Risklər və təhdidləri yenən
inkişaf strategiyasının memarı
Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir
ki, onun daim tədqiqinə ciddi ehtiyac vardır. Xüsusilə
müasir tarixi mərhələdə səmərəli
müstəqil dövlət quruculuğu modelinin
reallaşdırılması aspektində Ulu Öndərin zəngin
irsinin öyrənilməsi olduqca böyük əhəmiyyət
kəsb edir. Təcrübə göstərir
ki, postsovet məkanında ziddiyyətli və mürəkkəb
geosiyasi proseslər suveren ölkələr
qarşısına gözlənilməz, bir sıra hallarda isə
risklərlə dolu situasiyalar çıxarır. Tarixin bu cür qaranlıq dolanbaclarında yalnız
öncədən düzgün inkişaf strategiyası
seçmiş cəmiyyətlər bu yoldan sapmır, çətin
vəziyyətlərdən uğurla çıxa bilir. Məhz bu işdə millətin yetişdirdiyi dahi
liderlərin zəngin təcrübəsi və dövlətçiliyi
əhatə edən irsi əsas rol oynayır. Konkret ifadə edilsə, Heydər Əliyev elə
dühalardandır ki, onun əvəzolunmaz irsindən bəhrələnmədən
müstəqil dövlət quruculuğu, vətəndaş cəmiyyətinin
formalaşması perspektivləri və təhlükəsizliyin
təmini kimi aktual məsələləri həll etmək
mümkün deyil. Azərbaycanın
dövlət və cəmiyyət olaraq bu gün yüksəldiyi
səviyyənin təhlili həmin tezisin doğruluğunu tam
təsdiq edir.
Xarici
siyasət: geosiyasi risklərlə üz-üzə
Qlobal miqyasda müşahidə edilən geosiyasi proseslərin
dinamikasının bir sıra aspektləri kontekstində Azərbaycanın
daxili və xarici siyasətinin təhlili həm də Ulu
Öndərin Vətən üçün nə dərəcədə
əhəmiyyətli işlər gördüyünü bir
daha təsdiq etmiş olardı. Bir yazıda bu
geniş məsələnin bütün cəhətlərinə
toxunmaq mümkün deyil. Lakin aktual hesab
etdiyimiz bir sıra problemlər işığında müəyyən
tezislər ifadə etmək olar.
Hazırda
dünya siyasətini risklər və qeyri-müəyyənliklər
meydanı kimi təqdim edən siyasi liderlər, analitik və
ekspertlər kifayət qədərdir (bax: məs.,
Zbigniew Brzezinski. Toward a Global Realignment / "The
American Interest", aprel, 2016). Bu vəziyyət
birbaşa dünyanın müxtəlif regionlarında dövlətlərarası
münasibətlərə təsir edir. Əksər
hallarda isə müstəqilliyini əldə etmiş ölkələrin
suverenliyi xarici proseslərin təsiri altında çox məhdudlaşır.
Cənubi Qafqazda Ermənistan məhz bu kimi
ziddiyyətli proseslərə görə hazırda suverenliyini
tam itirmiş durumdadır. Bunun əsas səbəbi
odur ki, Ermənistanda müstəqil dövlət quruculuğu
konsepsiyasını müasir geosiyasi proseslərə uyğun,
strateji məqamları nəzərə alaraq işləyən
və reallaşdıra bilən şəxsiyyət yoxdur.
Azərbaycan xalqının taleyinə isə belə vəzifələrin
öhdəsindən ustalıqla gələn Heydər
Əliyev kimi şəxsiyyət qismət oldu. Ümummilli
Lider Azərbaycanın müstəqil və suveren dövlət
kimi fəaliyyətini təmin edən kursu hazırladı və
onu həyata keçirməyin bütün incə
yollarını layiqli davamçısı İlham Əliyevə
miras kimi qoya bildi. Sirr deyil ki,
Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze məhz
Heydər Əliyevin məsləhəti və siyasi
yardımı ilə öz ölkəsini məhv olmaqdan xilas
etdi. XX əsrin 90-cı illərində
sözün həqiqi mənasında Heydər Əliyev bu
qonşu ölkənin suverenliyi yolunda həyati əhəmiyyətli
addımlar atdı. Bunu Eduard Şevardnadze
dəfələrlə etiraf edib. İndi
geosiyasi kataklizmlərin tüğyan etdiyi bir mərhələdə
də Azərbaycan Gürcüstanın bir sıra aspektlərdə
təhlükəsizliyi üçün ciddi işlər
görür.
Geosiyasi risklərin baş alıb getdiyi bir zamanda Heydər
Əliyevin Azərbaycanın suverenliyini tam təmin edən
kurs qoyub getməsi, yuxarıdakı fikirlərdən
göründüyü kimi, həm də regional əhəmiyyətli
bir hadisədir. Əgər Azərbaycanın tam müstəqil
siyasət yeritməsi ilə yanaşı, Gürcüstan qismən
də olsa, müstəqil davrana bilməsəydi, hazırda Cənubi
Qafqazda geosiyasi vəziyyət və təhlükəsizlik
olduqca acınacaqlı durumda olardı. Ciddi
geosiyasi, hərbi və təhlükəsizlik riskləri ilə
üz-üzə qalmış bir regionda
dağıdıcı qüvvələr milyonlarla insanları
məhvə aparardı. Burada bir müqayisə
aparmağa ehtiyac duyuruq.
Keçən əsrin 90-cı illərində birbaşa
Heydər Əliyevin siyasi iradəsi və peşəkar
diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan
layihəsi reallaşdı. O zaman Heydər Əliyev bilirdi ki, gələcəkdə
bu başlanğıc region üçün çox vacib
proseslərə təkan verəcək. Doğrudan da, indi
görürük ki, Bakı-Tbilisi-Ceyhan olmasaydı, dünya əhəmiyyətli
enerji layihələrinin reallaşması olduqca çətin
bir iş olacaqdı.
Bunu daim xatırladan Prezident İlham Əliyev Ulu Öndərin
təməlini qoyduğu kursun nə dərəcədə səmərəli
nəticələr verdiyini əsaslandırır. Qərb də indi dərk
edir ki, TAP, TANAP, "Cənub qaz dəhlizi", "Yeni
İpək Yolu" və başqa strateji əhəmiyyətli
layihələrin bünövrəsini Heydər Əliyevin
uzaqgörən dövlət quruculuğu kursu təşkil
edir. Təsadüfi deyil ki, Qərb ölkələrinin
liderləri Azərbaycanın təşəbbüslərini təşəkkürlərlə
qarşılayırlar.
Bu məqamda
Heydər Əliyevin ölkəmiz üçün
ağır olan zamanlarda bir xarici jurnalistin məzmunlu "Zaman
kimin xeyrinə işləyir – Ermənistanın, yoxsa Azərbaycanın?"
kimi sualına çox inamlı qısa cavabını
xatırlamağa dəyər: "Baxarıq". Şübhə yoxdur ki, onda Ulu Öndər bu
günləri görürdü və bilirdi ki, Ermənistan
dövrün ruhuna zidd olan təcavüzkar siyasəti ilə
uzağa gedə bilməyəcək. Gec-tez
Azərbaycan onu bütün sahələrdə üstələyəcək
və qalib gələcək. İndi
heç bir regional layihədə iştirak edə bilməyən
Ermənistanın mövqeləri getdikcə zəifləyir.
Deməli, Ulu Öndər Azərbaycanın dövlət
kimi taleyini və gələcək nəsillərin azad ölkədə
yaşamasını düşünərək hərəkət
edib. O, şəxsi
həyatını böyük risklərə ataraq nəzərdə
tutduğu enerji və iqtisadi layihələri, siyasi
islahatları və dövlət quruculuğunun bütün
aspektlərini müstəqil Azərbaycanın yaşaması
naminə həyata keçirməkdən çəkinmədi.
Burada Uinston Çörçillin "dövlət xadimi gələcək
nəsilləri düşünərək fəaliyyət
göstərir", deyiminin tam yerinə
düşdüyünü vurğulamaq istərdik.
Aydın olur ki, indi qlobal siyasətin təlatümlü
dinamikasının Cənubi Qafqaza dağıdıcı təsirinin
qarşısını almaqda Heydər Əliyevin keçən
əsrin 90-cı illərində hazırladığı
siyasi kurs kömək edir. Bunun sayəsində
böyük enerji layihələri həyata keçə bilir,
regionun təhlükəsizlik sisteminin formalaşması
üçün addımlar atmaq mümkün olur. Bu aspektdə İlham Əliyevin təşəbbüsü
ilə yeni əməkdaşlıq formatlarının həyata
keçirilməsi olduqca əhəmiyyətlidir. Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan,
Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Türkmənistan
kimi formatlar öz səmərəsini verməkdədir.
Bu formatlar regionda yeni geosiyasi qüvvələr
balansını yaratmaq üçün vacibdir (Zbiqnev
Bjezinskinin qlobal miqyasda yeni qüvvələr balansının
formalaşdırılması zərurətindən bəhs
etdiyini xatırlayaq: bax: əvvəlki mənbəyə). Deməli, burada söhbət Ulu Öndərin
balanslaşma siyasətinin daha da inkişaf etdirilməsindən
gedir. Prezident İlham Əliyev tərəfindən
bu kursa yeni şərtlər daxilində yeni məzmun verilməsi
prosesi gedir.
Həmin sırada Azərbaycanın Qərb, Rusiya,
Çin və başqa böyük dövlətlərlə əməkdaşlığa
dövrün tələblərinə uyğun yeni məzmun
verməsi mütləq vurğulanmalıdır. Avropa
İttifaqı ilə Azərbaycan münasibətlərini bərabərhüquqlu
tərəfdaşlar kimi qurmaqda davam edir. Digər
postsovet ölkələrindən fərqli olaraq, rəsmi
Bakı Brüsselin təklifləri ilə qeyd-şərtsiz
razılaşmır. Prezident İlham
Əliyev Azərbaycanın suverenliyinə, milli maraqlarına,
dövlət müstəqilliyi prinsipinə uyğun strateji əməkdaşlıq
modeli təklif edib. Əvvəllər avropalı
siyasətçilər bir qədər narazı qalsalar da, son
zamanlar bu təşəbbüsün hər iki tərəf
üçün faydalı olduğunu açıq etiraf edirlər
ki, bu istiqamətdə də konkret fəallıq hiss
olunmaqdadır. Burada Ulu Öndər Heydər
Əliyevin müstəqil siyasət kursunun ruhu vardır.
Onu İlham Əliyev son dərəcə səmərəliliklə
inkişaf etdirir.
Ölkənin
imici: xarici səfərlər və beynəlxalq təşkilatlardakı
fəallıq
Bu kontekstdə Azərbaycanın beynəlxalq aləmdə
nüfuzunun durmadan yüksəldiyinə dəlalət edən
faktları vurğulamaq yerinə düşərdi. Heydər
Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə
çoxlu sayda xarici səfərlər edib. Ulu Öndərin bu sahədə fəaliyyəti
dünyanın müxtəlif regionlarında yerləşən
dövlətləri əhatə edirdi. Təbii
ki, Heydər Əliyev bölgə ölkələrinə səfərlərə
də ciddi önəm verirdi.
Onun
Rusiyaya, İrana, Gürcüstana və Türkiyəyə məhsuldar
səfərləri daim yaddaşlarda qalacaq. Heydər Əliyev
həmin ölkələrin rəhbərləri ilə aktual
problemləri müzakirə edir və müsbət nəticəyə
nail olurdu. Bu sırada Ulu Öndərin İran və
Rusiya başçıları ilə mütəmadi
görüşləri Azərbaycanın regionun geosiyasi
dinamikasında rolunu xeyli yüksəltdi. Gürcüstanla
isə strateji tərəfdaşlığın müxtəlif
aspektləri daha konkret məzmun kəsb etdi. Məsələn, Azərbaycan sərmayəsinin
qonşu dövlətə axını, enerji və nəqliyyat
sahəsində əməkdaşlığın inkişaf
prinsipləri məhz Heydər Əliyevin təşəbbüsləri
ilə konkretləşdi.
Türkiyə ilə əlaqələrə isə Ulu
Öndər xüsusi önəm verirdi. Onun "Bir
millət, iki dövlət" tezisi qardaş ölkə ilə
əməkdaşlıqda istiqamətverici rol oynamaqdadır.
Ankara ilə Bakı indi də
qarşılıqlı münasibətlərini bu tezisin
üzərində qururlar. Təcrübə
göstərdi ki, Heydər Əliyevin başladığı
bu yol hər iki dövlət üçün strateji əhəmiyyətə
malikdir. Hazırda Türkiyə ilə Azərbaycan
birgə iqtisadiyyat, enerji, nəqliyyat, ticarət və təhlükəsizlik
sahələrində olduqca vacib layihələr
reallaşdırırlar.
Bütün bunların fonunda Heydər Əliyevin Qərb
ölkələri və Çinlə əlaqələrin
inkişafına xidmət edən fəaliyyəti maraq kəsb
edir. Ulu
Öndər Avropa dövlətlərinin paytaxtlarına (Paris,
London, Berlin, Brüssel və s.) və ABŞ-a
səfərləri zamanı Azərbaycanla əməkdaşlığın
strateji əhəmiyyətini onlara anladırdı. Bunun nəticəsində Qərb enerji təhlükəsizliyi,
mədəni əməkdaşlıq, ticari-iqtisadi əlaqələr
sahəsində Azərbaycanla yaxından əməkdaşlıq
etməyə başladı.
Özü də bunlar Heydər Əliyevin beynəlxalq təşkilatlarda
Azərbaycanın fəallığını artırması
fonunda baş verirdi. Bunun təsdiqi kimi, Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasında Azərbaycanın xeyrinə 4 qətnamənin
qəbul edilməsini göstərə bilərik. Sonralar onların yerinə yetirilməsinə əngəllər
yaradılsa da, faktın özü Azərbaycan
üçün çox əhəmiyyətli idi.
Nəticədə,
həm Qərblə bərabərhüquqlu əməkdaşlıq
yarandı, həm Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin real məzmunu dünyaya
çatdırıldı, həm də beynəlxalq təşkilatlarda
Bakının səsi daha ucadan eşidilməyə
başlandı. Şübhə yoxdur ki,
İlham Əliyevin aktiv diplomatik fəaliyyəti nəticəsində
2003-cü ildən başlayaraq əldə olunan uğurlarda
Heydər Əliyevin həmin fəaliyyətinin çox ciddi
rolu vardır.
Belə ki, Azərbaycan AŞPA-da İlham Əliyevin rəhbərliyi
ilə fəallığını daha da artıraraq Ermənistanın
təcavüzkarlıq siyasətini pisləyən sənədlər
qəbul etdirməyə nail oldu. Azərbaycan BMT çərçivəsində
də Heydər Əliyevin əsasını qoyduğu kursa
uyğun aktiv surətdə işlər gördü. Bunun da nəticəsi olaraq Azərbaycan BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçildi. Bu, sözün həqiqi mənasında böyük
uğur idi. Nəzərə alaq ki, Azərbaycan
bu yeri Ermənistan da daxil olmaqla bir neçə ölkə ilə
rəqabətdə qazandı.
Ulu Öndərin Azərbaycan üçün ərazi
bütövlüyünün təmin edilməsi ilə
bağlı qarşıya qoyduğu vəzifələri
İlham Əliyev dönmədən və qətiyyətlə
yerinə yetirməkdədir. Bunun üçün
beynəlxalq təşkilatların tribunasından maksimum
istifadə edilir. Heydər Əliyev
böyük səbir və diplomatik ustalıqla hər bir
fürsətdə bu problemin əsl mahiyyətini xaricdə
anladırdı. Onun BMT, İƏT, Aİ, AŞPA və
başqa təşkilatlardakı
çıxışlarında Dağlıq Qarabağ məsələsi
daim yer alırdı. İlham Əliyev bu istiqaməti daha da
inkişaf etdirib və hazırda bütün dünya kimin kim olduğunu yaxşı bilir.
İstanbulda
keçirilən "Böyük İyirmilik" (G20) ölkələrinin
liderlər sammitində, Münxen təhlükəsizlik
konfransında, İslam Əməkdaşlıq Təşkilatının
İstanbul zirvəsində, Londonda Suriyaya həsr edilmiş
beynəlxalq konfransda, nüvə təhlükəsizliyi ilə
bağlı Vaşinqtonda təşkil edilən sammitdə,
Bakıda "Cənub qaz dəhlizi" ilə bağlı
keçirilən tədbirdə, yenə Bakıda BMT-nin
Sivilizasiyalar Alyansının qlobal forumunda və digər tədbirlərdə
Prezident Ermənistanın Azərbaycana təcavüzü nəticəsində
yaranmış vəziyyəti geniş izah edib.
Həmin kontekstdə Azərbaycanın beynəlxalq təşkilatlar
çərçivəsində son illər atdığı
addımlar diqqəti çəkir. Bu istiqamətdə
atılan addımlar göstərir ki, Azərbaycan
diplomatiyasının beynəlxalq təşkilatlar çərçivəsində
fəaliyyəti əsas olaraq Dağlıq Qarabağ
münaqişəsinin ölkəmizin suverenliyi, ərazi
bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədləri çərçivəsində
həll edilməsinə yönələn beynəlxalq səylərin
gücləndirilməsinə köklənib.
Bu faktın təsdiqi təkcə 2015-ci ildə beynəlxalq
təşkilatların qəbul etdikləri qərarlarda öz əksini
tapıb. Onların bir neçəsini xatırlatmaq yerinə
düşərdi. 2015-ci il mayın
27-28-də İslam Əməkdaşlıq Təşkilatının
Nazirlər Şurasının iclası keçirilib və
orada "Ermənistan Respublikasının Azərbaycan
Respublikasına qarşı təcavüzü" adlı qətnamə
qəbul olunub. Sənəddə Ermənistanın
Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində
ölkəmizin ərazilərinin işğal edilməsi qətiyyətlə
pislənilib. Bununla yanaşı,
münaqişənin Azərbaycanın dövlət suverenliyi
və ərazi bütövlüyünün təmini prinsipləri
əsasında həllinin zəruriliyi də vurğulanıb.
Avropa
İnsan Hüquqları Məhkəməsi 2015-ci il 16 iyun tarixli qərarı ilə Ermənistanın
Azərbaycan ərazilərini işğal etməsi
faktını təsdiqləyib. Eyni zamanda,
Dağlıq Qarabağda yaradılmış qondarma quruma
Yerevanın həlledici təsirə malik olduğu və
işğal edilmiş ərazilərə faktiki olaraq Ermənistanın
nəzarət etdiyi göstərilib. Bununla da Avropa
İnsan Hüquqları Məhkəməsi işğal
faktını hüquqi əsaslandırıb (bax: Xarici
İşlər Nazirliyinin 2015-ci ilin yekunlarına dair mətbuat
buraxılışı / AZƏRTAC, 12 yanvar 2016). Bu, çox mühüm nailiyyətdir, çünki
Azərbaycanın hüquqi olaraq öz torpaqlarını
işğaldan azad etməsinə beynəlxalq səviyyədə
əsas verir.
Yuxarıda
vurğulanan kontekstdə 2015-ci il iyulun 5-9-da keçirilmiş
ATƏT-in Parlament Assambleyasının iclasında qəbul edilən
"ATƏT məkanında dövlətlərarası
münasibətlərdə Helsinki Prinsiplərinə sadiqlik
haqqında" qətnamə də xüsusi əhəmiyyət
kəsb edir. 2015-ci il noyabrın 4-də isə AŞPA-nın
siyasi məsələlər və demokratiya komitəsi
"Dağlıq Qarabağ və Azərbaycanın
işğal olunmuş digər ərazilərində
zorakılığın artması" adlı qətnamə
layihəsini təsdiq edib ki, burada da Ermənistanın Azərbaycan
ərazilərini 20 ildən artıq müddətdə
işğal altında saxlaması pislənilib. Sənəddə
Ermənistanın Azərbaycana qarşı
yürütdüyü hərbi təcavüz və etnik təmizləmə
siyasətinin qəbuledilməz olduğu qeyd olunub (bax: əvvəlki
mənbəyə).
Bunlarla yanaşı, 2016-cı ildə İslam Əməkdaşlıq
Təşkilatının İstanbul zirvəsində Azərbaycanla
bağlı vacib qərarlar qəbul olunub. Yekun bəyannamədə
Azərbaycanın ərazi bütövlüyünün
qeyd-şərtsiz təmin edilməsi zərurəti və təşkilata
daxil olan dövlətlərin bu məsələdə
Bakıya yadım edəcəyi vurğulanıb. Bu, sözsüz ki, Heydər Əliyev siyasətinin
layiqli davamçısı İlham Əliyevin böyük
diplomatik uğurudur.
Bununla yanaşı, dövlət başçısı
ərazi bütövlüyünün mütləq təmin
ediləcəyi və düşmənə bir qarış da
olsun torpaq verilməyəcəyini açıq bildirib. Aprel ayında
olan 4 günlük müharibə bu aspektdə dünyaya və
Ermənistan rəhbərliyinə çox məqamları
çatdırdı.
Bunlarla yanaşı, Azərbaycan son 10 ildə enerji sahəsində
strateji əhəmiyyətli addımlar atdı. Bakı bir
neçə layihələrin təşəbbüskarı
olaraq qlobal miqyasda enerji təhlükəsizliyinin əsas təminatçılarından
biri statusuna yüksəldi. Bu barədə
ABŞ və Aİ rəsmiləri dəfələrlə
fikirlərini bildiriblər. Şübhə
yoxdur ki, bundan sonra da Azərbaycan Prezidenti xarici siyasətdə
yeni-yeni uğurlara imza atacaq. Ulu Öndərin
əsasını qoyduğu xarici siyasət kursu ölkəni
yeni zirvələrə yüksəldəcək.
O cümlədən
Azərbaycanın sivilizasiyalar və mədəniyyətlər
arasında dialoqun baş tutmasında oynadığı rol
daim artacaq. Artıq bunun bir sıra müsbət
nəticələri göz önündədir. Bu məsələ bütövlükdə
multikultural dəyərlərin qorunması, müasir ideoloji
konseptin hazırlanması və ölkə daxilində sabit
sosial siyasətin yeridilməsi ilə sıx
bağlıdır.
Sivilizasiyalararası
əməkdaşlıq, multikulturalizm və sosial rifah: Azərbaycan
modeli
Müasir Azərbaycan üçün böyük əhəmiyyəti
olan ideoloji konseptin – azərbaycançılığın
yeni tarixi şəraitdə banisi məhz Heydər
Əliyevdir. Azərbaycançılıq milliliklə beynəlmiləlin
sintezi olan ideoloji prinsiplərə söykənir. Ulu Öndər yeni əsr və
üçüncü minilliyin gəlişi ilə
bağlı Azərbaycan xalqına müraciətində həmin
ideoloji sistemin mühüm aspektlərini dəqiq ifadə edib.
Onların sırasında azərbaycanlıların
harada olmasından asılı olmayaraq köklərinə,
dilinə, mədəniyyətinə, dövlətçiliyinə
sadiqliyi, Vətən sevgisi, vətənpərvərliyi
vurğulamaq olar. Eyni zamanda, Ümummilli
Lider azərbaycanlıların fərqli mədəniyyətlərə
açıq olmasını, başqa xalqların mədəniyyətini
əxz etməsini, fərqli dinlərə tolerant
yanaşmasını vacib sayırdı. Bu
müddəalarda Azərbaycanın dövlət və cəmiyyət
olaraq əhəmiyyətli özəllikləri öz əksini
tapıb.
Bir tərəfdən, Azərbaycan vətəndaşı
öz milli keçmişinə bağlı olmalı, digər
tərəfdən isə, fərqli mədəniyyət və
din sahiblərinə tolerant münasibət göstərməli
və onların mədəni dəyərlərini öyrənməlidir. Bu, XXI əsr
üçün ciddi ideoloji istiqamətlərdir. Onlar dövlət siyasətinin tərkib hissəsinə
çevrildikdə isə çox yüksək nəticələr
əldə etmək mümkündür. Təsadüfi
deyil ki, Prezident İlham Əliyev məhz Ulu Öndərin
müəyyənləşdirdiyi prinsiplər üzrə Azərbaycanı
sivilizasiyalar, mədəniyyətlər və dinlərarası
əməkdaşlığın məkanına çevirdi.
Bu prosesin təkanverici qüvvəsi Ulu Öndərin
müəyyənləşdirdiyi ideoloji prinsiplərdir.
İndi Azərbaycan cəmiyyətinin özü
tolerantlıq, fərqli mədəniyyətə və dinə
sahib insanların birgə yaşaması sahəsində
nümunəvi modeldir. Konstitusiyamızda əks olunan bir sıra
müddəalar bunun hüquqi sübutudur. Əsas
Qanunun 18-ci maddəsində qeyd edilir ki, "bütün dini
etiqadlar qanun qarşısında bərabərdir".
21-ci maddədə vurğulanır: "Azərbaycan
Respublikası əhalinin danışdığı başqa
dillərin sərbəst işlədilməsini və
inkişafını təmin edir". 25-ci maddədə ifadə
olunub: "Dövlət irqindən, milliyyətindən, dinindən,
dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən,
qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar
ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən
asılı olmayaraq hər kəsin hüquq və
azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş
hüquqlarını və azadlıqlarını irqi, milli,
dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial
mənsubiyyətə görə məhdudlaşdırmaq
qadağandır".
Azərbaycan Konstitusiyasında mədəniyyət və
milli mənsubluqla bağlı xüsusi maddələr
vardır.
40-cı maddədə deyilir: "I. Hər kəsin mədəni
həyatda iştirak etmək, mədəniyyət təsisatlarından
və mədəni sərvətlərdən istifadə etmək
hüququ vardır. II. Hər kəs tarixi, mədəni
və mənəvi irsə hörmətlə yanaşmalı,
ona qayğı göstərməli, tarix və mədəniyyət
abidələrini qorumalıdır". 41-ci
maddədə isə təsbit edilib ki, "I. Hər kəsin
milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır.
II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə
məcbur edilə bilməz". Bunlardan başqa, 45-ci
maddədə hər kəsin öz ana dilindən istifadə
etmək və təhsil almaq hüququnun olduğu bildirilir
(bax: Azərbaycan Respublikasının Konstitusiyası, 12 noyabr
1995-ci il / "http://www.president.az").
Bütün bunlar müasir dövrün tələblərinə
tam uyğun olan hüquqlardır və onlar konkret olaraq
reallaşır. Bu Konstitusiyanın memarı isə Ulu
Öndər Heydər Əliyevdir. Onun bu cür demokratik
və hüquqi cəhətdən mükəmməl
Konstitusiya yaratması Azərbaycanı qısa müddətdə
mədəniyyətlərin, sivilizasiyaların və dinlərin
ortaq dildə "ünsiyyət qurduğu" bir məkana
çevirmək imkanı verdi.
Sadəcə bir neçə nümunə ilə
fikrimizi əsaslandıra bilərik. Bu gün Azərbaycanda
2054 məscid, 13 kilsə var. Ölkəmizdə
xristianlığın ayrı-ayrı cərəyanlarının
icmaları sərbəst şəkildə fəaliyyət
göstərir. Dünyada yəhudilərin
azad şəkildə öz dini inanclarını icra etdiyi
ölkələr içərisində Azərbaycan birinci yerdədir.
Azərbaycan, demək olar ki, yəhudilərin
İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət
göstərdiyi ölkədir. Azərbaycanda
7 sinaqoq, 4 gürcü kilsəsi fəaliyyət göstərir.
Hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə
baxmayaraq, Bakıda erməni kilsəsi qorunub saxlanılır
(bax: Azərbaycançılıq ideyasının banisi /
"Azərbaycan" qəzeti, 7 may 2016).
Başqa bir misal kimi Azərbaycanda sivilizasiyalar, dinlər
və mədəniyyətlərarası əməkdaşlığa
həsr edilmiş çoxlu sayda beynəlxalq tədbirlərin
keçirilməsini göstərə bilərik. Bu sırada "Bakı
prosesi"ni, III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunu, Bakı Humanitar Forumunu, BMT-nin Sivilizasiyalar
Alyansının VII Forumunu və digərlərini vurğulaya
bilərik. Onu deyək ki, bu istiqamətdə
Heydər Əliyev Fondu çox böyük işlər
görür. Fond Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə çoxlu sayda mötəbər
tədbirlər keçirib. Onlardan yalnız bir neçəsini
xatırladaq: "Heydər Əliyev və Azərbaycanda din
siyasəti: gerçəkliklər və perspektivlər"
adlı beynəlxalq konfrans (3-4 aprel 2007-ci il), "Mədəniyyətlərarası
dialoq Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün əsasıdır"
mövzusunda konfrans (2 dekabr 2008-ci il), "Dinlərarası
dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa
doğru" mövzusunda beynəlxalq konfrans (6-7 noyabr 2009-cu
il), "Sivilizasiyalararası dialoq: Azərbaycandan
baxış" adlı konfrans (11 noyabr 2009-cu il), Dünya
Dini Liderlərinin Bakı Sammiti (26-27 aprel 2010-cu il) və s.
2016-cı
ildə isə "Dövlət və din: qloballaşan
dünyada tolerantlığın gücləndirilməsi"
mövzusunda II Beynəlxalq Bakı Forumunun keçirilməsi
planlaşdırılıb. Bu, Prezident İlham Əliyevin
2016-cı ili "Multikulturalizm ili" elan
etməsi çərçivəsində həyata
keçirilməli olan tədbirlər sırasındandır.
Bizcə, yuxarıda göstərilən nümunələr tam təsdiq edir ki, Azərbaycan sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında real dialoqun, əməkdaşlığın qurulmasına ciddi töhfələr verir. Dövlət başçısı bu istiqamətdə çox vacib addımlar atır. Şübhəsiz ki, bütün bunlar Heydər Əliyevin uzaqgörən siyasətinin birbaşa nəticəsidir.
Yeri gəlmişkən, onu xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyevin yaratdığı Azərbaycanın sosial dövlət konsepsiyası bütün uğurların əldə olunmasında ciddi rol oynayıb. Çünki sosial sahədə insanların rifahı təmin olunmasa, ölkədə sabitliyə çox böyük çətinliklə nail olunardı. Bu səbəbdən Ulu Öndər sosial sabitlikdən innovativ inkişafa aparan dəqiq kurs müəyyən etdi. Lakin bu cür keçid, bir qayda olaraq, cəmiyyətin zəif təminatlı təbəqəsinin durumuna mənfi təsir göstərə bilərdi.
Ulu Öndər bu məqamı ciddi nəzərə alaraq müstəqilliyin ilk illərində xüsusi vurğulamışdı: "Biz yaxşı bilirik ki, aparılan iqtisadi siyasət, həyata keçirilən islahatlar iqtisadiyyatı ümumən inkişaf etdirməklə yanaşı, aztəminatlı təbəqənin vəziyyətinə müəyyən qədər mənfi təsir göstərir. Ona görə də biz islahatlarımızın sosial yönümünə xüsusi fikir veririk və bundan sonra da bu, bizim diqqət mərkəzimizdə olacaqdır" (bax: Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin Andiçmə mərasimində nitqi, 18 oktyabr 1998-ci il / "http://lib.aliyev-heritage.org").
Bu yanaşmanın müsbət bəhrələrini Azərbaycan xalqı hər zaman görürdü. 1996-cı ildə pensiya və müavinətlər 50% artırıldı, 1997-ci ilin avqust ayında əlilliyi olan şəxslərin, tənha ahıl vətəndaşların, sosial pensiyaçıların pensiyalarına əlavə müavinətlər hesablandı, 1998-ci ilin avqust ayında şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiya məbləğləri 2 dəfədən çox artırıldı, 2000-ci ilin əvvəlindən pensiya və müavinətlərin ümumi məbləğinin minimum həddi 50 min manata çatdırıldı, 2001-ci ilin əvvəlindən 20 Yanvar əlillərinin və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olanların pensiyalarına hesablanan aylıq müavinətləri orta hesabla 1,5 dəfə, aztəminatlı ailələrdə uşaq doğularkən verilən birdəfəlik müavinət 1,4 dəfə, dəfn üçün müavinət 1,5 dəfə, üç uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinət orta hesabla 1,8 dəfə artırıldı.
Bununla da Heydər Əliyevin nəzərdə tutduğu sosial sabitliyə nail olundu. Sonrakı mərhələdə müasir innovasiyaların tətbiqi reallaşmalıdır. Bu istiqamətdə də Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Burada dövlət başçısının sosial islahatlarla innovativ inkişafın sintezini təmin etdiyi aydınlaşır. Belə ki, islahatlar kursu ölkədə son 12 ildə iqtisadiyyatda 3,4 dəfə artıma nail olmağa imkan verdi. Qeyri-neft sektorunun ÜDM-də payı 70%-i keçib. Əhalinin gəlirləri 7 dəfə artıb. Orta aylıq əməkhaqqı 5,6 dəfədən çox artıb. Bu, cari ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çoxdur. Pensiyaların orta aylıq məbləği 10,3 dəfədən çox artaraq 18,4 manatdan 190 manata çatıb. O cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği hazırda 210,8 manat təşkil edir ki, bu da MDB məkanı üçün yüksək göstəricidir.
Bunların fonunda Azərbaycan yeni informasiya-kommunikasiya texnologiyalarını intensiv surətdə mənimsəyir və tətbiq edir. İndi Azərbaycan kosmik fəzada süni peyki olan dövlətlər sırasındadır. Ölkə başçısı "elektron hökumət" yaratmaq istiqamətində davamlı addımlar atır. "ASAN xidmət" mərkəzi artıq dünyada Azərbaycanın brendinə çevrilib. May ayının 4-də Prezident İlham Əliyev "ASAN Kommunal" mərkəzlərinin yaradılması haqqında da sərəncam imzalayıb.
Bir sözlə, müasir innovasiya elementləri ölkə həyatına sürətlə daxil olmaqdadır. Heydər Əliyevin arzuladığı və reallaşması üçün bütün əsasları hazırladığı müasir, innovasiyalı inkişafa nail olmuş Azərbaycan artıq dünyada öz sözünü daha əminliklə deyir.
Prezident İlham Əliyevin bu sahədə Ulu Öndərin siyasətini daha da inkişaf etdirərək, yeni uğurlar qazanacağına şübhə yoxdur. Təsadüfi deyil ki, dünya maliyyə böhranı ilə mübarizə apardığı bir vaxtda Azərbaycan sosial-iqtisadi, enerji, ordu quruculuğu, yeni texnologiyalara yiyələnmək və başqa perspektivli layihələrini uğurla reallaşdırmaqdadır.
Biz heç zaman unutmamalıyıq ki, bu sabit və
dönməz inkişaf strategiyasının müəllifi Heydər
Əliyevdir. Ulu Öndərin böyük əsəri olan
müstəqil Azərbaycan həmişə Günəş
kimi parlayacaq. Deməli, Heydər Əliyev imzası da daim
yüksəklərdə olacaqdır!
Məmmədov Novruz
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr
şöbəsinin müdiri, səfir, Yeni Azərbaycan
Partiyası Siyasi Şurasının üzvü
Səs.- 2016.- 11 may.- S.11-12