Əqli, sənaye mülkiyyəti
hüquqları və insan haqları
Müasir iqtisadi rəqabət şəraitində əqli və sənaye mülkiyyəti hüquqlarının tənzimlənməsinin nəzəri problemlərinin öyrənilməsi və həll yollarının təklif edilməsi doktrinada həmişə aktual olmuşdur. Hüquqşünas alimlər Mübariz Yolçiyev və Serdar Yıldırım yazırlar: "Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələr əqli və sənaye mülkiyyəti obyektlərinin, xüsusilə sənaye mülkiyyəti obyektlərinin hüquqi tənzimlənməsinə dair sahəvi qanunvericilik aktları qəbul etdiyi kimi, bu obyektlərin iki və ya çoxtərəfli beynəlxalq müqavilələr ilə hüquqi mühafizəsini təmin etməyə də çalışırlar. Bu tendensiyaya uyğun olaraq Azərbaycan Respubiikası əqli və sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsinə dair beynəlxalq konvensiyalara qoşulduğu kimi, milli qanunvericiliyini də hazırlayaraq qəbul etmişdir. Ümummilli Liderimizin uzaqgörən və dərin siyasəti nəticəsində sarsılmaz sütunlar üzərində qurulmuş respublikamız, möhtərəm Prezidentimizin uğurlu daxili və xarici siyasəti əsasında gün keçdikcə inkişaf edir, sahibkarlıq həyatı canlanır, iş adamları bütün sektorlarda rəqabət şəraitində yeni və keyfiyyətli məhsulu, sahibi olduqları əqli və sənaye mülkiyyəti hüquqlarını tətbiq edərək, istehsal edir və həm daxili, həm də xarici bazarlara göndərirlər. Bu inkişaf tendensiyaları da nəzərə alınaraq məqaləmizdə əqli və sənaye mülkiyyəti hüququ sahəsində respublikamızın qoşulduğu beynəlxalq müqavilələr təhlil ediləcəyi kimi, bu sahədəki milli qanunvericilikdə təhlil ediləcəkdir".
1. Əqli və sənaye mülkiyyəti məfhumu
Müəlliflərin fikrincə, insanın zehni əməyinin məhsulu olan, aid olduğu əşyadan müstəqil bir hüquqi sistemə tabe olan, qeydiyyata alındığı ölkədə mühafizə edilən, mühafizəsi müddətə tabe olan, istifadə olunduqda sona çatmayan, müxtəlif hüquqi əqdlərin predmeti ola bilən, zaman və məkana tabe olmayan, sahibinə müstəsna səlahiyyət verən əqli və sənaye mülkiyyəti hüquqları beynəlxalq konvensiyalar və bu sahənin doktrinası tərəfindən müxtəlif kateqoriyalara bölünmüşdür.
Belə ki, 20 mart 1883-cü ildə qüvvəyə minmiş "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası"nın 1/2-ci maddəsinə görə, sənaye mülkiyyəti hüquqlarının mühafizəsi patentlər, faydalı modellər, sənaye nümunələri, ticarət markaları (əmtəə nişanları), xidmət markaları (əmtəə nişanları), firma adları, mənşə adları və məxrəc işarətləri, haqsız rəqabətin qarşısının alınmasını əhatə edir. Bu qayda bizə həm də sənaye mülkiyyəti hüquqlarının nələr olduğunu da göstərməkdədir.
9 sentyabr 1886-cı ildə qüvvəyə minmiş "Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası" isə 2-ci maddəsində "ədəbi və bədii əsərlərin" tərifini verərək əqli və sənaye mülkiyyəti hüquqlarından olan "əqli mülkiyyət hüquqları"nın nələr olduğunu göstərmişdir. 14 iyun 1967-ci ildə qüvvəyə minmiş ÜƏMT-nin Təsis Konvensiyası olan Stokholm Konvensiyası isə əqli və sənaye mülkiyyəti hüquqlarını bir-birindən ayırmadan əqli mülkiyyət hüquqlarının aşağıdakılar olduğunu tənzimləmişdir: 1) müəllif hüquqları və əlaqəli hüquqlar; 2) patentlər (ixtiralar, faydalı modellər və sənaye nümunələri); 3) inteqral mikro-sxemlərin topologiyası üzərindəki hüquqlar; 4) əmtəə nişanları üzərindəki hüquqlar; 5) kommersiya sirri üzərindəki hüquqlar; 6) yeni bitki növləri üzərindəki hüquqlar.
M.Yolçiyev və S.Yıldırım yazırlar: "2. Əqli və sənaye mülkiyyəti hüquqları sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr:
1) Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası: Sənaye mülkiyyəti hüquqlarının nələrdən ibarət olduğunu tənzimləyən "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası" 20 mart 1883-cü ildə qüvvəyə minmişdir. Bu konvensiyada 14.12.1900-cü ildə Brüsseldə, 02.06.1934-cü ildə Londonda, 31.10.1958-ci ildə Lissabonda, 14.07.1967 və 02.10.1979-cu illərdə Stokholmda dəyişikliklər və əlavələr edilmişdir. AR bu konvensiyaya 14 sentyabr 1995-ci il tarixli və 1109 saylı Milli Məclis qərarı ilə qoşulub. Konvensiyanın 1-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sənaye mülkiyyəti hüquqlarının mühafizəsi üçün, bu konvensiyanın tətbiq edildiyi ölkələr tərəfindən bir təşkilat təsis edilmişdir. Həmin maddənin 2-ci hissəsinə görə, sənaye mülkiyyəti hüquqlarının mühafizəsi patentlər, faydalı modellər, sənaye nümunələri, ticarət markaları (əmtəə nişanları), xidmət markaları (əmtəə nişanları), firma adları, mənşə adları və məxrəc işarətləri, haqsız rəqabətin qarşısının alınmasını əhatə edir. Bundan başqa, Paris Konvensiyasına görə, sənaye mülkiyyəti hüquqları anlayışının ən geniş mənada anlaşılması lüzumludur. Belə ki, buraya təkcə sənaye və ticarət sahəsi deyil, eyni zamanda kənd təsərrüfatı və təbii məhsullar, mədən sənayeləri ilə (məsələn şərab, taxıl, tütün yarpağı, meyvə, sürü heyvanları, minerallar, mineral suları, pivə, çiçəklər və un kimi) bütün istehsal sahələri və ya təbii məhsullar da daxildir. Digər tərəfdən, qeyd etmək lazımdı ki, Paris Konvensiyasının bütün sənaye mülkiyyəti hüquqları baxımından, "bərabərlik" və "ilkinlik hüququ" olmaqla, iki əsas prinsipi mövcuddur. "Bərabərlik prinsipinə" görə, bütün üzv ölkələr konvensiyaya üzv olan digər ölkə vətəndaşlarına, öz vətəndaşlarına verdiyi sənaye mülkiyyəti hüququ mühafizəsinin eynisini verməyə məcburdur. Paris Konvensiyasına üzv olmayan ölkə vətəndaşları isə, üzv ölkələrdən birində yaşadığı vaxt və ya bu ölkələrdən birində ciddi (həqiqi), yaxud faktiki bir müəssisəsi (fəaliyyəti) olması halında bu hüquqlardan faydalana bilər. "İlkinlik hüququ prinsipinə" görə, hər hansı bir üzv ölkədə "sənaye mülkiyyəti hüquqları"nın hər hansı biri üçün müraciət edən şəxs, "patentlər və faydalı modellərdə" 12 ay, "əmtəə nişanları və sənaye nümunələri"ndə 6 ay üçün ilkinlik hüququ əldə edirlər. Bununla birlikdə, haqlı olaraq hər iki prinsip inkişaf etməktə olan ölkələr tərəfindən tənqid olunur".
2) Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası: 1886-cı ildə bağlanmış Bern Konvensiyasının məqsədi əsər məfhumunu və müəllif hüquqlarının tənzimlənməsində beynəlxalq və vahid standartlar qəbul etməkdir. Həmin konvensiyanın 2-ci maddəsinə görə, "ədəbi və bədii əsərlər termini" hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir (1-ci hissə).
Müəlliflər qeyd edirlər ki, bununla birlikdə, bu və ya digər maddi formada ifadə olunmayan ədəbi və bədii əsərlərə və ya onların müəyyən kateqoriyalarına qorunma təminatı verməmək hüququ İttifaq ölkələrinin qanunvericiliyində saxlanır (2-ci hissə).
Tərcümələr, uyğunlaşdırmalar, musiqili aranjemanlar və ədəbi və bədii əsərlərin digər dəyişmələri orijinal əsər müəllifinin hüquqlarına zərər vurmamaq şərti ilə onlar kimi qorunur (3-cü hissə).
Qanunvericilik, inzibati və məhkəmə xarakterli mətnlərə və onların rəsmi tərcümələrinə münasibətdə hansı qorunma verilməsi hüququ İttifaq ölkələrinin qanunvericiliyində saxlanır (4-cü hissə).
Materiallarının seçilməsinə və düzülməsinə görə intellektual yaradıcılıq nəticəsi olan ədəbi-bədii əsərlərdən ibarət olan toplular, məsələn ensiklopediyalar və antologiyalar bu topluların hissəsi olan hər bir əsərin müəllifinin hüquqlarına zərər vurmamaq şərti ilə öz-özlüyündə qorunur (5-ci hissə).
Bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir (6-cı hissə)".
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Bern Konvensiyasının 1979-cu ildə dəyişdirilmiş 1971-ci il 24 iyul tarixli Paris Aktına 27.11.1998-ci ildə 548-İQ saylı qanunla qoşulmuşdur.
3) Ümum Dünya Əqli Mülkiyyət Təşkilatının təsisinə dair Stokholm Konvensiyası: 14 iyun 1967-ci ildə bağlanmış Stokholm Konvensiyası, Ümum-Dünya Əqli Mülkiyyət Təşkilatının (ÜDƏMT) təsis Konvensiyasıdır. Bu konvensiyaya 28.09.1979-ci ildə dəyişiklər və əlavələr edilib. AR Stokholm Konvensiyasına 14 sentyabr 1995 tarixli və 1109 saylı Milli Məclisin qərarı ilə qoşulub. Stokholm konvensiyasının əsas keçmişi 1883-cü il tarixli Paris Konvensiyası və 1886-cı il tarixli Bern Konvensiyasına istinad edir. Belə ki, hər iki Konvensiyada nəzərdə tutulan beynəlxalq təşkilatlar, 1893-cü ildə birləşdirilərək, müxtəlif adlar altında fəaliyyət göstərmişdir. Stokholm konvensiyası ilə həm Paris Konvensiyası, həm də Bern Konvensiyasındakı beynəlxalq təşkilatlar ÜDƏMT adı altında birləşdirilmişdir. ÜDƏMT isə, 1974-cü ildən bəri Stokholm Konvensiyası əsasında Birləşmiş Millətlər Təşkilatının tərkibinə daxil edilmişdir. Qeyd edildiyi kimi, Stokholm Konvensiyası hüquqi mühafizəsdən faydalanacaq əqli və sənaye mülkiyyəti hüquqlarının bir-birindən ayırmadan aşağıdakılar olduğunu tənzimləmişdir: 1) müəllif hüquqları və əlaqəli hüquqlar; 2) patentlər (ixtiralar, faydalı modellər və sənaye nümunələri); 3) inteqral mikrosxemlərin topologiyası üzərindəki hüquqlar; 4) əmtəə nişanları üzərindəki hüquqlar; 5) kommersiya sirri üzərindəki hüquqlar; 6) yeni bitki növləri üzərindəki hüquqlar.
4) İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunması haqqında Roma Konvensiyası: 1961-ci ildə bağlanmış Roma Konvensiyası əlaqəli hüquqların mühafizəsinə dair beynəlxalq standartlar qəbul edildiyi ilk beynəlxalq müqavilədir. Bu konvensiyada ifaçıların (müğənnilərin), fonoqram istehsalçılarının və radio-televiziya sahiblərinin hüquqları tənzimləmişdir. Həmin konvensiya ilə əlaqəli hüquq sahiblərinin tərifi verildiyi kimi, onların hüquqları və mühafizə müddətləri də təfsilatlı olaraq tənzimlənmişdir. Ölkəmiz Roma Konvensiyasına 10 may 2005-ci ildə 909-İİQ saylı qanunla qoşulmuşdur.
5) İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunması haqqında Cenevrə Konvensiyası: 1971-ci ildə qüvvəyə minmiş Cenevrə Konvensiyası ilə fonoqram istehsalçılarının mühafizəsinin fonoqramların icazəsiz çoxaldılmasının qarşısının alınması ilə təmin edilməyə çalışılmışdır. Həmin konvensiyaya ölkəmiz 16 fevral 2001-ci ildə 79-İİQ saylı qanunla qoşulmuşdur.
6) ÜƏMT-in Müəlliflik Hüququna dair Müqaviləsi (WCT): 1996-cı ildə imzalanıb 2002-ci ildə qüvvəyə minmiş bu müqavilə beynəlxalq standartları Bern Konvensiyasında qeyd olunmuş müəllif hüququ sahiblərinin hüquqları ilə bağlı olaraq meydana gəlmiş yenilikləri əhatə edir. WCT kompüter proqramları ilə məlumat bazalarının tərifini vermiş və mühafizə altında olduğunu qəbul etmişdir. Müqavilə müəllif hüququ sahibinin yayma, kirayə vermə, ictimaiyyətə çatdırma hüquqlarını tənzimləndiyi kimi, mühüm əhəmiyyətə sahib olan texniki üsullara dair vəzifələr və hüququn idarə olunması üsuluna dair vəzifələr də tənzimlənmiş, hüququn pozulması halında məsuliyyət də qəbul olunmuşdur. Ölkəmiz bu müqaviləyə 30 sentyabr 2005-ci ildə 1004-İİQ sayılı qanunla qoşulmuşdur.
Vahid
ÖMƏROV,
Fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.- 2016.- 3 may.- S.15