Ədalətli qanun insan hüquq
və azadlıqlarının təminatçısıdır
Dövlət adlı təsisat bərqərar olduqdan sonra vəziyyət tamamilə başqalaşmışdır. Dövlətin mövcud olduğu cəmiyyətdə hüquqazidd əməl törətmiş insan cəmiyyət qarşısında mənəvi məsuliyyət daşımaqla eyni vaxtda qanun qarşısında cavab verməli olur. Görkəmli alim Aqşin Quliyev yazır: "Buna görə də bəzən tez-tez eşidilən "məhkəmə cəzalandırdı" ifadəsi məntiqi vurğu ilə uyğunsuzluq yaradır. Nəzərə almaq lazımdır ki, təqsirkarı cəzalandıran məhkəmə deyil, məhz qanundur. Məhkəmənin özü də qanunun icraçısıdır. Əgər məhkəmənin çıxardığı ədalətsiz hökm bir icraçı kimi bilavasitə məhkəmənin prosessual hərəkətinin nəticəsidirsə, həmin icranın arxasında dayanan çatışmazlığı olan qanundur. Deməli, ədalətsiz qanun öz icraçısını da ədalətsizlik girdabına yuvarladır.
Yaşadığı cəmiyyətdə ədalətli qanun görməyən, hüquqları addımbaşı pozulan, haqsızlıqlarla üzləşən, müxətlif səviyyələrdə ədalətsizliklərə məruz qalan, haqqı, zəhmli və mənəviyyatı tapdanan insandan hansı ədalətli cavab reaksiyasını gözləmək olar? Belə bir insan ədalətə qulluq edə bilərmi? Bu, əslində "mərdi qova-qova namərd etmək" deyildirmi? Bir qədər haşiyə çıxaraq böyük şairimiz S.Vurğunun təbirincə desək, "ehtiyacın qul etdiyi qəhrəman"dan hansı mərdliyi, fədakarlığı necə və hansı haqla gözləmək olar?
Bu sualların cavablarını dövlətin təbiətini, cəmiyyətin sosial düşüncəsini dərindən təhlil etmək əsasında vermək olar. Cəmiyyətin idarə olunması ixtiyarı müəyyən bir hökmran qrupun və ya elitanın təsiri altında olduğu zaman yuxarıda göstərilən mənzərə yaranır. Bir nəfər əqidə satqınının hansısa hökmran qüvvəyə yararlanmaq məqsədilə söylədiyi "təmtəraqlı sözlər"in onu özünəbənzərlər tərəfindən kütləvi informasiya vasitələrində günlərlə, bəzən isə aylarla təkrarlandığı zaman cəmiyyət üçün tükürpədici bir vəziyyət əmələ gəlir".
İqtisadiyyatda, siyasətdə, hüquqda, elmdə, mədəniyyətdə və sosial həyatın demək olar ki, bütün sferalarında saxtakarlığa çulğanmış, düşünülməmiş qanunlarla yaşayan, yaltaqlığı, riyakarlığı, ikiüzlülüyü, bayağılığı və şişirdilmiş tərifləri özündə yaşadan cəmiyyətdə hansı mənəvi ideallardan danışmaq olar?
A.Quliyevin fikrincə, cəmiyyətdə rəzil bir vəziyyətə salınmış insanın bütün çirkinliklərə tab gətirərək yaşamasının özü bir möcüzədir. Yalan şüarların müti bir dinləyicisinə çevrilmiş insanın mövcud reallıqlarla barışması, şübhəsiz ki, onun maddi vəziyyəti, məişət qayğıları və digər şəxsi problemləri ilə bağlıdır. Deməli, şəxsi problemlərinin məngənəsində sıxılan insan cəmiyyətdə baş verən ictimai-siyasi prosesləri müşahidə etmək iqtidarında deyil və o, belə şəraitdə yalnız seyrçi mövqeyində dayana bilər. Bunun özü də ədalətsizliyə və haqsızlığa dözməyin, ətrafda baş verənlərlə istər-istəməz barışmağın təzahür formalarından biridir. Buna insanın ümidlə yaşaması, haqqın və ədalətin nə vaxtsa zəfər çalacağına inamı da müəyyən təsirini göstərir. Ümid səbrə bənzəmədiyinə görə, onun kasası heç vaxt dolmur. Ümidin tükənməzliyi, sonsuzluğu insanı nisbətən sakitləşdirir və onun yaşamaq həvəsini daha da artırır. Çünki ümidsizlik həyatın sonuna yaxınlaşmağı sürətləndirir. "Babək" filmində müdrik və bacarıqlı sərkərdə Babək Xürrəminin dediyi kimi: "Mənim ac qaldığım vaxtlar çox olub, ümidsiz olduğum bir gün də olmayıb". Yəqin ki, böyük sərkərdə həm bir mütəfəkkircəsinə bu sözləri öz gücünə və qüdrətinə inanaraq, güvənərək demişdir. Babək həm də böyük bir icmanın rəhbəri olduğu üçün belə demişdir ki, xürrəmilər, xüsusilə də ən yaxın silahdaşları bədbinliyə qapılmasınlar. Çünki istiqlaliyyətə qovuşmağın bir meyarı da ümiddir.
A.Quliyev daha sonra yazır: "Rəvayətə görə, ulu Hörmüz "Avesta"nı yaratmazdan əvvəl ədalət axtarışı ilə dünyanın bir çox yerlərinə səyahət etmişdir. Ədalətin hökm sürdüyü yerlərlə yanaşı, ədalətsizliyin də olmadığı bir məkana təsadüf etməmişdir. Təsadüfi deyildir ki, sosial-siyasi və hüquqi fikrimizin möhtəşəm abidəsi olan "Avesta"da sosial ədalət insanlığın ən ali prinsiplərindən biri kimi ehtiva olunmuşdur.
Deyirlər ki, ədalət insanı yüksəldən, ona bütövlük verən, onun kamilliyini təsdiqləyən zirvəyə ucaldan müdrikanə, ali və ümumbəşəri bir hissdir. Bir də deyirlər ki, ədalət vicdanla (eləcə də ədalətsizlik vicdansızlıqla) əksiz doğulur. Deməli, ədalətli olmayanın təmiz vicdanı da ola bilməz. Vicdanı olmayana isə əqidəsiz demişlər. Əqidəsizin isə heç vaxt nə etiqadı, nə də insafı olmayıb. İnsafi olmayan iblis səviyyəsində olub həmişə onun cildinə girər, məqsəd və məramı isə daim xain iş görmək olar. İblisə yaxın olan şeytandır. Peşəsi həmişə əqrəb kimi sancmaq, insanı doğru və düzgün yoldan sapındırmaq olan şeytanın "mənzili" isə cəhənnəmdir".
Belə bir mülahizə yürütmək olar ki, ədalətsiz qanunlarla idarə olunan cəmiyyət öz üzvləri üçün həm maddi, həm də mənəvi cəhətdən bir növ cəhənnəm səltənətinə çevrilir. Belə səltənətin ən əzablı məqamları insana qarşı laqeyidliklə təzahür etməsindədir. İblis və şeytan xislətli var-dövlət hərisləri və özlərindən razı qoluzorlular zəhmətsevər insanların haqqını mənimsəməklə yanaşı, onların hissiyyatını da addımbaşı tapdalamaqdan nəinki çəkinmir, əksinə, bundan həzz alırlar. Nəticədə isə, haqsızlıq və abırsızlıq daha da artır.
A.Quliyevin fikrincə, tarix və ulu müdriklərin yazdıqları göstərir ki, "qisas qiyamətə qalmaz". Bu gün insanlığa qarşı ədalətsizlik edənlərin, insanların haqqını yeyənlərin və ona zülm edən zalımların öz cəzalarına çatacaqları labüddür. Bu cəzanın veriləcyinin geci-tezi var. Çünki belə cəzaların hökmünü zamanın özü verir. Belə hökmün verilməsi ilə, ilk növbədə bütün yer üzündə ədalətin bərpa olunması və məzlumların haqqının qaytarılması nöqteyi-nəzərindən həm ədalətli, həm də arzuolunandır. Bu, heç vaxt tərəqqipərvər bəşəriyyətin görüş və maraq dairəsindən kənarda qalmamışdır.
Yuxarıda sosial ədalətlə bağlı ədalətli qanunlar haqqında danışıldı. Bununla əlaqədar olaraq diqqəti cəlb edən problemlərdən biri də qanunun ədaləti məsələsidir. Bu ifadə elmi-nəzəri ədəbiyyatda nadir hallarda işlənsə və adı təcrübədə az çəkilsə də, onun üzərində dayanmağı məqsədəuyğun hesab edirik.
Ayrılıqda götürdükdə ədalətli qanunlar öz-özlüyündə hələ bu ifadənin mənasının açılması demək deyildir. Çünki hər hansı bir konkret qanun normasının mətnində "ədalət" sözü işlədilmir. Əslində fəlsəfi, siyasi və hüquqi nöqteyi-nəzərdən büna heç ehtiyac da yoxdur. Əgər belə olsaydı, qanun hüquqi cəhətdən öz ciddiliyini və kəsərini itirərdi. Zahirən elə görünərdi ki, məzmununda "ədalət" sözünün yazıldığı qanunun pozulmasına görə tətbiq edilən cəza da ədalətli olacaq və olmalıdır. Şübhəsiz ki, bu, bir tərəfdən cəmiyyətdə çaşqınlıq yaradar, digər tərəfdən isə törədilən sosial təhlükəli əmələ görə verilən cəzanın şiddətini yumşaldar, hətta bəlkə də onu heçə endirərdi. Üçüncüsü, belə məzmunlu qanun normasının bilavasitə özü müəyyən dərəcədə kriminoloji vəziyyətin mürəkkəbləşməsinə gətirib çıxarardı.
Göstərilənlər nöqteyi-nəzərindən qeyd etmək zəruridir ki, qanunun ədalətliliyi, ilk növbədə onun mətninin düşünülmüş şəkildə və hərtərəfli işlənib hazırlanmasında təzahür etməlidir. Çünki qanun norması bir neçə saat və ya bir neçə gün ərzində yazılıb tərtib edilməli olan akt deyildir və olmamalıdır. Hər bir konkret qanun normasının arxasında insan taleyi durur. Buna görə də tələsməklə və düşünülməmiş şəraitdə verilən qanun nəinki tərbiyələndirir, əksinə, insanı bəzən təhlükəli əməllər törətməyə sürükləyir. Bu zaman, hətta qanunları icra və tətbiq edən hüquq-mühafizə orqanlarının özü çıxılmaz vəziyyətdə qalır. Son nəticədə isə, hüquqi tətbiqetmə predmetinin bütün tələbləri pozulmuş olur. Deməli, tutarlı və mötəbər qanunlar yaratmaq üçün aylarla, bəzən illərlə işləmək lazımdır. Fikrimizcə, bu, onu göstərir ki, ədalətli qanunun ilkin şərti onun düşünülmüş şəkildə hazırlanmasıdır.
A.Quliyev yazır: "Qanun normasının ədalətliliyinə təsir göstərən, daha doğrusu, onun ədalətli olmasını əks etdirən ikinci şərt qanunun düzgün tətbiq edilməsidir. Öz əhəmiyyətinə görə birinci şərtdən bir qədər üstün olan bu ikinci şərt ədalətli qanunun təzahürünün ən bariz nümunəsidir. Düzgün tətbiq edilmiş qanun normasının ədalətliliyi ondan ibarətdir ki, qanunun məhz düzgün tətbiqi sayəsində sosial təhlükəli əməlin ağırlıq dərəcəsilə təyin edilən cəza arasında uyğunluq yaranır. Bir tərəfdən təqsirkar ona verilən cəzanın törətdiyi əmələ uyğunluğuna, digər tərəfdən isə cinayətdən zərər çəkmiş şəxs hökmün obyektivliyinə inanır. Bu inama yalnız qanun normasının düzgün tətbiqi nəticəsində nail oluna bilər. Bu zaman sosial ədalət prinsipi cəzanın ağırlığının törədilmiş əməlin xarakterinə və sosial təhlükəlilik dərəcəsinə uyğun olmasında təzahür edir.
Beləliklə, yuxarıda göstərilənlərə istinadən qanunun ədalətli məsələsinin əsas mahiyyətini aydınlaşdırmaq olar.
Qanunun ədaləti onun məzmunundan daha çox mənası ilə müəyyən edilə bilər. Belə ki, qanunun normasının mənasının düzgün və obyektiv aydınlaşdırılması əsasında onun nə dərəcədə ədalətli olub-olmaması nəticəsinə gəlməyə imkan yaranır. Əlbəttə ki, bu, hüquqşünasdan, yaxud hüquq elmləri ilə maraqlanan hər hansı peşə sahibindən dərin bilik, hüquqi terminologiyanı mükəmməl bilmək bacarığı və konkret qanun normasını diqqətlə interpretasiya etmək qabiliyyəti tələb edir. Bu prosesdə lazımi hüquq düşüncəsi səviyyəsinə malik olmaq da az əhəmiyyət kəsb etmir. Məsələn, hüquq ictimaiyyətinə yaxşı məlum olan "qanun şahdır, şah qanun deyil" latın hüquq frazelogiyasının mənasından minimum hüquqi biliyə malik olan şəxs asanlıqla dərk edir ki, qanunun şahlıq etməsi, eyni zamanda da onun ədalətli olmasına, hamının qanun qarşısında bərabər olduğunu bəyan etməsinə dəlalət edir".
Qanunun cəmiyyətdə şahlıq etməsi müddəası onun xalqın sərvəti olması ilə də izah oluna bilər. Qanun məhz xalq iradəsinin məhsulu olduğu üçün heç bir fiziki qüvvə ondan yüksəkdə dayana bilməz. Qanunun bu cəhəti onun hüquqi təbiətindən irəli gəlir. Bu nöqteyi-nəzərdən qanunun ədalətinin fəlsəfi mənası da öz izahını tələb edir. Ən azı ona görə ki, "ədalət" məfhumu fəlsəfi kateqoriyadır. Qanun ona görə alidir ki, o, xalq tərəfindən qəbul olunur. Qanunun bu təbiəti onun qarşısında vəhdət yaradır ki, bu müştərəklikdə fəlsəfənin və hüququn qarşılıqlı əlaqəsi təzahür etməyə başlayır. Həmin prosesdə təzahür edən əlamətlərdən biri də sosial ədalətdir. Elə qanunun fəlsəfəsi də məhz bundan ibarətdir.
A.Quliyevin qeyd etdiyi kimi, qanunun ədaləti haqqı verən, yaxud qaytaran, haqsızı isə cəzalandıran və məhv edəndir. Əks-təqdirdə haqsızın boğucu tüstüsü ərşə qalxardı. Qanunun ədaləti haqqın, həqiqətin müdafiə olunmasında əks olunduqca qanunun gücü daha da artır. Bu zaman o, sarsılmaz bir qüvvəyə çevrilir. Məhz bu prosesdə həmin qüvvəni hərəkətə gətirən vasitəyə ehtiyac daha da artır. Öz növbəsində, qanunun ədaləti də yeni təzahür formaları əldə edir. Bəs o, hansı vasitədir? Cavab birmənalıdır: qanunun işlək mexanizmi.
Qanunun, ümumiyyətlə, hüququn işlək mexanizmi onun hərəkətverici qüvvəsi olmaqla yanaşı, bir sıra xassələrə də malikdir. Belə ki, işlək mexanizm aydınlaşdırıcı, izahedici və istiqamətverici xarakterə malikdir. Bu hüququ tətbiqetmənin subyektləri olan hüquq-mühafizə orqanlarından daha çox cəmiyyət üzvləri üçün vacibdir. İşlək mexanizm həm də hüququn təbliği vasitələrindən biri kimi, cəmiyyətdə hüquq mədəniyyətinin səviyyəsinin yüksəldilməsində və hüquq düşüncəsinin zənginləşməsində mühüm rol oynayır.
Yuxarıda göstərilənlər əsasında bu qənaətə gəlmək olar ki, qanun, hər şeydən əvvəl, sabit və möhkəm işlək mexanizmə malik olmalıdır. Belə işlək mexanizm ona qanunverici tərəfindən veriləmlidir. Qanunların işlək mexanizmini işləyib hazırlamaq isə qanunyaratmanın özü qədər vacib və əhəmiyyətlidir. Məhz belə mexanizmə malik olan qanunlar həyata vəsiqə ala bilər. Başqa sözlə, işlək mexanizm qanunlara can verən vasitədir.
A.Quliyev yazır ki, hüququ tətbiqetmə təcrübəsi göstərir ki, işlək mexanizminə malik olmayan qanunlar fəaliyyətsiz qalır, onların icrası durğunluqla müşahidə olunur. Qanunu tətbiq edən subyekt onu istənilən keyfiyyətdə tətbiq edə bilmir, yaxud çox çətinliklə tətbiq edir. Xüsusilə də hüquqşünas olmayan şəxs onun icrası qarşısında aciz qalır. Kor-koranə şəkildə tətbiq və ya icra edilən qanunlar bəzi mənfi fəsadlar doğurmaqla yanaşı, ədalətsizliklərin meydana çıxmasına da səbəb olurlar. Belə mənfiliklərdən həm cəmiyyət, həm də dövlət zərər çəkir. Məhkəmə qərarlarının uzun müddət icrasız qalması da məhz icra mexanizminin dürüst işlənib hazırlanmasından, yaxud belə situasiyalarda əsas zərbə hədəfi çox zaman vətəndaşlar olurlar. Təsadüfi deyildir ki, "qanun işləmir" deyən vətəndaş bunu həm də böyük haqsızlıq və ədalətsizlik kimi təsəvvür edir.
Aydın məsələdir ki, qanunu icra etməyən (edə bilməyən) subyektin məsuliyyətdən kənarda qalması qanunsuzluqdur. Məhz belə qanunsuzluqların vaxtında aradan qaldırılması, yaxud qarşısının alınmaması labüd surətdə cəzasızlıq yaradar. Cəzasızlıq isə, artıq qeyd olunduğu kimi, ikiqat ədalətsizlikdir. Belə ədalətsizliyin əsas mənbəyi isə verdiyi qanunların şərhini və izahını vaxtında verməyən, onların işləm mexanizmini işləyib hazırlamayan qanunvericidir.
Vahid ÖMƏROV
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.-
2016.- 1 mart.- S.15