"Ulu Öndər
Heydər Əliyev irsində multikultural və
tolerant dəyərlər"
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən beynəlxalq elmi konfrans keçirildi
Dünən Bakı Slavyan Universitetində (BSU) bu ali məktəbin, Təhsil Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən "Ulu Öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər" mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirildi.
Konfransı giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev bildirdi ki, hər il Ulu Öndər Heydər Əliyevin ildönümü ilə ilə bağlı tədbirin universitetdə keçirilməsi artıq ənənə halına çevrilib. Belə bir konfransın bu təhsil ocağında keçirilməsindən məmnunluq hissini duyduğunu bildirərək, konfransın işinə uğurlar arzuladı.
Konfransda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühitdən, o cümlədən əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açdı. "Ulu Öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir" - deyən natiq Ümummilli Liderin Azərbaycanın əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirdiyini, onu keyfiyyətcə yeni müstəviyə keçirdiyini söylədi: "Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra multikultural dəyərləri ümumiləşdirə bildi. Heydər Əliyevin hakimiyyəti dövründə parlamentdə qəbul olunan bütün qərarlarda multikultural ideyalar öz əksini tapıb".
Dövlət müşaviri onu da əlavə etdi ki, bugünkü tədbirin BSU-da keçirilməsi heç də təsadüfi deyil: "Bakı Slavyan Universiteti, məhz Heydər Əliyevin ideyası əsasında yaranıb".
K.Abdullayev Prezident Cənab İlham Əliyevin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edildiyini xatırladaraq, ölkəmizdə multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrildiyini bildirdi.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkədə multikulturalizmin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini və bu sahədə uğurlu siyasətin aparıldığını diqqətə çatdırdı. Ulu Öndərin müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən danışan akademik A.Əlizadə Heydər Əliyevin müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin əsaslarını qoyduğunu, inkişaf strategiyasını müəyyənləşdirdiyini vurğuladı.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tarixi İpək Yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını vurğuladı:"Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Dövlətimizin başçısı Cənab İlham Əliyevin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, eyni zamanda 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi və s. kimi biri-birindən mühüm addımlar da ölkəmizin qazandığı imicin, uğurların, tutduğu mövqenin təqdimatında əhəmiyyətli rola malikdir".
Tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov və başqaları dövlət multikultralizm siyasətindən, müxtəlif xalqların birgə yaşayış tərzindən söz açdılar.
Konfrans işini "Heydər Əliyev irsi və Azərbaycan multikulturalizm modeli", "Müasir Azərbaycanda multikultural cəmiyyət", "Azərbaycan tarixi və mədəniyyəti", "Azərbaycan dili", "Azərbaycan ədəbiyyatı", "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında" bölmələri üzrə davam etdirdi.
Qeyd edək ki, 330 yerli və xarici ölkə alimlərinin məqalələrinin qəbul olunduğu tədbir çərçivəsində plenar və bölmə iclaslarının keçirilməsi nəzərdə tutulur. Rusiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, İtaliya, ABŞ, Qazaxıstan, Moldova, İsveç və Polşadan nümayəndələrin iştirak etdiyi konfrans üç gün işini davam etdirəcək.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2016.- 4 may.- S.7.