"Heydər Əliyev Azərbaycan dövlətinin qurucusdur"

 

Bu mövzuda Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində  konfrans  keçirilmişdir

         

Dövlət Sərhəd Xidmətində xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümü münasibəti ilə tədbirlər keçirilir. Xüsusi tədbirlər planına əsasən, Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində yerləşən ideoloji mərkəzlərə, rayon mərkəzlərində yerləşən Heydər Əliyev mərkəzlərinə sərhədçi hərbi qulluqçuların ekskursiyaları təşkil olunur, hərbi hissələrdə konfranslar, tematik axşamlar, disputlar keçirilir, Ulu Öndərin nəsillərə nümunə olan həyat və fəaliyyəti barədə filmlər nümayiş etdirilir, mühazirələr oxunur.

May ayının 5-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində "Heydər Əliyev Azərbaycan dövlətinin qurucusdur" mövzusunda konfrans  keçirilmişdir. Konfransda millət vəkilləri Musa Qasımlı, Əflatun Amaşov, Tahir Mirkişili və "Srategiya" jurnalının redaktoru İbrahim Əliyev iştirak etmişlər.

Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin müşayiəti ilə dövlət himni səsləndikdən sonra Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilmişdir.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-mayor Əfqan Nağıyev "Heydər Əliyev Dövlət Sərhəd Xidmətinin yaradıcısıdır" mövzusunda məruzə ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Dövlət Sərhəd Xidmətinin yaradılması barədə imzaladığı Fərmanla Azərbaycan sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əlverişli zəmin yaradılmasını, Azərbaycanın dəniz sərhədlərinin mühafizəsinə xüsusi qayğı göstərməsini qeyd etmişdir.

Konfransda, həmçinin "Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətçiliyinin parlaq simvoludur" və "Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur"  mövzularında məruzələr dinlənilmiş, məruzələr ətrafında çıxışlar olmuşdur.

Çıxış edənlər Ulu Öndərin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışmış, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan, xalqımızın inkişaf və tərəqqiyə gedən yolunu daim nurlandıran, dövlətimizin gələcəyinə işıq saçan Azərbaycan dövlətçiliyinin əlçatmaz zirvəsi olduğunu xüsusi vurğulamışlar. Ulu Öndərin dövlət başçısı olduğu illərdə Azərbaycan xalqının keçdiyi böyük tarixi yola nəzər salınmış, görkəmli dövlət xadiminin respublikamızın güclü iqtisadi, sosial və hərbi potensialının yaradılması istiqamətindəki əvəzsiz xidmətləri minnətdarlıq hissi ilə yad edilmişdir. 

Konfrans iştirakçıları Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində fəaliyyət göstərən Heydər Əliyev Ideoloji Mərkəzinə baxış keçirmiş, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə tamaşa  etmişlər.

 

Nəzakət

Səs.- 2016.- 7 may.- S.10