Azərbaycanın qurtuluş zərurəti və Heydər Əliyevin böyük xilaskarliq missiyasi

 

Ölkələrin və xalqların tarixində və taleyində elə məqamlar olur ki, həmin çətin dövrlərdə yaranmış ağır siyasi-hərbi vəziyyət, ictimai-iqtisadi və mənəvi böhran Şekspirvari "ölüm, ya olum" sualını sərt şəkildə meydana qoyur. XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycan belə bir gerçək sual qarşısında idi. AXCP-Müsavat hakimiyyəti ölkəmizi cəmiyyət həyatının bütün sahələrini əhatə edən dərin böhran vəziyyətinə çatdırmışdı. Sual açıq və aydın idi: "Ölüm, ya olum!" Heç şübhəsiz, hər hansı xalq həmin sual qarşısında qalarsa, nə qədər çətin olsa da, mütləq "qalım" qərarını verərdi. Azərbaycan xalqı da varlığını, ölkənin bütövlüyünü, elan olunmuş müstəqilliyin qorunub saxlanılmasını arzu edirdi. Ancaq mövcud hakimiyyət və onun rəhbərləri buna heç cür qadir deyildi. Ölkədə vətəndaş müharibəsi başlanmışdı və 1993-cü ilin yazında bu müharibənin səngərləri artıq Bakı şəhərinə yaxın mövqelərdə də qurulmaqda idi. Azərbaycan real olaraq parçalanmaq təhlükəsi qarşısında qalmışdı və artıq "Talış-Muğan Respublikası" özünü elan etmişdi. Əsgəri xidmətdə də olmamış mülki şəxs tərəfindən idarə edilən hərbi hissələr dövlətin deyil, hərəsi bir xarici dövlətə xidmət edən ayrı-ayrı siyasi qüvvələrin əlində cəmləşmişdi. İqtisadi böhran çox dərinləşmişdi, çörək növbələri ölkənin hər yerində adi hala çevrilmişdi. Xaricə ziyalı axını da genişlənirdi. Artıq dağılmış müvəqqəti eyforiya hisslərindən sonra AXCP-Müsavat liderlərinin populist çıxışları, boş vədləri xalq tərəfindən qəbul olunmurdu. Azərbaycanı qısa müddətdə bir neçə kiçik dövlətlərə parçalanmış Yuqoslaviyanın ağır taleyi gözləyirdi. Ölkəmizin geniş neft-qaz ehtiyatlarına malik olduğunu da nəzərə alsaq, onda Azərbaycana yönəldilmiş parçalanma siyasətinin xarici qüvvələrin maraqlarına daha çox uyğun gəldiyini daha aydın etmək olar. Bir sözlə, bütün sahələri bürüyən böhran dərinləşmiş, qurtuluş zərurəti Azərbaycanda qaçılmaz, kəskin bir problem kimi gündəmə gəlmişdi. Belə məsuliyyətli bir tarixi məqamda ölkəni və xalqı yaranmış dərin və genişmiqyaslı böhrandan xilas etmək vəzifəsini üzərinə götürmək çox çətin və ağır bir idi. Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyev tarixin bu cür keşməkeşli məqamında ölkənin və dövlətin milli qurtuluşu vəzifəsini yerinə yetirmək, həyata keçirmək zərurəti ilə üz-üzə qalmışdı. Böyük dövlətçilik təcrübəsinə, yüksək liderlik qabiliyyətinə malik olan bu qüdrətli dövlət xadiminin yenidən siyasi cəbhəyə qayıdışını təkcə xalq deyil, həm də zaman tələb edirdi. Çətin sınaqlarda möhkəmlənmiş, zəngin siyasi təcrübəyə malik olan dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqı qarşısında həmin məsuliyyətli tarixi vəzifəni qəbul etmiş, böyük xilaskarlıq missiyasını dönmədən, qətiyyətlə həyata keçirmişdir.

Məlum olduğu kimi, Heydər Əlirza oğlu Əliyev keçmiş Sovetlər İttifaqı kimi dünyanın ən böyük iki dövlətindən birinin əsas rəhbərlərinin sırasında öndə dayanırdı. Dünya ictimaiyyəti Onu təcrübəli siyasi xadimböyük dövlət rəhbəri kimi qəbul etmişdi. Kremlin zirvəsini fəth etməyi bacarmış Heydər Əliyev beynəlxalq aləmdə geniş nüfuz sahibi idi. Siyasi Büroda da Onunla hesablaşmalı olurdular. Beləliklə, Heydər Əliyev XX əsrin görkəmli dövlət xadimlərindən biri kimi böyük şöhrət qazanmışdı.

Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu möhtəşəm əsərin möhkəm əsaslarını o, hələ keçmiş sovet hakimiyyəti illərindəki düşünülmüş siyasəti və məqsədyönlü fəaliyyəti ilə formalaşdırmışdı. Zəngin dövlətçilik təcrübəsinə və geniş dünyagörüşə malik dövlət xadimi olması, cəsarətli ideyaları, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörənliyi hələ Azərbaycan Respublikasına rəhbərliyinin birinci dövründə Heydər Əliyevin siyasi liderlik istedadını Azərbaycan cəmiyyətinə və dünyaya təqdim etmişdi. Heydər Əliyev xalqımızın çoxəsrlik tarixində Azərbaycan adlı dövlət yaratmış nadir siyasi şəxsiyyətdir. Onun rəhbərliyi ilə qısa müddətdə ölkəmiz Sovetlər İttifaqının inkişaf etmiş respublikalarından birinə çevrilmişdi. Bütün bunlara görə XX əsrin doxsanıncı illərinin əvvəllərində mürəkkəb və gərgin ictimai-siyasi şəraitdə Azərbaycan xalqı görkəmli dövlət xadimi Heydər Əliyevi qüdrətli xilaskar kimi siyasi mühitin ön mövqeyinə çəkmişdi.

Xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin və keşməkeşli tərcümeyi-halında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövr (3 sentyabr 1991-14 iyun 1993-cü il) mühüm əhəmiyyətə malikdir. Bu dövrdə O, çoxcəhətli yorulmaz fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaratmışdır. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında yaşadığı və Ali Məclisin Sədri vəzifəsində çalışdığı illərdə Naxçıvan ölkəmizdə müstəqil dövlətçiliyin böyük laboratoriyası funksiyasını həyata keçirmişdir. Hələ Sovet İttifaqı dağılmamış və Azərbaycanda dövlət müstəqilliyi elan olunmamış, yeni müstəqil dövlətçiliyin bəyan edilməsindən 11 ay əvvəl 17 noyabr 1990-cı ildə üçrəngli Azərbaycan bayrağının dövlət rəmzi kimi qəbul edilməsi səviyyəsində nadir hadisə, məhz cəsarətli və uzaqgörən dövlət xadimi Heydər Əliyev tərəfindən Naxçıvanda, muxtar respublika Ali Sovetinin qərarı ilə həyata keçirilmişdi. Dünyada hələ ki, bu tarixi faktdan başqa müstəqil dövlət yaranmamış onun milli bayrağının qəbul edilməsi hadisəsinə təsadüf edilməmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözlərinin çıxarılması hadisəsi də, məhz Heydər Əliyev tərəfindən Sovet İttifaqının mövcudluğu şəraitində həyata keçirilmişdi. Naxçıvan Muxtar Respublikasının Ali Soveti əvəzinə muxtar respublikanın Ali Məclisi formatının meydana çıxması da Heydər Əliyevin kamil siyasi düşüncəsinin mühüm hadisəsidir. Bundan başqa, Naxçıvan MR Ali Məclisi Sədrinin 16 dekabr 1991-ci il tarixli qərarı ilə Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün müəyyən olunması ilə dünyada azərbaycanlılar anlayışı meydana çıxmış və geniş bir hərəkatın əsası qoyulmuşdur. XX əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikasının işğal olunmaqdan xilas edilməsi, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Müstəqil Azərbaycanın taleyində xüsusi əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyasının da Heydər Əliyev tərəfindən 21 noyabr 1992-ci il Naxçıvanda yaradılması ölkəmizin milli istiqlalında Böyük Öndərin həyatı və fəaliyyətinin Naxçıvan dövrünün müstəsna dərəcədə əhəmiyyətli olduğunu aşkar şəkildə nəzərə çarpdırır.

XX əsrin doxsanıncı illərinin əvvəllərinin Azərbaycan hakimiyyətini təmsil edən AXCP-Müsavat hökuməti böhran içində çabalayanda üç tərəfdən Ermənistan sərhədi ilə əhatə olunan Naxçıvanda həyat inkişaf edir, cəmiyyət quruculuğu sahəsində qətiyyətli addımlar atılırdı. Azərbaycan xalqı belə cəsarətli, düşünülmüş və məqsədyönlü, ümummilli mənafelərə xidmət edən addımların ölkə miqyasında da atılmasını arzu və tələb edirdi. Görkəmli dövlət xadimi Heydər Əliyev çoxmilyonlu Azərbaycan xalqının böyük ümidlərinin dalğasında ikinci dəfə yenidən hakimiyyətə gəlmiş və bununla da ölkəmizdə milli qurtuluş hərəkatının bünövrəsi qoyulmuşdur. Beləliklə, 15 iyun 1993-cü il müstəqil Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev 3 oktyabr 1993-cü ildən başlayaraq ölkədə baş verən vətəndaş qarşıdurmasını dayandırmış və cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatları uğurla həyata keçirməklə genişmiqyaslı böhranı qısa müddətdə aradan qaldırmışdır. Dünyanın aparıcı dövlətləri ilə imzalanan neft müqavilələri tarixə "Əsrin Müqaviləsi" kimi daxil oldu. "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin, "Bakı-Tbilisi-Ərzurum" qaz boru xəttinin çəkilişinə verilən qərarlar Azərbaycan xalqının iqtisadi böhrandan xilas edilməsində əhəmiyyətli hadisələrə çevrilmişdir. Dövlət hakimiyyəti, ordu quruculuğu möhkəmləndirilmişdir. Qətiyyətlə demək olar ki, Heydər Əliyev müstəqillik dövründə Azərbaycan dövlətçilik təsisatlarının milli əsaslar üzərində yaradılmasının böyük memarı idi. Ümumxalq səsverməsi ilə 12 noyabr 1995-ci ildə qəbul edilmiş müstəqillik dövrünün Azərbaycan Konstitusiyası tarixə Heydər Əliyev Konstitusiyası kimi daxil olmuşdur. Azərbaycanda təcrübəli mütəxəssislər, ziyalı-siyasətçilər, tanınmış elm və mədəniyyət xadimləri əsasında milli parlamentarizmin formalaşdırılması da Heydər Əliyevin xidmətləri sırasında xüsusi yer tutur. Heydər Əliyevin siyasi iradəsi ilə ölkəmizdə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi cəmiyyət həyatının inkişaf ritmlərinin ahəngdarlığının təmin edilməsində böyük rola malik hadisə idi. Beynəlxalq aləmdə Azərbaycan Respublikasının dünya ölkələri ilə normal əlaqələrinin qurulması, ölkənin xarici siyasət strategiyasının müəyyən olunması böyük dövlət xadiminin həm də mahir diplomatik bacarığının əməli ifadəsi idi. Geniş mənada Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda müstəqil dövlətçiliyin möhkəm əsaslarının yaradılması milli qurtuluşun məntiqi yekunuqanunauyğun nəticəsi kimi mühüm siyasi-tarixi hadisədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi Milli Qurtuluşdan yeni İntibaha çatdıran görkəmli dövlət xadimidir. Respublikamızda Ulu Öndər tərəfindən müəyyən olunmuş dövlətçilik kursunun qorunub saxlanılmasının, möhkəmləndirilməsinin və yaradıcılıqla daim inkişaf etdirilməsinin təmin olunması dövlət başçısı İlham Əliyevin adı ilə bağlı olan tarixi xidmətdir. Məhz bu proses əvvəlki on il ərzində əsası qoyulmuş, möhkəm təməlləri atılmış böyük layihələrin uğurla tamamlanmasına, həmin zəmində yenidaha möhtəşəm quruculuq proqramlarının hazırlanıb həyata keçirilməsinə şərait yaratmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionlarının inkişafı, qeyri-neft sektorunun, turizmin inkişaf etdirilməsi və Bakıətrafı qəsəbələrin yenidən qurulması proqramlarının ardıcıl olaraq gerçəkləşdirilməsi ölkəmizin simasını tanınmaz dərəcədə dəyişdirmişdir. Aparılan məqsədyönlü və möhtəşəm quruculuq prosesi paytaxtımız Bakını dünyanın müasir şəhərləri sırasına çıxarmışdır. Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeləri daha da genişlənmiş və möhkəmləndirilmiş, ölkəmizin tərəfdaşları və dostları çoxalmışdır. Başa çatmaqda olan "Bakı-Tbilisi-Qars" dəmir yolu Avrasiya Dəmir İpək Yolu ünvanı qazanmışdır. Azərbaycanın böyük intibah prosesləri üçün zəruri olan tranzit ölkəyə çevrilməsi bu qədim və həmişəcavan diyarda siyasi düşüncələrin, elmi fikirlərin, mədəniyyətlərin, dini baxışların dialoqunun baş tutmasını şərtləndirmişdir. Mədəniyyətlərarası və dinlərarası dialoqun Azərbaycanda təmin edilməsi, bu istiqamətdə təşkil edilmiş beynəlxalq tədbirlər Azərbaycanı ölkədə yaşayan bütün xalqları, etnik qrupları, dini icmaları özündə birləşdirən multikulturaltolerant cəmiyyətin formalaşmasını şərtləndirmişdir. Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı il tarixdə Bakı şəhərində keçirilmiş 7-ci Qlobal Forumundakı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqində ifadə olunmuş aşağıdakı fikirlər multikulturalizm və tolerantlıq sahəsində aparılmış məqsədyönlü işlərin ümumiləşmiş məntiqi yekunudur: "Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülükmultikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir... Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik... Bizim təşəbbüslərimiz mədəniyyətlər və sivilizasiyalar arasında körpü kimi ölkəmizin mövqelərinin gücləndirilməsi məqsədini daşıyır... Multikulturalizmin alternativi yoxdur."

Ölkəmizdə azərbaycançılıq məfkurəsi dərinləşmiş, milli ideologiya formalaşdırılmışdır. Azərbaycançılığın dövlət ideologiyası səviyyəsinə qaldırılması həm Azərbaycan xalqının, həm də dünya azərbaycanlılarının harmoniyasını təmin etməyə imkan yaradır. Milli mədəniyyətimiz, elmimiz və ədəbiyyatımız dünyada tanınmış və geniş təbliğ edilmişdir. Ölkə Prezidentinin Azərbaycan Milli Elmlər Akademiyasının, muzeylərin, teatrların və məktəblərin, səhiyyə müəssisələrinin yenidən qurulması, inkişaf etdirilməsi, ən müasir texnologiyaya əsaslanan avadanlıqlarla təchiz edilməsi istiqamətindəki ardıcıl fəaliyyəti xalqın mənəvi varlığı və milli kimliyi ilə sıx bağlı olan bu sahələrin sıçrayışlı inkişafına təkan vermişdir. Ölkədə milli və bəşəri dəyərləri özündə cəmləşdirən yeni ziyalı nəsli yetişib ərsəyə gəlmişdir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev coğrafi ərazi etibarilə kiçik, strateji əhəmiyyətinə və iqtisadi imkanlarına görə güclü bir ölkənin böyük lideri, yeni dünya siyasətinin cəlbedici parlaq simalarından biri kimi dünyanın diqqət mərkəzində dayanır. Geniş dünyagörüş, dərin analitik təfəkkür, problemlərin həllinə çoxaspektli yanaşma, Azərbaycan idealına dərin sədaqət, inteqrasiya proseslərinin tənzimlənməsinə milli mövqedən baxış ölkə Prezidentini xalqına və dünyaya sevdirən əsas xarakterik xüsusiyyətlərdir. Azərbaycan dövləti milli istiqlalını bu böyük enerjinin və tükənməz ilhamın gücü ilə inkişaf etdirmək yollarında ciddi uğurlara imza atır.

Müstəqillik dövründə Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında böyük və şərəfli yol keçməkdədir. Ölkə rəhbərliyinin müəyyən etdiyi siyasətin zəminində Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun məqsədyönlü rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən genişmiqyaslı layihələr əsasında regionda davamlı ənənələrin qorunub saxlanılması şərti ilə muxtar respublika əsaslı şəkildə yenidən qurulmuşdur. Naxçıvan Muxtar Respublikasını Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əlaqələndirən yollar dünya standartlarının yeni örnəkləridir. Qədimlik və müasirliyin işığında qurulub tikilmiş Naxçıvan şəhəri XXI əsrin intibah şəhərinin bənzərsiz simasını özündə cəmləşdirir. Ucqar dağ kəndlərindən rayon mərkəzlərinədək hər yerdə gedən genişmiqyaslı quruculuq prosesləri məmləkətimizin müasir tipli abad bir regionunun yaradılması ilə nəticələnmişdir. Artıq Naxçıvan Muxtar Respublikası ölkəmizin yeni tipli məktəblərinə, yeni texnologiya ilə təchiz olunmuş işlək sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik olan inkişaf etmiş regionudur. Milli-tarixi ənənələrin yaşadılmasında və inkişaf etdirilməsinə də qədim Naxçıvan özünün töhfələrini verməkdə davam edir. Naxçıvanda Ali Məclis Sədrinin xüsusi sərəncamları ilə keçirilən beynəlxalq simpoziumlarda Nuh dövrünün ilk insan məskənlərindən, ilkin şəhərsalmadan sonrakı dövrlərin tarixi nailiyyətlərinə, siyasi-ədəbi və maarifçi şəxsiyyətlərinə qədər ümummilli məsələləri əhatə edən problemlərin müzakirəsi geniş mənada ölkəmizin tarixinin, mədəni inkişafının öyrənilməsinə qiymətli əlavələrdir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin sürətlə inkişaf etdirilməsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublikanın Azərbaycanın əsas ziyalı mərkəzlərindən biri səviyyəsində inkişaf etdirilməsinə münbit şərait yaradır. Qonşu dövlətlərlə əlaqələr sahəsində qazanılmış nailiyyətlər Naxçıvanın respublikamızın beynəlxalq əlaqələrinin genişləndirilməsinə və daha da möhkəmləndirilməsinə xidmətinin əməli ifadəsidir.

Görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi böyük xilaskarlıq missiyasını 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi ilə ölkə miqyasında ardıcıllıqla və qətiyyətlə yerinə yetirməyə başlamışdır. Məhz Heydər Əliyevin apardığı məqsədyönlü və qətiyyətli mübarizənin nəticəsində Gəncə qiyamı yatırılmış, "Talış-Muğan Respublikası" tərksilah edilib ləğv olunmuşdur. Vətəndaş müharibəsi dayandırılmış, qardaş qırğını aradan qaldırılmışdır. Ölkə vətəndaşlarında olan qanunsuz silahlar yığışdırılmış, silahlı dəstələr tərksilah edilmişdir. Dövlət çevrilişi cəhdləri qətiyyətlə aradan qaldırılmışdır. Ordu quruculuğu prosesi sürətləndirilmişdir. Beləliklə, sözün böyük mənasında, müstəqil Azərbayan dövləti parçalanmaqdan xilas edilmişdir. Ona görə də görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının və müstəqil dövlətinin qüdrətli xilaskarıdır. Həqiqətən, 15 iyun 1993-cü il hadisəsi ilə Azərbaycanda böyük qurtuluş baş vermişdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanda Böyük Qurtuluşun banisidir. Böyük Qurtuluş ölkəmizin xilasının etibarlı təminatı və möhkəm təməlidir. Əslində, Azərbaycanda müstəqil dövlətin böyük təməlləri Böyük Qurtuluşla atılmışdır. Böyük Qurtuluş müstəqil Azərbaycanın böyük dayağıdır. Heydər Əliyevin müstəqil dövlətçilik təliminin həm başlanğıc mərhələdəki mübarizələri, həm də gələcək böyük mübarizələr üçün ilhamverici və hərəkətverici qüvvəsi Böyük Qurtuluşdan ibarətdir. Böyük Qurtuluş isə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana Böyük Qayıdışından doğmuşdur. Vətənə Böyük Qayıdış ölkənin xilasının siyasi-ideoloji əsasından, mükəmməl təcrübələrindən, Böyük Qurtuluş isə xilaskarlıq hərəkatının xalq və dövlət səviyyəsində geniş miqyasda, qətiyyətlə və ardıcıllıqla həyata keçirilməsindən yoğrulmuşdur. Böyük Qayıdış Böyük Qurtuluşun mükəmməl laboratoriyası, böyük təməlidir. Böyük Qurtuluş isə milli dövlətçilik təliminin startıdır. Ona görə də haqlı olaraq 15 İyun Böyük Qurtuluş Günü həm də Milli Qurtuluş Günü kimi qeyd olunur.

İnkişaf etmiş müstəqil Azərbaycan Böyük Qayıdışın və Milli Qurtuluşun böyük bəhrəsidir. Artıq müstəqil Azərbaycan böyük quruculuq ölkəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, məqsədyönlü, ardıcıl fəaliyyəti ilə özünün yüksək inkişaf səviyyəsinə görə ərazi etibarilə kiçik Azərbaycan dünyanın böyük dövlətlərinin cərgəsinə çıxarılmışdır. Transqafqaz əhəmiyyətli bütün böyük layihələrin, demək olar ki, hamısının əsas müəllifi, baş memarı Azərbaycandır. Bu, böyük layihələrin iştirakçıları bizim müttəfiqlərimiz, dostlarımız, tərəfdarlarımızdırlar. Dövlət başçısı səviyyəsində beynəlxalq miqyasda həyata keçirilən və Azərbaycanda cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların, kompleks proqramların əsasında müstəqil Azərbaycan dövlətinin tərəfdarları artmış, beynəlxalq nüfuzu çox yüksəlmişdir. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü seçilməsi Böyük Qayıdışın və Milli Qurtuluşun böyük təntənəsidir. Geniş mənada, bütün yönləri ilə inkişaf etmiş Azərbaycan dövləti Böyük Qurtuluşdan doğan müstəqil ölkədir. Azərbaycanın tərkibində xüsusi inkişaf yolu keçmiş Naxçıvan Muxtar Respublikası Böyük Qayıdışın vətəni, Böyük Qurtuluşun etibarlı dayağıdır. Böyük Qurtuluşdan Azərbaycan Respublikasının böyük gələcəyinə günəş doğur.

Bütövlükdə, Azərbaycan Respublikası Ulu Öndər, görkəmli dövlət xadimi, Milli Qurtuluşun banisi, böyük xilaskarlıq missiyasını bacarıqla həyata keçirmiş Heydər Əliyevin müstəqillik və milli dövlətçilik ideyalarını dünyada gedən proseslərə, ölkənin reallıqlarına uyğun şəkildə yaradıcılıqla inkişaf etdirərək, hazırda böyük sabahlara doğru qətiyyətlə addımlayır. Milli qurtuluşdan başlanan yollar böyüyür, genişlənir və sürətlə inkişaf edir. Milli Qurtuluş - milli dirçəlişin, azərbaycançılıq məfkurəsinin möhkəm və etibarlı bünövrəsi kimi böyük gələcəyə yol açır. Bu mənada, Milli Qurtuluş - müstəqil Azərbaycanın milli oyanışının doğan günəşidir. İnkişaf etmiş müstəqil Azərbaycan Milli Qurtuluşun parlaq nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin atdığı qətiyyətli və düşünülmüş addımlar Azərbaycan dövlətini qüdrətli və nüfuzlu ölkəyə çevirmişdir. Məqsədyönlü dövlət siyasəti Azərbaycanı nəinki dünyada tanıtmış, beynəlxalq miqyasda müasir inkişafın və birgəyaşayışın nümunəsi olan bir ölkə səviyyəsinə qaldırmışdır. Bu gün Azərbaycan  möhkəm sabitlik və hərtərəfli inkişaf üstündə qurulmuşinkişaf etmiş ölkə kimi tarixi yolunu inamla davam etdirir.

 

İsa Həbibbəyli,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

Səs.- 2016.- 12 may.- S.8-9