MULTİKULTURALİZMİN AZƏRBAYCAN MODELİ

 

"Dövlət, ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir".

Heydər Əliyev

 

"Multikulturalizm" anlayışının işlədilməsinə nisbətən yaxın vaxtlarda başlanmışdır. Lakin bu terminin yaranmasından öncə də uzun tarixi bir dövr ərzində multikulturalizm, əslində mövcud idi. Belə ki, qədim filosoflar, xüsusən, yunan filosofu Platon varlığı və dünya qavrayışını idealistcəsinə izah edirdilər. Platonun yer üzündə bütün canlıları birləşdirən vahid bütöv yanaşması var idi. Multikulturalizm mövcud mühitin demokratikləşdirilməsi, sərbəst qarşılıqlı təsirin və mədəni plüralizmin yaranması tendensiyası ilə səciyyələnə bilər.Bir sıra tədqiqatçılar vurğulayırlar ki, multikulturalizm yüksək inkişaf etmiş ölkələrə xasdır. Bununla belə, müəyyən tədqiqatlar göstərdi ki, əksinə, belə ölkələrdə mültikulturalizm heç də uğur qazanmayıb. Məsələn, bu yaxınlarda Almaniya, Fransa və Böyük Britaniya kimi ölkələrin başçıları - Merkel, Sarkozi və Kameron bildirmişlər ki, onların ölkələrində multikulturalizm tənəzzülə uğramışdır və multikulturalizm milli identikliyin zəifləməsinə gətirib çıxarmışdır.

Multikulturalizm mədəni müxtəlifliyin qorunması, mədəniyyətlərarası dialoqun inkişafı, demokratik dövlət konsepsiyası, tolerantlıq istiqaməti, müxtəlif mədəniyyətlərin vahid cəmiyyətdə və dövlətdə dinc-yanaşı mövcudluğu və qarşılıqlı təsiri siyasətidir. Multikulturalizmin xarakterik xüsusiyyəti tolerantlıqdır (dözümlülükdür).

Çox zaman tolerantlığı hüquqi və siyasi mədəniyyətin formalaşması, insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipinin bərqərar olması, dözümlülük münasibətinin tərbiyə edilməsi, başqa xalqların mədəniyyətinə və dəyərlərinə hörmət göstərilməsi, zorakılığın, irqçiliyin, ksenofobiyanın, dini dözümsüzlüyün, terrorçuluğun qəbul edilməməsinin formalaşması ilə əlaqələndirirlər. Lakin tolerantlıq anlayışından, məhz milli aspekti ayırsaq, o zaman bu, müxtəlif etnososial və qrupların təmsilçilərinin bir-birinə müəyyən münasibətində ifadə oluna bilər.

Mədəniyyət - müxtəlif həyat tərzləri, inam və dəyərlər, habelə onların bədii təcəssümü deməkdir. Bunlar, bir qayda olaraq bir nəsildən digər nəslə ötürülür, lakin demək olar ki, toxunulmazlıq, dəyişməmək xüsusiyyəti daşımır. Zaman keçdikcə mədəniyyət dəyişir, yeni dövrlərə uyğunlaşır və yeni formalar əldə edir. Qloballaşma prosesləri müxtəlif mədəniyyətlərin nümayəndələri arasında ünsiyyət və əlaqə səviyyəsini yüksəltdiyindən mövcud cəmiyyətlər daha multimədəni olur.

Mütəxəssislər tərəfindən multikulturalizm siyasətinə bir neçə yanaşma fərqləndirilir: 1. Assimilyasiyasız inteqrasiya -multikulturalizm bir millətli dövlət qurmaqdan və separatçı ovqatlardan imtina edilməsi istiqamətində baza olaraq, mədəni plüralizm, vahid vətəndaş identikliyi və dövlətin bütövlüyünün birlikdə mövcud olmasına dəstəyi ifadə edir. Bu, Kanada modelidir. 2. Əks-diskriminasiya -özünü tarixi və sosial ədalətzisliyin aradan qaldırılması  sayəsində müxtəlif irq, etnos və dinlərin təmsilçilərinin hüquq bərabərliyinin təmin olunmasını ehtiva edir. Bu, ABŞ modelidir. 3. Funksional tolerantlıq - hər hansı dövlətdə müəyyən iqtisadi problemlər zamanı xaricdən müvəqqəti işçi qüvvəsi dəvət edilməsi, yaxud qəbul edilməsi ilə əlaqədardır. Bu cür hallarda qastarbayterlər gəldikləri ölkənin vətəndaşları ilə bərabər hüquqlara malik olmasalar da, hər halda öz özgürlüklərini qoruya bilir və problemlərlə üzləşmədən yaşayıb fəaliyyət göstərirlər. Bu, Almaniya modelidir. 4. Xırdalanma - ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi və əmək resurslarının çatışmazlığının aradan qaldırılması məqsədilə ölkəyə miqrantların cəlb edilməsi ilə bağlıdır. Dövlət ölkəyə gələn əcnəbi işçi qüvvəsinin qarşısında yalnız bir şərt qoyur - onlar loyal olmalı, demokratik cəmiyyətin baza prinsiplərinə əməl etməlidirlər. Bu, Avstraliya modelidir.

Multikulturalizmin əsasını çoxetnoslu tərkibi olan Azərbaycan xalqı təşkil edir və xalqımız müxtəlif etnosların birliyini təmsil edir.Məlum olduğu kimi, azərbaycançılıq ideologiyası Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmışdır. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürmüşdür. Akademik Ramiz Mehdiyev azərbaycançılığı milli ideologiyanın kamil nümunəsi hesab edərək yazırdı ki, azərbaycançılığın məzmunca mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti təşkil edir. Azərbaycançılıq keçmiş tarixi dövrlərin mifologiyasını, mədəni kodlarını və rəmzlərini mənimsəyərək onlardan yeni ideyaları əsaslandırmaq və milli dövlətin inkişafının yeni vektorunu müəyyənləşdirmək üçün istifadə edir. İndi o, cəmiyyətimizdə ən qurucu və dinamik qüvvədir: "Azərbaycançılığın gücü həm də bundadır ki, o, fərdi maraqları və meyilləri dövlətin siyasəti ilə birləşdirməyə və xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamağa qadirdir. Təbii ki, milli birliyə mənsubluq hissi həyatın özünə də məna verir və onun əhəmiyyətini müəyyən edir, qarşılıqlı məsuliyyət və ümumi işə bağlılıq hissini gücləndirir, tənhalıq və qəriblik hissini aradan qaldırmağa kömək göstərir. Bu ideologiya Azərbaycanda vahid cəmiyyət, vahid xalq formalaşdırır".

UNESCO-nun sabiq baş katibi Koitiro Mautsuura bildirirdi ki, multikulturalizmi gücləndirmək, dəstəkləmək üçün həyata keçirilməli iki əsas istiqamət var: bunlardan birincisi zəngin mədəni irs, maddi və qeyri-maddi mədəni irsi qorumaq, ikincisi isə müasir mədəniyyətdə həmin izləri qoruyub saxlamaqdır. Yeri gəlmişkən, qeyri-maddi mədəni irsdən danışarkən, ölkəmizin Birinci xanımı, UNESKO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bütün dünya millətlərinin genetik əsasında qeyri-maddi irsin durduğunu söyləmiş və bu amilin xalqların formalaşmasında əhəmiyyətli rol oynadığını qeyd etmişdir. Buna görə də müasir dünyada qeyri-maddi mədəni irsin mühafizəsi çox vacibdir. 2005-ci ildə muğam şifahi və qeyri-maddi mədəni irs inciləri sırasına daxil edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin və Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılmışdır - UNESCO-nun Qeyri Maddi-Mədəni İrsin Qorunması üzrə Komitəsinin sessiyasında Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Ümumiyyətlə, indiyə qədər kəlağayı, muğam ifaçılıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, tar ifaçılıq sənəti, Lahıc misgərlik sənəti də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

Bu gün biz tolerantlıq prinsipləri və mədəni müxtəlifliyə hörmətə əsaslanan yeni sivilizasiyalar və mədəniyyətlərə başqa bir alternativ qəbul etməyən bir cəmiyyətdə yaşayırıq. Hazırkı dövrdə bu, dünyada baş verən proseslərin və modelləşmənin effektli tədbirlərinin nəticələrinin tam şəkildə anlaşılması üçün mühüm şərtdir. Hesab edirəm ki, dünya xalqları arasında sülh və barışıq ideyalarının irəliləyişində və mədəni müxtəlifliyin inkişafında əsas rolu, məhz UNESCO, İSESCO, TÜRKSOY kimi nüfuzlu təşkilatlar oynamalıdır. Bu təşkilatlar irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, bütün xalqlar üçün ümumi hörmət və ədalətin təmin olunması məqsədilə xalqlararası əməkdaşlığın genişlənməsi və sosial birliyə yardım ücün vacib olan bütün ehtiyatlara və vasitələrə malikdir. Belə fəaliyyət bütün dünyada sülhün qorunması üçün ən yaxşı zəmanətlərdən biridir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilatların təkcə üzvü deyildir, həm də onların işində fəal iştirak edir. Məsələn, ölkəmiz UNESCO ilə əməkdaşlığı möhkəmləndirərək, bu qurumun "Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında", "Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında", "Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında", "Beynəlxalq xüsusi hüququ unifikasiya institutunun (YUNİDRUA) oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlər haqqında", "Qeyri-maddi mədəni irsin qorunması haqqında", "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında" konvensiyalarına qoşulmuşdur.Azərbaycan - UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri olmuşdur. 2004-cü ilin sentyabrında Mehriban xanım Əliyeva musiqi mədəniyyətinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsində xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür.

Avropa Şurasının 2008-ci ildə qəbul etdiyi "Mədəniyyətlərarası dialoq üzrə Ağ Kitab"a əsasən, mədəniyyətlərarası dialoq - müxtəlif etnik, mədəni, dini və dil mənşəli fərdlər və qruplar arasında qarşılıqlı hörmət əsasında açıq fikir mübadiləsidir. Bu cür dialoq digər insanların da yanaşma tərzlərini dinləmək arzusu və imkanı ilə yanaşı, eyni zamanda, öz fikrini də ifadə etmək azadlığının və imkanının olmasını tələb edir. Burada göstərilir ki, assimilyasiya və ya çoxmədəniyyətlilik (multikulturalizm) heç bir halda tam və ya ayrı-ayrılıqda tətbiq olunmur. Assimilyasiya və ya çoxmədəniyyətliliyin elementləri onların ən yaxşı keyfiyyətlərini özündə əks etdirən yeni yaranmaqda olan mədəniyyətlərarası paradiqmanın aspektlərini əhatə edir. O, assimilyasiyadan - bütün diqqətin şəxsiyyətə yönəldilməsi; çoxmədəniyyətlilikdən isə mədəni müxtəlifliyin tanınması kimi ən yaxşı keyfiyyətləri götürərək özündə cəmləşdirir. Bununla yanaşı, mədəniyyətlərarası Paradiqma bərabər ləyaqət və bölünmüş dəyərlərə əsasən, dialoqun intreqrasiya və sosial birliyə tənqidi münasibətdə olan yeni elementini də əhatə edir.

Qərb ilə Şərqin qovuşuğunda, müxtəlif sivilizasiyaların kəsişdiyi ərazidə yerləşən Azərbaycanda qədim dövrlərdən etibarən multikulturalizm və tolerantlığın tarixi ənənələri formalaşmışdır. Tarixin ayrı-ayrı dövrlərində ölkəmiz müxtəlif xalqların, mədəniyyətlərin və konfessiyaların təmsilçiləri üçün sığınacaq olmuşdur. Məsələn, Azərbaycan xalqının öz torpaqlarında sığınacaq verdiyi xalqlardan biri də yəhudilərdir. Onların Azərbaycanda məskunlaşmalarının tarixi 2600 il əvvələ gedib çıxır. Yəhudilərin bu böyük tarixi dövr ərzində azərbaycanlılar tərəfindən nə vaxtsa dini ayrı-seçkiliyə məruz qalması baş verməmişdir. Azərbaycana kənardan gəlmiş ilk din olan yəhudilik həm də bu ərazilərdə yayılan ilk səmavi  dindir. Azərbaycanda ən qədim yəhudi icması sayılan dağ yəhudiləri bizim eradan əvvəl VI əsrdə Yerusəlimdə birinci məbəd adlanan məbədin sökülməsi nəticəsində vətənlərini tərk etmiş qədim yəhudi qəbilələrinin nəslindəndirlər. XIX əsrdə Azərbaycana köçürülən rus əhalisi iki qrupdan ibarət idi. Həmin əsrin 70-80-ci illərindən sonra burada məskunlaşan rusların bir qismi müflisləşmiş və yerlərdə torpaqdan məhrum olmuş kəndlilər, digər qrup isə xristian dininin müxtəlif cərəyanlarına məxsus olan təriqətçilər idi. XX əsrin 20-30-cu illərində respublikaya rusların miqrasiyası güclü olmuşdur. Onlar təsərrüfatın müxtəlif sahələrinə aid mütəxəssisləri, alimləri, fəhlələri təmsil edirdilər.

Azərbaycan ərazilərində hələ qədim dövrlərdən çoxsaylı etnoslar yaşayıb: tatlar, talışlar, udilər, ləzgilər, saxurlar və s. Lakin çoxsaylı etnosların Azərbaycan ərazisində yaşamasına və etnik tərkibin müxtəlif olmasına baxmayaraq, heç bir etnik qrup minilliklər ərzində Azərbaycan ərazisindən digər ərazilərə köçürülməmişdir. Bu, tolerantlıq keyfiyyətinin Azərbaycan xalqının etnik tərkibindən irəli gəldiyini, həmçinin bu ərazilərdə mövcud olmuş sivilizasiyaların dözümlülük mədəniyyətinə malik olduğunu sübut edir. Azərbaycanda min illər əvvəl mövcud olmuş və formalaşmış tolerantlıq ənənələri zaman keçdikcə yeni xüsusiyyətlər əldə etmiş və bu coğrafiyada yaşayan insanların əsas keyfiyyətinə çevrilmişdir.

Azərbaycan xalqı həmişə burada yaşayan millət, din və mədəniyyətlərin müxtəlifliyi ilə fəxr etmiş, müdrikcəsinə düşünmüşdür ki, hər bir insan ölkənin vətəndaşı olmaqla, onun səciyyəvi xüsusiyyətlərini inkişaf etdirməli, mədəni özgürlüyünü və milli özəlliyini qorumalı olan vahid bir ailənin üzvüdür. Azərbaycan xalqının humanistliyi ondan ibarətdir ki, əsrlər boyu və bu günə qədər də azsaylı etnik azlıqları qoruyub saxlaya bilmişdir. Bu isə, bugünkü rəngarəngliyi sübut edir. Tarix dünyaya vahid dövlət çərçivəsində müxtəlif etnik və dini qrupların dinc yanaşı mövcudluğunun nadir nümunəsini vermişdir. Azərbaycan xalqı qədim dövrlərdən bəri zorakı assimilyasiya üsulları tətbiq etmədən öz vətəndaşlarına vətənpərvərlik, qarşılıqlı hörmət və millətçiliyin hər hansı formasını tanımamaq hissləri aşılamışdır. Ölkəmizdəki multimədəniyyət çoxdan başa çatmış faktdır və assimilyasiya prosesi burada tamamilə könüllü əsasda baş verir.

Bir vaxtlar bərabərlik və milli müxtəlifliyin qorunması ideyası yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin də diqqət mərkəzində idi. Belə ki, 1918-ci il mayın 28-də bəyan edilən İstiqlal Bəyannaməsinin 4-cü maddəsində deyilirdi: "Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində bütün vətəndaşların mülki və siyasi hüquqlarına təminat verir". Bundan başqa, 5-ci maddə "AXC-nin ərazisində məskunlaşan hamıya inkişaf etmək üçün geniş imkanlar" yaradılmasına təminat verirdi. Bax, elə ona görə də bütün ölkə ərazisində tədrisin müxtəlif millətlərin dillərin də aparıldığı məktəblər açılır, qəzetlər nəşr edilir, klublar, teatrlar və müxtəlif maarifçi müəssisələr fəaliyyət göstərirdilər.

1993-cü ildə xalqın təkidi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev ölkədə demokratik, hüquqi dövlət quruculuğunun əsasını qoydu və apardığı islahatlarla dövlətçiliyimizi getdikcə inkişaf etdirməyə başladı. Ulu Öndər cəmi bir il sonra - 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisinin 49-cu sessiyasındakı çıxışında söyləmişdir: "Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri möhkəm bərqərar olmuşdur. Dərisinin rəngindən, din və dil mənsubiyyətindən asılı olmayaraq, çoxmillətli Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər. Qarşımızda duran ən mühüm vəzifə konstitusiyanın əsas prinsiplərini dərindən mənimsəmək, respublika həyatına tətbiq etmək və onun verdiyi təminatları reallaşdırmaqdan ibarətdir".

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuşdur. Belə ki, bu məsələ Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir. Bununla bağlı "Bərabərlik hüququ" (maddə 25, bənd 3), "Milli mənsubiyyət hüququ" (maddə 44, bəndlər 1, 2), "Ana dilindən istifadə hüququ" (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək olar.

Əgər II Dünya müharibəsindən sonrakı dövrdə Avropa dövlətləri Osvensim kabusunun təsiri altında ksenofobiyanın və antisemitizmin hər hansı təzahüründən ehtiyatlanırdısa, hazırda bu, tədricən təkcə dini deyil, ondan da pis olan irqi millətçiliyin və nəzarət olunmayan gərginliyin artımının müşahidə olunduğu görünməz hədləri keçməkdədir. Bununla əlaqədar AFR-in kansleri Angela Merkelin "Almaniyada multimədəniyyət cəmiyyəti baş tutmadı" ilə bağlı bəyanatı səciyyəvidir. AFR, Böyük Britaniya, Fransa, İtaliya və "köhnə dünya"nın digər firavan ölkələrində doğumun aşağı düşməsi daxili gərginliyin artmasına səbəb olmaqdadır. Avropa, bir tərəfdən, keçmiş müstəmləkələrinin əlavələrinə çevrilmək və onların təsiri altında müsəlmanlaşmaq istəmir. Digər tərəfdən isə, onun başqa bir çıxış yolu da yoxdur. Çünki perspektivdə bu ölkələrdə yerli əhalinin yüksək yaşayışını təmin etmək üçün işləməyə heç kəs qalmayacaq. Mühacirlərin assimilyasiya edilməsi üçün göstərilən cəhdlər Qərb həyat tərzinin qəbul edilməməsi ilə toqquşur.

Ölkəmizdə Azərbaycanın timsalında müxtəlif millətlərin və dini qrupların dinc yanaşı mövcudluğunun mümkünlüyünü sübut etmək; əhalinin əsas sosial təbəqələrinin psixoloji portretini yaratmaq, tarixi kontekstdə cəmiyyətin dini tərkibinin inkişaf mərhələlərini göstərmək; titul millətin yüksək etnik dözümlülüyünün səbəb-nəticə əlaqələrini açmaq; azərbaycanlıların hansı səbəbdən öz metropoliyalarının sərhədlərindən kənarda yaxşı uyğunlaşmalarını və onların bir çox dövlətlərdə etnososial mühitin ayrılmaz hissəsinə çevrilməyə necə nail olduqlarını konkret nümunələrlə izah etmək; milli azlıqların hüquqlarının müdafiəsi və təminatı sahəsində Azərbaycan Respublikası qanunvericiliyini və gündəlik həyatda onların yerinə yetirilməsi məsələlərini nəzərdən keçirmək; müxtəlif milli icmaların öz dini və milli ənənələrinin, eləcə də dil və mədəniyyətlərinin qorunması və inkişafı istiqamətində fəaliyyətlərindən nümunələr təqdim etmək; dövlətin din xadimlərinin dinlərarası razılaşmanı qorumağa və hər hansı ekstremizm təzahürünə qarşı mübarizə aparmağa hansı şəkildə nail olduqlarını şərh etmək məqsədilə müxtəlif tədqiqatlar aparılmışdır.

Ölkəmizdə bu cür tədqiqatların aparılması ilə yanaşı, bir sıra beynəlxalq əhəmiyyət kəsb edən tədbirlər keçirilməkdədir. 2011-2014-cü illərdə Bakıda yüksək səviyyəli I, II, III və IV Beynəlxalq Humanitar forumlar təşkil olunmuşdur. 2011 və 2013-cü illərdə Azərbaycan paytaxtı I və II Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının keçirildiyi məkan olmuşdur. III Mədəniyyətlərarası Dialoq Forumu 2015-ci ilin mayında təşkil olunmuşdur. Tədbirdə Azərbaycan Prezidenti Cənab İlham Əliyev bildirmişdir ki, multikulturalizm ölkəmizdə inkişaf etmişdir: "Bildiyimə görə, forumun mövzularından biri, məhz ictimai xadimlər və siyasətçilərin məsuliyyətinə həsr edilib. Biz bəzi hallarda görürük ki, dini nifrət süni şəkildə yaradılır. Bəzən dünyanın müxtəlif yerlərində etnik və dini zəmində zorakılığın şahidi oluruq və o zaman siyasətçilərin və vəziyyətə təsir edə bilən insanların məsuliyyəti artır. Düşünürəm ki, bu səbəbdən multikulturalizm dəyərlərini birgə səylərlə təşviq etməliyik. Bilirəm ki, bununla bağlı müxtəlif fikirlər və bəzən də pessimist ideyalar var. Lakin multikulturalizmin müsbət nümunələri də var və Azərbaycan onlardan biridir. Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bu səbəbdən, artıq dünyada multikulturalizm məzkəzlərindən biri olaraq tanınan Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meyilləri stimullaşdırmalıyıq. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub".

IV Bakı Beynəlxalq Humanitar Forumunda Azərbaycan Prezidenti Cənab İlham Əliyev müasir dünyada həm coğrafi, eyni zamanda, humanitar baxımdan Azərbaycanın nadir rolu olduğunu göstərmişdir. Ölkəmiz Avropa ilə Asiya arasında, qədim "İpək yolu" üzərində yerləşən bir ölkədir, ölkə rəhbərliyi çalışır ki, sivilizasiyalararası dialoq və humanitar dialoq daha da güclənsin. Yenə də Cənab Prezidentimizin sözlərinə müraciət etmək istəyirik: "Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir. Biz bu təhlükəli meyillərə qarşı öz səsimizi ucaltmalıyıq. Əlbəttə ki, bunu, ilk növbədə, dövlətlər etməlidirlər. Amma eyni zamanda, dövlətlərin bu siyasətini böyük dərəcədə hər bir cəmiyyətin siyasi və ictimai-elmi elitası, ictimai rəy müəyyən edir. Heç bir dövlət və hökumət başçısı ictimai rəyi nəzərə almaya, ona məhəl qoymaya bilməz. Ona görə, hesab edirəm ki, biz birgə səylərimizlə bu məsələləri açmalıyıq, danışmalıyıq".

Azərbaycanda multikulturalizmə böyük önəm verildiyini sübut edən faktlardan biri də 2014-cü il 15 may tarixində Prezident İlham Əliyev tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Sərəncam imzalanmasıdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasında məqsəd tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək, etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək, təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində layihələr həyata keçirməkdir.

Tarixən multikulturalizm Azərbaycanda olmuş və yaşam tərzinə çevrilmişdir. Ölkə vətəndaşları Azərbaycanda yaşayan bütün azsaylı millət və xalqların milli-mənəvi dəyərlərinə, mədəni irsinə hörmətlə yanaşırlar. Respublikamızda ayrı-ayrı konfessiyaların təmsilçiləri də titul millət tərəfindən yalnız tolerant münasibətlə rastlaşırlar. Bütün bunlar dövlət səviyyəsində aparılan uğurlu siyasətin nəticələridir. Bütün bunlar ölkə rəhbərliyinin sözdə deyil, əməldə insanlarımızın hüquq və mənafelərini prioritet hesab etdiyinin əyani sübutudur və biz gerçəkdən də qürur duyuruq ki, multikultural dəyərlərin yüksək səviyyədə intişar tapdığı, inkişaf etdiyi bir ölkədə - Azərbaycanda yaşayırıq.

 

Aytən Mustafayeva,

Milli Məclisin deputatı

Səs.- 2016.- 4 may.- S.11.