İnsan hüquqlarının müdafiəsi sahəsində polisin fəaliyyətinin təkmilləşdirilməsi zərurəti

 

 

XX əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinin bərabərhüquqlu üzvü olmuşdur. Ölkəmiz öz tarixi dövlətçilik ənənələrini davam etdirərək, onunla dost münasibətdə olan dövlətlərlə qarşılıqlı əlaqələrini inkişaf etdirməyə başlamışdır. Bu əlaqələr yüksələn xətt ilə iqtisadi, siyasi, elmis. istiqamətlərdə öz əyani əksini tapmaqdadır.

Tarix üzrə fəlsəfə doktoru Teymur Əliyev yazır: «Azərbaycan Respublikasının ictimai həyatının bütün sahələrində köklü islahatların aparıldığı bir vaxtda, təhsil sistemində də baş verən, dünya standartlarına uyğun yeniliklər qabarıq surətdə müşahidə edilir. Yeni nəslin hərtərəfli biliklimüasir tələblərə uyğun yüksək təhsil səviyyəsini təmin etmək məqsədilə bizim üçün yeni, lakin bir çox Qərb dövlətlərində illərlə tədris olunan elmlərə yiyələnmək vacibdir. Son illər bu istiqamətdə müəyyən işlər görülməkdədir. Bu elmlərdən politologiya, sosiologiya, iqtisadiyyat, dinşünaslıq və s.-ni göstərmək olar. Həmin elmlər üzrə fənlərin ali təhsil müəssisələrində tədris olunması bizim gənclərimizin də dünya təhsil sisteminin tələblərinə uyğun, daha zəngin və real həyatda zəruri olan elmi biliklərə yiyələnməsinə imkan yaratmalıdır. Bu elmlər arasında sosiologiya elminin özünəməxsus yerirolu vardır. Sosiologiya cəmiyyət haqqında elmdir, yəni bu elm cəmiyyəti, cəmiyyətdə gedən prosesləri öyrənərək, gələcəkdə baş verə biləcək istənilən (müsbət və ya mənfi hadisəni təhlil edib, ümumiləşdirir və onlar haqda insanların maraq və tələblərindəki dəyişikliklər barədə proqnozları irəli sürür.

Sosioloji tədqiqatlar qarşıya qoyulan məqsədlərə nail olunmaq baxımından həm əhali, həm dövlət, həm də qeyri-dövlət qurumları arasında keçirilir. Dövlət qurumlarına gəlincə, qeyd etmək lazımdır ki, sosioloji tədqiqatlar nazirlik, idarə, şöbə, bölmə səviyyəsində aparıla bilər. Yuxarıda göstərilən strukturlar demək olar ki, bütün nazirliklərdə mövcuddur.

Azərbaycanda hazırda sivil dövlət quruculuğu prosesi həyata keçirilir. Demokratik prinsiplər əsasında, inkişaf etmiş bütün ölkələrdə olduğu kimi, respublikamızda da hüquq-mühafizə orqanlarının fəaliyyətində yaranan yenilikləri, yeniliklərin mənimsənilməsi səviyyəsini, bu proseslərdə obyektivsubyektiv çətinliklərin və ziddiyyəti məsələlərin səmərəli açıqlanmasını sosioloji tədqiqatlar vasitəsilə həll etmək mümkündür. Bu baxımdan, hüquq-mühafizə orqanlarının fəaliyyətini təkmilləşdirmək məqsədilə sosioloji tədqiqatlar həm bu orqanların əməkdaşlarının, həm də adi vətəndaşların rəyinin öyrənilməsi yolu ilə aparıla bilər.

Bildiyimiz kimi, polisin başlıca vəzifəsi cinayətkarlıqla mübarizə və cinayətlərin baş verməsinə qarşı profilaktik tədbirlərin görülməsindən ibarətdir. Polisin vəzifəsinə cinayətin törədilməsinə meyilli olan ünsürləri aşkar edib, onlarla profilaktiki söhbət aparıb, maraqlarını öyrənərək, onları yerləri ilə təmin etmək üçün müvafiq orqanlarla qarşılıqlı əlaqələrin yaradılması da daxildir. Məsələn, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun nəzdindəki Baş Məşğulluq İdarəsi və əmək birjalarının köməkliyi ilə çətin tərbiyə olunan yeniyetmə və gənclərin, həmçinin azadlıqdan məhrumedilmə yerlərindən yenicə buraxılmış kontingentin vaxtlı-vaxtında müvafiq hüquq-mühafizə orqanları tərəfindən işə düzəldilməsi böyük əhəmiyyət kəsb edir. Bununla da bir neçə məqsədə nail oluna bilər. Belə ki, birincisi, DİO tərəfindən yuxarıda görülən tədbir profilaktik xarakter daşımaqla yanaşı, cinayəti törətməyə potensial meyilli olan kontingentə mənsub olanları yeri, əmək haqqı ilə təmin etmək; ikincisi, yuxarıda göstərilən çətin islah olunan kontingenti işlədiyi əmək kollektivində daha münasib, təzyiqsiz (yəni cəzaçəkmə idarəsinin rolu olmadan, ictimai normalar çərçivəsində tərbiyələndirmək; üçüncüsü, hüquq-mühafizə orqanları onların kartotekasında qeydə alınmış həmin çətin islah olunan, cinayətə meyilli kontingent üzərində daima nəzarəti həyata keçirməklə cəmiyyətdə kriminogen vəziyyətin sabitliyini təmin edə bilər.

Bildiyimiz kimi, polis işçiləri öz xidməti fəaliyyətləri ilə bağlı, adi vətəndaşlarla müqayisədə nisbətən çətin, gərgin həyat tərzi keçirirlər. Burada ən əvvəl polis işçilərinin gərgin rejimi, fəaliyyət göstərdikləri xidməti sahənin xüsusiyyətləri ilə əlaqədar günün, demək olar ki, əsas vaxtının xidmətdə, müəyyən hallarda isə ekstremal vəziyyətlərdə olduqlarını qeyd etmək lazımdır.

Bu faktlar, bir daha onu göstərir ki, polis işçiləri öz xidməti vəzifə borclarını yerinə yetirərkən fizikiemosional gərginlik keçirirlər. Belə olduğu halda, polis peşəsinin xüsusiyyətlərini nəzərə alaraq polis işçilərinin gərgin əməyinin yüngülləşdirilməsi və qısa vaxt kəsiyində onların stress vəziyyətindən çıxarılması vacibdir. Məhz bu baxımdan, onların psixoloji gərginlikdən uzaqlaşmaları üçün istirahət guşələrinin yaradılması, həmçinin vəzifələrini yüksək səviyyədə və operativ yerinə yetirmələri məqsədilə xidməti nəqliyyat vasitələri ilə təmin edilmələri məqsədəuyğundur. Bundan başqa, polis əməkdaşlarının hər hansı bir mürəkkəb problemi yarandıqda, onların psixoloq, sosioloqb. mütəxəssislərə müraciət edib, məsləhət almaları da vacibdir. İndi həmin sahələr üzrə mütəxəssislər üçün polis orqanlarının müvafiq strukturlarında (idarə, şöbə, bölmə) vəzifə-ştat vahidlərinin nəzərdə tutulması də zəruridir. Bütün bunlar polis orqanlarında həm bu peşə sahəsində işin təşkili, həm də kollektivdə sosial-psixoloji iqlimin yaxşılaşdırılması üçün münasib şəraitin yaradılmasına qulluq edərlər.

Hal-hazırda DİO orqanlarında sosioloqların olmaması bəzi mənfi nəticələrə də gətirə bilər ki, bunların arasında aşağıdakıları göstərmək olar:

1) polis işçilərinin bir sıra hallarda mürəkkəb sosial-psixoloji vəziyyətdə tələb olunan optimaloperativ qərarları qəbul edə bilmələləri;

2) gərgin rejimi ilə bağlı gənc polis əməkdaşlarının nisbətən daha çətin və uzun müddət ərzində xidmətə uyğunlaşması;

3) yerində polis əməkdaşlarının sosial məsələləri tənzimlənməsi bəzi hallarda kollektivdə şəxsiyyətlərarası münasibətlərdə müəyyən ziddiyyətlərin yaranmasına gətirib çıxara bilər;

4) qadın cinsindən olan polis işçilərinin problemlərinin tam şəkildə həll olunmaması;

5) kollektivdə sosial-psixoloji iqlimin formalaşmasında elmi cəhətdən əsaslandırılmış təhlilin aparılmaması;

6) polis əməkdaşlarının yaşayış tərzinin (vəzifə borcunu yerinə yetirərkən və adi məişət şəraitində) hərtərəfli öyrənilib dərindən təhlil edilməməsi;

7) polis işçiləri arasında hüquq pozuntularına hansı amillərin daha çox təsir etdiyinin müəyyənləşdirilməməsi və s.

Bütün bu yuxarıda göstərilən məsələlərlə, əsasən, polis orqanlarının şöbə və bölmə rəisləri, onların müavinləri və b. məşğul olurlar. Halbuki yuxarıda göstərilən məsələlərlə, bilavasitə sosioloq və psixoloqların məşğul olması məqsədə müvafiqdir. Hal-hazırda polis orqanlarının müvafiq strukturlarında ixtisaslı sosioloq və psixoloqların olmaması bəzi hallarda xidmətlə bağlı ümumi işin nəticələrinə mənfi təsir göstərir.

Yuxarıda qeyd edilən qüsurlar işimizə və son nəticədə dövlətçiliyimizə xələl gətirə bilər. Məhz bu səbəbdən, çıxış edərək DİO-da şəxsiyyətlərarası münasibətlər, münaqişələr, rəylər, maraq və tələblər sosioloji aspektdə araşdırılmalı və onların ümumiləşdirmələri nəzərə alınmalıdır. Bu, bir daha onu sübut edir ki, sosiologiya elminə və sosioloji məzmun daşıyan münaqişələrə məhəl qoymayanda, bütün sahələrdə olduğu kimi, hüquq-mühafizə orqanlarının fəaliyyətində də xoşagəlməz faktların meydana çıxması ehtimalı arta bilər.

Bu gün demokratik dövlət quruculuğu dövründə, sosioloqlar tərəfindən bəzi cinayət növlərinin sosial təbiətini təhlil edib, onları doğuran səbəbləri açıqlamalarına böyük ehtiyac duyulur. Məsələn, bəzi böyük yaşayış massivlərində gənclərin bir qismi oxumur və işləmir. Məhz bu qrup adamlar potensial baxımdan gələcəkdə cinayət törətməyə daha çox meyilli olurlar. Sosioloq belə qrup adamları üzə çıxarır və müxtəlif sorğular nəticəsində, onları maraqlandıran ictimai faydalı işlərlə məşğul olmağa sövq edir. Bütün bunların nəticəsində, sosioloqlar tərəfindən gənclər üçün yaşadıqları və ya qonşu ərazilərdə, onları maraqlandıran dərnəklərin, yerlərinin, müxtəlif peşə üzrə hazırlıq kurslarının açıqlanmasına dair müvafiq dövlət orqanlarının qarşısında vəsatət qaldırıla bilər. Gənclərin ictimai faydalı məşğuliyyət dairəsinə cəlb edilməsi isə hüquq-mühafizə orqanlarının işinə köməklik göstərir. Bununla əlaqədar polis əməkdaşlarının işi xeyli yüngülləşir və onlar cəmiyyətdəki kriminogen vəziyyətin, hər hansı bir gözlənilməz halın baş verməsinə yol vermədən, sabit saxlanılmasına daha dəqiq nəzarət edə bilirlər.

Ümumilikdə, belə bir fikri ifadə etməliyik ki, Azərbaycan polisi öz fəaliyyətini beynəlxalq normalara uyğun aparmaq istəyirsə, onda hüquq və digər elm sahələrinin ən yeni nailiyyətlərindən geniş istifadə etməlidir. Bununla əlaqədar indi polis orqanlarında kompyuter vasitələrinin, yeni bioloji və kimyəvi ekspertiza növlərinin, müasir kriminoloji metodların tətbiqi artırılmalı, interpolla qarşılıqlı əməkdaşlıq daha da genişləndirilməlidir. Son vaxtlar bu yeniliklər polis orqanlarının fəaliyyətində tədricən öz əksini tapmaqdadır. Polisin fəaliyyətində elmi-texniki tərəqqinin nəticələrinin tətbiqi müsbət haldır, ancaq sosioloji sahənin təcrübəsindən də istifadə edilməsi bu gün vacib şərtlərdən biridir. Müasir mərhələdə texniki vasitələr əhali ilə polis işçiləri arasında olan daxili, psixoloji, emosional, sosials. ünsiyyəti təhlil etməyə hələ imkan vermir. Bu da onunla bağlıdır ki, insanların dünyagörüşünə, mənəviyyatına, polisin işinin müsbət və mənfi tərəflərinə verilən rəyə heç bir kompyuter, ekspertiza düzgün və dəqiq qiymət verə bilməz. Belə bir vəziyyətdə sosial-psixoloji təmayüllü elmlər ön plana çıxır. Bu elmlər yaranmış problemləri həll etməyə, həm əhalinin, həm də polisin rəyini, işini obyektiv açıqlamağa, düzgün istiqamətləndirməyə qadirdilər. Biz belə bir fikri də irəl sürmək istərdik ki, hal-hazırda demokratiya şəraitndə yaşadığımızdan, biz polisin fəaliyyətinin təkmilləşdirilməsi üçün sosioloji metodlardan istifadəni zəruri hesab edirik, çünki son nəticədə bu ümumi işin yüksək səviyyədə yerinə yetirilməsinə yaxşı imkan və şərait yaratmalıdır.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 13 may.- S.15