Mənəvi-əxlaqi dəyərlər və
vətənpərvərlik tərbiyəsi
Dünən YAP Qusar rayon təşkilatının təşəbbüsü ilə "Ailədə uşaqların mənəvi-əxlaqı dəyərləri və vətənpərvərlik tərbiyəsi" mövzusunda tədbir keçirilib.
15 May Beynəlxalq Ailə Günü münasibətilə keçirilən tədbiri giriş sözü ilə YAP Qusar rayon təşkilatı qadınlar şurasının sədri Kəmalə Qlıçova açaraq, Azərbaycan ailəsində yetişən gənc nəslin mənəvi-əxlaqi dəyərləri ruhunda tərbiyəsi məsələsinə toxunub. "Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli-ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Gənc nəsil, həm də xalqın əsrlər boyu yaradıb-yaşatdığı ənənələri, milli-mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Vətənpərvərlik olmadan nə dövlət, nə də cəmiyyət inkişaf edə bilər. Bu anlayış nəinki hissləri, eyni zamanda bütün insani keyfiyyətləri özündə ehtiva edir. İnsanın davranış qaydası, biliyi, intellekti, vətəninə göstərdiyi etimad, bütün bunlar vətənpərvər insan modelini yaradır. Vətəndaşlıq tərbiyəsinin mənbəyi isə ailədir. Vətənpərvərlik tərbiyəsinin əsası ailədə uşaq yaşlarından formalaşdırılır".
K.Qlıçova bu günümüz üçün daha aktual olan gənclərin vətənpərvərlik tərbiyəsinin həm ailədə, həm də təhsil müəssisələrində diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd edib.
Sonra mövzu ətrafında Lətifə Zəkiyeva, Sevil Dəmirova, Zeynal Əskərov çıxış edərək, fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
NƏZAKƏT
Səs.- 2016.- 13 may.- S.13