İsmayıllıda "Sənətkarlıq
bazarı"
"Sənətkarlıq bazarı" Şamaxı-İsmayıllı-Qəbələ-Oğuz-Şəki-Qax-Zaqatala-Balakən turizm dəhlizi imkanlarının araşdırılması və inkişafı layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və rayon icra hakimiyyətinin birgə dəstəyi ilə inşa edilib.
"Sənətkarlıq bazarı" 9 köşkdən, konsert səhnəsindən və turistlərin xatirə şəkli çəkdirməsi üçün lövhədən ibarətdir. Onlardan 8-i sənətkarlıq nümunələrinin, 1-i isə milli mətbəx nümunələrinin sərgi-satışı üçün nəzərdə tutulub. Burada misgərlər, xalçaçılar, kəlağayı ustaları, halvaçılar, rəssamlar, suvenir ustaları, kulinarlar öz məhsullarını, əl işlərini, məmulatlarını nümayiş etdirə və satışını təşkil edə biləcəklər. Çay evində isə Lahıca və Basqala aid halva və şirniyyatların da yer aldığı çay süfrəsi təşkil edilir. Hər gün axşam saatlarında musiqi proqramları, folklor qruplarının çıxışları nəzərdə tutulur.
Layihə çərçivəsində İsmayıllı Turizm-İnformasiya Mərkəzi tərəfindən toplanmış suvenirlərin, Lahıc ustaları tərəfindən misdən hazırlanmış sənətkarlıq nümunələrinin, Basqal sənətkarlarının xam ipəkdən hazırladığı kəlağayıların, Qalacıq kənd Sənətkarlıq Klubunda fəaliyyət göstərən xalçaçılıq dərnəyi üzvlərinin əl işləri, İvanovka kəndinin kənd təsərrüfatı məhsullarının satış-sərgisi, eləcə də yerli yazarların kitablarının sərgisi və İsmayıllı rayon Rəsm Qalereyası tərəfindən rəsm sərgisi təşkil olunur.
ZÜMRÜD
Səs.- 2016.- 23 iyun.- S.13.