Azərbaycan ilə Almaniya arasında əməkdaşlıq qarşılıqlı maraq əsasında qurulub

 

Bu fikir birinci xanım Mehriban Əliyevanın Almaniyanın Azərbaycandakı səfiri ilə görüşündə vurğulanıb

    

Martın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel ilə görüşüb. Azərbaycan ilə Almaniya arasında mövcud əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğunu deyən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva münasibətlərimizin inkişafında Haydrun Tempelin xidmətlərini xüsusi qeyd etdi. “Siz səfir olaraq ölkəmiz haqqında dolğun məlumatlar çatdırırsınız”, - deyən Mehriban Əliyeva bildirdi ki, bu, ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin inkişafına önəmli töhfədir.

Birinci xanım Mehriban Əliyeva Azərbaycanın Avropanın aparıcı ölkələrindən biri olan Almaniya ilə əlaqələrin inkişafında maraqlı olduğunu söylədi. Bildirdi ki, ölkələrimiz arasındakı əməkdaşlıq qarşılıqlı maraq əsasında qurulub. Ölkələrimizin humanitar sahədə də münasibətlərinin inkişafı üçün yaxşı potensialın mövcudluğunu qeyd edən Mehriban Əliyeva Heydər Əliyev Fondunun bu sahədə daha çox görməyə hazır olduğunu vurğuladı. Heydər Əliyev Fondunun Almaniyada bir sıra layihələr həyata keçirdiyini xatırladan Azərbaycanın birinci xanımı bu layihələrin böyük maraqla qarşılandığını, humanitar sahədə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırdı. Azərbaycanın birinci xanımı ilə görüşdən şərəf duyduğunu deyən səfir Haydrun Tempel ölkələrimiz arasında münasibətlərə verilən yüksək dəyərə görə Mehriban Əliyevaya dərin təşəkkürünü bildirdi. Səfir Azərbaycan ilə Almaniya arasında gözəl münasibətlərin qurulduğunu qeyd etdi, Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun fəaliyyətinin ölkəmizin hüdudlarından kənarda da yaxşı tanındığını vurğuladı.  Görüşdə təhsil və mədəniyyət sahələri ilə bağlı layihələr müzakirə edildi.

Səs.- 2016.- 15 marta.- S.3