Dövlət Gənc Tamaşaçılar Teatrında yeni beynəlxalq layihə
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isveçli rejissor Roni Danielsonla görüş keçirilib. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, yeni beynəlxalq layihə çərçivəsində həyata keçirilmiş görüşdə görkəmli İsveç dramaturqu Astrid Lindqrenin "Uzuncorab Peppi" romanı əsasında tamaşa hazırlanması haqqında müzakirələr edilib. Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov və yaradıcı heyətlə görüşən isveçli rejissor görüşdən öncə nümayiş etdirilən müəllifin başqa bir səhnə əsəri - "Balaca və damda yaşayan Karlson" tamaşasını izləyib. GTT-nın rəhbəri M.Həmidov qonağa Azərbaycan teatrı haqqında ətraflı məlumat verərək, ölkəmizin teatr sahəsində baş verən yeniliklər haqqında da danışıb. Tamaşada iştirak edən aktyorlara maraqlı ifalarına görə təşəkkür edən rejissor özü haqqında qısa məlumat verdikdən sonra yeni tamaşa haqqında danışıb: "Uzuncorab Peppi" müəllifin ilk əsərlərindən biridir. Astrid Lindqren bu romanı 1944-cü ildə qələmə alaraq qızına hədiyyə edib. Əsərdə anasını itirmiş, atası uzaqlarda - dənizdə işləyən gənc, yalnız və müstəqil Peppinin şən və macəralı həyatından bəhs edir. Əsərdə 10-15 obraz var və onlardan demək olar ki, yarısı əsas qəhrəmanlardır. Romanda Peppinin ən yaxın dostları Toni və Anikadır".
Dünyanın bir çox teatrlarında çalışan rejissorun sözlərinə görə, o, müəllifin "Quldur qızı Roni" əsərini səhnələşdirib.
Məlumat üçün bildirək ki, Dövlət Gənc Tamaşaçılar Teatrı, İsveç səfirliyi və Azercell Telekomun birgə təşkilatçılığı ilə həyata keçiriləcək layihə əsasında hazırlanacaq tamaşanın məşqlərinə yaxın günlərdə start veriləcək.
ZÜMRÜD
Səs.- 2016.- 29 mart.- S.4