Saatlar Saatlının xeyrinə işləyir

 

           

         

          Qədim və qədim olduğu qədər də zəngin tarixə malik olan müqəddəs Azərbaycan yurdunun əsrarəngizliyi hər zaman özünəməxsusluğu ilə seçilib. Ümumiyyətlə, Azərbaycanın hər bir bölgəsinə aid olan özəlliklər və seçkinliklər daim etnoqrafların, arxeoloqların, tarixi araşdırmaçıların diqqət mərkəzində olub. Belə bölgələrimizdən biri də qədim Saatlı rayonudur. Aparılan tarixi araşdırmalardan bəlli olub ki, bu etnonim  XIV əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranıb. Əvvəllər Arpaçayın aşağı axarı və Arazın sağ sahilində yaşayan saatlılıların xeyli hissəsi XV əsrin 30-cu illərindən qonşu ərazilərə köç ediblər. Saatlıların bir qismi Qazax zonasında, digər hissəsi isə 1795-1798-ci illərdə Qarabağda məskunlaşmışdılar. Eyni zamanda, Saatlı tayfası adı Çuxur Səəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin – Saadlı tayfasının etnik adıdır.

          Beləlkilə, aparılan arxeoloji qazıntılardan, o cümlədən tarixi araşdırmalardan məlum olub ki, yayı quraq keçən, ilboyu mülayim isti hava şəraitinə malik olan, yarımsəhra və quru çöl iqliminə məxsus müasir Saatlı rayonu ərazisində qədim dövrə aid yaşayış məskənlərini mövcud olub. Hətta bu tarix eramızan əvvəlki dövrlərə belə təsadüf etməkdədir. Məsələn, Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxankənd, Əlisoltanlı kəndlərində e. ə. II-III minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılıb. Ümumiyyətlə, Saatlı rayonunun qədim tarixinə nəzər saldıqca bir çox maraqlı aspektlər diqqəti cəlb edir. Araşdırmaçı-alimlər bu günrayounun tarixi ətrafında davamlı işlər aparmaqdadırlar.

          Saatlının müasir tarixi də həmin ərazinin yaşayış üçün kifayət qədər əlverişli bölgə olduğunu sübuta yetirir. Məsələ ondadır ki, Saatlı rayonunun Muğan düzünün mərkəzində yerləşməsi, rayonun Araz çayının bol suyu bu ərazidə əhalinin məskunlaşmasına, əkinçilik, heyvandarlıq və quşçuluqla məşğul olmalarına əlverişli şərait yaradıb. Belə ki, Saatlı rayonunun hazırkı Cəfərxan kəndində hələ XX əsrin əvvəllərində yaradılmış təcrübə stansiyası, sonralar Muğan-Təcrübə Meliorasiya Stansiyası adını almış məntəqənin Muğan düzündə torpaqların şorlaşmasının qarşısının alınmasında, meliorasiya işlərinin elmi-nəzəri əsaslarla aparılmasında böyük rolu olub. Xüsusən, XX əsrin 50-ci illərindən sonra bu stansiyanın fəaliyyəti genişlənərək bölgədə əsl elmi bazaya çevrilib. Görkəmli tədqiqatçı-alimlərimiz C.Əliyev, S.Hüseynzadə, V.Valabuyev və digərləri uzun illər Cəfərxan Muğan-Təcrübə Meliorasiya Stansiyasında səmərəli elmi-tədqiqat işləri apararaq, uğurlu nəticələr əldə ediblər. Ümumiyyətlə, müasir Saatlı rayonunun təşkil edilməsi və yaranması 1941-1945-ci illər müharibəsi dövrünə təsadüf edir. Dəqiq və rəsmi tarix isə belədir: Saatlı 25 may 1943-cü ildən rayon statusu almış, iyirmi il müstəqil inzibati-ərazi kimi fəaliyyət göstərərək, 1963-cü ildə ləğv edilmiş, qonşu Sabirabad rayonunun tərkibinə qatılmışdır. 1965-ci ildən ayrılaraq yenidən müstəqil rayon kimi fəaliyyətini davam etdirmişdir. Ərazisi okean səviyyəsindən 28 metr aşağı olan rayonda 1 şəhər, 43 kənd yaşayış məntəqəsi vardır ki, onlar da 36 inzibati-ərazi dairəsində birləşmişdir. Mərkəzi Saatlı şəhəridir.

          Onu da qeyd edək ki, İkinci Dünya müharibəsi illərində rayondan 1600 nəfər faşizmə qarşı mübarizə üçün cəbhəyə göndərilmiş və onlar 77-ci, 223-cü, 402-ci, 416-cı diviziyalarda şərəflə döyüşmüşlər. Onlardan 533 nəfəri düşmənlə mübarizədə həyatlarını itiriblər.

          Saatlı rayonunun tarixinə daha bir əlavə ermənilərin və qırmızı imperiyanın azərbaycanlılara və türksoylu xalqlara qarşı apardığı çirkin siyasi kampaniya faktoru da yazılıb. 1949-cu ildə Ermənistan SSR-in bir sıra rayon və kəndlərindən zorla qovulmuş azərbaycanlı əhalinin xeyli hissəsi, 1953-cü ildə Mərkəzi Komitənin xüsusi göstərişi ilə İranla sərhəd ərazidən köçürülən Cəlilabad rayonunun 7 kəndinin əhalisi, 1958-1959 və 1989-cu illərdə Orta Asiya respublikalarından Axıska türkləri, 1988-1989-cu ildə başlanan Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qərbi Azərbaycandan dədə-baba torpaqlarından didərgin salınan soydaşlarımızın müəyyən hissəsi Saatlı rayonunda məskunlaşmışdır.

          İşğalçı Ermənistanın ölkəmizə təcavüzü nəticəsində başlanan müharibədə Saatlı rayonunun gəncləri də qəhrəmancasına döyüşmüşlər. Azərbaycanın ərazi bütövlüyüsuverenliyi uğrunda gedən döyüşlərdə Saatlı 116 nəfər şəhid verib. 1995-ci ilin mart hadisələrində dövlətçiliyimizin müdafiəsi uğrunda şəhid olmuş Hüseynov Elşən İbrahim oğlu isə qəhrəmanlığına görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

          Saatlı rayonunun iqtisadi inkişaf amili də hər zaman öncül sıralardan birini tutub. Azərbaycan Respublikasının digər bölgələri kimi Saatlı rayonunun sosial-iqtisadi və mədəni-siyasi həyatının bütün sahələrində dirçəliş və inkişaf, əhalinin həyat səviyyəsinin yüksəldilməsini təhlil etdikcə, belə nəticəyə gəlmək mümkündür ki, həmin tarix 1970-ci ildən sonralara təsüdüf edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövrdə 3 dəfə – 1974, 1976 və 1980-ci ildə, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə isə 1998-ci ildə Saatlı rayonunda olmuş, rayonun iqtisadiyyatının dirçəldilməsi, əhalinin həyat səviyyəsinin və rifah halının yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələrini vermişdi. Həmin illərin statistik rəqəmlərinə müraciət edərkən görərik ki, ötən əsrin 70-80-ci illərdə Saatlı rayonunda 19 məktəb binası, 390 çarpayılıq mərkəzi xəstəxana, 450 yerlik mədəniyyət sarayı, 11 kənd həkim məntəqəsi, musiqi məktəbi, 450 yerlik məktəbəqədər müəssisələr, 32 mənzilli beşmərtəbəli 2 yaşayış binası, ikimərtəbəli univermaq, universam, bir sıra idarə və müəssisələr üçün yeni inzibati binalar, pambıqtəmizləmə və süd zavodları, çörəkbişirmə kombinatı tikilərək rayon əhalisinin istifadəsinə verilmiş, çoxsaylı sənaye, nəqliyyat və xidmət təşkilatları yaradılmışdır. Bütün bunların ərsəyə gəlməsində, reallaşdırılmasımnda isə Ulu Öndər Heydər Əliyevin zəhməti, diqqət və qayğısı dayanmışdır. 

          Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də öz mütərəqqi siyasəti ilə bölgələrimizin sosial-iqtisadi inkişafına əvəzsiz töhfələrini verməkdə davam edir. O cümlədən, Saatlı raoyuna göstərilən diqqət və qayğı da bu xüsusdandır. Ölkə başçısının yüksək diqqət və qayğısı sayəsində Saatlı rayonu son illər dinamik inkişaf yoluna çıxaraq, ölkənin sosial-iqtisadi həyatında önəmli rol oynamaqdadır. İlham Əliyev Cənablarının regionlara etdiyi davamlı səfərləri çərçivəsində dəfələrlə Saatlı rayonunu da ziyarət edib. O, görülən işlərlə maraqlanmış, əhali ilə görüşlər keçirərək qaldırılan hər bir məsələnin həlli ilə bağlı tapşırıqlarını vermiş, əhəmiyyət kəsb edən sosial məsələlərin icrası istiqamətində mühüm sərəncamlar imzalayıb. Əlbəttə ki, bütün bunlar rayon sakinlərinin böyük ruh yüksəkliyinə və əmək coşqunluğuna stimul vermiş, əmək kollektivlərini iqtisadiyyatda, sosial-mədəni həyatda daha mühüm nailiyyətlər qazanmağa ruhlandırır.

          Məhz bu faktorların nəticəsidir ki, Prezident İlham Əliyev tərəfindən Saatlı rayonuna göstərilən davamlı diqqətdən faydalanan rayonun icra hakimiyyəti dövlət başçısının göstərdiyi etimadı layiqincə doğruldur. Belə ki, rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun həmin istiqamətdə apardığı fəaliyyət istər rayon sakinləri, istərsə də dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməkdədir. Rayon icra hakimiyyətinin daxili imkanları hesabına yaşayış massivlərində yeniyetmə və gənclərin sağlam həyatlarının təminatı istiqamətində mini-futbol meydançaları və s. qurğular istifadəyə verilib. Uşaqlar üçün isə yelləncəklər və parklar, təqaüdçülər üçün 2 ədəd istirahət üçün söhbətgah, xeyir-şər mərasimlərində istifadə olunması üçün müasir standartlara cavab verən zallar tikilərək istifadəyə verilib.

          Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Saatlı rayonunun inkişafı ilə bağlı imzaladığı bütün sərəncamlar yerinə yetirilməklə yanaşı, uğurlu məntiqi nəticələrə söykənir. İnvestisiya qoyuluşları hesabına uzunluğu 11,4 kvadratmetr olan Saatlı-Heydərabad yerli əhəmiyyətli avtomobil yolunda 1,8 milyon manat dəyərində, 9,4 kilometrlik Qara-Nuru-Məmmədabad-Əliabad yerli əhəmiyyətli avtomobil yolunda isə 2,8 milyon  manat dəyərində yenidənqurma işləri görülmüşdür. Sımadakənd-Qarayevkənd yerli əhəmiyyətli (uzunluğu 21 km) avtomobil yolunda əsaslı yenidənqurma işləri davam etdirilmişdir.

          Son illər qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində rayonda ardıcıl işlər görülmüş, Əlisoltanlı kəndində köhnə "fin evləri"nin yerində bütün sosial-texniki  infrastruktura malik 300-dən çox fərdi yaşayış evi tikilərək istifadəyə verilib. Yeni salınmış qəsəbədə 198 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, klub-kitabxana, poçt, tibb məntəqəsi və ərazi nümayəndəliyi üçün binalar tikilmişdir. Eyni zamanda,  qəsəbənin enerji, təbii qaz, içməli su sistemləri tam qurulmuş, qəsəbədaxili yollara asfalt örtüyü döşənmiş və küçələrin işıqlandırılması təmin olunmuşdur.

          Beləlkilə, dövlət proqramlarının qəbul edilməsindən ötən müddət ərzində sahibkarlığın inkişafı dəstəklənməklə yeni yerlərinin açılmasına xüsusi fikir verilmiş, yerli ehtiyatlar nəzərə alınmaqla adamları və sahibkarların cəlb olunması ilə qeyri-dövlət sektoruna hərtərəfli şərait yaradılıb, yeni yerləri açılıb.

          Saatlı rayonunda iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatında dinamik inkişaf təmin olunmaqla dəyəri yüz minlərlə manata söykənən məhsullar istehsal edilmişdir. Hətta qeyd etmək olar ki, manatın dollara nisbətdə ucuzlaşmasından sonra yerli məhsullara artan tələbat nəticəsində rayonda fəaliyyət göstərən müəssisələrdə istehsal səviyyəsi ikiqat artırılıb. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, yeni torpaqlar əkin dövriyyəsinə cəlb edilir. Bununla bağlı Saatlıda müəyyən işlər görülüb. Rayonun qış otlaqları uzunmüddətli icarəyə verilir. Mövsümi işçilər nəzərə alınmamaqla, bu kimi təsərrüfatlarda daimi işçilər çalışır.

          Beləlkilə, qeyd edə bilərik ki, Saatlı inkişaf və tərəqqi yolunu tuturbu gün rayonun gəncləri də Azərbaycan adlı müqəddəs məkanın bir parçası olan Saatlının inkişafı naminə dövlətin yürütdüyü siyasəti ətrafında sıx birləşirlər. Bu isə, belə qənaətə gəlməyə əsas verir ki, Saatlı raoyunun tərəqqisi və inkişafı davamlı olacaq. Necə deyərlər, saatlar Saatlının xeyrinə işləyir.

         

          Rövşən NURƏDDİNOĞLU

          Səs.- 2016.- 12 may.- S.13.