Lənkəranda “Multikultural
dəyərlər və azərbaycançılıq” mövzusunda zona
müşavirəsi keçirilib
Mayın 2-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda zona müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Yeni Azərbaycan Partiyası (YAP) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon təşkilatlarının sədrləri, sədr müavinləri, Gənclər Birliyi və Qadınlar Şurasının sədrləri, ərazi icra nümayəndələri, bələdiyyələrin sədrləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Müşavirədə çıxış edən Baş nazirin müavini-YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub və bu istiqamətdə silsilə tədbirlər keçirilir.
Azərbaycanın dünyada özünü multikultural dövlət kimi tanıtdığını vurğulayan Baş nazirin müavini multikulturalizmin ölkəmizdə dövlət siyasətinin əsasını təşkil etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, ölkəmizin multikultural dəyərlərinin insanların həyat tərzinə çevrilməsində zəngin təcrübəsi var. Artıq bütün dünya multikulturalizmin və tolerantlığın Azərbaycan modelini qəbul etməkdədir.
Bildirilib ki, son illər Azərbaycan çox sürətlə inkişaf edir. Prezident İlham Əliyevin apardığı müdrik siyasətin nəticəsi olan bu inkişafı təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün bölgələrində, o cümlədən Lənkəranda da görmək olar.
Diqqətə çatdırılıb ki, ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran amillərdən ilk növbədə siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək lazımdır. Azərbaycan Prezidentinin apardığı doğru, düzgün və məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib.
Azərbaycan milli dövlət olaraq təkcə özünün deyil, dünyanın qlobal problemlərinin həllində fəal iştirak edir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunun bariz nümunəsidir. Azərbaycanda sabitliyin, əmin-amanlığın, rahatlığın hökm sürdüyünü qeyd edən Əli Əhmədov ölkəmizin bu sabitliyin qorunması üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verdiyini bildirib. Cəbhə bölgəsində baş verən hadisələr Azərbaycan vətəndaşlarında, xüsusilə gənclərdə vətənpərvərlik hissinin nə qədər güclü olduğunu göstərdi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsinin inkişafımızın və birliyimizin əsasını təşkil etdiyini vurğulayan Əli Əhmədov partiya üzvlərini bu ideologiyaya sadiqliyi əməli işləri ilə doğrultmağa, Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməyə çağırıb.
Toplantıda Milli
Məclisin əmək və sosial siyasət
komitəsinin sədri Hadi Rəcəbli, deputat Rəşad Mahmudov,
Lənkəran Dövlət Universitetinin rektor əvəzi Nizami Yusubov, YAP Masallı rayon Gənclər
Birliyinin sədri Məmmədhüseyn Hüseynov, Cəlilabad rayon
təhsil şöbəsinin müdiri Elminaz Nadirova, Biləsuvar rayonu Xırmandalı
kənd tam orta məktəbinin
direktoru Firudin Hüseynov, Yardımlı rayon
mədəniyyət və turizm
şöbəsinin müdiri Ayazxan Əliyev və Lənkəran Şəhər
İcra Hakimiyyətin
başçısı Taleh Qaraşov mövzu ilə
bağlı çıxış ediblər. Zona müşavirəsini Əli Əhmədov
yekunlaşdırıb.
Səs.- 2016.- 3 may.- S.7.