Azərbaycan
atçılığının sorağı əski çağlardan gəlir
Dünyada yarış atları kimi məşhur olan Qarabağ atları tarixən çoxsaylı
yarışların keçirildiyi məkana
- Cıdır Düzünə dönəcəklər
Müasir dünyamızda Azərbaycan iqtisadi-sosial inkişafı, sabitlik məkanı kimi deyil, eyni zamanda maddi-mədəni abidələri, gözəl adət-ənənələri, folkloru, incəsənəti, musiqisi ilə fəxr edə biləcək ölkələrdəndir. Çox zəngin potensiala malik olan Azərbaycanın bu məxsusi dəyərlərinə dünya dövlətlərinin maraq göstərməsinin bir çox obyektiv səbəbləri vardır ki, bu da ölkəmizin reallıqları, tarixi, bu günü və panoramasıdır. Azərbaycanın ayrılmaz parçası olan Qarabağ da ölkəmizin zənginliyi ilə bağlı dolğun təsəvvürləri özündə cəmləşdirir. Bu sözün ilkin mənşəyi elə bu diyar haqqında hər şeyi demiş olur. Böyük məkan olan Qarabağın tarixi burada istənilən bir sənətin təşəkkül tapmasına və inkişafına imkan vermişdir. Milli mədəniyyətimizin və tariximizin bir hissəsi olan Qarabağda atçılığın da bir neçə minillik tarixi var. Qarabağın əsrarəngiz gözəlliyi, təbiəti, füsünkarlığı, iqlimi bu torpağın zəngin qış və yay otlaqları yüksək iş qabiliyyətli atlar yetişdirməyə imkan verib. Qarabağda atçılığa beynəlxalq məkanda maraq həmişə böyük olub. Əfsuslar olsun ki, bu gün hər bir azərbaycanlının qəlbinin, ürəyinin yaralı yeri olan Qarabağımızdan uzağıq. Mənbələrdən bəllidir ki, dünyada 260-a yaxın at cinsi yetişdirilib ki, onlardan da ikisi-"Qarabağ" və "Dilboz" cinsləri, məhz Azərbaycana məxsusdur. Tarixi-etnoqrafik ədəbiyyatda Qarabağ cinsinin bir çox tipləri qeydə alınmışdır. Bunlardan Maymun, Toxmaq, Şahmar, Qarnı yırtıq, Əlyetməz, Ceyran, Səlminaz və s. göstərmək olar. Bütün bunlar yerli şəraitə tam uyğunlaşan, yəhər altında özünü çox sərbəst hiss edən münasib minik atları idi. Qarabağ atının yorulmaq bilməyən sürətli yerişi və digər müsbət keyfiyyətlərinə görə nəinki Rusiyada, habelə Polşa, İngiltərə, Fransa kimi Avropa ölkələrində də şöhrətlənmişdir. Qarabağ atları dünyada nadir at növüdür, Asiya və Qafqazda ən qədim at cinsi hesab olunur. Tarixi mənbələrdə göstərilir ki, Qarabağ atları Manna, Midiya, Atropatena, və Albaniya atlarının nəsillərindəndir.
QIZILI-KÜRƏN VƏ KƏHƏR RƏNGLİ QARABAĞ ATLARI BEYNƏLXALQ SƏRGİLƏRDƏ UĞURLU YERLƏR TUTUB
Torpaqlarımıza göz dikən mənfur ermənilər Azərbaycanda atçılığın inkişafına həmişə paxıllıqla yanaşıblar. İş o yerə çatıb ki, tarixi düşmənlərimiz daim at cinslərimizə də sahib çıxmağa cəhd göstəriblər. Ermənilər bir neçə dəfə Xurşudbanu Natəvanın at zavodunda yetişdirilmiş və 1869-cu ildə Moskvada keçirilən Ümumrusiya At Sərgisində mükafat almış "Bat Əlyetməz" ləqəbli Qarabağ atının şəklinin əks olunduğu marka belə çap etdiriblər. Qeyd edək ki, əsasən, qızılı-kürən və kəhər rəngli, dözümlü, ortaboylu, bədən quruluşu mütənasib, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu yerlər tutub. Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq geniş yayılmasında Qarabağın xan zavodlarının əvəzsiz rolu olub. Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və digər xan zümrəsinə daxil olan sülalələrin nümayəndələrinə məxsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılıb.
ERMƏNİSTANIN ÖLKƏMİZƏ HƏRBİ TƏCAVÜZÜ NƏTİCƏSİNDƏ QARABAĞ ATLARI KÖÇKÜNLÜK HƏYATI YAŞAYIR
1946-cı ildə Ağdam Atçılıq Zavodunun yaradılması Qarabağ atının yaxşılaşdırılmasına imkan verib. Zavodda və ətraf yaşayış məntəqələrində yetişdirilən atların müsbət bioloji xüsusiyyəti kimi, madyanların kifayət qədər südlülüyü, yüksək dölvermə və çox yaşama qabiliyyəti qeyd edilməlidir. XX əsrin sonlarında Ermənistanın ölkəmizə hərbi təcavüzü Qarabağda atçılıq təsərrüfatına da ağır zərbə vurdu. 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondumuzun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşayır.
Lakin çətinliklərə baxmayaraq, Qarabağ atlarını bu günədək qoruyub-saxlamaq mümkün olub. Hazırda Ağdam Atçılıq Zavodunda 200 başdan artıq at saxlanılır. Ötən illər ərzində əlverişsiz şəraitdə qalmağa uyğunlaşmış, bununla belə cinsin xarakterik əlamətlərini özündə saxlamış yeni nəsil Qarabağ atları yetişdirilmişdir. Bu atların bir qisminə təlim keçirilir və Bakı Dövlət Cıdır Meydanına göndərilir.
DÜNYA BİRLİYİNİN TARİXİMİZƏ, MİLLİ KÖKLƏRİMİZƏ QARŞI OLANLARA LAYİQLİ CAVABI
Məlumdur ki, Ermənistan minlərlə maddi abidələrimizi məqsədli şəkildə məhv edərək, torpaqlarımızı işğal altında saxlamaqla çövkən kimi tarixi oyunlarımızın da unudulmasına çalışırdı. Bu gün Qarabağ atlarının yetişdirilməsindəki çətinliklər, oyunun qədim məkanından kənarlaşdırılması meyilləri onun yavaş-yavaş unudulmasına gətirib çıxara bildi. Bu səbəbdən də çövkən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi. Bu nailiyyətimiz həm milli adət-ənənələrimizdən birinin qorunub-saxlanmasına, həm də bütün dünyanın erməni xislətinin şahidi olmasına imkan yaratdı. Tariximizin və mədəniyyətimizin ayrılmaz bir elementi olan çövkənin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ atüstü oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi dünya birliyinin tariximizə, milli köklərimizə, mədəni dəyərlərimizə qarşı olanlara layiqli cavabıdır.
Qarabağ atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. 2007-ci ildə "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb, "Atçılığın inkişafı üzrə Proqram" təsdiqlənib. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında" 2014-cü il 19 noyabr və "Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında" 2015-ci il 21 avqust tarixli sərəncamları Qarabağ atının genefondunun qorunması, tarixi şöhrətinin özünə qaytarılmasında mühüm sənəddir.
Bəli, Azərbaycanın milli sərvəti olan Qarabağ atları hazırda öz keçmiş şöhrətinin qayıdışı dövrünü yaşayır. Həyata keçirilən tədbirlər nəticəsində Qarabağ atı cinsinin inkişafı yeni mərhələyə qədəm qoyacaq və Qarabağ atları beynəlxalq yarış və sərgilərdə uğurla təmsil olunaraq xalqımızın qüruruna çevriləcək.
Bütün dünyada yarış atları kimi məşhur olan Qarabağ atları Şuşanın Cıdır Düzündə tarixən çoxsaylı yarışların keçirildiyi məkana dönəcəklər.
NƏZAKƏT
Səs.- 2016.- 17 may.- S.7.