” deyilən qüvvələr və bu qəbildən olan digərləri  Naxçıvanda, necə deyərlər, öz adamlarını hakimiyyətə gətirmək üçün müxtəlif vasitələrə əl atırdılar. Belə gərgin vəziyyətdə muxtar respublikanın gələcəyini düşünən insanlar Ali Məclisin sədri vəzifəsinə böyük idarəçilk təcrübəsi olan Heydər Əliyevin seçilməsini tələb edirdilər. Mən Ali Məclisin sessiyasında iştirak edən bir şəxs kimi bildirmək istəyirəm ki, Ulu öndər həmin vəzifəyə getmək istəmirdi. Mən və digərləri sessiyada çıxış edərək mövqeyimizi qəti şəkildə ortaya qoyduq, bildirdik ki, Heydər Əliyevin Naxçıvanda alternativi yoxdur, əgər O, Muxtar Respublikanın rəhbəri seçilməsə, ermənilər Naxçıvana təcavüz edəcəklər. Sessiyada Heydər Əliyevin namizədliyini müdafiə edənlərə, o cümlədən də mənə qarşı kəskin təzyiqlər göstərilsə də, biz 1991-ci il 3 sentyabr tarixində Ulu öndərin Naxçıvan Ali Məclisinin sədri seçilməsinə nail olduq. Mən deyərdim ki, 15 İyun Qurtuluş gününün əsası məhz 3 sentyabrda Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsi ilə qoyulub. Çünki Hyedər Əliyev 3 sentyabr 1991-ci il tarixində Naxçıvanda rəhbərliyə gəlməsə idi, hadisələrin gedişi müxtəlif cür ola bilərdi. Ulu öndər Ali Məclisin sədri kimi Naxçıvanda çox böyük işlər gördü. Açıq deyək, həmin dövrdə Naxçıvanı yalnız Ermənistan blokadaya almamışdı. Elə Azərbaycanda mərkəzi hakimiyyət də Muxtar Respublikaya son dərəcə biganə münasibət bəsləyirdi. Çətin durumda olan Naxçıvana heç bir kömək göstərilmirdi, mərkəzi icra orqanlarının təmsilçiləri Muxtar Respublikanın problemləri ilə əsla maraqlanmırdılar, ora ayaq basmaq belə istəmirdilər. Elə təsəvvür hasil olurdu ki, sanki Naxçıvanın ermənilər tərəfindən işğal edilməsinə məqsədli şəkildə şərait yaradılırdı. Heydər Əliyev Ali Məclisin sədri seçildikdən dərhal sonra Muxtar Respublikanın müdafiəsini təmin etmək məqsədilə müdafiə komitəsi yaratdı. Naxçıvanda Ulu öndərin təşəbbüsü ilə islahatlara start verildi. Mən yaxşı xatırlayıram, respublikamızda torpaq islahatına məhz Naxçıvanda 1992-ci ilin mart ayında start verildi, özəlləşdirmə aparıldı. Beynəlxalq miqyasda böyük nüfuza malik olan Heydər Əliyev İran və Türkiyə ilə əlaqə saxladı. İranın o vaxtkı prezidenti Rəfsancani Heydər Əliyevin arxasınca öz şəxsi təyyarəsini göndərdi. Ulu öndər İran İslam Respublikasına gedərək orada bir sıra müqavilələr imzaladı.  Heydər Əliyev həmçininTürkiyəyə səfərlər etdi, dost ölkənin prezidenti Süleyman Dəmirəllə görüşüb burada da müqavilələr bağlanmasına nail oldu.  Hər iki ölkədə Heydər Əliyev çox yüksək səviyyədə, sanki müstəqil dövlətin rəhbəri kimi qarşılanırdı. Heydər Əliyevin bu səfərlərindən sonra istər İrandan, istərsə də Türkiyədən Naxçıvana yardımlar gəlməyə başladı. Ulu öndər 1991-1993-cü illərdə Naxçıvanı, Muxtar Respublikanın əhalisini bu yardımlar hesabına saxladı. Düzdür, yerli istehsal da müəyyən qədər artırdı, ancaq həmin dövrdə yardımlar olmadan Naxçıvanın müxtəlif mallara, ələlxüsus da ərzağa olan tələbatını ödəmək mümkün deyildi. Belə çətin vəziyyətdə Heydər Əliyev Naxşıvanı yalnız qoruyub saxlamadı, həm də onu inkişaf etdirdi. Naxçıvan əhalisi bütün bunları böyük minnətdarlıq hissi ilə həmişə xatırlayır. Biz Ulu öndərin ruhu qarşısında baş əyirik ki, O, Naxçıvanı yalnız aclıqdan deyil, həm də erməni işğalından xilas etdi. Ermənilər Heydər Əliyevin xalq arasındakı böyük nüfuzundan çəkinərək Naxçıvana hücum etməkdən qorxurdular.

- Hadisələrin canlı şahidi kimi, Yeni Azərbaycan Partiyasının yaranması və Ümummilli liderin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı barədə söhbət açmağınızı xahiş edirik.

- Beləliklə, 1992-ci ilin may ayının 18-də Azərbaycan parlamentində keçirilən sessiyada hakimiyyət məsələsi gündəmə gəldi. O vaxt AXC yaranmış vəziyyətdən istifadə edərək hakimiyyətə gəlməyə çalışırdı. Həmin sessiyada mən ürəyimin hökmü ilə Ali Sovetin sədri vəzifəsinə Heydər Əliyevin namizədliyini irəli sürdüm. Əlbəttə, mənim təklifim heç də birmənalı qarşılanmadı, Ulu öndərin namizədliyinin müzakirəsinin qarşısını almaq məqsədilə müxtəlif bəhanələr gətirildi.  Qərara aldıq ki, Naxçıvana, Onun özünə zəng vuraq. Lakin xətləri kəsdilər və təxribat nəticəsində Heydər Əliyevlə telefon bağlantısı yaratmaq mümkün olmadı. Bu, bütün Azərbaycan üçün böyük itki demək idi. AXC-Müsavat iqtidarının birillik hakimiyyəti Azərbaycana ciddi ziyan vurdu. Hay-küylə hakimiyyətə gələn səriştəsiz insanlar bir ilin içində Azərbaycana sanki yüz ilə bərabər səviyyədə dağıtdılar.

Sonrakı dövrdə Azərbaycanın inkişafını arzulayan, daxili sabitlik, əmin-amanlıq yaranmasını istəyən insanlar, respublikanın qabaqcıl ziyalıları Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gətirilməsi ilə bağlı müzakirələr aparırdıq. Ümumi fikrimiz bu idi ki, Azərbaycanın qurtuluşu, nicatı Heydər Əliyevlə bağlıdır. Biz uzaqgörən siyasətçi, müdrik insan Heydər Əliyevin ətrafında siyasi partiya yaratmaqla bağlı qənaətə gəldik. Görüşlərimizin birində Azərbaycanın qabaqcıl insanlarının istəyini Ulu öndərə çatdırdım və Onun ətrafında yeni siyasi qüvvənin formalaşdırılmasına icazə verməsini xahiş etdim. O, əvvəlcə bu təklifə razılıq vermədi. Bildirdi ki, bəzi qüvvələr Onun heç Naxçıvanda qalmasını istəmirlər. Biz öz təklifimizdə israr etdik. Respublikanın bütün sağlam qüvvələrinin Ulu öndərin ətrafında birləşmələrinin zəruriliyini zaman diqtə edirdi. Aydın görünürdü ki, “cəbhəçilər” Azərbaycanı idarə etmək iqtidarında deyillər. Xalqı, respublikanı düşdüyü çətin vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilərdi. Ölkədəki ağır durum barədə söhbət açaraq Heydər Əliyevə dedim ki, O təkcə Naxçıvana yox, bütün Azərbaycana lazımdır. Ulu öndərin Azərbaycan sevgisinə bələd olduğum üçün bir daha rica etdim: “Azərbaycan naminə Sizi qorumalıyıq və Sizi qorumaq üçün də partiyanı yaratmalıyıq”. Beləliklə, Heydər Əliyevi Onun ətrafında partiya yaradılmasına birtəhər razı saldıq. Bundan bir qədər sonra Ulu öndər məni yanına çağıraraq dedi: Bir halda ki, israr edirsən, başqaları da bunu istəyir, onda, get, yeni partiyanın yaradılması məsələləri ilə məşğul ol”.

Biz Ulu öndərin razılığını aldıqdan sonra 1992-ci ildə dərhal yeni partiya yaradılmasına başladıq. Genişmiqyaslı iş aparılırdı. Həmin dövrdə “91-lər” adı ilə tarixə düşən bir qrup ziyalı  Ulu öndərə müraciət ünvanladı. Müraciət bu sözlərlə yekunlaşırdı: “HEYDƏR BƏY! Bizim bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından biz edirik. Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Azərbaycanda çox ziddiyyətli proseslər getdiyi. 1992-ci ildə bəhs olunan müraciəti imzalayan “91-lər”-indi onların bəziləri dünyalarını dəyişib, bəziləri isə sağdırlar-mənim qənaətimə görə, qəhrəman insanlardırlar. Onlar qorxmadılar, cəsarət nümunəsi göstərdilər. Həmin dövrdə ölkədə ictimai-siyasi vəziyyət çox ağır idi. “Cəbhə” hakimiyyəti, o cümlədən də o vaxtkı daxili işlər naziri İsgəndər Həmidov Heydər Əliyevin ətrafında birləşən insanları, həmçinin də məni təhdid edirdilər. Heydər Əliyev “91-lər”in müraciətinə cavab hazırlayarkən-24 oktyabr 1992-ci il tarixdə AXC Naxçıvanda dövlət çevrilişinə cəhd etdi. Naxçıvanda daxili işlər nazirliyinin, televiziyanın binası tutuldu. Dövlət çevrilişinə cəhd göstərənlərin əsas niyyətləri Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq və yaxud Onu fiziki cəhətdən məhv etmək idi. Mən hadisələrin içində olan bir adam kimi, vəziyyətin necə təhlükəli həddə çatdığını görürdüm. Təbii ki, xalqın, Naxçıvanın təəssübünü çəkən bütün insanlar yığışdılar və gecə səhərədək Ali Məclisi, Heydər Əliyevi qoruduq.

İndi qürurla deyə bilərik ki, biz o dövrdə Ulu öndəri məhz bugünkü Azərbaycan üçün qoruduq. Ölkəmizdəki hazırkı dinamik sosial-iqtisadi inkişafın, sabitliyin, əmin-amanlığın əsasını məhz Ulu öndər qoyub.  Biz bəhs olunan çevriliş cəhdindən sonra noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının konfransını keçirdik. Konfransın təşkilat məsələləri mənə həvalə olunmuşdu. Konfransa Azərbaycanın digər guşələrindən 55-60 nəfər adam gəlmişdi. Ümumilikdə isə, 550 nəfərin iştirakı ilə soyuq, şaxtalı gündə C.Məmmədquluzadə adına Dövlət Dram Teatrında konfransı keçirdik və Heydər Əliyevi yekdilliklə partiyanın sədri seçdik. Bundan sonra respublikada “cəbhə” hakimiyyətinin iflasa uğradığını görən insanların hamısının nəzərləri Naxçıvana dikilmişdi. Bakıdan, respublikanın digər guşələrindən insanlar Heydər Əliyevdən kömək almaq üçün Naxçıvana axışırdılar. Mən bir hadisə haqqında həmişə danışmışam, yenə də xatırlatmaq istəyirəm: Bir dəfə Heydər Əliyevin yanına Zəngilandan bir kişi ilə qadın gəlmişdi. Onlar uşaqlarının ermənilər tərəfindən tutulduqlarını bildirdilər. Heydər Əliyev Ermənistanın sabiq prezidenti Petrosyanla danışdı və uşaqları azad elədilər. Bu fakt bir daha təsdiqləyir ki, Heydər Əliyev Naxçıvanda otura-otura əslində bütün Azərbaycanı idarə edirdi. Elə “cəbhəçilər”   Heydər Əliyevi özlərinə alternativ gördüklərinə görə Onu fiziki cəhətdən məhv etmək istəyirdilər.

Bir daha qeyd etmək istəyirəm ki. Azərbaycanda vəziyyət olduqca gərgin idi. Hamı görürdü ki, “cəbhəçilər” ölkəni idarə etmək iqtidarında deyillər. Hadisələrin bu tərzdə inkişafı 4 iyun Gəncə qiyamına gətirib çıxartdı. Gəncə qiyamı baş verdikdə Heydər Əliyevə qəsd etmək istəyən “cəbhəçilər” başda onların rəhbərləri olmaqla bir-bir Ulu öndərə üz tutmağa başladılar. Onlar xahiş edir, yalvarırdılar ki, Heydər Əliyev Azərbaycana gəlsin. Azərbaycan artıq əldən gedirdi, respublikada idarəolunmaz situasiya yaranmışdı. Müstəqilliyin əldən getmək təhlükəsi yaranmışdı. 6 iyunda Heydər Əliyevin arxasınca Bakıdan Naxçıvana təyyarə göndərildi. Biz Bakıya gələrək buradakı vəziyyət barədə Ulu öndərə məlumat verdik və Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Ulu öndər 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu.  15 iyunda parlamentdə yenə də oyunlar gedirdi. Heydər Əliyevin parlamentin sədri seçilməsini əngəlləmək istəyənlər var idi. Lakin bütün təxribatlara baxmayaraq, Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun dövlətçilik tariximizə qurtuluş günü kimi daxil oldu, Azərbaycan xaosdan, dağılmaqdan, parçalanmaqdan qurtuldu.  Bir qədər sonra isə Milli Məclisin qərarı ilə Ulu öndər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

- Eldar müəllim, Heydər Əliyevin respublikanın siyasi hakimityyətinə qayıtması Azərbaycana nə verdi?

- Əslində, Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıtmasının nəticələri o qədər böyükdür ki, bu barədə cilid-cilid kitablar yazmaq mümkündür. İlk növbədə, Heydər Əliyev ölkədə sabitlik yaratmağa başladı. O ölkədə ki, sabitlik yoxdur, orada inkişafdan danışmaq olmaz. Ulu öndər Özünəxas müdrikliklə qoçu dəstələrini yerində oturtmaqla yanaşı, Cənubda “Talış-Muğan respublikası”nı , şimalda separatçı qüvvələri ram etdi. 1994-cü il mayın 12-də atəşkəs imzalandı və respublikanın potensialı inkişafa istiqamətləndirildi. 1994-cü il sentyabrın 20-də 11 transmilli şirkətin iştirakı ilə “Əsrin müqaviləsi” imzalandı. Həmin şirkətlər öz investisiyalarını məhz Heydər Əliyev şəxsiyyətinə, nüfuzuna görə Azərbaycaba yönəldirdilər. Çünki həmin vaxtlarda Azərbaycan adında dövlət dünya çapında tanınmırdı. “Əsrin müqqaviləsi” Azərbaycana böyük dvidentlər gətirdi.Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kimi nəhəng neft-qaz dəhlizləri yaradıldı, ölkə inkişafa istiqamətləmndi və Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi.

- Ölkəmizdə Heydər Əliyev siyasətinin varisliyinin təmin olunması barədə fikirlərinizi bilmək istərdik. 

- Azərbaycanın xoşbəxtliyi ondadır ki, Heydər Əliyevin əsasını qoyduğu siyasət Onun siyasi varisi İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. Ölkəmiz beynəlxalq miqyaslı tədbirlərin həyata keçirildiyi məkana çevrilib. Azərbaycana belə yüksək etimad göstərilməsinin ciddi əsasları var. Respublikamızda möhkəm  sabitliik yaradılıb, yüksək infrastruktur qurulub. “Eurovision” mahnı yarışmasının, Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın gücünü təsdiqlədi. Hazırda ölkəmiz “Formula-1” yarışmasına ev sahibliyi etməyə hazırlaşır. Bunlar İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi siyasətin, quruculuq işlərinin bəhrəsidir. Hazırda Azərbaycanın ətrafındakı bir sıra ölkələrdə müharibələr, qarşıdurmalar baş alıb gedir. Azərbaycan isə bundan müəyyən dərəcədə zərər çəksə də , inkişafa istiqamətlənib. Prezidentin dediyi kimi 2016-ci il artıq sabitləşmə ili olacaq. Prezident İlham Əliyev neftsiz iqtisadiyyat qurmağı bizim qarşımıza vəzifə kimi qoyub. Bəli, artıq nefti yaddan çıxartmalıyıq. Ölkəmizdə aqrar sahədə, sənayedə qeyri-neft sektorunu inkişaf etdirmək üçün böyük potensial var.  Mən Milli Məclisin Aqrar siyasət komitəsinin rəhbəri kimi , bildirmək istəyirəm ki, biz yüksək .

Səs.- 2016.- 15 iyun.- S.8-9