Lənkəranda Milli Teatr Günü qeyd olunub
Lənkəranda Milli Teatr Günü qeyd olunub. Bu münasibətlə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tədbir keçirilib. Teatrın aparıcı aktyorlarından xalq artisti Qabil Quliyev və aktrisa Aynur Əhmədova Azərbaycanda milli teatrın yaranma tarixindən, kollektivin inkişaf yolundan, yaradıcılıq planlarından ətraflı söz açıblar. Bildirilib ki, bu gün ölkəmizdə teatrlara və sənət adamlarına Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilir. Ölkəmizdə teatr binaları tikilir, əsaslı təmir edilir və ya yenidən qurulur. Ölkə başçısının "Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında" 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə "Milli Teatr Günü" kimi qeyd edilir. Əsası 125 il öncə qoyulmuş Lənkəran teatrı da dərin mündəricəli əsərlər tamaşaya qoymaqla teatr tariximizdə özünəməxsus ənənə formalaşdırıb. Həmin əsərlər bu sənət ocağında istedadlı aktyor, rejissor nəslinin yetişməsinə səbəb olub, bütöv bir tamaşaçı nəslinin estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayıb.
Lənkəran teatrı dəfələrlə respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda nailiyyətlər qazanıb.
Yanvar ayında Lənkəran teatrının İranda keçirilən 34-cü Beynəlxalq Fəcr Festivalında Azərbaycanı təmsil etməsi də bu nailiyyətlər sırasındadır. Truppa iranlı rejissor Xeyrullah Təğiyənipurun quruluş verdiyi Bəhram Beyzayinin "İlan Sultan" tamaşasını qonşu ölkənin Təbriz və Məşhəd şəhərlərində nümayiş etdirib. Bu səhnə əsəri iranlı tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb. Festivalın yekununda Lənkəran teatrına Təşkilat Komitəsi tərəfindən diplom və xatirə hədiyyəsi verilib. Tamaşa isə festivalın "Ən yaxşı tamaşası" adına layiq görülüb.
Diqqətə çatdırılıb ki, hazırda yaradıcı kollektiv yüksək yaradıcılıq əzmkarlığı ilə yeni tamaşalar üzərində işləyir. Əməkdar artist Adil Zeynalov yazıçı-dramaturq Əli Əmirlinin "Köhnə ev" pyesinin məşqlərini aparır. Bundan əlavə, cari mövsümdə M.F.Axunzadənin "Hacı Qara", italyan dramaturqu L. Lunarinin "3 nəfər yelləncəkdə" və daha bir neçə uşaq əsərinin də tamaşaya qoyulması nəzərdə tutulub.
Tədbirdə Lənkəran Bələdiyyəsinin təsis etdiyi "İlin incəsənət adamı" nominasiyası üzrə diplom teatrın direktoru Tofiq Heydərova təqdim olunub.
Tədbir boyu teatrın aktyorlarının ifasında Mirzə Fətəli Axundzadənin "Lənkəran xanın vəziri", Üzeyir Hacıbəyovun "Olanlardan - keçənlərdən", Aldo Nikolainin "Dəmir sinif", Rafiq Rəhimlinin "Ağ kələğayı" və Bəhram Beyzayinin "İlan Sultan" tamaşalarından parçalar oynanılıb.
ZÜMRÜD
Səs.-
2016.- 10 mart.- S.5