Azərbaycan Milli Elmlər Akademiyasında "Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi" adlı monoqrafiyanın müzakirəsi olub

 

   

AMEA-nın Mərkəzi-Elmi Kitabxanasında əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru İradə Ələsgərovanın Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunmuş "Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi" adlı monoqrafiyasının müzakirəsi olub.

Təqdimat mərasimində çıxış edən MEK-in direktoru Leyla İmanova minillik kitab tərtibatı tariximizi əhatə edən bu monoqrafik əsərin əhəmiyyətindən, mövzunun aktuallığından danışıb. İradə Ələsgərovanın 2015-ci ildə işıq üzü görmüş "Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi" monoqrafiyasını bu sahədə ilk əsaslı və fundamental elmi-tədqiqat işi olduğunu qeyd edib. Bu gün kitab nəşri sahəsində kifayət qədər qüsurların mövcudluğunu diqqətə çatdıran L.İmanova, monoqrafiyanı Azərbaycan dilində bədii və texniki tərtibat mövzusunda yazılan ilk elmi-təcrübi əsər kimi də yüksək qiymətləndirib. Nəşriyyat-poliqrafiya işi sahəsində mükəmməl təhsil alıb 40 ilə yaxın bir müddətdə, bilavasitə istehsalatda çalışan müəllifin gəldiyi qənaətlərin ehtimal və fərziyələrə deyil, dəfələrlə sınaqdan çıxarılmış faktlara söykəndiyini vurğulayıb.

Daha sonra çıxış edən kitabın müəllifi,  əməkdar mədəniyyət işçisi İradə Ələsgərova monoqrafiyada nəşrin tədqiqata texniki oxu vasitəsi kimi deyil, yazar, elmi-ədəbi, bədii və texniki redaktorların, poliqrafiya mütəxəssislərinin birgə əməyinin məhsulu kimi cəlb edilməsinin üstünlüklərindən, bu sənət sahiblərinin fəaliyyətlərinin bir-biri ilə uzlaşdırılmasından, yerinə yetirdikləri işin vahid ahəngə tabe etdirilməsinin vacibliyindən danışıb.  

İ.Ələsgərova, xüsusilə, orta məktəb şagirdləri üçün nəşr olunan dərsliklərdəki tərtibat yalnışlıqları, ölçü, rəng, məzmun-məna uyğunsuzluqları və başqa bu kimi azyaşlı oxucularda narahatlıq yaradıb mətnin mənimsənilməsinə əngəl olan qüsurlardan ətraflı bəhs edərək, müəllifi olduğu kitabın bu sahədə rast gəlinən çatışmazlıqları aradan qaldıracağına inandığını bildirib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Hikmət Məlikzadə çıxışında kitab haqqındakı fikirlərini bölüşərək, sözügedən nəşrdə Azərbaycan kitabının yazı yaranandan 2010-cu ilə qədər keçdiyi tarixi yolun pillə-pillə izlənildiyini bildirib. Yazıçının fikrincə, monoqrafiyada maraq doğuran məqamlar kifayət qədərdir: "Min ilə yaxın bir dövr ərzində hazırlanmış əlyazma və ilk çap kitablarının da müasir kitablarla yanaşı, tədqiqat obyektinə çevrilib tədqiq edildiyi, kitab tərtibatı sahəsində öz sözünü deməyi bacarmış çoxsaylı yaradıcı şəxslərin əməyinin də araşdırılıb təhlil edilərək dəyərləndirildiyi bu nəşr gələcək tədqiqatçılar üçün zəngin material daşıyıcısı sayıla biləcək qədər etibarlı elmi-təcrübi mənbə kimixüsusi dəyər kəsb edir".

Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşı Ellada Umudlu və "Göyərçin" jurnalının baş rəssamı İlqar Mehdiyev də Azərbaycan kitabının bədii və texniki tərtibat məsələlərinin ətraflı araşdırılıb təhlil edildiyi bu əsəri kitab mədəniyyətimiz üçün çox gərəkli və aktual tədqiqat işi kimi qiymətləndirərək, onun həm tələbələr, həm də kitabşünas və mütəxəssislər üçün faydalı bir vəsait olduğunu qeyd ediblər.

Sonda kitabşünas, naşirredaktorlar, poliqrafiya mütəxəssisləri üçün müvafiq təlim və seminarların həyata keçirilməsinin və nəşrin Milli Rəqəmsal Yaddaşa salınmasının zəruriliyi ilə bağlı təkliflər səsləndirilib.Eyni zamanda, mövzunun aktuallığını nəzərə alaraq, əsərin rus, ingiliss. dillərə tərcümə edilib yayılmasının vacibliyi qeyd olunub.

 "Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi"nin təqdim olunduğu yüksək mükafatı almağa tam layiq olduğu vurğulanıb, bu təqdimatın reallaşıb həqiqətə çevrilməsi üçün onun müəllifi İradə Hacı qızı Ələsgərovanın 2016-cı il üçün elm sahəsində Azərbaycan Respublikasının Ali Dövlət Mükafatına namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul olunub.

 

Aygün Səfərova,

 AMEA MEK Kitabxana xidmət şöbəsinin müdiri

Səs.- 2016.- 12 may.- S.12