POLİETNİK VƏ ÇOXKONFESSİYALI DÖVLƏTİN MULTİKULTURALİZM SİYASƏTİ: AZƏRBAYCAN NÜMUNƏSİ

 

 

XX əsrin sonlarında məlum siyasi hadisələr postsovet məkanında, o cümlədən, Cənubi Qafqaz respublikalarında multikulturalizmin yeni modellərinin formalaşmasına gətirib çıxardı. Lakin bir sıra hərbi-siyasi və iqtisadi  xarakterli hadisələr Gürcüstanda millətlərarası münasibətlərin mövcud tarazlığını deformasiyaya uğratdı. Azərbaycanlıların, etnik azlıqların Ermənistandan kütləvi deportasiyası bu respublikanı faktiki olaraq, monoetnik dövlətə çevirdi. Öz növbəsində, Azərbaycan Respublikası ölkənin dağılma tendensiyasının qarşısını almağa, müxtəlif mədəniyyətləri və dinləri birləşdirən dövlət olaraq qalmağa nail oldu.

Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc yanaşı yaşama prinsipidir. Azərbaycan Respublikası polietnik və çoxkonfessiyalı dövlət olasa da, onun üçün fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyi bəsləmək, əlbəttə ki, təbiidir. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibət azərbaycanlıların mentalitetinə xasdır. Azərbaycan Respublikasında kompakt şəkildə müxtəlif etnosların nümayəndələri yaşayır və onların hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini, etnik özünüdərketmə və etnopsixologiyasını qoruyub-saxlayan unikal xüsusiyyətlərin daşıyıcılarıdır. Məhz Azərbaycanda dağ yəhudilərinin məskəni - Qırmızı Sloboda, Malakan kəndi İvanovka, udin kəndi Nic, öz dili, özünəməxsus adət və ənənələri ilə məşhur olan Xınalıq kəndi və başqa milli azlıqların yaşadığı onlarla belə məskənlər mövcuddur və onların hamısı Azərbaycan ictimaiyyətinin ayrılmaz hissəsidir. Etnik azlıqlara yerli əhali ilə bərabər mədəni hüquqlar və ölkənin mədəni irsindən istifadə hüququ verilmişdir.

Azərbaycanda mövcud olan mədəni simbioz və müxtəlif ənənələr maddi və mənəvi mədəniyyətin tarixi abidələrində həkk olunmuşdur. Belə ki, maddi mədəniyyət abidələrinin qorunması çərçivəsində Astara, Qax, Quba, Zaqatala və digər rayonların tarix-ölkəşünaslıq muzeylərində, həmin ərazilərdə yaşayan etnik azlıqların irsini və ənənələrini əks etdirən ekspozisiyalar təşkil olunur. Bu sahədə kitabxanalar da səmərəli fəaliyyət göstərir, burada milli azlıq nümayəndələrinin kitablarının təqdimatı keçirilirbu kitablar kitabxananın fonduna daxil olur.

Ölkə daxilində, eləcə də beynəlxalq arenada mədəniyyətlərarası ünsiyyətin tarazlı şəkildə qurulmasında, üç dini dövrdən - zərdüştlük, xristianlıq və islamdan keçən və öz şüuruna bunları həkk etdirən Azərbaycan xalqının tarixi yaddaşı vacib rol oynayır. Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə olan xüsusi modeli qurulmuşdur. Dövlət-din münasibətlərinin müasir Azərbaycan modeli çərçivəsində, bütün dinlər qanun qarşısında bərabər status almışlar. Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlət respublika ərazisində yayılan bütün ənənəvi dinlərə qayğı göstərir.

Məhz bütün deyilənlərin prizmasından çıxış edərək əminliklə deyilə bilər ki, bu gün multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək, bu prosesə mühüm töhfələr verib. Ona görə də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi heç də təsadüfi deyilbunun dərin tarixi kökləri varbu, bir çox obyektiv amillərdən qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdırıb. Ölkəmizdə heç vaxt dinietnik zəmində heç bir qarşıdurma olmayıb və bu proses indi uğurla davam etdirilir. İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü isə Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasisosial şəraitin mövcud olmasıdır.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu barədə deyib: "Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq, bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik".

Etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, bütün vətəndaşların bərabərliyini təmin edən milli siyasətin əsas müddəaları Azərbaycan Konstitusiyasında göstərilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının milli siyasət konsepsiyası, həmçinin aşağıdakı beynəlxalq sənədlərə əsaslanır: BMT-nin "İnsan haqları ümumi deklarasiyası", Avropa Şurasının "Əsas azadlıqların və hüquqların qorunmasına dair  konvensiyası", BMT-nin "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktı", "Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə İclasın Yekun Aktı", "ATƏT-in insan meyarları üzrə Konfransının Kopenhagen sənədi", Avropa Şurasının "Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası", Müstəqil Dövlətlər Birliyinin üzvləri tərəfindən qəbul edilmiş "Milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin edilməsi üzrə konvensiya".

Həmçinin, Azərbaycan Respublikasının milli siyasətinə həsr olunmuş dövlət sənədi - "Azərbaycan Respublikasında yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dilinin və mədəniyyətinin inkişafına dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmişdir. Başqa sözlə, milli azlıqların qorunması Azərbaycan rəhbərliyinin apardığı siyasətin əsas istiqamətlərindən biridir. Belə ki, Prezident Administrasiyasında milli siyasət və multikulturalizm üzrə dövlət müşavirliyi xüsusi struktur yaradılmışdır. Konstitusiya və qanunların verdiyi bərabər hüquqlarimkanlardan istifadə edərək, müxtəlif millətlərin nümayəndələri cəmiyyətin ayrı-ayrı sahələrində məhsuldar işləyərək, ölkənin inkişafına layiqli  töhfələr verirlər. Belə ki, milli azlıqlar Azərbaycan Respublikasının bütün dövlət hakimiyyətində təmsil olunmuşlar. Respublikanın milli parlamenti - Milli Məclisdə ölkənin bir sıra etnik azlıqları o cümlədən, rus, ləzgi, tat, talış və b. öz nümayəndələri ilə təmsil olunmuşdur. ATƏT-in Demokratik İnstitutlarİnsan Haqları üzrə Bürosubütün xarici müşahidəçilər Azərbaycanda, dövlət ərazisində yaşayan etnik azlıqların seçkilərdə iştirakı məsələsində hər hansı bir problemin olmadığını dəfələrlə qeyd etmişlər.

Beləliklə, respublikada müxtəlif etnik qrupların mövcudluğu üçün bütün mümkün şərait yaradılmışdır. Lakin burada, bir daha qeyd edilməlidir ki, bizim ölkəmizdə mədəni müxtəliflik etnik azlıqların, sadəcə cəmlənməsi kimi başa düşülmür, Azərbaycan ümummilli həmrəyliyin inkişafı üçün əlverişli mühitdir. Başqa sözlə, etnik, dini və digər mənsubiyyətindən asılı olmayaraq, ərazisində məskunlaşan hər bir vətəndaş Azərbaycanın sərvətidir.

Məhz bu baxımdan Prezident İlham Əliyev 2014-cü il oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki nitqində bu barədə deyib ki, multikulturalizm Azərbaycanda həyat tərzidir: "Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regiondadünyada gedən proseslərə müsbət təsirimizi göstərək".

Çox təəssüflər olsun ki, bu gün dünyada cərəyan edən proseslər onu göstərir ki, demokratiyanın beşiyi kimi göstərilən regionlarda, ölkələrdə multikultural dəyərlər dağılmaq üzrədir. Hazırda multikulturalizm tədricən ümumavropa probleminə çevrilməkdədir ki, bu da imiqrasiyainteqrasiya sahəsində siyasətlə bağlıdır. İmiqrasiya problemi iqtisadiyyatın yenidən qurulması, məşğulluq sahəsində böhran, şəhər seqreqasiyası, aşağı ixtisaslaşmaya malik olan işçilərin marginallaşması, təhsil sisteminin yenidən gözdən keçirilməsi zərurəti, rasizmin təzahürləri və s. kimi analoji ümumavropa problemləri ilə bir sırada durur. Multikulturalizm bütün bu problemlər üçün özünün, mübahisəsiz və qəti olmasa da, müəyyən həlli yolunu təklif edir. Onun zamanın çağırışına ümumavropa cavabına çevrilib-çevrilə bilməməsi məsələsini zaman göstərəcəkdir.

BMT-nin Ümumi İnsan Hüquqları Bəyannaməsinin azadlıq hüququ, milli və mədəni özünüidentifikasiya hüququ, milliyyət və ünsiyyət dili seçimi azadlığı, etiqad azadlığını bəyan etməsinə baxmayaraq, faktiki olaraq, bu hüquqlar öz qrup mənşələri etibarilə şifahi bəyannaməyə müncər edilir. Burada onu gündəlik təcrübə ilə möhkəmləndirmək hüququ da yoxdur. Bütün bunlara baxmayaraq, Avropa dövlətləri insan hüquqlarının üzərindən keçir, onları görməzdən gəlir və assimilyasiya layihələri irəli sürür. Məsələn, İtaliya məktəblərində xaç gəzdirmək və yerləşdirmək, İsveçrədə minarələrin tikilməsinə qadağa, etnik əlamətlərə görə dövri təqiblər (Fransadan qaraçılar, Böyük Britaniyadan irlandiyalılar), müxtəlif geyim növlərinə, dini simvollara qadağa, Fransada küçədə ibadət yasağı, buna qədər isə ictimai yerdə hicab daşımaq yasağı və s. diskriminasiyanın, rasizmin açıq-aşkar nümunələrindən bir neçəsidir.

Lakin multikulturalizmin beynəlxalq prinsipə çevrilməsində marağı olan Azərbaycan dünyada bu prosesə qarşı olan təhlükəni hiss edironun xilası naminə mühüm təşəbbüslər irəli sürür. Məsələn, 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olunmuşdu. Bu, tarixdə ilk dəfə baş verdi. 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına isə Avropa Şurasından mədəniyyət nazirləri qatılmışdı. "Bakı prosesi" adlanan bu təşəbbüs sonradan Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təkan verdi. Bu tədbirlər isə multikulturalizm ənənələrinin təbliğində Azərbaycanın əvəzsiz rolunu göstərdi. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə ölkəmizin tolerantlıq prinsiplərinə dönmədən sadiq qalmasının bariz nümunəsinə çevrildi.

Dövlətimizin başçısı 2015-ci il mayın 18-də Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı nitqində bu barədə deyib: "Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi. Multikulturalizmin alternativi yoxdur... Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək".

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verir. Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir neçə ölkəsində bu qəbildən silsilə tədbirlər keçirilir. Məsələn, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda keçirilən konfrans multikulturalizmin buya digər formada sıxışdırıldığı Avropanın gələcəyində onun əhəmiyyətini göstərirdi.

"Ekstremizmterrorçuluğa qətiyyətlə yox deməklə biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik... Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Dərin multikulturalizm köklərinə malik ölkə kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır", - deyə Mehriban Əliyeva həmin konfransda vurğulayıb.

Beləliklə, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. Bu il BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu da dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Digər tərəfdən, bu, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər verir.

 

 

Ağabəy Əsgərov

"Azərbaycan" Nəşriyyatının Baş direktoru,

YAP Siyasi Şurasının üzvü

Səs.- 2016.- 7 may.- S.8-9