MULTİKULTURALİZM AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ DAXİLİ KOMPONENTLƏRİNDƏN BİRİ KİMİ

 

 

Hər bir xalqın etnosiyasi coğrafiyası onun milli mentalitetinin formalaşmasında xüsusi rol oynayır. Şəxsiyyətin formalaşmasında iştirak edən komponentlərdən bir çoxunun xarici mühitlə əlaqədar olduğu nəzərə alınsa, ətraf mühitdəki milli-etnik mikrostrukturun mentalitetin formalaşmasına təsir göstərən əsas vasitələrdən biri kimi çıxış etdiyi aydın olur.

Etnosiyasi coğrafiya və çoxmədəniyyətlilik

Azərbaycanın yerləşdiyi coğrafiya tarixi baxımdan dünya imperiyalarının intensiv hərəkət yolu üzərində olmuşdur. Çünki Azərbaycan coğrafi-siyasi mövqeyi etibarilə Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunu oynayır. Əlbəttə ki, belə coğrafi məkanda məskunlaşan xalqın özünəməxsus xüsusiyyətləri olmalıdır. Əks-təqdirdə, mürəkkəb siyasi coğrafiyada daimi məskunlaşmaq, uzunmüddətli dövlət quruculuğu həyata keçirmək çox çətin olardı. Tarix boyu Azərbaycanın siyasi coğrafiyası və etnik-milli tərkibi olduqca rəngarəng və zəngin olmuşdur, bu zənginlik Azərbaycan multikulturalizminin dərin tarixi köklərini formalaşdırmışdır.

Azərbaycanda multikulturalizmin tarixi əsasları

Tarixçilər Azərbaycanda həm identik etnik kökdən gələn tayfa və xalqların sayının kifayət qədər çox olduğunu, həm də qeyri-etnik bağlılığı olan xalqların da bu coğrafiyada birlikdə yaşadıqlarını təsdiq edirlər. Beləliklə, istər Heredotun "Tarix", istərsə də Strabonun "Coğrafiya" əsərində Azərbaycan coğrafiyasında çoxsaylı tayfaların və tayfa ittifaqlarının mövcudluğundan bəhs edilir. Əgər bunların bir qismi Azərbaycan xalqının etnogenezisində iştirak etmiş türk tayfalarıdırsa, digər qismi yenə də xalqımızın etnogenezisində iştirak etmiş qeyri-türk xalqlarıdır. Nəticə etibarilə, Azərbaycanın unikal coğrafi mövqeyi unikal keyfiyyətlərə sahib bir millət formalaşdırıb. Antropoloji xüsusiyyət və daxili mikrostruktur baxımından Azərbaycan xalqı unikallığı və fərqliliyini qoruyub saxlayıb. Azərbaycanın fərqlilikləri onun zənginliyi kimi xarakterizə edilib. Eyni zamanda, Azərbaycanda yaşayan hər bir şəxs etnik kökündən, dini mənsubiyyətindən, irqindən, hansı dəyərlərin daşıyıcısı olmasından asılı olmayaraq, öz fəaliyyətində cazibə mərkəzi kimi, Azərbaycan dövlətini müəyyənləşdirməyi bacarıb. Beləliklə, Azərbaycan dövlətinin tarixi keçmişində də onun zənginliyi və multikulturalizmi mövcud olub.

Multikultural dəyərlər və milli mentalitet

Multikulturalizm çoxmədəniyyətlilik, çoxənənəlilik, çoxşaxəlilik deməkdir. Tarix boyu Azərbaycan, məhz bu dəyərlərə söykənərək mövcud olub. Beləliklə, Azərbaycan xalqının mentalitetini formalaşdıran əsas vasitələrin içərisində fərqliliklərin qəbul olunması xüsusi komponent kimi önə çıxıb. Məlumdur ki, milli mentalitet milli psixologiya, milli adət-ənənə və milli mənəviyyatın cəmidir. Başqa sözlə, məhz bu 3 komponent birlikdə milli mentaliteti formalaşdırır. Belə olan halda, ətraf mühitlə münasibətlərdə hər bir fərd müxtəlif impulslar qəbul etmək, yaxud onlara cavablar verməklə özünəməxsus keyfiyyətlər əldə edir. Coğrafi və hərbi-siyasi baxımdan Azərbaycan ərazisi həm də dinamik bir coğrafiya olduğu üçün intensiv təsiretmə və təsirə məruz qalma mərhələsi keçmişdir. Bu isə milli psixologiya, milli adət-ənənə və milli mənəviyyata təsir etməklə, qeyd etdiyimiz kimi, milli mentalitetin formalaşmasında əhəmiyyətli rol oynamışdır. Dolayısıyla, Azərbaycan xalqının milli mentalitetinin formalaşmasında multikultural dəyərlərin rolu böyük olmuşdur.

Azərbaycan siyasi coğrafiyasında mövcud səmavi dinlər və multikultural dəyərlər

Əslində, qısa tarixi ekskursiyadan sonra müasir mərhələdə Azərbaycan cəmiyyətinin özünəməxsus keyfiyyətlərini sosioloji tədqiqata cəlb edərək səciyyələndirmək istəsək, o zaman biz tarixi ənənələrin bu gün də cəmiyyətimizdə mövcud olduğunu söyləyə bilərik. Yazılı mənbələrə əsasən, eradan əvvəl XXII-XVII əsrlərdən bu günə qədər Azərbaycanda fərqliliklər mövcuddur. Bu, milli, etnik, dini və digər fərqliliklərdir. Bütövlükdə, Azərbaycan coğrafiyası mövcud səmavi dinlərin hamısı ilə təmasda olub. Ən qədim səmavi din hesab olunan musəvilik Azərbaycan ərazisində vaxtilə geniş yayılıb, hətta Azərbaycanın şimalında -  Xəzərlər dövlətində rəsmi dövlət dini kimi mənimsənilib. Bundan sonrakı mərhələ ikinci səmavi dinin meydana çıxdığı dövrdür ki, Azərbaycan siyasi coğrafiyası və xalqımızın əcdadları bu dini də qəbul ediblər: yəni musəvilikdən sonra xristianlıq da Azərbaycanda dövlət dini olub. Təxminən 330-cu illərdə çar Urnayr tərəfindən xristianlıq qəbul olunub, elita dini hesab edilib, sonra isə 333-cü ildə Mömin Vaçaqan tərəfindən rəsmi dövlət dini səviyyəsinə qaldırılır. Nəhayət, üçüncü səmavi din - islam dini Azərbaycanda VII-VIII əsrlərdə rəsmi dövlət dini səviyyəsinə yüksəlir.

Məhz Azərbaycan multikulturalizminin əsas komponentlərindən biri olan dini fərqliliklərə dözümlülük - tolerantlıq da buradan qaynaqlanır. Yəni əgər biz milli yaddaşı bir bütöv kimi götürsək - hansı ki, bunun çox ciddi genetik əsasları var - görəcəyik ki, hər üç səmavi din Azərbaycanda rəsmi dövlət dini olmaqla bərabər, xalqımızın tolerantlıq keyfiyyətinin, multikultural dəyərlərinin formalaşmasında xüsusi rol oynayıb.

Tanrıçılıq tolerantlığı himayə edən inanclar sistemi kimi

Bütün səmavi dinlərin kökündə dayanan fəlsəfə isə tanrıçılıqdır. Tanrıçılıq fəlsəfəsi, yaxud inancı ilk dəfə Tanrının göydə olduğunu iddia edən dindir - Gök Tanrı inancıdır. Bu gün bunu din kimi səciyyələndirə bilmək, bəlkə də, bir qədər mübahisə yarada bilər, ancaq onu inanclar sistemi kimi xarakterizə etmək tamamilə ədalətli olar. Bu inanclar sisteminin özündə təkallahlılıq var. Sonrakı mərhələdə bu dini inanc Azərbaycan siyasi coğrafiyasında təkallahlılığı təbliğ edən dinləri qəbul etmək üçün ciddi idraki və əqli zəmin yaratdı. Çünki Allahın tək olduğu, əslində, tanrıçılıqdan qaynaqlanan fəlsəfə idi. Deməli, daha qədim tarixə nəzər saldıqda, yenə də dözümlülük və hər üç səmavi dinin fəlsəfəsini özündə birləşdirən milli inanc fəlsəfəsini görürük. Ona görə də, bu gün hər hansı səmavi dində, xüsusilə də, islam dinində olan müxtəlif məzhəblər Azərbaycanda dözümlülüklə qarşılanır. Azərbaycan təcrübəsində tolerantlıq nəinki fərqliliklərə dözümlə yanaşmaqdır, eyni zamanda, fərqlilikləri sevmək qədər ali bir dəyərdir. Bu, Azərbaycan sosial-ideoloji mühitinin ən səciyyəvi xüsusiyyətlərindən biridir. O səbəbdən, zaman-zaman məzhəb və din bazasında Azərbaycanda qarşıdurma yaratmaq istəyənlər buna nail ola bilməyiblər. Çünki Azərbaycan xalqı hər hansı səmavi dini qəbul edərkən təkcə onun rituallarını, fəlsəfəsini kor-koranə mənimsəmir, eyni zamanda, öz milli düşüncəsi ilə onu zənginləşdirir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edir ki, bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir. Bu, Azərbaycan milli dəyərlərinin daxili strukturunun izah olunması və milli yaddaşımızın ardıcıllığının öyrənilməsi baxımından olduqca dəyərli fikirdir. Yəni bizim milli dəyərlərimiz, yaddaşımız daha qədimdir, daha sonra onun üzərində dini dəyərlərimiz və yaddaşımız təşəkkül tapmışdır.

Multikulturalizmin Azərbaycan modelinin səciyyəvi xüsusiyyətləri

Azərbaycan xalqının milli dəyərlərini və yaddaşını şərtləndirən tək amil din deyil, burada mədəniyyət də mühüm daxili komponentlərdəndir. Dini fərqliliklərə dözümlülük müasir Azərbaycan multikulturalizminin bir ayağıdırsa, etnik və mədəni fərqliliklərə tolerantlıq isə ikinci ayağı təşkil edir. Üçüncü istiqamət isə mənəvi, dünyagörüşüsiyasi fərqliliklərə dözümlülükdür. Deməli, bu üç istiqamət Azərbaycan multikulturalizmini xüsusi model kimi səciyyələndirməyə imkan verir. Əslində, bunların alt qatında bu gün Qərbdən bizə xüsusi dəyər kimi təqdim edilən demokratiyanın özü var. Bu dəyərləri hüquqi müstəviyə transfer etsək, Azərbaycan vətəndaş cəmiyyəti institutlarının və hüquqi dövlətin əsasları ortaya çıxacaq. Dolayısıyla, Azərbaycan multikulturalizmi həm də özündə hüquqisiyasi mədəniyyəti ehtiva edir.

 Bu keyfiyyətlərin formalaşmasında müstəsna rol oynayan faktorlardan birisiyasi liderlikdir. Beş minillik dövlətçilik tarixinə malik olan Azərbaycanda müxtəlif dövrlərdə siyasi liderlər, məhz fərqliliklərə dözümlülüyün milli gücün əsas komponentlərindən birinə çevrilməsində həlledici rol oynayıblar. Bu, ilk növbədə, liderlərin müvafiq siyasi şərait formalaşdırması ilə əlaqədardır. Biz bunun ən bariz nümunəsini isə böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin liderliyində görmüş oluruq. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası multikulturalizmin siyasi hamisidir. Çünki azərbaycançılıq fəlsəfəsinin əsasında dinietnik baxışlar yoxdur. Azərbaycançılıq ideologiyasının əsasında milli həmrəylik və birlik və dövlətçilik fəlsəfəsi var. Bu isə, onu göstərir ki, azərbaycançılıq ideologiyası fərqliliklərin milli maraqlar naminə uzlaşmasını təmin edir. Ümummilli Lider Heydər Əliyev qeyd etmişdir ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Göründüyü kimi, burada həmrəylik və birlik, milli-mənəvi dəyərləri qoruyub-saxlamaq, dolayısıyla, milli maraqlardan çıxış etmək əsas fəlsəfə kimi çıxış edir. Belə olan halda, hər bir Azərbaycan vətəndaşı özünü eyni dərəcədə öz dövlətinə mənsub hesab edirya yaşadığı cəmiyyətlə identifikasiya edir. Bu isə, əslində, multikutural dəyərlərin bariz nümunəsidir.

Azərbaycan multikulturalizmi cəmiyyətdə yeni sosial immunitet formalaşdırdı

Ümummilli Lider Heydər Əliyev dövlət müstəqilliyinin əldə edilməsindən sonra fərqliliklərin dağıdıcı vasitəyə çevrilməsinə imkan vermədi. Bu, Azərbaycan multikulturalizminin keyfiyyətcə yeni mərhələsi idi. 1990-cı illərin əvvəlində Azərbaycanı parçalamaq istəyən müxtəlif mərkəzlər daha çox etnik separatizmə söykənən qarşıdurma ocaqları yaratmaq istəyirdilər. Fərqli etnik qrupları bir-birinə qarşı qoymaqla, Azərbaycanda fərqliliklərə söykənən qarşdurmaların yaradılması niyyətində idilər. Lakin bu, baş tutmadı, çünki yeni mərhələdə Azərbaycan multikulturalizmini mühafizə edən yeni siyasi ideologiya cəmiyyətə təqdim olundubir daha fərqliliklər milli həmrəliyi təmin edən, milli dəyərləri zənginləşdirən vasitəyə çevrildi.

XX əsrin sonu - XXI əsrin əvvəlində bu spesifik model cəmiyyətdə yeni sosial immunitet formalaşdırdı. Bu, həm də tolerantlıq nümunəsi olan Azərbaycan multikulturalizminin fərqi və əhəmiyyətini ortaya qoydu. Məlumdur ki, hazırda dünyada,  xüsusilə islam coğrafiyasında baş verən terror, qarşıdurma, milli dövlətlərin çökdürülməsi kimi hallar məhz etnik, dini və məzhəb fərqliliklərindən istifadə edilməklə baş tutur.  Fərqliliklərin milli dövlətləri sıradan çıxaran bir vasitəyə çevrilməsi Qərb imperializmi tərəfindən xüsusi bir model kimi ortaya çıxarılıb. Azərbaycan multikulturalizmi isə dayanıqlı sosial immunitet formalaşdırdığı üçün Qərbdən ixrac olunan dağıdıcı model cəmiyyətdə özünü doğrultmur, hədəflənən nəticələri vermir. Biz bu cür dağıdıcı cəhdlərin bir neçə dəfə şahidi olmuşuq, sonuncu belə məqam, məhz 2011-ci ildə müşahidə edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bu gün Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı. 2011-ci ildə, 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda "Ərəb baharı"nın yaranmasından söhbət açırdılar və deyirdilər ki, bu, qaçılmazdır. Burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışlar. Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üstünü açıb. Azərbaycanda "Maydan hərəkatı"nı yaratmaq istəyirdilər. Gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyonlarla dollar vəsait aşkarlanıb ki, qanunsuz yollarla, yerli "beşinci kolon"un vasitəsilə, qeyri-hökumət təşkilatları adı ilə Azərbaycana gətirilsin, vəziyyət gərginləşsin və burada bəzi xarici dairələrin xidmətində olan insanları da hakimiyyətə gətirsinlər. 2013-cü ilin əvvəlindən başlayaraq, bu proseslər daha da ciddi formalar almışdır. Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunub. Mən bunu açıq deyirəm. Mən bunu başqa cür qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işlərdə iştirak edə bilərdi".

Bu gün Azərbaycan cəmiyyəti özünü müdafiə edən xüsusi multikultural, kütləvi-ictimai və sosial-intellektual modelə sahibdir. Bu modelin yaradıcısı isə, qeyd etdiyimiz kimi, Ulu Öndər Heydər Əliyevdir. Əminliklə söyləmək olar ki, bu model növbəti mərhələlərdə də Azərbaycanı daha da gücləndirəcək. 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması da bu prosesə xüsusi təkan verəcəkdir.

 

 

 

Hikmət Babaoğlu

Milli Məclisin deputatı,

"Yeni Azərbaycan" qəzetinin Baş redaktoru

Səs.- 2016.- 7 may.- S.12-13