"Heydər Əliyev və ordu quruculuğu"

 

Suraxanıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konfrans keçirilib

 

Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir. Dünən silsilə tədbirlərin davamı olaraq Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı "Heydər Əliyev və ordu quruculuğu" mövzusunda konfrans da mərkəzdə reallaşıb.

Suraxanı rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, Milli Məclisin deputatları Ağacan Abiyev, Sevinc Fətəliyeva, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin və Respublika Müharibə, Əmək və Silahli Qüvvələr Veteranları Təşkilatının nümayəndələri, "N" saylı hərbi hissənin hərbiçiləri, 3 mindən yuxarı rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət etdilər. Sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin rəsm dərnəyində yaradıcılıqla məşğul olan uşaqların mərkəzin ətrafında yerləşdirilmiş lövhələrdə sərgilənən rəsm əsərlərinə baxıblar.

Konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra şagirdlərin hazırladıqları əl işləri və kitab sərgisi ilə tanış olublar. Mərkəzin sifarişi ilə hazırlanmış Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş "Millət atası" filminə baxışdan sonra konfrans öz işinə başlayıb.

Konfransda məruzə ilə çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, bu günlərdə ölkəmizdə və onun hüdudlarından kənarlarda - dünyanın bir çox ölkələrində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü illiyi qeyd olunur:"Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. Bugünkü konfransımız Ulu Öndərin çoxşaxəli fəaliyyətinin mühüm bir istiqaməti olan ordu quruculuğu sahəsindəki fəaliyyətinə həsr olunub. Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır".

İ.Abbasov Ulu Öndərin SSRİ dövründə və müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirdiyini bildirib. 1993-cü il iyun ayında xalqın təkidli tələbi ilə Ulu Öndərin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğunun qanunvericilik bazası yaradıldı. Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işi yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir.

İ.Abbasov xüsusi vurğuladı ki, ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir.

Tədbirdə Milli Məclisin deputatları Ağacan Abıyev və Sevinc Fətəliyeva, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, polkovnuk Fizuli Salahov, Respublika Müharibə, Əmək və Silahli Qüvvələr Veteranları təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış ediblər. Çıxışlarda Ulu Öndərin ordu quruculuğu istiqamətindəki fəaliyyətindən ətraflı danışılıb və xüsusi vurğulanıb ki, Azərbaycan əsgəri bu gün quruda, havada və dənizdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir, Ulu Öndərimizin ideyalarına sadiqdir.

Sonra 2015-2016-cı tədris ilində Suraxanı rayonu Heydər Əliyev Mərkəzində və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə keçirilmiş açıq dərslərin təşkilində və keçirilməsində fəal iştirakına görə fərqlənmiş şəxslər rayon icra hakimiyyəti başçısının və YAP Suraxanı rayon təşkilatının fəxri fərmanları ilə təltif ediliblər. Daha sonra Yeni Azərbaycan Partiyasının sıralarına üzv qəbul olunmuş bir qrup rayon sakininə üzvlük vəsiqəsi təqdim olunub. Respublika Müharibə, Əmək və Silahli Qüvvələr Veteranları Təşkilatının sədri Dadaş Rzayev bir qrup şəxsə təşkilatın medal və fəxri fərmanlarını təqdim edib.

YAP Suraxanı rayon təşkilatının gənclər birliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü illiyi münasibəti ilə keçirilən fləşmobun videoçarxı konfrans iştirakçılarına göstərilib. Konfransda iştirak edən qonaqlara mərkəzin xatirə- hədiyyəsi təqdim olunub.

  

ZÜMRÜD BAYRAMOVA

Səs.- 2016.- 6 may.- S.11