Bilikdən birlik doğar
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 7
may 2014-cü il tarixli Fərmanı ilə yaranan Azərbaycan Respublikasının
Prezidenti Bilik Fondunun fəaliyyətə
başlamasından iki
il ötür
Hər bir xalqın ucalığını
onun bilik səviyyəsi müəyyən
edir.
Ümummilli Lider Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu yarandığı gündən təkcə paytaxtda deyil, bütün ölkə ərazisində maarifçilik
tədbirləri həyata
keçirir, ölkəmizin
tarixi, mədəniyyəti,
ədəbiyyatı, incəsənətinin
təbliği ilə bağlı bir-birindən
maraqlı layihələr
reallaşdırır. Bilik Fondunun
tanınmış ziyalılardan
ibarət olan Himayəçilik Şurası
Fondun fəaliyyətinə
yaxından köməklik
göstərir. Himayəçilik Şurasının sədri
AMEA-nın prezidenti akademik Akif Əlizadə
Fondun fəaliyyəti
ilə maraqlanaraq tez-tez öz tövsiyələrini verir.
Millətlərarası, Multikulturalizm
və Dini Məsələlər üzrə
Dövlət müşaviri,
Himayəçilik Şurasının
üzvü akademik Kamal Abdullayev vaxtaşırı fondun əməkdaşları və
Əlaqələndirmə Şurasının
üzvləri ilə görüşür, mütəmadi
treninqlər keçirir.
Fondun həyata keçirdiyi bir sıra layihələrin
ideya müəllifi olan akademik Kamal
Abdullayev həm də icra olunan
layihələrin birbaşa
iştirakçısıdır.
Fəaliyyət göstərdiyi müddətdə
Bilik Fondu Azərbaycanın və xarici ölkələrin bir sıra təşkilat
və müəssisələri
ilə 20-dən çox
əməkdaşlıq müqaviləsi
imzalayıb. Ölkəmizin müxtəlif bölgələrində
Bilik Fondunun 76 rayon və şəhər nümayəndəsi əhalinin
maarifləndirilməsi işinə
cəlb olunub.
Bilik Fondunun
2014-cü ilin sentyabrından
start götürən "Qardaşlaşmış məktəblər"
layihəsi artıq ölkəmizin bütün
bölgələrini əhatə
edir. Məqsədimiz məktəblilərin biliklərini, dünyagörüşlərini,
Azərbaycan barədə
məlumatlarını artırmaq,
məktəblilər arasında
"bilik körpüsü"
yaratmaqdır.
Müxtəlif xalqların nümayəndələrinin
oxuduğu qardaşlaşmış
məktəblər, mütəmadi
olaraq qarşılıqlı
səfərlər, birgə
dəyirmi masalar, disputlar, müsabiqələr,
bilik və idman yarışları keçirir, dostluq əlaqələrini genişləndirirlər. Beləliklə, hər bir məktəbli
ölkəmizin multikultural
mühitinə əyani
şahid olur, vətənimizdə yaşayan
və Böyük Azərbaycan mədəniyyətinə
öz incisini qatan hər bir xalqın folklorunu, mədəniyyətini,
yaşam tərzini öyrənmiş olur.
Prezident
İlham Əliyevin
2016-cı ili "Multikulturalizm ili" elan etməsi layihənin qarşısında
geniş üfüqlər
açmış oldu.
2016-cı ildən "Qardaşlaşmış məktəblər"
layihəsinin formatı
genişlənərək beynəlxalq
arenaya çıxdı.
Fevralın 13-dən 16-dək "Qardaşlaşmış
məktəblər" layihəsi,
ilk dəfə olaraq, Azərbaycan məktəbliləri
ilə yanaşı, Türkiyə və Rusiya məktəblilərinin
iştirakı ilə
gerçəkləşdi.
Moskva, Ankara və
Bakı məktəbliləri
arasında "Qardaşlaşma
sazişi" imzalandı. Rusiya və
Türkiyə məktəbliləri
Bakının görməli
yerlərində oldular.
Qonaqlar, xüsusilə Heydər Əliyev Mərkəzindən
və Heydər Məscidindən böyük
təəssüratla ayrıldılar.
Şagirdlər arasında isti
dostluq və səmimi qardaşlıq münasibətləri yarandı.
Növbəti görüşlərin Ankarada və Moskvada baş tutmasını arzulayan xarici ölkə məktəbliləri öz
vətənlərinə Azərbaycan
sevgisi ilə qayıtdılar.
Ta qədimdən multikultural ənənələrlə yaşayan
Azərbaycan ərazisində
bütün dinlərin
nişanələri var. Bəzən
zamanın amansız axarı tariximizi özündə yaşadan
bir çox abidələrin, müqəddəs
məkanların ilkin görkəmini itirir, minillikləri geridə qoyan daş kitabələr aşınır.
Fondun "Dini abidələrdə tarixin
izləri" layihəsi
çərçivəsində bu nişanələr hərtərəfli öyrənilir,
Azərbaycan ərazisində
yerləşən məscidlər,
ziyarətgahlar, kilsələr,
sinaqoqlar, məbədlər
və imamzadələrdə
elmi-tədqiqatlar aparılır
və nəticədə
Azərbaycan tarixi üçün faydalı
məqamlar üzə
çıxarılır, ehtiyac
olduqda müəyyən
abadlıq işləri
görülür.
İlkin olaraq, Bərdə İmamzadəsi Kompleksinin
tarixi araşdırılıb,
daş kitabələr
və qəbirüstü
yazılar oxunaraq tərcümə olunub, İmamzadənin ərazisində
abadlaşdırma işləri
aparılıb. Bərdə İmamzadəsinə dair iki elmi-praktik
konfrans keçirilib, sənədli film çəkilib,
elmi və publisistik məqalələr
dərc olunub, "Bərdə və Bərdə İmamzadəsi"
kitabı hazırlanıb.
Fondun əməkdaşları müxtəlif
xalqların nümayəndələrinin
təhsil aldıqları
Bakı, Qəbələ,
İsmayıllı, Balakən,
Qax və Zaqatala məktəbliləri
ilə birgə müsəlman ingiloyların
yaşadığı Əliabad
kənd məscidinin həyətində böyük
iməcilik keçirib,
ərazi təmizlənib
və yaşıllaşdırılıb.
Məsciddə fondun yaratdığı
kitabxanaya 100 adda kitab hədiyyə olunub.
Qazaxda 1897-1905-ci illərdə
tikilmiş Rus Pravoslav Kilsəsi müstəqilliyimizin bərpasından
sonra abadlaşdırılıb. Hazırda Qazaxda
Rus Pravoslav İcmasının olmaması
səbəbindən kilsə
dini məbəd kimi fəaliyyət göstərmir. Bilik Fondu
Bakı Multikulturalizm Mərkəzi ilə birgə Qazaxdakı Rus Pravoslav Kilsəsinin
Multikulturalizm Muzeyinə
çevrilməsi istiqamətində
işlər görür.
Qax rayonu ərazisində yerləşən
Qədim Kürmük
Alban Məbədi həm
xristian, həm də müsəlmanların
ziyarət etdikləri
inanc yerlərindən
biridir. Bilik Fondu bu məbədin ərazisində
də araşdırma-tədqiqat
işləri aparır,
məbədə mütəmadi
olaraq alim, tələbə və şagirdlərin, həmçinin
xarici qonaqların elmi turları təşkil olunur. Hər il
iki dəfə keçirilən Kümrükoba
bayramında fondun əməkdaşları və
könüllülərimiz iştirak edirlər.
Növbədə hələ neçə
məscidlər, kilsələr,
sinaqoqlar, məbədlər
var...
"Docendo discimus"
- "öyrədərək öyrənirik" anlamına
gələn yunan hikməti - Bilik Fondunun layihələrindən
biri. Bu layihə Azərbaycan məktəblisinə,
tələbəsinə, bölgə
ziyalısına cəmiyyətin
seçilən simaları
- akademiklər, professorlar,
yazıçı və
şairlər, diplomatlarla
ünsiyyət imkanı
qazandırır. Müxtəlif bölgələrdən alınan
sosial sifarişlər
əsasında 19 ölkədən
olan 300-dək mühazirəçinin
müxtəlif mövzularda
700-dən çox mühazirəsi
təşkil olunub.
Bilik Fondu dövlət dilinin tədrisi və təbliği istiqamətində tədbirlər həyata keçirir. "Azərbaycan dilini öyrənirik" layihəsi çərçivəsində ölkəmizdə yaşayan rusdilli əhali üçün artıq iki ildir ki, ödənişsiz Azərbaycan dili kursları fəaliyyət göstərir. Bakıdakı Rus Pravoslav Kilsəsində Azərbaycan dili tədris olunur. Qəbələ rayonunda udinlərin kompakt yaşadığı Nic qəsəbəsindəki Alban Apostol Kilsəsində dövlət dilinin tədrisinə başlanılır. Kurslarda təcrübəli ali və orta məktəb müəllimləri dinləyicilərə Azərbaycan dilinin qrammatikiası və danışıq qaydalarını öyrədirlər. Artıq kursu bitirən 40 nəfər dinləyiciyə sertifikatlar təqdim olunub. Onların içərisində 18 yaşından tutmuş 80 yaşınadək rusdillilər var.
"Azərbaycan elmi xaricdə" layihəsinin məqsədi elmi uğurlarımızın dünya ölkələrində təbliği və xarici ölkə vətəndaşlarını Azərbaycanın elmi yenilikləri barədə məlumatlandırmaqdır. Bilik Fondunun Praqada keçirdiyi "Azərbaycanın geologiya elmi Çexiyada" sərgisi, Romada "Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)" beynəlxalq elmi konfransı çərçivəsində nümayiş edilən fotosərgi, Türkiyə, Rusiya və Ukraynada təşkil olunmuş mühazirələr xarici alim və tədqiqatçıların marağını Azərbaycana cəlb edir, ölkəmizin dostlarının sayını artırır.
"Dünya elmi Azərbaycanda" layihəsi ilə Bilik Fondu ölkə əhalisini dünya elminin yeniliklərindən xəbərdar edir. Dəvət etdiyimiz xarici ölkə alimləri müxtəlif elm sahələrinə dair mühazirələr oxuyur, yerli ziyalılarla fikir mübadiləsi aparırlar. Onlar özləri də Azərbaycan barədə geniş bilgilər alırlar.
Fondun dəvəti ilə Bakıya gələn Türkiyə, Rusiya Çexiya, ABŞ, Fransa, İtaliya, Portuqaliya, Niderland, Almaniya, Koreya alimlərinin mühazirə və təlimlərini də gənclər xüsusi maraqla qarşılayırlar.
Azərbaycan Prezidenti İlham Əliyevin "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamı Bilik Fondunun bu sahədə fəaliyyətinə təkan verdi. Alimlərimiz akademik Kamal Abdullayevin rəhbərliyi ilə Azərbaycanı səfərə çıxdılar, oba-oba, oymaq-oymaq ... "Kitabi Dədə Qorqud"un izi ilə Qax, Zaqatala, Xocavənd, Beyləqanda dastanın tarixinə dair konfranslar keçirildi, dastan qəhrəmanlarının, Qorqud deyimlərinin izləri ziyarət edildi.
Bilik Fondu Akademiyanın Mərkəzi-Elmi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Kitabi-Dədə Qorqud" və Haynrix Fridrix fon Dits - 200" mövzusunda ilk Beynəlxalq Şagird Konfransını keçirdi. İki günlük konfransda Azərbaycanın bütün bölgələrindən - Bakı, Gəncə, Naxçıvan, Quba, İsmayıllı, Zaqatala, Şirvan, Naftalan, Xaçmaz, Beyləqan, Qəbələ, Yevlax, Tərtər, Bərdə, Lənkəran və Ağdaşdan gələn məktəblilər, həmçinin Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və İsraildən olan şagirdlər bir-birindən maraqlı çıxışları ilə yadda qaldılar. Bilik Fondu dinindən və dilindən asılı olmayaraq bütün konfrans iştirakçılarını Dədə Qorqud işığında birləşdirdi.
Ölkə Prezidentinin bu Sərəncamda göstərdiyi aydın hədəflərə doğru yolumuz hələ də davam edir. Fondun həyata keçirdiyi "Qafqaz Albaniyasının intibahı" layihəsi ulu tariximizin səhifələrini vərəqləyir, bu qədim dövlətin qalıqlarının, tədqiq olunmamış yüzlərlə abidənin üzərinə işıq salır. Mütəmadi olaraq, Qafqaz Albaniyası marşrutu üzrə elmi turlar təşkil olunur.
Ali və orta məktəblərdə "Auditoriya+" layihəsi çərçivəsində maraqlı tədbirlər keçirilir, şagirdlər və tələbələr tədris planı üzrə keçdikləri əsərlərin səhnə həlli ilə də tanış olurlar. Bilik Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində yaradılan "Mizan" dram dərnəyi gənclərin teatr sənətinə olan marağını artırır, yaradıcı qabiliyyətini cilalayır. Bilik Fondu istedadlı gənclərin sərgilərini keçirir və balaca rəssamlara dəstək olur.
Maraqlı layihələrimizdən biri də jurnalist ixtisasına yiyələnmək istəyən abituriyentlər üçün nəzərdə tutulub - "Yazmağı bacaracaqsan". Layihəyə əsasən, Bilik Fondu tanınmış jurnalistlərin və müəllimlərin iştirakı ilə abituriyentlər üçün qabiliyyət imtahanına ödənişsiz hazırlıq kursları təşkil edir. Fondun Könüllülər Birliyi minlərlə gənci bilik işığında birləşdirir. Konüllülərimiz tez-tez maraqlı aksiyalar keçirir, ictimai həyatın nəbzini tutmağa çalışırlar.
Bilik Fondu ömrünün ahıl çağında olanları da unutmur, axı onların diqqətə və sevgiyə daha çox ehtiyacı var. Vaxtaşırı tələbə-gənclərlə birgə Bilgəhdəki Müharibə və Əmək Veteranları Pansionatında olur, onlara bayram sovqatı aparır, azacıq da olsa şənləndirməyə, ovutmağa çalışırıq. Qocalar burada qayğı ilə əhatə olunduqlarını desələr də, hər dəfə bizi gözlədiklərini gizlətmirlər. Bilik Fondu onların istəyi ilə pansionatın kitabxanasına 200 adda kitab hədiyyə edəndə də sakinlər çox sevindilər, çünki oxucunun yaşı yoxdur.
Gənclərin istəyi ilə başladığımız "İmzalı görüş" layihəsi çərçivəsində yazıçılarla maraqlı görüşlər təşkil olunur, tələbə və məktəblilər yazarlarla həmsöhbət olur, onların imzalı kitablarını hədiyyə alırlar. Bilik Fondunun artıq bütün ölkədə tanınan maarifləndirici layihələri cəmiyyətin diqqət mərkəzindədir. Bölgə ziyalısına, məktəblisinə və gəncinə daha yaxın olmaq üçün yerlərdə Bilik Evləri fəaliyyətə başlayır. Artıq Qax, Oğuz, Nardaran, İsmayıllı və Astara Bilik Evləri əhalinin üz tutduğu müqəddəs məkana - maarif ocağına çevrilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu maarifləndirmə məqsədilə hələ neçə-neçə layihələrə imza atmağı planlaşdırır. Bunların içərisində "Ustad və şəyird", "Məscid kitabxanası", "Auditoriya+", "Azərbaycan bayrağı", "Epizod", "Ev kitabxanası", "Müasir cəmiyyət" kimi layihələr də var. Bilik Fondunun kollektivi olaraq dövlətimizin bizə göstərdiyi bu yüksək etimadı doğrultmaq üçün əlimizdən gələni etməyə hazırıq. Məqsədimiz aydın, yolumuz bəlli, hədəflərimiz dəqiqdir! Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun müqəddəs missiyası - maarifçilikdir!
Xatirə Hüseynova,
Azərbaycan Respublikasının Prezidenti
yanında
Bilik Fondunun sektor müdiri, fəlsəfə
doktoru
Səs.- 2016.- 17 may.- S.9