Dahi Şəxsiyyət Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini yaratdı

 

"İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur"

Heydər Əliyev

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxararaq, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaradıb. Sağlığında Ümummilli Lider zirvəsinə ucalan Heydər Əliyev böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini və dönməzliyini təmin edib.  Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyətə qayıdışı, peşəkar siyasətçiyə xas müdrik addımları ilə Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi, respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, dövlətçiliyinə qarşı çıxan qanunsuz silahlı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı, ölkədə qanunçuluğun tam bərpası istiqamətində bütün addımlar atıldı. Sonrakı mərhələdə demokratikhüquqi dövlət quruculuğu prosesinin uğurlu həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin formalaşdırılması, ən əsası, ictimai-siyasi sabitliyin qorunub-saxlanılması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycana azərbaycançılığı qaytarması, azərbaycançılığın ideologiya səviyyəsində formalaşdırılması Heydər Əliyevin ən böyük xidmətlərindəndir. Sovetlər Birliyinin dağılmasından sonra baş verən qlobal siyasi hadisələr, Qarabağ münaqişəsi, ötən əsrin səksəninci illərinin sonlarından etibarən Azərbaycanın güclü informasiya blokadasına alınması, erməni lobbisinin əleyhimizə güclü fəaliyyəti və s. xaricdəki həmvətənlərini ictimai fəallığının artması zərurətini yaratdı. 1996-cı ilin iyul ayında Almaniyanın Bonn şəhərində soydaşlarımızla görüşündə Heydər Əliyev belə bir tövsiyə irəli sürdü:"Mən demirəm ki, 40 milyon azərbaycanlı bir yerə yığışsın, bu, heç lazım da deyil. Ancaq hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız öz müstəqilliyini bundan sonra da möhkəmləndirər." Heydər Əliyev bu görüşlə xaricdə yaşayan soydaşlarımızın bir araya gələrək təşkilatlanması, ümum-Azərbaycan lobbisinin yaranması işinin əsasını qoydu. Hələ Naxçıvanda olarkən, 1991-ci il 16 dekabr tarixli qərarı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü bayram etməsi, 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi dünyaya səpələnmiş soydaşlarımızı bir araya gətirdi. "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!" - deyən xalqın Xilaskarı bir-birinin ardınca çəkinmədən, qorxmadan mətin addımlar atır, Azərbaycanın hərtərəfli dirçəlişinə zəmin yaradırdı. Yorulmadan gecə-gündüz çalışması, qətiyyətli qərarları, vaxtında atdığı addımları qısa bir zamanda bəhrə verməyə başladı. BMT, ATƏT, AŞRA və digər beynəlxalq təşkilatlar bu müdrik siyasətçi ilə hesablaşmağa, Onun sözünü dinləməyə məcbur oldular. Heydər Əliyevin çıxılmaz vəziyyətlərdə belə etdiyi siyasi gedişlər dünyanın siyasi nəhənglərini heyrətə salırdı. Heydər Əliyev Ümummilli Lider səviyyəsinə ucaldı. Bir çox məqamlarda o, təkcə Azərbaycanın yox, bütün türk dünyasının ümid yeri, Öndəri oldu. 1994-cü ilin sentyabrında Heydər Əliyevin səyi nəticəsində dünyanın məşhur şirkətləri ilə imzalanan neft kontraktı - "Əsrin Müqaviləsi" dövlətimizin iqtisadi strategiyasını müəyyənləşdirdi. Qərb və Avropa dövlətləri üçün enerji resurslarına görə Azərbaycanın önəmi artdı.

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük Siyasi Xadim Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk Milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni, bilavasitə öz üzərinə götürən Dahi Öndərimiz bununla bağlı xüsusi yaradılmış komissiyaya şəxsən rəhbərlik etmişdir. "Konstitusiya yaratmaq üçün, şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda, ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik" - deyən Ulu Öndər Heydər Əliyev konstitusiyaçı-alim kimi bu sahədə bütün problemləri öyrənərək, Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasını yaratdı.

Azərbaycan bu gün Cənubi Qafqazda sabitlik və tərəqqi adasıdır. O, gündən-günə inkişaf edir, daha da inamlı olur. Bütün bunlar ölkəni və Azərbaycan cəmiyyətini inkişafın daha yüksək pillələrinə aparır. Müasir Azərbaycan dünyanın bir çox ölkələri üçün uğurlu inkişaf formulu kimi təqdim edilir. Müstəqillik illərində ölkəmizdə bir çox yeniliklər baş verib. Azərbaycan 10 il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail olub. Ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında Azərbaycanın yeni neft strategiyası durur desək, yanılmarıq. Çünki bu strategiyanın uğurlarının nəticəsi olaraq ölkəmiz regionun lider dövləti, eləcə də qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınıb. Azərbaycanın uğurlu enerji siyasəti çoxdan ölkə hüdudlarından kənara çıxıb. Neftimiz xalqın milli maraqlarına xidmət edir. Əsası Ulu Öndər tərəfindən qoyulanbu gün uğurla davam etdirilən neft strategiyası çox düşünülmüş siyasətlə qeyri-neft sektorunun inkişafına yönəldilib, neft kapitalı insan kapitalına çevrilib. Aparılan uğurlu siyasət Azərbaycanı bu gün dünyanın ən etibarlı tərəfdaş ölkəsinə çevirib. Ölkəmizdə "Əsrin Müqaviləsi" çərçivəsində hasil olunan neftin dünya bazarına çıxarılması üçün son dərəcə etibarlı və geniş imkanlara malik ixrac sistemi mövcuddur. Bu da Azərbaycanın dünya arenasında etibarlı tərəfdaş kimi mövqeyinin ilbəil möhkəmlənməsinə səbəb olur, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməsinə imkan yaradır.

Müstəqillik əldə edildikdən sonra demokratik institutların inkişafı ölkə vətəndaşlarının ictimai-siyasi fəaliyyətə qoşulmasına, bu fəaliyyətdə aktiv iştirak etməsinə şərait yaradıb. Bu, özünü siyasi partiyaların yaradılmasında, qeyri-hökumət təşkilatlarının təsis edilməsində, başqaları ilə birləşməkdə, kütləvi toplantıların keçirilməsində, hüquq və azadlıqların məhkəmə təminatında və digər hüquqların əldə olunmasında büruzə verib. Bununla yanaşı, həyata keçirilən sosial siyasət, əhalinin rifahının yüksəldilməsinə, sosial müdafiəsinə xidmət etmək ölkəmizdə dövlət quruculuğu prosesinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycanda milli inkişaf modelinin əsaslarını sosial dövlət prinsipləri təşkil edir. Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Hər sahə üzrə proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi, birgə addımların atılması gələcəyə daha böyük inamla irəliləməyə stimul verir.

Tarix baxımından qısa müddətdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev ölkəmizin inkişafının çox möhkəm əsasını qoydu, bu inkişafın perspektivlərini işıqlandıran ideya və prinsipləri müəyyənləşdirdi. Bizə və gələcək nəsillərə bu Dahi İnsanın, Ümummilli Liderin, XX əsrin böyük ictimaisiyasi xadiminin həyat və yaradıcılığını yaxşı öyrənmək, ideyalarını mənimsəmək və həyatımızda tətbiq etmək qalır. Xalqımızın xoşbəxt gələcəyi bir çox hallarda bundan asılıdır.

Bu gün qlobal dünyaya inteqrasiya edərkən, biz bilməliyik ki, Heydər Əliyev Azərbaycan xalqının milli "Mən"ini, ənənələrini, dilini, tarixini, sosiomədəni fonunu qorumağa necə böyük əhəmiyyət verirdi. Qlobal mədəniyyəti formalaşdıran xarici amillər cəmiyyətimizə nəzərəçarpacaq təsir göstərir. Bunun nəticəsi ondan ibarət olur ki, milli mədəniyyət, tarix, ənənələr qlobal sosiomədəni koordinat sisteminin törəməsinə çevrilir. Bu koordinat sistemi bütün lokal dəyərləri əvəzləyir və milli sosiomədəni amilləri vahid qlobal amillərə transformasiya edir. Deməli, biz ümumbəşəri dəyərlərə doğru irəliləməyə kömək edən milli xüsusiyyətlərimizi qorumaq uğrunda mübarizə aparmalıyıq. Ona görə də nəinki milli mədəniyyəti və ənənələri qorumaq, həm də onların inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi üçün şərait yaradılması mühüm əhəmiyyət kəsb edir. Məhz belə yanaşma Dahi Heydər Əliyevin bizə miras qoyduğu Azərbaycan milli dövlətçiliyini inkişaf etdirməyə imkan yaradır.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu baxımdan, ölkənin inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Dövlət başçısının 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaqdır. Bu inkişaf konsepsiyası sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir. Azərbaycanın dünyadakı yüksək siyasi nüfuzunun ən bariz nümunəsi kimi ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini misal göstərmək olar. Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi, ilk növbədə Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisidir. Çünki beynəlxalq münasibətlər sistemini dəqiqliyi ilə bilmək, əks-mövqelər hazırlamaq, Azərbaycanın xarici siyasətinin doktrinasının tələblərinə müvafiq real, çevik manevrlər etmək və bu planda BMT müstəvisində, xüsusilə də BMT Baş Məclisinin sessiyalarında ölkəmizin maraqlarını müdafiə edən ardıcıl tədbirlər reallaşdırmaq, məhz dövlət başçısının iradəsinin, mövqeyinin, siyasi dəst-xəttinin nəticələridir. Odur ki, Azərbaycanın bu posta seçilməsi Prezident İlham Əliyevin indiyədək apardığı düşünülmüş və məqsədyönlü siyasətin məntiqi sonluğudur. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm də kosmik klubun üzvü olmuşdur. Belə ki, Azərbaycanın ilk telekommunikasiya peyki orbitə buraxılmışdır. Bu nailiyyət Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin İKT sahəsində məqsədyönlü, müdrik və uzaqgörən siyasətlərinin həyata keçirilməsi, eləcə də ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə məramlarının reallaşdırılması sayəsində əldə olunmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, ilk peykin orbitə buraxılması müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biridir, dövlətimizin qələbəsidir və hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər.

Təbii ki, Azərbaycanın beynəlxalq imicinin yüksəlişinə təkan verən amillərdən biri ölkəmizin dinamik inkişafıdır. Həyata keçirilən dövlət proqramları bütün bölgələrin tarazlı inkişafına nail olmaqla əhalinin məşğulluğunun təmin edilməsinə, abadlıq və quruculuq işlərinin aparılmasına, infrastrukturun yenidən qurulmasına yol açıb. Bütün bu uğurların kökündə dayanan əsas amil 1993-cü ildən sonra Azərbaycanda formalaşmış yeni siyasi kursdur. Azərbaycan cəmiyyəti Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu kursu ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə çalışan Prezidentdir. Yeni Azərbaycan Partiyasının V qurutlayında Prezident İlham Əliyev deyib: "Mənim bir məqsədim, bir amalım vardır. Bu, güclü Azərbaycan dövlətidir. Ulu Öndərin bizə miras qoyduğu dövlətçiliyi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək mənim əsas vəzifələrimdir və son 10 il ərzində çalışmışam ki, bütün istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafını təmin edim".

Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezidenti İlham Əliyevin müstəsna xidmətləri sayəsində bu gün ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada qərar tutub, Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider dövlətə çevrilib.

Ümumdünya tarixinin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin layiqli varisi İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycan inkişaf edir, güclənir və gələcəyə mətin addımlayır! Bu yolda hər bir azərbaycanlı qəlbindəki vətən eşqini alovlandıraraq, gələcəyimiz naminə yorulmadan fəaliyyət göstərməli və Ulu Öndərin bizlərə miras qoyduğu dogma Azərbaycanımızı göz bəbəyi kimi qorumalıdır!

 

SEVİNC FƏTƏLİYEVA,

Milli Məclisin deputatı

Səs.- 2016.- 6 may.- S.7.