NƏQLİYYAT HÜQUQU

 

Azərbaycan Respublikası öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında "Əsrin Müqaviləsi", TRASEKA nəqliyyat dəhlizi, BTC və BTƏ kimi bir sıra qlobal iqtisadi ticarət (nəqliyyat) layihələri gerçəkləşərək, respublika iqtisadiyyatında yeni istehsal sahələri yaranmış, ənənəvi təsərrüfat mexanizmlərində ciddi və əhəmiyyətli dəyişikliklər baş vermiş, nəqliyyatdaşıma münasibətlərini tənzimləyən "Nəqliyyat haqqında", "Avtomobil yolları haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Aviasiya haqqında" qanunlar, Ticarət Gəmiçiliyi Məcəlləsi və digər normativ-hüquqi aktlar qəbul edilmişdir. Eyni zamanda, göstərilən nəqliyyat (ticarət) layihələrin sayəsində ölkəmiz Avropa strukturlarına, təsərrüfat əlaqələrinə və regional təşkilatlara qoşularaq inteqrasiya proseslərini sürətləndirdi. Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü Etibar Əliyev yazır: "Müdrik Ulu Öndərin elmi əsaslara söykənən ictimai-siyasi və sosial-iqtisadi sferalarda çoxaspektli inkişaf kursu bazar iqtisadiyyatına keçid və dünyada baş verən qloballaşma dövründə zənginləşdirilərək ölkə Prezidenti İlham Əliyev tərəfindən yeni çalarlarla və uğurla davam etdirilir və gələcəyə istiqamətlənmiş bu sosial-iqtisadi islahatlar nəqliyyat sektorunda da öz müsbət nəticələrini verməkdədir".

Nəqliyyat fəaliyyəti sahəsində dövlətlərarası səviyyədə yaranan münasibətlər isə "beynəlxalq nəqliyyat hüququ" ilə tənzimlənir. O, beynəlxalq hüququn müstəqil sahəsi olan beynəlxalq iqtisadi hüququn yarımsahəsi kimi fərqləndirilir və dövlətlərarası nəqliyyat münasibətlərini nizama salan beynəlxalq (ümumi və xüsusi)  hüquqi xarakterli normaların sistemindən ibarətdir.

Avopa İttifaqında da nəqliyyat fəaliyyətinin hüquqi cəhətdən qorunması həyata keçirilir və belə fəaliyyətlə əlaqədar yaranan ictimai münasibətlər qrupunu Avropa hüququ özünün xüsusi hissəsinin tərkibində olan müstəqil hüquq sahəsi - "Avropa nəqliyyat hüququ" ilə tənzimləyir.

Avropa İttifaqında nəqliyyat fəaliyyətinin həyata keçirilməsində nəqliyyatın aşağıdakı vacib iştirak edir: dəmiryolu nəqliyyatı, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, hava nəqliyyatı daxili su (çay) növlərinin fəaliyyəti ilə bağlı olaraq, Avropa İttifaqında müəyyən növ ictimai münasibətlər əmələ gəlir, onlar nəqliyyat münasibətləri adlanır.

Etibar Əliyev yazır: "Nəqliyyat münasibətlərini tənzimləyən hüquq normalarının sisteminə isə Avropa nəqliyyat hüququ deyilir o, ədəbiyyat səhifələrində, bəzən, Avropa İttifaqının nəqliyyat hüququ adlanır. Avropa nəqliyyat hüququ dedikdə Avropa İttifaqında dəmiryolu, avtomobil, dəniz, hava və daxili su (çay) nəqüyyat növlərinin fəaliyyəti ilə bağlı olaraq, yaranan ictimai münasibətləri (nəqliyyat ınünasibətlərini) tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. Avropa İttifaqında ayrı-ayrı müxtəlif növ nəqliyyat vasitələrinin fəaliyyəti, məhz Avropa nəqliyyat hüququ ilə tənzimlənir, nizama salınır. O, yəni Avropa nəqliyyat hüququ nəqliyyatın ayrı-ayrı növləri tərəfindən yerinə yetirilən nəqliyyat-daşıma fəaliyyətini Avropa İttifaqının nəqliyyat siyasəti çərçivəsində həyata keçirir. Nəqliyyat siyasəti Avropa İttifaqının fəaliyyətində mühüm rol oynayır. Nəzərə almalıyıq ki, nəqliyyat siyasəti Avropa İttifaqının ümumi siyasətinin əsas istiqamətlərindən biridir. Hələ 1957-ci ildə Roma Müqaviləsi (Avropa İqtisadi Birliyinin Təsis Müqaviləsi) müəyyən edirdi ki, Avropa İqtisadi Birliyinin ümumi siyasətinin istiqamətlərindən biri nəqliyyat siyasətidir. Söhbət ümumi nəqliyyat siyasətindən gedir. Belə ki, 1980-ci illərin ortalarına kimi, Avropa İqtisadi Birliyi çərçivəsində, sözün əsl mənasında, ümumi nəqliyyat siyasəti həyata keçirilmirdi. Düzdür, təsis müqaviləsi (Roma Müqaviləsi) Avropa İqtisadi Birliyinə nəqliyyat sahəsində normativ aktlar (qərarlar) qəbul etməl səlahiyyəti verirdi. Lakin 1980-ci illərin ortalarına kimi nəqüyyat sahəsində olduqca az sayda normativ akt qəbul olunmuşdu. Digər tərəfdən, qəbul edilmiş aktların tənzimetmə sferası xeyli dərəcə də məhdudlaşdırılmışdı. Bu, onunla izah edilirdi ki, spesifik xarakterə malik olan nəqliyyat infrastrukturu üzv dövlətlərin milli iqtisadiyyatları üçün vacib sahə sayırdı. Bu səbəbdən, üzv dövlətlərin hökumətləri Avropa İqtisadi Birliyi çərçivəsində ümumi nəqliyyat siyasətinin həyata keçirilməsində maraqlı deyildilər".

Vahid Avropa Aktının qəbul olunması və qüvvəyə minməsi ilə vəziyyət dəyişdi. Həmin akt institutlar və üzv-dövlətlər qarşısında ümumi (daxili) bazar, habelə mal, kapital, şəxs və xidmətlərin sərbəst hərəkətini təmin edən məkan (daxili sərhədlər tanınmayan məkan) yaratmaq kimi vəzifə qoydu. Avropa İqtisadi Birliyinin, sözün həqiqi mənasında, ümumi nəqliyyat siyasəti, məhz bu aktın qüvvəyə mindiyi vaxtdan formalaşmağa başladı.

Müəllifin fikrincə, Avropa İttifaqının nəqliyyat siyasəti buna yönəlmişdir ki, nəqliyyat xidmətləri bazarı tənzimlənsin və inkişaf etsin. Avropa İttifaqının ümumi (daxili) bazarının tərkib hissəsi olan nəqliyyat xidmətləri bazarı spesifik xarakterə malikdir. Belə ki, nəqliyyat xidmətləri bazarı konkret maddi məhsul istehsalı ilə bağlı deyildir. Nəqliyyat xidmətləri həmişə yük və ya sərnişinlərin bir yerdən digər yerə daşınmasını (yerdəyişməsini) təmin edir.

Avropa İttifaqında nəqliyyat xidmətləri bazarı Avropa nəqliyyat hüququ ilə tənzimlənir. Avropa nəqliyyat hüququ isə Avropa İttifaqı çərçivəsində həyata keçirilən nəqliyyat siyasətinin hüquqi əsasıdır.

E.Əliyevin qeyd etdiyi kimi, Avropa hüququnun istənilən hüquq sahəsinə, o cümlədən Avropa nəqliyyat hüququna məxsus prinsiplər xasdır. Bu prinsiplər elə meyarlardan biridir ki, onun sayəsində Avropa nəqliyyat hüququ Avropa hüquq sistemində müstəqil hüquq sahəsi kimi tanınır.

Birinci, Avropa nəqliyyat hüququ nəqliyyat-daşıma sahəsində diskriminasiyanın qadağan olunması prinsipindən çıxış edir. Bu prinsipə görə, Avropa İttifaqı daxilində nəqliyyat-daşıma əməliyyatları həyata keçirilərkən müxtəlif nəqliyyat tariflərinin tətbiq edilməsinə (ixrac zamanı - aşağı, idxal zamanı isə - yüksək nəqliyyat tariflərinə) yol verilmir; yük və sərnişinin hansı üzv-dövlətə və ya hansı üzv dövlətdən daşınmasının əhəmiyyəti yoxdur. Daşınma ilə bağlı bütün məsələlər də ayrı-seçkiliyə yol verilmir. Avropa İttifaqı daxilində eyni nəqliyyat yolları ilə daşınmalar zamanı nəqliyyat agentlikləri müxtəlif şərtlər müəyyən etməməlidirlər.

İkinci, Avropa nəqliyyat hüququ nəqliyyat fəaliyyətinin Avropa İttifaqının bütün ərazisində həyata keçirilməsi kimi prinsip müəyyənləşdirir. Bu prinsipə görə, üzv dövlətlərin milli nəqliyyat müəssisələrinin (şirkətlərinin) özlərinin nəqliyyatdaşıma fəaliyyətinin bütün Avropa İttifaqı ərazisində həyata keçirilməsinə icazə verilir.

Üçüncü, Avropa nəqliyyat hüququ Avropa İttifaqında nəqliyyatdaşıma xidmətlərinin sərbəst şəkildə göstərilməsi prinsipindən çıxış edir. Bu, Avropa İttifaqının ümumi (daxili) bazarı prinsipindən irəli gəlir. Həmin prinsip Avropa İttifaqı ərazisində fiziki və hüquqi şəxslər tərəfindən azad sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini təmin edir. Avropa İttifaqının ümumi (daxili) bazarı mal, şəxs, kapital və xidmətlərin sərbəst olaraq hərəkət etməsinə əsaslanır. Avropa İttifaqında sərbəst şəkildə xidmət göstərilməsi prinsipinin tətbiqinə xüsusi diqqət yetirilir. Nəqliyyatdaşıma xidmətlərinin Avropa İttifaqında sərbəst şəkildə göstərilməsi prinsipi, məhz bu prinsipin - ümumi (daxili) bazar prinsipinin ifadə formalarından biridir. Həmin prinsipin həyata keçirilməsi nəticəsində Avropa İttifaqında ümumi nəqliyyatdaşıma xidmətləri bazarı formalaşmış və inkişaf etmişdir. Nəqliyyat sektoru Avropa İttifaqının ümumi bazarının bir hissəsidir.

Ümumi nəqliyyatdaşıma xidmətləri bazarının fəaliyyət göstərməsi və belə xidmətlərin təqdim edilməsi üçün müvafiq nəqliyyat vasitələrinin (avtomobil, avialayner və s.), nəqliyyat yollarının (avtomobil və dəmir yolu nəqliyyatı üçün belə yollar, xüsusilə vacibdir) və digər nəqliyyat infrastrukturu obyektlərinin (vokzal, terminal və s.) yaradılması tələb edilir. Belə obyektlərin mövcudluğu sayəsində Avropa İttifaqı ərazisində nəqliyyatdaşıma xidmətləri bazarı formalaşmışdır.

Dördüncü, Avropa nəqliyyat hüququ nəqliyyat təhlükəsizliyinin təmin edilməsi prinsipindən çıxış edir. Avropa nəqliyyat hüququnun belə bir prinsip müəyyənləşdirməsi təsadüfi xarakter daşımır. Belə ki, Avropa İttifaqında nəqliyyatın hüquqi tənzimlənməsi bir neçə vacib istiqamətdə həyata keçirilir. Nəqliyyatda təhlükəsizliyin təmin ediməsinə yönələn hüquq normalarınm müəyyən edilməsi belə istiqamətlərdən biridir. Həmin normalarda nəqliyyat təhlükəsizliyinin təmin edilməsi prinsipi formulə edilmişdir.

Beşinci, Avropa nəqliyyat hüququ nəqliyyat fəaliyyətinin lisenziyalaşdırılması prinsipindən çıxış edir. Bu prinsipə görə, Avropa İttifaqında nəqliyyat müəssisəsi ayrı-ayrı şəxslərə nəqliyyat-daşıma xarakterli xidmət göstərmək üçün üzv dövlətlərin səlahiyyətli orqanlarından lisenziya (xüsusi razılıq) almalıdır, Lisenziya nəqliyyat-daşıma xidməti göstərməkdən ötrü bu və ya digər nəqliyyat müəssisəsinə verilən icazə sənədidir. Bu sənəd əsasında Avropa İttifaqında nəqliyyat-daşıma fəaliyyəti həyata keçirilir. Üzv dövlətlərin birində səlahiyyətli orqanlardan alınmış lisenziya nəqliyyat müəssisəsinə hüquq verir ki, o, nəqliyyat-daşıma fəaliyyətini Avropa İttifaqının bütün ərazisində həyata keçirsin. Belə ki, alınmış lisenziya bütün Avropa İttifaqı ərazisində qüvvədə olur.

Altıncı, Avropa nəqliyyat hüququ standartlaşdırma kimi vacib prinsip təsbit edir. Bu prinsipə görə, nəqliyyat infrastrukturu, daşıma (nəqliyyat) vasitəsi, hərəkət təhlükəsizliyi və digər məsələlərdə müvafiq standartlar müəyyənləşdirilir. Belə standartlar həm də tunellərdə nəqliyyat təhlükəsizliyinin təmin olunması üçün müəyyən olunur və s.

Avropa İttifaqının funksiyası haqqında Müqavilənin III hissəsinin V bölməsi nəqliyyat sahəsinə həsr olunmuşdur. Təsadüfi deyildir ki, həmin bölmə "Nəqliyyat" adlanır. Bu bölmə Avropa İttifaqının həyata keçirdiyi nəqliyyat siyasətinin hüquqi əsası sayılır.

Sözügedən müqavilənin III hissəsinin XV bölməsi nəqliyyat sektorunun tənzimlənməsində müəyyən əhəmiyyət kəsb edir. Həmin bölmə "Transavropa şəbəkələri" adlanır.

Avropa İttifaqında nəqliyyat fəaliyyətinin hüquqi tənzimlənməsində ikinci hüquq aktları da vacib rol oynayır. Belə aktlar Avropa nəqliyyat hüququnun mənbə növlərindən biri sayılır. Qeyd etməliyik ki, Avropa Parlamenti və Avropa İttifaqı Şurası kimi institutlar Avropa İttifaqının nəqliyyat siyasəti çərçivəsində xüsusi qaydalar müəyyənləşdirir ki, həmin qaydaların vasitəsi ilə Avropa İttifaqında nəqliyyat sektoru tənzimlənir.

Nəqliyyat sahəsində ikinci hüquq aktları direktiv və reqlament formasında qəbul olunur. Məsələn, 29.07.1991-ci il tarixdə qəbul edilən direktiv dəmir yolu nəqliyyatının tənzimlənməsi sahəsində vacib sənəd sayılır; 23.07.1992-ci il tarixdə qəbul edilən reqlament (EEC Ne 2407/92) hava nəqliyyatının tənzimlənməsinə həsr edilmişdir ki, bu sənəd əsasında avia-şirkətlərin lisenziyalaşdırılması həyata keçirilir.

Avropa nəqliyyat hüququnun mənbələri sırasına beynəlxalq müqavilələr də daxildir. Belə ki, Avropa İttifaqı üçüncü ölkələrlə (Avropa İttifaqının üzvü olmayan dövlətlərlə) nəqliyyat məsələlərinə dair beynəlxalq müqavilələr bağlaya bilər. Həmin müqavilələr Avropa nəqliyyat hüququnun xarici mənbəyi hesab edilir. Avropa İttifaqı Məhkəməsinin qərarları da Avropa nəqliyyat hüququnun mənbə növləridən biridir. Belə ki, Avropa İttifaqı Məhkəməsi nəqliyyat məsələləri haqqında müvafiq qərarlar çıxara bilər. Həmin qərarlar Avropa nəqliyyat hüququnun mənbəyi qismində çıxış edir.

 Avropa avtomobil nəqliyyat hüquq institutu Avropa İttifaqında avto-nəqliyyatın fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyən hüquq normalarından ibarətdir. Avropa dəmir yol nəqliyyat hüquq institutu dedikdə, elə bir hüquq institutu başa düşülür ki, o, özündə Avropa İttifaqında dəmir yolu nəqliyyatının fəaliyyətini nizama salan hüquq normalarını birləşdirir. Avropa dəniz nəqliyyat hüquq institutu dəniz nəqliyyatının yerinə yetirdiyi nəqliyyat-daşıma fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyən hüquq normalarının sistemidir. Avropa daxili su (çay) nəqliyyat hüquq institutu dedikdə su (çay) nəqliyyatının vasitəsi ilə həyata keçirilən daşımalarla əlaqədar münasibətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. Avropa hava nəqliyyat hüquq institutu aviadaşımaların hüquqi rejimini müəyyənləşdirən hüquq normalarından ibarət olan institutdur.

Adıçəkilən institutlar müvafiq nəqliyyat növlərinin nəqliyyatdaşıma fəaliyyətini tənzimləmək funksiyasını yerinə yetirir. Bunlardan başqa, Avropa nəqliyyat hüququna həm də qarışıq (intermodal) daşımalar hüquq institutu məlumdur. Bu institut bir neçə nəqliyyat növünün iştirakilə həyata keçirilən kombinə edilmiş daşımaları tənzimləyən hüquq normalarından ibarətdir.

Göründüyü kimi, Avropa İttifaqında və üzvdövlətlərdə həyata keçirilən nəqliyyat xidmətləri sistemində hüquqi tənzimetmə mexanizmi mühüm rol oynayır və Avropaya inteqrasiya proseslərində vacib əhəmiyyət kəsb edir.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 7may.- S.13