Səhiyyə sektorunun
inkişafı ilə bağlı islahatlar
Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən
birini təşkil edir
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü
Kamaləddin Qafarov
- Kamaləddin müəllim, dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı əldə olunan uğurlara baxış, onların fonunda yeni perspektivlərin müəyyənləşdirilməsi ilə xarakterizə olunur.İqtisadi möcüzələr ölkəsi kimi nüfuz qazanan Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasını şərtləndirən amillərlə bağlı fikirlərinizi bilmək istərdik...
- Azərbaycanın beynəlxalq aləmdə ən islahatçı ölkə kimi nüfuz qazanmasını bugünkü uğurlarımızın təqdimatı kimi dəyərləndirirəm. Bu baxımdan ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin son 13 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, dövrün çağırışlarına yüksək səviyyədə cavab vermək üçün davamlı islahatların həyata keçirilməsi təbii ki, Azərbaycanın uğurlarını şərtləndirən əsas amillərdəndir.
Yaranan iqtisadi potensialın güclənməsi, infrastruktur və investisiya layihələrinin müxtəlif sahələri əhatə etməsi, əhalinin müxtəlif təbəqələri arasında fərqlərin azaldılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəfələrin reallaşması 13 ildə görülən işlər, əldə olunan uğurlu nəticələr Azərbaycanın dünyaya özünün inkişaf modelini təqdim etməsinə əsas verir. İnkişafın Azərbaycan modelinin mövcudluğu uğurlu siyasətin göstəricisidir. Qeyri-neft sənayesinin sürətlə artması, Azərbaycanda sənayeləşmə prosesinin davam etməsi, iqtisadi zonaların yaradılması bölgələrin inkişafını daha da sürətləndirir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda qeyd olunduğu kimi, 2013-2020-ci illəri əhatə edəcək mərhələdə Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, qeyri-neft sektorunun hərtərəfli inkişafına nail olmaqdır. Dünya iqtisadiyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycan iqtisadiyyatının inkişaf modeli barədə pozitiv açıqlamalardan, xarici mətbuat səhifələrində yer alan təhlil və araşdırmalardan da aydın olur ki, ölkəmiz iqtisadi böhran dövründə də siyasi, iqtisadi sabitliyini qorumaq iqtidarındadır. Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasına daxil olduğundan göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən düşünülmüş dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma ölkəmizdə də əsas prinsiplər kimi diqqət mərkəzində saxlanılır.
Təcrübə göstərir ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə əsaslanan bazar münasibətləri şəraitində mümkündür. Bu səbəbdəndir ki, xarici investorların maraq göstərdiyi ölkəmizdə dünya təcrübəsindən istifadəyə diqqət artırılır. İnvestisiya cəlbediciliyinə görə də fərqlənən Azərbaycana istənilən həcmdə xarici maliyyə resursları yönəltmək üçün heç bir problem yoxdur. 2004-cü ildə1,8 milyard dollar olan valyuta ehtiyatlarımız kimi kredit reytinqlərimiz də artır. Ölkə vətəndaşlarının məşğulluq səviyyəsinin yüksəlməsinə göstərilən diqqətin nəticəsidir ki, son illərdə 1 milyon 500 mindən artıq iş yeri yaradılmışdır. Sahibkarlığın inkişafı, özəl bölməyə göstərilən dövlət dəstəyi sayəsində işsizliyin 5 faizə düşməsi, yoxsulluğun da eyni həddə saxlanılması aparılan iqtisadi siyasətin uğurudur. Dünyanın aparıcı kredit agentliklərinin Azərbaycanın reytinqlərini artırması, Davos Dünya İqtisadi Forumunun ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 40-ci yerə layiq görməsi, inflyasiyasiyanın da çox aşağı səviyyədə olması aparılan siyasətin uğurlu nəticələrini ehtiva edir.
Ölkəmizin gələcəyini təmin edəcək sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdəndir. Özəl sektorun inkişafının daha da sürtələndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər iş adamlarının sərbəst fəaliyyəti, şəffaflığın təminatı üçün əlverişli, münbit şərait yaratmışdır. Bir sözlə, Azərbaycan dünya miqyasında seçilmiş, müstəqil siyasət aparan, iqtisadi müstəqilliyini təmin edən ölkədir. İnvestisiya cəlbediciliyinə görə xarici iş adamlarının maraq göstərdiyi Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Bu, onu göstərir ki, son illər ərzində ölkə iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə böyük həcmli investisiyalar qoyulub, dövlət dəstəyi gücləndirilib. Sadalanan uğurlara iqtisadi müstəqillik sayəsində nail olunmuşdur. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin hər vasitə ilə formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir: İnsan amilinə artan diqqətin əsasını təşkil edən göstəriciləri daha böyük rəqəmlərlə ifadə etmək, sosial-iqtisadi sahədə titanik inkişafı gerçəkləşdirmək. Bunun üçün potensial baza neft gəlirlərinin səmərəli istifadəsi nəticəsində qeyri-neft sektorunun inkişafını sürətləndirməkdir. Möhtərəm Prezidentimiz İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kmi qoyub. Təsdiqlənən regional inkişaf proqramları məhz bu məqsədə xidmət edir. Azərbaycanın malik olduğu imkanlar davamlı inkişafı üçün stimuldur. «2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır» söyləməklə prioritetləri açıqlayan dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müstəqillik, iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir. Ümumiləşdirmiş şəkildə qeyd etsək, Azərbaycanın yüksək gəlirli ölkəyə çevrilməsi, inkişaf etmiş ölkələr sırasında addımlaması realdır.
- Bir əsas məqamı da qeyd edək ki, iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Azərbaycan uğurlu sosial-iqtisadi islahatları ilə özünü dünyaya sosial dövlət kimi təqdim edib...
- Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, XXI əsrin ilk onilliyi insan cəmiyyətinin öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu ortaya çıxarmış oldu. Bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişaf və rifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Hazırkı dövrün əsas çağırışlarından birinin yoxsulluqla mübarizə olduğu önə çəkilərək Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar təqdir edilir. Bu gün ölkəmizdə yoxsulluq həddinin 5 faizə enməsi Dövlət Proqramlarının uğurlu icrasının nəticəsidir. Məlum olduğu kimi, «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)»nın ardınca «Azərbaycan Respublikasının Məşğulluq Strategiyası» (2006-2015-ci illər), «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı» icra olundu. 2008-ci ildən başlanan iqtisadi və maliyyə böhranı da bu kimi reallıqlara işıq saldı. Yəni hər bir ölkənin hansı imkanlara malik olduğu bir daha nümayiş olundu. Qeyd edək ki, böhran dövründə Avropa ölkələrində baş verən iqtisadi çətinliklər bu dövlətlərin ictimai-siyasi həyatında etiraz nümayişləri, mitinqlər dalğasının yaranmasına, radikal millətçi qüvvələrin baş qaldırmasına səbəb olmuşdur. İnkişaf etmiş ölkələrdə sosial ödəmələrin azaldığı, iş yerləri bağlandığı halda ölkəmizdə yeni iş yerləri yaradılır, əmək haqları və pensiyalar artırılır, sosial proqramlar uğurla icra edilir. Dövlətimizin başçısı İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən son sərəncamlarına xüsusi qeyd etməliyik. Möhtərəm Prezidentimiz İlham Əliyevin reallığı özündə əks etdirən bu fikirlərini xatırlatmaq istərdim: «Dünyada, Avropada yaşanan iqtisadi böhranlar, bəzi hallarda siyasi çəkişmələr bizə heç bir təsir etməmişdir, edə də bilməz. Çünki bizim siyasətimizin təməlində dövlət maraqları dayanır. Xalqla iqtidar arasındakı birlik bizim inkişafımızı şərtləndirən amillərdən biridir.» Əvvəldə də qeyd etdiyim kimi, regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində 2003-cü ildən bu günə qədər yeni iş yerlərinin sayı bir milyondan artıqdır. Azərbaycan düzgün qurulan siyasət nəticəsində beynəlxalq aləmdə özü-özünü təmin edən ölkə kimi tanınır və nüfuz qazanır.
Dövrümüzün aktual problemlərinə çevrilən yeni iqtisadi və sosial çağırışlara dair fikir mübadiləsi aparmaq niyyəti ilə dünyanın müxtəlif ölkələrindən siyasətçilərin, alimlərin, ictimai xadimlərin Bakıya toplaşması ölkəmiz haqqında ətraflı məlumatların əldə olunması, həyata keçirilən islahatlar və onların nəticələrini əyani olaraq görmək imkanına malik olmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu fikir dövlətimizin başçısı İlham Əliyev tərəfindən hər zaman qeyd edilir ki, müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin əsasını, inkişafa aparan yolun ana xəttini təşkil edir. Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Bu günlərdə ölkəmizin ev sahibliyi etdiyi IV Qlobal Forum bir daha Azərbaycanın beynəlxalq aləmdə yeri və roluna işıq saldı. Dünyanı düşündürən məsələlərin ölkəmizdə müzakirəsi, Azərbaycan təcrübəsinə xüsusi önəm verilməsi təbii ki, düzgün qurulan siyasətin nəticəsidir. Bu gün ölkəmiz çox güclü iqtisadi əsaslarla inkişaf edən ölkədir. Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması onun artan iqtisadi və siyasi mövqeyinin təsdiqidir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Azərbaycan öz təbii sərvətlərinin, iqtisadi resurslarının və əlverişli coğrafi mövqeyinin yaratdığı imkanlardan bəhrələnib öz iqtisadi potensialını inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığın güclənməsinə təkan vermişdir. Bir sözlə, Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaradıb. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlki illərdə resurslara əsaslanırdısa, hazırda iqtisadi şəxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Cənab İlham Əliyev IV Qlobal Bakı Forumunda da bu uğurumuzu xüsusi qeyd etmişdir ki, dövrün tələblərinə uyğun olaraq aparılan islahatlar beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir. Möhtərəm Prezidentimiz bildirmişdir: «Hazırda biz iqtisadiyyatımızın şaxələndirilməsi məsələsi ilə məşğul oluruq və iqtisadi inkişafın yeni sahələrini müəyyən edirik.» Əldə olunan uğurların möhkəmləndirilməsi və ölkəmizin davamlı inkişafının təmin olunması məqsədilə dövlətimizin başçısı İlham Əliyevin fərmanı əsasında təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında nəzərdə tutulan hədəflər də hər sahə üzrə konkret proqramların qəbulunu zərurətə çevirir. Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. Nəzərdə tutulan dövr ərzində Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar, səhiyyə və təhsil xidmətləri təmin ediləcək. Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaq. 2020-ci ilədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı orta gəlirli ölkələr»” arasında tamhüquqlu ölkə olması və hazırda bu qrup ölkələr sırasında yer almanın əsas səbəbi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən «yüksək insan inkişafı” ölkələri» qrupunda yuxarı sıralara yüksəlməsi hədəflənir. Azərbaycanın iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaq.
Qarşıda duran
əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini
sürətləndirmək, neft gəlirlərinin
səviyyəsindən asılı olmayaraq
qeyri-neft sektorunun
yüksək inkişaf tempini
gələcək illərdə də qoruyub
saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir.
Səs.- 2016.- 29 mart.- S.8-9