HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASI MULTİKULTURAL DƏYƏRLƏRİN QARANTI KİMİ

 

Tarixin ayrı-ayrı dövrlərində fərqli inanclara etiqad edən xalqlar arasında günahsız insanların ölümünə səbəb olmuş dini zəmində bir çox müharibələr baş vermişdir. Əksər qarşıdurmalar, əsasən, cəmiyyətdə dini dözümsüzlük və təəssübkeşlik hisslərinin baş qaldırması nəticəsində yaranmış və qarşısıalınmaz prosesə çevrilmişdir. Çox təəssüf ki, nə qədər pərdələməyə çalışılsa da, yaşadığımız XXI əsrdə bu qarşıdurmalar dünyanın əsas problemlərindən biridir.

Bu, bir gerçəklikdir ki, dözümlülük, mehribanlıq, səmimiyyət, qarşılıqlı anlaşılma və sevgi kimi ülvi dəyərləri yaymaq məqsədilə bəşəriyyətə göndərilən səmavi dinlərdən belə, bəzən  qarşıdurma yaratmaq məqsədilə  istifadə olunmuşdur. Mənsub olduğu dinin yayılmağa daha çox haqqı olduğunu düşünən, öz dinindən başqa heç bir dini qəbul etməyən insanlar digər dinlərə qarşı səlib yürüşü elan etmiş və nəticədə, yüzlərlə günahsız insanın qanı axıdılmış, bir çox ibadət evləri dağıdılmışdır.

Bütün səmavi dinlərdə, eləcə də sonuncu din olan islamda digər dinlərin nümayəndələrinə qarşı dözümlü və ədalətli davranmaq vacib əməllərdən hesab olunur. İnsanlar arasında ayrı-seçkilik salmaq, onlarla rəftarda din və məzhəb fərqliliyini əsas götürmək ən böyük  günah əməllərdən biri  sayılır.

Hər bir xalqın özünəməxsus mədəniyyəti, həyat tərzi və adət-ənənələri mövcuddur. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan digər din və mədəniyyətlərə dözümlülük baxımından dünyanın bir çox ölkələrindən fərqlənir. Belə ki, Azərbaycanda tarixən bir çox xalqlar, etnik azlıqlar məskunlaşmışdır. Əsrlər boyu onlar Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol oynamış, özlərinin etnik xüsusiyyərlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlayaraq  günümüzədək yaşatmışlar. Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin, dini cərəyanların qovuşduğu bir məkan olmuşdur. Bu gün də ölkəmizdə bu dinlərin tarixi abidələri, zəngin mənəvi irsi qorunub saxlanılır.

Tarix boyu müxtəlif dinlərə etiqad edən insanlar Azərbaycanda sülh və əmin-amanlıq  mühitində yaşamışlar. Azərbaycanda mövcud dini icmalar arasında daim möhkəm dözümlülük, qarşılıqlı anlaşma olmuş, milli, irqi, dini ayrı-seçkilik müşahidə olunmamışdır. Müxtəlif dinlərə etiqad edən insanlar mehriban bir ailə kimi yaşamışlar.

Azərbaycan xalqı daim ölkədə yaşayan müxtəlif dinlərə və məzhəblərə mənsub insanların dostluğunun, qardaşlığının möhkəmləndirilməsinə sülh və əmin-amanlıq mühitinin yaradılmasına çalışmışdır. Bu hümanist ənənə bu gün də qorunub saxlanılır. Respublikamızda sinaqoq və kilsələr məscidlərlə yanaşı fəaliyyət göstərir, insanlar dini ayinlərini sərbəst yerinə yetirirlər. Bəlkə də dünyada yeganə ölkədir ki, məscid, sinaqoq və kilsələrin təhlükəsizliyi üçün  heç bir mühafizəçi xidməti yoxdur. Məhz bu müqəddəs abidələrin təhlükəsizliyi  xalq mühafizəçiləri tərəfindən qorunur. Ölkəmizdə son dövrlər məscidlərlə bərabər  sinaqoq və kilsələr də dövlətin büdcəsi hesabına  inşa olunur.

Onu da qeyd edək ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti müsəlmanlar olsa da, Azərbaycan Respublikasının Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu müddəa təkcə qanunda deyil, real həyatda da öz əksini tapmışdır. Azərbaycanda hər hansı bir dinin digər dindən üstün olması barədə təbliğatın aparılması qanunla qadağan edilmişdir.

Bu gün dünyanın bir çox ölkələrində insanların yaşayış yerinin müəyyən edilməsində onların dini mənsubiyyəti əsas meyar kimi götürülür. Yəhudi, xristian və müsəlmanlar ayrı-ayrı məhəllələrdə yaşayırlar. Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Azərbaycan çoxmillətli ölkədir, müxtəlif millətlərin və xalqların qarşılıqlı anlaşma şəraitində yaşadığı və fəaliyyət göstərdiyi dövlətdir. Müasir müstəqil Azərbaycan dövləti və onun yaradıcısı Heydər Əliyev hakimiyyətə qayıdışı ilə ölkəmizdə yaşayan azsaylı xalqların dilinə, mədəniyyətinə, adət-ənənələrinə diqqətlə yanaşdı, qayğı göstərdi. Ümummilli Liderin yenidən siyasi hakimiyyətə qayıdışı azərbaycançılıq ideyasının inkişafına, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinə güclü təsir göstərdi. Belə ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyasını əsas tutaraq, onun bütün sahələrdə inkişafını təmin etdi. Bundan başqa, Heydər Əliyev ilk dəfə olaraq, multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi. 

Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra 1993-cü ildən etibarən keçmiş İttifaq respublikalarından fərqli olaraq Azərbaycanda vəziyyət ağrılı problemlərin həlli istiqamətində inkişaf etməyə başladı. Bu proses Azərbaycanda yaşayan milli azlıqların, azsaylı xalqların və etnik azlıqların ictimai-siyasi, sosial-mədəni inkişafına stimul verdi.

Müstəqilliyin ilk günlərindən başlayaraq Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər olan zaman kəsiyində Azərbaycanda milli azlıqlarla bağlı yetərli iş görülmürdü. 1993-cü ildən sonra isə milli məsələlərdə irəliyə doğru dönüş yarandı. Tarazlı milli siyasət kursu, milli azlıqların ən kiçik qayğılarından tutmuş ciddi sosial problemlərinə qədər bütün məsələlərin həlli artıq Kremlin barmaq silkələməsinə görə deyildi. Ölkəmizin müstəqillik illərində keçdiyi inkişaf yolu, o cümlədən müstəqilliyin ilk illərində vətəndaş müharibəsi, iqtisadi tənəzzül, ictimai-siyasi sabitliyin pozulması, Ermənistanın işğalı və sair çoxsaylı problemlərlə üz-üzə qalan Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasəti sayəsində bütün çətinlikləri qısa müddətdə arxada qoydu və hərtərəfli inkişafa başladı. 1994-cü ildən sonra bu siyasət Prezident Heydər Əliyevin iradəsi, cəsarəti ilə həyata keçirilirdi. Heydər  Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin və s. qorunub saxlanmasına,  inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Bu məqsədlə onlara maliyyə yardımları göstərildi. Milli azlıqların mədəni mərkəzləri kommunal xərclər, kirayə haqqı ödənilmədən yerlə təmin olundular. Onların əlifbaları, doğma dillərində dərslikləri hazırlandı, kitablarının, qəzetlərinin nəşri üçün dövlət büdcəsindən vəsait ayrıldı, respublika radiosunda, yerli özəl televiziyalarda və qəzetlərdə doğma dillərində veriliş və materiallar hazırlanmasına şərait yaradıldı, müxtəlif konfessiyaların sərbəst və azad fəaliyyət göstərməsinə tam hüquqi təminat verildi.

Heydər Əliyev milli məsələlərlə bağlı fəaliyyətində beynəlmiləlçilik ruhunu və milli azlıqlara diqqəti müdafiə edirdi. Məhz buna görə də Azərbaycanda etnomühit bütün dövrlərdə sabit olub. Bu istər yuxarıların, istərsə də aşağıların biri digərinə olan münasibətinin, birmənalı olaraq davam etməsinin göstəricisidir. Yəni topluma daxil olan həm türkə, həm də qeyri-türkə ictimai mühitdə yanaşma tərzi eyni olub, etniklə, qeyri-etnik arasında fərq qoyulmayıb. Dahi Öndər bu ideologiyası ilə azərbaycançılıq fəlsəfəsinin vətəndaşlılıq məfhumu ilə ayrılmaz vəhdəti kimi görürdü. 

Akademik Ramiz Mehdiyev "XXI əsrdə azərbaycançılıq ideyası kreativ millət kontekstində" məqaləsində  (25.06.2012) yazır:  "Polietnik cəmiyyətdə vətəndaş millətçiliyi daxili birliyə malik olmuş Azərbaycan cəmiyyətinin ətraf mühiti qavraması üsuludur. Mədəni və etnik birliyə nail olmayan dövlət tolerantlıq olmadan sabitliyini təmin edə və normal inkişaf edə bilməz..."

1995-ci ildə, bilavasitə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi  ilə hazırlanan Azərbaycan Konstitusiyası da mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir. Konstitusiyanın 25-ci maddəsinə əsasən, dövlət irqindən, milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Konstitusiyanın 44-cü maddəsinə əsasən, "hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz".

Heydər Əliyevin milli siyasətinin əsas istiqamətlərindən biri ölkəmizdə yaşayan bütün milli azlıqların dil və mədəniyyətinə müvafiq dəstəyin göstərilməsi idi.  Bu məqsədlə, az sonralar, Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası fəaliyyət göstərdi. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbə yaradıldı.

Heydər Əliyevin milli azlıqlara qarşı münasibəti təkcə rəsmi sənədlər və görüşlərlə təsdiq olunmur. Ümummilli Lider milli azlıqların yaşadığı bölgələrə səfərlər edir, onlarla görüşlər keçirirdi. Qəbələ rayonunda yaşayan azsaylı udin xalqının nümayəndələri Ümummilli Liderlə görüşlərini belə xatırlayırlar: "Tanrı özü dualarımızı eşidərək Heydər Əliyevi bizə göndərmişdir. İndi biz özümüzü azad və sərbəst hiss edirik".

Heydər Əliyev milli azlıqların nümayəndələri ilə keçirdiyi görüşlərinin birində deyirdi: "Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar..." Və yaxud da Ümummilli Lider milli azlıqlarla keçirdiyi görüşləri belə xarakterizə edirdi: "...Mən görüşlərimi milli azlıqların nümayəndələri ilə görüş adlandırmaq istəməzdim. Bu, Azərbaycanın, Azərbaycan xalqının nümayəndələri ilə görüşüdür..." 

Göründüyü kimi, Heydər Əliyevə  həm Azərbaycanda normal həyatı bərqərar etmək, sosial-iqtisadi inkişafı təmin etmək, həm də millətlərarası sülhə nail olmaq, xalqlar və ölkələrarası münasibətləri tənzimləmək nəsib oldu. Bununla da, o, təkcə Azərbaycanda yaşayan millətlər üçün deyil, bütövlükdə regionda yaşayanan hər kəsə qucaq açdı. Görünür, bu səbəbdən də ona "Qafqazın Atası" adını verdilər. 

Azərbaycanda bütün xalqlara, milli azlıqlara daim yaxşı münasibət bəslənilir. Azərbaycan müxtəlif dinlərin və millətlərin dostluq şəraitində birgə yaşamaları baxımından nümunə rolunu oynayır. Hazırda Azərbaycanda ölkənin əsas və çoxluq təşkil edən əhalisi - azərbaycanlılarla (Azərbaycan türkləri) yanaşı, bir sıra digər millət, xalq və etnik azlıqlar bir ailə kimi yaşayırlar. Ölkəmizdə  yaşayan əhalinin 90,6%-ni Azərbaycan türkləri, 9,4%-ni isə milli azlıqlar və etnik qruplar, o cümlədən ləzgilər - 2,2%, ruslar - 1,8%, talışlar - 1,%, avarlar - 0,6%, digər  türk soyları  - 0,5%, tatarlar - 0,4%, ermənilər - 1,5%, gürcülər - 0,2%, kürdlər - 0,2%, ukraynalılar- 0,4%, yəhudilər - 0,2% və başqa xalqlar təşkil edir. Bu gün Azərbaycan ərazisində kompakt halında yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlarla yanaşı, sayının azlığından və çoxluğundan asılı olmayaraq, həmçinin özbəklər, qazaxlar, litvalılar, latışlar, moldovanlar, estonlar, qırğızlar, taciklər, türkmənlər, abxazlar, aqullar, buryatlar, inquşlar, darginlər, kabardinlər, komilər, qumuqlar, marilər, noqaylar, rutullar, udmurtlar, çeçenlər, çuvaşlar, adıgeylər, çərkəzlər, qaqauzlar, Mərkəzi Asiya yəhudiləri, qaraçılar, ərəblər, aysorilər, əfqanlar, bolqarlar, macarlar, vyetnamlılar, yunanlar, koreyalılar və kubalılar da yaşayırlar. Onların bir çoxu başqa millətlərdən olduqları kimi, digər səmavi dinlərin də daşıyıcısıdırlar.

Bu gün ölkədə yürüdülən iqtisadi, siyasi, sosial, milli və s. siyasətin xarakteri və effektivliyi də xüsusi vurğulanmalıdır. Azərbaycan özünün müsbət və pozitiv iqtisadi inkişaf meyillərini-iqtisadiyyatının liberallaşdırılmasını, Qərblə iqtisadi əlaqələrini və bazar iqtisadiyyatı mexanizmlərini inkişaf etdirilməklə yanaşı, həm də ölkə daxilində sabit vətəndaş birliyinin yaradılması istiqamətində mühüm nailiyyətlər qazanmışdır. Ölkədə həyata keçirilən düzgün və fəal siyasət onun daxili ictimai-siyasi mühitini nəzərəçarpacaq dərəcədə modernləşdirmiş, dövlət və cəmiyyət həyatını demokratikləşdirmiş, sosial-mənəvi sahələri yeniləşdirmiş, vətəndaş cəmiyyəti təsisatlarını formalaşdırmış və müasir dövrün tələblərinə uyğunlaşdırmışdır. Avropa dəyərlərinə, dünyəvi və hüquqi dövlət quruculuğu yoluna üstünlük verməsi, vətəndaşlarının təhsil, mədəni və intellektual səviyyəsini yüksəltməsi və s. amillər ölkənin dünyəvi geosiyasi əhəmiyyətini və planetar imicini xeyli artırmış və geosiyasi xarakteristikasına müsbət təsir göstərmişdir.

Hazırda Azərbaycan öz ictimai-siyasi və sosial-mənəvi vəziyyəti, yekdil milli-dini-vətəndaş birliyi, tolerant daxili vəziyyəti və s. ilə Cənubi Qafqazın ən sabit və lider ölkəsi hesab olunur. Azərbaycan Cənubi Qafqazda həm də xristianlıqla islamın sərhədlərinin bitdiyi və sivilizasiyaların qovuşduğu, müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin bir arada inkişaf etdiyi, dini dözümlülüyün hökm sürdüyü coğrafi məkan olaraq, öz multikulturalist və tolerant cəmiyyəti, sabit ictimai mühiti ilə seçilir. Bu istiqamətdə ölkə rəhbərliyinin yürütdüyü ardıcıl siyasət ölkənin regionda geosiyasi nüfuzunu artırmaqla yanaşı, həm də Cənubi Qafqaz və Xəzər hövzəsində regional sabitlik və təhlükəsizliyin təmin olunmasına ciddi təsir göstərir. Bütün bunlar da Azərbaycanın xarici aləmlə geosiyasi tərəfdaşlığına müsbət təsir göstərən əsas amil hesab olunur.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidentinin regionların inkişafı ilə bağlı sərəncamlarını da xüsusi qiymətləndirmək lazımdır. Azərbaycan Respublikasının Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları nəticəsində Balakən rayonunun Katex kəndində Beretbinə əsas məktəbi, Zaqatala rayonunun Makov, Qınır kəndlərində  məktəblər tikilmiş, Mamrux kəndində uşaq baxçası inşa olunmuşdur.

2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir. 

Avar dilində, ümumilikdə 260 sinfi olan 19 məktəb fəaliyyət göstərir və bu məktəblərdə 7 minə yaxın şagird təhsil alır.

2009-cu il ümumölkə əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən, talışlar Azərbaycanda yaşayan de-fakto üçüncü, de-yuri isə dördüncü azsaylı etnik qrupdur. Azərbaycanda hazırda tədris proqramında talış dili öyrənilən 248 məktəb fəaliyyət göstərir. Bu məktəblərin ibtidai siniflərində həftədə 2 dəfə talış dili tədris edilir. Bu məktəblərdə 1 716 sinif vardır ki, onlardan 248-i ibtidai sinifdir. Məktəblərdə ümumən 29 120 şagird təhsil alır.

1993-cü ildən başlayaraq Azərbaycanda ləzgi dilində dərsliklər çap edilir. Hazırda 94 məktəbdə (891 sinif) ləzgi dilində dərslər keçirilir. Həmin məktəblərdə 15 000-ə yaxın şagird təhsil alır. Ləzgilərin sıx yaşadığı Quba-Xaçmaz iqtisadi rayonunun sənayesinin əsasını yüngül və yeyinti sənayesi təşkil edir. Başlıca olaraq meyvə-tərəvəz, şərab və süd məhsulları emal edilir. Rayonun kənd yerlərində xalçaçılıq ənənəvi sənətkarlıq növü kimi inkişaf etməkdədir. Qafqazın qədim xalqlarından olan ləzgilər bu bölgənin iqtisadi inkişafında mühüm rol oynayırlar.

Postsovet məkanında, ilk dəfə olaraq Azərbaycan Respublikasında milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında Prezident fərmanlar imzalayıb. Azərbaycanda milli azlıqlar həm parlamentdə, həm də icra hakimiyyəti orqanlarında geniş təmsil olunurlar. Azərbaycan dövlətinin milli siyasətinin əsas istiqamətlərindən biri ölkəmizdə yaşayan bütün milli azlıqların dil və mədəniyyətinə müvafiq dəstəyin göstərilməsidir. Azərbaycanın milli azlıqların məskunlaşdığı bir sıra rayonlarında ali təhsil müəssisələri və kolleclərin filialları açılmış, ölkənin radio və televiziya kanallarında milli azlıqların dillərində verilişlər yayımlanır. Həmin ərazilərdə yerli telekanallar fəaliyyət göstərir. Milli azlıqların dilində qəzet və jurnallar nəşr olunur. Bu mənada, Azərbaycan bütün dünyada nümunəvi multikulturalizm məkanı kimi tanınır.

Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanda milli və dini azlıqlar məsələsinə də hər zaman böyük diqqət və qayğı ilə yanaşmışdır. "Azərbaycanda əsrlər boyu çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb və müstəqillik illərində bu meyillər daha da güclənib" - deyən dövlət başçısının digər mövqeyinə görə: "Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda dini, milli zəmində anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir. Çünki hər bir ölkənin gücünü, əlbəttə ki, bir neçə amil müəyyən edir.  Siyasi imkanlar,  iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam mühit və həmrəylik duyğuları."

Milli və etnik zəmində dünyada ciddi problemlərin olması ilə bağlı təhlillərini müəllif Prezident İlham Əliyevin  "Azərbaycan nəinki sivilizasiyalararası bir körpüdür, biz, eyni zamanda öz əməyimizlə, siyasətimizlə müsbət meyillərin güclənməsinə təkan veririk... Əfsuslar olsun ki, hər yerdə belə deyildir. Dini ayrı-seçkilik müşahidə olunur, məzhəb davası aparılır. Bu, böyük fəlakətdir və uçuruma aparan yoldur. Biz çalışırıq, çalışmalıyıq və öz səylərimizi daha da artırmalıyıq ki, dünyada bu meyillər müsbət istiqamətdə getsin" - fikirləri ilə əsaslandırır və həmin vəziyyətdən çıxış yolu kimi, birgəyaşayışın Azərbaycan modelinin öyrənilməsini təklif edir.

"Azərbaycan Respublikasında birgəyaşayış naminə həyata keçirilən milli siyasət", "Beynəlxalq Konvensiyalar və onların milli qanunvericilikdə təsbiti", "Beynəlxalq qurumların Azərbaycanda milli azlıqlarla bağlı siyasətə münasibəti", "Milli azlıqların hüquqlarının təmin olunmasında Ombudsmanın rolu", "Milli azlıqlar və media" və digər sərlövhəli yazılarda isə müəllif müvafiq olaraq ölkəmizdə həyata keçirilən milli siyasətin məqsəd, prinsip və həyata keçirilmə mexanizmlərini açıb göstərmiş, bu sahədə beynəlxalq sənədlər və yerli qanunvericilik aktlarının müqayisəli təhlilini aparmış, beynəlxalq qurumların məlum sferada Azərbaycanda həyata keçirilən siyasətə münasibətini araşdırmış, milli azlıqların hüquqlarının müdafiəsi sahəsində Ombudsman institutunun oynadığı rola qiymət vermiş, habelə sözügedən sferada media ilə əlaqələr və dini etiqad azadlığının təmin edilməsi kimi məsələləri elmi təhlillər süzgəcindən keçirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edərək, bunu ardıcıl olaraq davam etdirəcəyini, təkcə, ölkə daxilində deyil, bir sıra mötəbər tribunalarda da əminliklə vurğulayıb. Bu cür yanaşma multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları, müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində davamlı inkişaf tələbatları ilə elmi cəhətdən əsaslandırılıb. Bu baxımdan, Prezident İlham Əliyevin Bakıda "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumda dediyi kimi: "Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir.  Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır".

Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və ahəngdar birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Tarixən, Azərbaycanda insanlar arasında milli, dini və irqi ayrı-seçkiliyə yol verilməmiş, tolerantlıq milli mentalitetimizə xas olmuşdur. Yüzilliklər boyunca Azərbaycanda məskunlaşan və müxtəlif dinlərə etiqad edən xalqlar aralarında heç bir ayrı-seçkilik olmadan sülh və əmin-amanlıq şəraitində dinc yanaşı yaşamışlar. Bu ənənə eyni qaydada davam etməkdədir. Bu, dünya tarixinə yazılan tarixi nümunədir. Bu, adına "tolerantlıq" deyilən, gerçəkdə isə xalqımızın genetik koduna möhürlənmiş insanlıq, humanizm və bəşərilikdir. Bu, həqiqətdir, ən yüksək kürsülərdə səslənən səmimi etirafdır.

Prezident İlham Əliyev də leksikonumuzda, nisbətən, yeni söz olan multikulturalizm ənənələrinin ölkəmizdə əsrlər boyu həmişə mövcud olduğunu bəyan etmişdir: "Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib. Zənnimcə, əsrlər ərzində, o cümlədən, sovet dövründə yaranan müsbət meyillər müasir Azərbaycanda möhkəmlənir. Bu da ölkəmizdə milli həmrəyliyin əsası, müasir dinamik inkişafın təməlidir. Təəssüf ki, biz müasir dünyada çox vaxt başqa mənzərə -qarşıdurma, təcridolunma, ayrı-seçkilik görürük. Bəzi ölkələrdə, ümumiyyətlə, yüksək səviyyədə bəyan edirlər ki, multikulturalizm siyasəti fiaskoya uğrayıb. Bu, çox təhlükəli meyildir. Düşünürəm ki, Azərbaycanın nümunəsi bunun tam əksini göstərir".

Bu gün də ölkənin ictimai-siyasi həyatındakı demokratik dəyişikliklər Azərbaycanda yaşayan azsaylı xalqlara olan marağın da artmasına şərait yaradır. İnsan hüquqlarının müdafiəsi, müxtəlif etnos və etnik qrupların saxlanılması yalnız sosial-mədəni deyil, həmçinin siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin milli siyasəti yalnız ayrı-ayrı etnos və xalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşlarının həyatının bütün sahələrində bərabərhüquqlu inkişafına xidmət edir.

Qeyd etmək lazımdır ki, əsrlər boyu Azərbaycanda bütün xalqlara və milli azlıqlara tolerant münasibət bəslənir. Tarixən ölkəmizdə müxtəlif millətlərin nümayəndələri dinc yaşayır və bu ənənə indi də uğurla davam etdirilir və nümunəvi xarakter daşıyır. Milli azlıqlar üçün ölkəmizdə reallaşdırılan layihələr xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyev Azərbaycanda tolerantlığın möhkəmləndirilməsi üçün ardıcıl siyasət həyata keçirir. Bu gün ölkəmiz müstəqil siyasət yürüdür, xalqla iqtidarın birliyinə nail olunmuşdur. Azərbaycanın dövlət siyasətində insan amili başlıca yer tutur. Respublikamızda əhalinin güzəranı durmadan yaxşılaşır, qısa müddətdə yoxsulluq 15 il ərzində 49 faizdən 5 faizə enib və bir milyondan çox yeni iş yeri yaradılıb. Məqsədyönlü siyasət nəticəsində ölkəmizin paytaxtı, eləcə də regionlar tanınmaz dərəcədə dəyişib və müasirləşib. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, bu gün Azərbaycanın regionda lider dövlətə çevrilib. Dünyada qlobal maliyyə və iqtisadi böhranın hökm sürdüyü dövrdə də ölkəmizdə bütün sahələrdə inkişaf təmin olunur. Azərbaycan son illərdə sıçrayışlı sosial-iqtisadi inkişafa nail olmuşdur və hazırda dünyanın inkişaf etmiş ölkələri sırasında yerini tutmaq üçün səylərini daha da gücləndirir.

 

 

 

Məlahət İbrahimqızı

Milli Məclisin deputatı,

YAP Nəsimi rayon təşkilatının sədri,

YAP Siyasi Şurasının üzvü

Səs.- 2016.- 17 may.- S.8-9