"Məni yaşadan sənətdir"
Müsahibimiz Azərbaycanın əməkdar artisti, Azərbaycan Opera və
Balet Teatrının solisti,
Milli Konservatoriyanın dosenti
Gülüstan Əliyevadır
- Gülüstan xanım, bu gün yaşadığımız dövr Azərbaycan milli musiqisinin, sənətinin yeni bir inkişaf dövrü kimi səciyyələnir. Dövlət tərəfindən yürüdülən mədəniyyət siyasəti və bu sahəyə verilən qiymət milli musiqimizin dünya miqyasında tanınmasına səbəb olub.
- Əlbəttə, səmimi olaraq vurğulayaq ki, milli musiqimiz dövlət tərəfindən ayrılan diqqətin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yaxından himayədarlığı nəticəsində bəşəriyyətin ayrılmaz bir hissəsinə çevrilib. Dünyanın hər bir məkanı və qitəsindən Azərbaycan musiqisinin uğurlu sədası eşidilir. Xüsusilə də, muğamlarımız ən yüskək bir zirvədədir və dünyanı fəth edir. Muğam sənətinin bir çox sənət nümunələrimizlə bərabər, YUNESKO-nun Qeyri-Maddi İrs Siyahısına daxil olması bir muğam ifaçısı, muğamı tədris edən sənət adamı olaraq məni çox qürurlandırır. Zaman var idi ki, qadın əlinə qaval alıb gedəndə, onları ironiyalı baxışlar müşayiət edirdi. Bu gün artıq o baxışlar dəyişib, qavalımız indi ən yüksək zirvədədir. Bütün dünyada muğamlarımızın təbliğ olunması, ona bu şəkildə yanaşma dövlət başçısı Cənab İlham Əliyevin, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın diqqəti və qayğısı nəticəsində nail olunub. Mən də bir sənət adamı olaraq, dövlət tərəfindən milli musiqimizə göstərilən diqqət və qayğıdan bəhrələnərək, bu sahədə öz töhfələrimi verməyə çalşıram. Artıq 20 il olacaq ki, mən teatr sahəsində çalışıram. Hər il yaxşı-yamanı və çətinliyi ilə sevinci ilə yadda qalır. Nə iş görürəmsə, bütün işlərimin başında sənət və teatr dayanır. Mən - Gülüstan Əliyeva teatrın solisti olaraq tanınmışam, tamaşaçılarım məni bu teatrda tanıyıb və onlar tərəfindən sevilmişəm. Opera və Balet Teatrının aparıcı solisti olduğuma görə, mən fəxr edirəm. Bütün işlərimdə və yaradıcılıq yolunda teatr leytmotivdir. Mən hər zaman müxtəlif janrlarda xalq və bəstəkar mahnıları ifa etsəm də, bütün bunların başında əlbəttə, teatr dayanır. Onu da deyim ki, mən artıq 15 ildir ki, Milli Konservatoriyada çalışır, muğamlarımızı tədris edirəm. Bu ali təhsil ocağının dosenti kimi, professor Arif Babayevdən öyrəndiklərimi tələbələrimə öyrədirəm. Bu illər ərzində, təbii ki, yaxşı tələbələrimiz də olub. Bütün bunlar əlbəttə ciddi zəhmət bahasına başa gəlib. 2015-ci ilin sonunda konservatoriyada yaradıcılığımı daha da genişləndirməyə başladım. Biz müəllim kimi fəaliyyət göstərsək də, yaradıcı insan kimi, ilk növbədə sənətimiz ifaçılıqdır. Xanəndəlik fəaliyyətimin bir parçasını mən istədim ki, konservatoriyada işıqlandıraq. Artıq ənənə halını alıb ki, muğamı tədris edənlər zaman-zaman konservtoriyadaxili konsertlər verirlər. Ötən dərs ilindən bu günə qədər olan dövrdə belə konsertlər, efirdəki, bölgələrdəki konsertlər bizim yaradıcılıq işimizin bir hissəsidir. Teatrda tamaşalar göstərmək və konsertlər verməklə, beləcə, bu ili, mövsümi başa vurmaq üzrəyik.
- Bu gün pedaqoq olaraq, sizcə, sabahın istedadlı ifaçıları - davamçılarınız yetişirmi?
- Əlbəttə, yetişir. Bax, biz ona görə varıq ki, o tələbələri yetişdirək. Bakı Musiqi Akademiyası, bildiyiniz kimi, o zaman Azərbaycan Dövlət Konservatoriyası adlanırdı. Mən Konservatoriyada açılan muğam şöbəsinin ilk və yeganə məzunuyam. 1990-cı ildə oranı bitirmişəm, sonra isə xanəndələr ordusu yarandı və bu, davam etməyə başladı. Mən çox xoşbəxtəm və fəxr edirəm ki, öz müəllimimlə - xalq artisti Arif Babayevlə çiyin-çiyinə, onun rəhbərlik etdiyi bir kafedrada çalışıram. Tələbələrə necə dərs keçmək üsulunu, dərs prosesinin gedişinə qədər hər bir məqamı Arif Babayevlə məsləhətləşir, ondan tövsiyələr alırıq. Əlbəttə ki, bizim davamçımız olan tələbələrimiz var. Bu gün elə müğənnilər var ki, məni təqlid edir, mənim kimi ifa edirlər. Biz bunları görürük, bu, bizi çox sevindirir, qürurlandırır, mənim üçün bu, şərəfdir. Siniflərimizdə də istedadlı, potensiallı, ifaçılıq qabiliyyəti yüksək olan tələbələrimiz var və əlbəttə, onlar bizim sənətimizin layiqli davamçılarıdır.
- Bu gün çəkilən filmlərdə, xüsusilə də, seriallarda aktyorluq sənəti olmayan müğənnilərimiz rol alır və aparıcı rollar onlara həvalə edilir. Bir əməkdar artist kimi, buna münasibətiniz necədir?
- Müasir
dövrümüzdə bu mövzu
ətrafında jurnalistlərlə söhbətlərimiz kifayət
qədər olur. Təbii ki,
zəif ifaçı, aktyorluq sənəti
olmayan, qeyri-professional
ifa təqdim olunanda
istedadlı, bacarıqlı insanların, yaxşıların
dəyəri parlaq görünür.
Mən həmin müğənniləri, bəlkə də mən
müğənni, teatr aktrisası olduğuma görə, teatrımızın
fonlarına bənzədirəm, teatrın dekorasiyalarına bənzədirəm.
Mən onlara həmişə ifadəli
şəkildə belə deyirəm. Teatrın səhnəsində
tamaşalar təqdim olunarkən, səhnəsində
aktyorlar oynayır, özü
də əsas aparıcı aktyorlardır. Tamaşa
boyunca əsas aktyorların fonunda dekorasiyalar dəyişir.
Aktyorlar yerində qalır. Bax, onlar həmin
dekorasiyalardır ki, zaman-zaman
dəyişəcəklər. Bu sənətin
əsas aparıcı qüvvəsi olan aktyorlar isə əbədi olaraq
qalacaqlar. Sənət tariximizdə, musiqi, incəsənət tariximizdə dəyişməyən
professional, öz sənətinin
bilcisi olan simalar qalacaqlar. Bu, aksiomadır. O insanlar
isə zamanın axarında yol alıb gəldikləri
kimi də, izsiz və
soraqsız da gedəcəklər. Eyni ilə teatrı dekorasiyaları kimi heç bir zaman
xatırlanmayacaqlar. Düzdür, bizim kinofilmlərdə böyük
müğənnilərimizin əvəzsiz rol
oynadığın da bildirməliyik. Məsələn, çox görkəmli sənətkarlarımız
"Telefonçu qız", "Dəli
Kür"də Mirzə Babayev, "Romeo mənim qonşumdur"
filmində Tamella Rüstəmova,
"Arşın mal alan"da Rəşid Behbudov və
başqaları müxtəlif rəngarəng obrazlar
yaradıblar. Yetər ki, o insan istedadlı olsun, həmin obrazı canlandıra bilsin. Təbii ki, elə bayağı
film-tamaşalar var ki, bəzən heç yeri görünməyən insanları
orada görürük.
Yəqin
ki, siz bunu
nəzərdə tutursunuz.
Onlar, necə deyim, var sənətə təsadüfi gələn
insanlar, bir də var sənətə
bəlli bir məktəb yolu keçib bu sənətə gələn
və sənəti yaşadan insanlar. Təbii ki, axın ilə
gələn istedadsız
insanlar arxalarınca bir iz qoyub
getməyəcəklər. Necə deyərlər, "yellə
gələn, selə gedər".
- Bildiyimiz kimi, Azərbaycan Onera və Balet Teatrının
səhnəsində opera sənətinin
şah əsərlərindən
olan "Leyli və Məcnun"da Leyli rolunu oynamısınız.
Özü də bu obrazı yaradan Azərbaycanın
böyük və korifey sənətkarlarından
sonra. Məsuliyyət və yüksək
peşəkarlıq tələb
edən bir obrazı. Buna müvəffəq olan Gülüstan xanım daha hansı rolu ifa etmək
arzusundadır?
- Şükürlər olsun ki, bu gün opera teatrında oynanılan milli operalarda mənə əsas obrazlar həvalə olunub. "Leyli Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Əsli və Kərəm"də Əsli, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Sənəm, "Natəvan"da Xanəndə qız, "Arşın mal alan"da Cahan, "O olmasın, bu olsun"da Sənəm kimi obrazları yaratmışam. Özümü xoşbəxt hiss edirəm ki, böyüklüyünə - kiçikliyinə baxmayaraq, mənə tapşırılan bu obrazları böyük səhnədə oynadım və heç vaxt düşünmədim ki, hansısa obraz ikinci dərəcəlidir. Sənətdə, xüsusilə, opera sənətində bütün obrazlar birinci dərəcəlidir. Tamaşaçılara səhnədə o obrazları təqdim edərkən, artıq onlar birinci dərəcəli olurlar. Aktyor və aktrisanın obrazı yaratmaq bacarığı, potensialı, qəhrəmanının lirik-psixoloji məqamlarını dərk edərək, yaratması və s. amillər tamaşaçı ilə ifaçı arasında körpünün yaranmasına, yaddaşlarda əbədi yaşamasına səbəbdir. Etiraf edim ki, Leylidən, Ərəbzəngidən, Əslidən sonra mənə "Arşın mal alan"dakı Cahan xala obrazı təklif olunanda, mən çox tərəddüd etdim. Düşündüm ki, axı mən necə bu komik obrazı, yaşlı qadını - Cahan xalanı oynaya bilərəm. Bəllidir ki, gənc bir ifaçının təxəyyülündə başqa fikirlər və düşüncələr olur. Təbii ki, teatrın rejissoru Hafiz Quliyevin də bu obrazı, o cümlədən Ərəbzəngini yaratmağımda rolu var. Tamara xanım Eyvazovanın da, məhz bu rolları oynamağımda böyük zəhmətini qeyd etməliyəm. Bu rollar teatrımızda başqa solistlərə təklif olunsa da, nədənsə oynanılmamışdı. Hafiz Quliyev mənə dedi ki, sən niyə düşünürsən ki, Ərəbzəngi çirkin, yaşlı bir qadındır və yaxud Cahan xala yaşlı qadındır. Qeyd etdi ki, keçmişdə xalalar, elə öz bacı uşaqları ilə yaşıd olublar, elə sən yaşında olublar. Beləliklə, bu rolları yaratmaq mənə həvalə olundu və çox sevinirəm ki, bu obrazları oynamağa razılıq vermişəm. Çox xoşbəxt sənətkaram ki, teatr tarixində oynanılan bu obrazlar bu günə gəlib çıxıb və mənim də ismim o obrazların ifaçısı olaraq hallanır, sənət tarixində yer alıb. Sənət yolumda hər bir obrazın çox önəmli yeri var. Mən artıq opera tariximizdə yer alan tamaşalarda, demək olar ki, bütün rolları yaratmışam.
- Maraqlıdır, həyatını səhnəyə bağlayan xanım üçün sənət meyarı nə deməkdir?
- Mənim üçün sənət, birmənalı olaraq, həyat deməkdir. Hər zaman qeyd etmişəm, bu gün də deyirəm, amma bilmirəm, bu ifadə necə səslənir. Məni övladımdan sonra həyatda sevindirən və yaşadan ikinci ali hiss sənətimdir. Özümü bu sənətdə tapmışam və ona da çox bağlıyam. Xoşbəxtliyim sənətimlə vəhdətdədir, sənətdə varamsa, demək varlığım yaşayır.
Müsahibəni
apardı:ZÜMRÜD BAYRAMOVA
Səs.-2016.- 21 iyun.- S.12.