"Multikultral dəyərlər və azərbaycançılıq"

 

YAP Sabunçu rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının zona müşavirəsi keçirilib      

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının qərargahında partiyanın Qadınlar Şurasının təşəbbüsü ilə "Multikultural dəyərlər və azərbaycançılıq" mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Sabunçu, Suraxanı, Xəzər, Pirallahı rayon təşkilatlarının qadınlar şurasının sədrləri və üzvüləri, eyni zamanda, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin üzvləri iştirak ediblər. Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib ki, hər bir ölkədə multikulturalizm ənənələrinin yaranıb inkişaf etməsi həmin xalqın təhsilindən, ailə dəyərlərindən və eləcə də tolerantlıq xarakteristikasındən asılıdır: "Bu gün multikultural dəyərlərin Azərbaycan modelinin təbliği istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir. Bu baxımdan, YAP Qadınlar Şurasının bu istiqamətdə reallaşdırdığı layihələr təqdirəlayiqdir".

Sonra YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Fətəliyeva keçirilən mövzunun aktual olduğunu bildiribqeyd edib ki, YAP Qadınlar Şurası bu mövzuda Bakı şəhəri ilə yanaşı, respublikanın regionlarında da tədbirlər keçirir: "Azərbaycanın tolerantlıq məkanı olduğunu, bütün vətəndaşlar əmin-amanlıq, mehribanlıq şəraitində yaşayır və mədəniyyətlərin inteqrasiyası, tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Bu səbəbdən də mədəniyyətlər, sivilizasiyalarkonfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu istiqamətdə beynəlxalq forumların keçirilməsi üçün ideal yerdir. Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizmin ölkəmizdə bir həyat tərzi olduğunu bildirib. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xalqımızın tolerantlıq ənənələrinin dünyada təbliğ olunması baxımından mühüm tədbirlər keçirir".

S.Fətəliyeva bildirib ki, bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, milli adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək, ümumi inkişaf prosesinə öz töhfələrini verirlər: "Bu da onun bariz göstəricisidir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Bu mənada, məzmunca multikultural dəyərlər Azərbaycanda tarix boyu mövcud olub".

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Sədaqət Qəhrəmanova Azərbaycan cəmiyyəti multikultural cəmiyyət olduğunu söyləyib: "Bu gün multikultural dəyərlər hər bir ailədən başlanır. Bu dəyər, bütövlükdə bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edir".

S.Qəhrəmanova onu da vurğulayıb ki, Azərbaycanın dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr, xüsusilə diqqətəlayiqdir: "Respublikamızda islam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur".

O, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının ölkəmizdə yaşayan bütün xalqları vahid amal uğrunda birləşdirdiyini vurğulayıb.

Milli Məclisin deputatı Dilarə Cəbrayılova bildirib ki, bu gün ölkəmiz artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Onun sözlərinə görə, tolerantlıq və multikulturalizmin Azərbaycan modeli bütün dünyada böyük rəğbətlə və təqdirlə qarşılanır: "Multikulturalizmin dövlət siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilməsinin nəticəsidir ki, 2014-cü ilin may ayında Prezident İlham Əliyevin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Bu əlamətdar hadisədən bir qədər sonra Prezident İlham Əliyevin "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında" 11 yanvar 2016-cı il tarixində imzaladığı Sərəncam da göstərir ki, multikulturalizm ənənələrinin qorunub-saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu gün artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi digər mədəniyyətlərə ixrac olunmaqdadır".

Tədbirdə, həmçinin YAP Sabunçu rayon təşkilatı qadınlar şurasının sədri Ramidə İbrahimova, YAP Xəzər rayon təşkilatı qadınlar şurasının sədri Pərvanə Hacıyeva, YAP Suraxanı rayon təşkilatı qadınlar şurasının sədri Zəkiyyə Musayeva, YAP Pirallahı rayon təşkilatı qadınlar şurasının sədri Mehparə Mansırova və başqaları çıxış edərək mövzu ilə bağlı fiikrlərini bildiriblər.

Daha sonra çıxış edən qonaqlar multikultral dəyərlər ətrafında fikirlər bildiriblər.

 

RƏFİQƏ KAMALQIZI

Səs.- 2016.- 13 may.- S.5.