Xarici ölkələr və Azərbaycanın
seçki hüququnun
müqayisəli təhlili
Türkiyə Cümhuriyyəti Anayasasının (Konstitusiyasının) 79-cu maddəsinə müvafiq olaraq, Türkiyə Cümhuriyyətində seçkilər məhkəmə orqanlarının ümumi rəhbərliyi və bilavasitə, nəzarəti altında həyata keçirilir. Seçkilərin başlanmasından bitməsinə qədər seçkilərin qanun çərçivəsində həyata keçirilməsi və obyektivliyinin təmin olunması, seçkilər zamanı və seçkilərdən sonra bütün qanun pozuntuları, ərizə və şikayətləri araşdırmaq və buna dair qəti qərar qəbul etmək və Türkiyə Böyük Millət Məclisi üzvlərinin seçki sənədlərinin və Prezidentin seçki sənədlərinin qəbul edilməsi səlahiyyəti (vəzifəsi) Yüksək Seçim Kuruluna (Ali Seçki Şurasına) məxsusdur. Yüksək Seçim Kurulunun qərarları mübahisələndirilə bilməz.
Elşad Nəsirov yazır: «Yüksək Seçim Kurulu yeddi həqiqi və dörd məşvərətçi səs hüquqlu üzvlərdən ibarətdir. Üzvlərin altısı Ali Apellyasiya Məhkəməsi (Yarğıtay), beşi isə Dövlət Şurası (Danıştay) tərəfindən onların üzvləri sırasından gizli səsvermə yolu ilə üzvlərin tam sayının mütləq səs çoxluğu ilə seçilir. Bu üzvlər özlərinin sırasından gizli səsvermə yolu ilə və mütləq səs çoxluğu ilə sədri və sədr müavinini seçirlər. Maddədən göründüyü kimi, Türkiyə Ali Seçki Şurasının formalaşdırılmasında məhkəmə hakimiyyəti orqanları, bilavasitə iştirak edir və onu öz tərkibinə daxil olan üzvlərdən gizli səsvermə yolu ilə seçir.
Azərbaycan Respublikasında isə mərkəzi seçki orqanının formalaşdırılmasının bir qədər fərqli qaydası müəyyən edilmişdir. Belə ki, burada Mərkəzi Seçki Komissiyasının üzvləri parlament tərəfindən seçilsə də, onun tərkibinin formalaşdırılması zamanı partiya mənsubiyyəti məsələsi vacib rol oynayır. Seçki komissiyalarının formalaşmasında siyasi partiyaların iştirakı ilə bağlı rus alimi V.Y.Çirkin öz dərsliyində qeyd edir ki, son onilliklərin qanunvericiliyinə uyğun olaraq bir çox ölkələrdə seçki komissiyalarının tərkibinə müxtəlif partiyaların nümayəndələri mütləq daxil edilir. Müəyyən proporsiyalar təsbit edilmişdir (məsələn, Azərbaycanda komissiyanın üçdə bir hissəsi müxalifətindir).
Dünyanın bir sıra dövlətlərində də partiya mənsubiyyəti baxımdan seçki orqanlarının formalaşdırılması hallarına rast gəlinir. Məsələn, Meksikada, Almaniyada və bir sıra digər dövlətlərdə mərkəzi seçki orqanı seçkilərdə namizədlər irəli sürən partiyaların nümayəndələrındən təşkil olunur. Lakin ona komissiyanın sədri vəzifəsini tutan dövlət məmuru rəhbərlik edir (daxili işlər naziri, statistika idarəsinin rəisi və s.).
Böyük Britaniyada, Pakistan və Hindistanda isə mərkəzi seçki komissiyası tamamilə daimi dövlət məmurlarından ibarətdir, bura siyasi partiya nümayəndələri daxil olmur. Böyük Britaniyada Mərkəzi Seçki Komissiyasını parlamentin İcma Palatasının spikeri yüksək rütbəli məmurlardan (bu məmurlar tutduqları vəzifəyə görə komissiyanın üzvüdürlər) və digər şəxslərdən ibarət tərkibdə formalaşdırır. E.Nəsirov qeyd etdiyi kimi, respublikamızda mərkəzi seçki orqanının formalaşdırılması parlament qaydası mövcud olsa da, bu prosedurun özünəməxsusluğu mövcuddur. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 24-cü maddəsi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasinin yaradılması qaydasını müəyyən edir. Orada qeyd olunur ki, Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir. Mərkəzi Seçki Komissiyasının üzvləri Milli Məclis tərəfindən seçilir. Mərkəzi Seçki Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə. Mərkəzi Seçki Komissiyasının üzvləri ali təhsilli olmalıdırlar.
Apardığımız araşdırmadan belə qənaətə gəlirik ki, bütövlükdə seçki prosesinin təşkili və nəticələrin müəyyən edilməsi funksiyasını həyata keçirən, bununla da xalq hakimiyyətinin nümayəndələri vasitəsilə realizəsini hüquqi cəhətdən legitimləşdirən seçki orqanlarının tərkibinin və təşkili qaydasının fərqli formaları mövcuddur. Qeyd etmək yerinə düşər ki, seçki orqanları sistemi içərisində ən optimal sistem seçki komissiyaları sistemidir. Bu, bir tərəfdən seçki orqanlarının tərkibi, digər tərəfdən də onların təşkili qaydası ilə bağlıdır. Müvafiq qayda bu orqanların digər dövlət hakimiyyəti orqanlarından siyasi asılılığını qismən aradan qaldırmış olur.
Təbii ki, seçkilərin nəticələrinin obyektivliyi həm də seçki orqanlarının müstəqilliyi ilə şərtlənir. Seçki orqanlarının müstəqilliyi isə təkcə onların tərkibi və təşkili qaydası ilə deyil (baxmayaraq ki, bu hal da mühüm faktorlardan biri qismində çıxış edir), konstitusiya və cari qanunvericilik aktları ilə müəyyən edilən hüquqi statusu, dövlət hakimiyyəti orqanları sistemində yeri, səlahiyyətləri, qəbul etdiyi aktların hüquqi qüvvəsi, maliyyələşmə mənbəyi və maliyyələşmə qaydası və sair bu kimi faktorlarla şərtlənir. Odur ki, qeyd olunan məsələlərin nəzəri cəhətdən araşdırılması mühüm əhəmiyyət kəsb edir.
Seçki orqanlarının hüquqi statusu və dövlət hakimiyyəti orqanları sistemində yerinin tədqiqi zamanı ilk diqqətçəkən və araşdırılması zəruri olan bu orqanların "dövlət hakimiyyəti orqanı" və ya "dövlət orqanı" olması, ümumiyyətlə Azərbaycan Respublikası qanunvericiliyində və hüquq nəzəriyyəsində "dövlət hakimiyyəti orqanı" və "dövlət orqanı" məfhumlarına bir anlayış kimi yanaşma tərzi, seçki orqanlarının, xüsusilə də Mərkəzi Seçki Komissiyasının hakimiyyət bölgüsü mexanizmində yeri, hər hansı bir hakimiyyət budağına daxil olub - olmaması, həyata keçirdiyi funksiya və bu funksiyanın onun statusuna təsiri kimi məsələlərdir.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında dövlət hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Konstitusiyanın 7-ci maddəsinin dördüncü hissəsində isə qeyd olunur ki, bu konstitusiyanın müddəalarına əsasən, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Qeyd olunan konstitusion müddəadan belə bir məntiqi nəticə çıxarmaq olar ki, müvafiq hakimiyyət budağına daxil olan və hakimiyyət səlahiyyətlərini həyata keçirən orqanlar dövlət hakimiyyəti orqanlarıdır. Hakimiyyət bölgüsü çərçivəsində heç bir hakimiyyət budağına daxil olmayan və müvafiq funksiyanı (qanunvericilik, icra və ədalət mühakiməsi funksiyasını) həyata keçirməyən orqan dövlət hakimiyyəti orqanı deyil, sadəcə olaraq, dövlət orqanıdır. Lakin bu yanaşmanı düzgün hesab etmirəm.
M.B.Baqlay yazır: "Bununla bağlı hüquq ədəbiyyatında fərqli yanaşma mövcuddur və bu, ilk növbədə konstitusiyalarda və digər normativ-hüquqi aktlarda tədqiq olunan problemlə bağlı fərqli müddəaların nıövcud olması ilə şərtlənir. Konstitusiya hüquq nəzəriyyəsində isə "dövlət orqanı" və "dövlət hakimiyyət orqanı anlayışlarından əksər hallarda sinonim anlayışlar kimi istifadə olunur". Bu isə, ilk növbədə dövlət orqanının ən mühüm əlamətlərindən birini "dövlət hakimiyyəti səlahiyyətlərinə malik olma" əlaməti təşkil etməsi ilə şərtlənir. Lakin bir sıra hallarda isə bu anlayışlar fərqləndirilir. "Konstitusiya hüququ. Ensiklopedik lüğət" dərgisinin müəllifləri dövlət orqanı" və "dövlət hakimiyyət orqanı" anlayışlarını bir-birindən fərqləndirirlər. Ensiklopedik lüğətin müəllifləri bu anlayışları bir-birindən fərqləndirsələr də, sonda onların sinonim anlayış olmasını qeyd edirlər. "Əvvəl dövlət orqanları dörd qrupa bölünürdü: dövlət hakimiyyət orqanları (dövlət orqanları sistemində aparıcı yer tutan), dövlət-idarəetmə orqanları, məhkəmə orqanları və prokuror nəzarəti orqanları". Sonra müəlliflər hazırkı dövrdə konstitusiyaya müvafiq olaraq vahid dövlət hakimiyyətinin mövcud olduğunu qeyd edir və onun qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölündüyünü göstərirlər. "Ona görə də, bu gün dövlət orqanı öz mahiyyətinə görə elə dövlət hakimiyyəti orqanının eynidir."
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qeyd olunan bütün əlamətlərə malikdir və dövlətin seçkilərin (peferendumun) təşkili və keçirilməsi sahəsində funksiyalarını reallaşdırır.
Sonda E.Nəsirov yazır: «Apardığımız araşdırma aşağıdakı nəticələrə gəlməyə əsas verir:
Azərbaycan Respublikasında seçkilər və referendumlar seçki (referendum) komissiyaları tərəfindən təşkil edilir və keçirilir. Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki (referendum) orqanları - seçki (referendum) komissiyaları seçkilərin (referendumun) hazırlanmasını, keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin (referendumun) yekunlarının müəyyən edilməsini, vətəndaşların seçki hüquqlarının həyata keçirilməsini və müdafiəsini təmin edir, həmin hüquqlara riayət olunmasına nəzarət edirlər. Deməli, seçki qanunvericiliyinə əsasən, respublikamızda seçkilərin təşkili və həyata keçirilməsi ilə bağlı məsələlərin həlli ixtisaslaşdırılmış, kollegial peşəkar seçki orqanlarına - seçki komissiyalarına həvalə edilmişdir.
Araşdırmalar belə qənaətə gəlməyə imkan verir ki, bütövlükdə seçki prosesinin təşkili və nəticələrin müəyyən edilməsi funksiyasını həyata keçirən, bununla da xalq hakimiyyətinin nümayəndələri vasitəsilə realizəsini hüquqi cəhətdən legitimləşdirən seçki orqanlarının tərkibinin və təşkili qaydasının fərqli formaları mövcuddur. Qeyd etmək yerinə düşər ki, seçki orqanları sistemi içərisində ən optimal sistem seçki komissiyaları sistemidir. Bu, bir tərəfdən seçki orqanlarının tərkibi, digər tərəfdən də onların təşkili qaydası ilə bağlıdır. Müvafiq qayda bu orqanların digər dövlət hakimiyyəti orqanlarından siyasi asılılığını qismən aradan qaldırmış olur.
Azərbaycan Respublikasında seçki orqanları konstitusiya və Seçki Məcəlləsi ilə müəyyən olunan qaydada təşkil olunur və fəaliyyət göstərir, öz səlahiyyətləri çərçivəsində müstəqildirlər, qanun qarşısında məsuliyyət daşıyırlar, heç bir dövlət orqanı onların fəaliyyətinə müdaxilə edə bilməz, onların qərarları yalnız özü və ya yuxarı seçki orqanı, habelə məhkəmə tərəfindən ləğv edilə və ya məhkəmə qaydasında etibarsız hesab edilə bilər. Seçki orqanlarından başqa heç bir digər dövlət hakimiyyəti orqanı seçki prosesinin gedişi zamanı seçki orqanlarının fəaliyyətinə müdaxilə etmək, onların əvəzindən qərarlar qəbul etmək, seçkilərin nəticələrini müəyyən etmək kimi səlahiyyətə malik deyil".
Vahid Ömərov,
fəlsəfə
üzrəfə fəlsəfə doktoru
Səs.- 2016.- 17 may.- S.15.