Laçının işğal tarixindən 24 il ötür

 

   

    Azərbaycan xalqının çoxəsrlik tarixinə nəzər salsaq, unudulmayan günlər çoxdur. Bu tarixi xalqın keçdiyi keşməkeşli, əzablı, mübarizələrlə dolu zaman yazır. Bu gün 18 may hər birimizdə ağır bir hiss yaradan, ən müqəddəs məfhum olan Vətənimizin gözəl guşəsi Laçın rayonun erməni-rus hərbi birləşməlri tərəfindən işğal olunduğu gündür. Düz 24 il əvvəl törədilən işğalın acı nəticələrin, bu gün də yaşayırıq. Laçının işğalı damarında azərbaycanlı qanı dövr edən hər kəs üçün çox ağırdır. Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal etdi. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub. Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycanın dağınıq halda olan silahlı dəstələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edirdilər. Bu işğala səbəb o vaxtkı iqtidarın və hakimiyyət uğrunda mübarizə aparan antimilli qüvvələrin fəaliyyəti idi. Laçının işğalı Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin yaranmasına gətirib çıxartdı. İşğalı nəticəsində 1835 kv. kilometrlik ərazi zəbt edildi, yüzlərlə maddi mədəniyyət nümunəsi erməni vandalizminə tuş gəldi. 24 ildir ki, 60 mindən artıq laçınlı respublikanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb. Müharibə zamanı 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib. Bu statistik rəqəmlər Laçının erməni qəsbkarları tərəfindən necə zəbt olunması təsəvvürünü açıq-aydın göstərir. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Laçının işğal altına düşməsi təkcə laçınlıların deyil, bizim hamımızın böyük faciəsidir: "Çünki Laçının gözəl abidələri indi dağıdılıbdır. Bizim dini abidələrimiz dağıdılıbdır. Muzey eksponatlarımız talan edilibdir, evlər dağıdılıbdır. Laçınlıların evlərində indi düşmənlər yaşayır. Bu da bir dərddir. Evin sökülməsi dərddir, amma evdə düşmənin yaşaması ondan da böyük dərddir". Prezident İlham Əliyev Laçın rayonunun belə vəziyyəti ilə barışmağın mümkün olmadığını bildirib.

    İndi Azərbaycan dünya səviyyəsində böyük hörmətə malik olan ölkə kimi tanınır. Azərbaycanın iqtisadi potensialı, hərbi gücü onu deməyə əsas verir ki, işğal altında olan torpaqlarmızın azad olacağı gün uzaqda deyil. Bu, qaçılmaz reallıqdır. "Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, bütün köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar" – deyən Prezidentin bu fikirləri Azərbaycan həqiqətlərinə söykənir: "Haqq-ədalət bunu tələb edir və Azərbaycan xalqı bunu tələb edir. Oraya qayıtmaq üçün indi biz diplomatik səylərimizi aparırıq. Əgər görsək ki, bu səylər nəticə vermir, onda istənilən anda biz hərbi yolla torpağımızı qaytarmalıyıq… Biz bu illər ərzində böyük dərəcədə güclənmişik. Biz güclü hərbi potensial yaratmışıq. Bundan sonra, növbəti illərdə Ermənistan ilə Azərbaycan arasındakı fərq ancaq böyüyəcəkdir. Bu fərq hər yerdə özünü göstərir - iqtisadiyyatda, ölkələrimizin siyasi çəkisində, beynəlxalq dəstəkdə, hərbi potensialdaeyni zamanda, demoqrafik göstəricilərdə".

    Hazırda Azərbaycan danışıqlar prosesini ardıcıl olaraq davam etdirir. Azərbaycan Ermənistanla müqayisədə istənilən sahədə irəlidədir və qələbə əzmi də ölkəmizdə yüksəkdir. Bütün beynəlxalq təşkilatların qərarları, qətnamələri Azərbaycanın haqlı mövqeyini müdafiə etsə də, erməni lobbisi və havadarları ermənilərə dəstək olurlar. Ermənistan beynəlxalq təşkilatların, BMT-nin, onun Təhlükəsizlik Şurasının qətnamələrini icra edilməlidir. "Beynəlxalq ictimaiyyət tələb etməlidir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çəkilsin və imkan versin və Azərbaycan vətəndaşları o torpaqlara qayıtsınlar. Çünki bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ nəinki Azərbaycanın tarixi torpağıdır, - bunu biz hamımız yaxşı bilirik, – beynəlxalq hüquq normaları da Dağlıq Qarabağı Azərbaycan torpağı kimi tanıyır. Bəs nə üçün bu qətnamələr icrasız qalır?!"- deyən Cənab İlham Əliyev  dünya erməniliyinin və onların arxasında dayanan anti-Azərbaycan qüvvələrinin fəaliyyəti nəticəsində, bu məsələnin belə dondurulmuş vəziyyətdə qaldığını bəyan edir.

    Təbii ki, işğal altında olan torpaqlarımız işğalçılardan azad ediləndən sonra, bütün torpaqlarda, o cümlədən Laçında yeni inkişaf dövrü yaşanılacaq. Buna Azərbaycanın iqtisadi gücü var. Bu gün respublikamızın, ümumilikdə 59 rayon və şəhərində müvəqqəti məskunlaşan 71,2 min laçınlıdan 13 mini Ağcabədi rayonu Taxtakörpü ərazisində yerləşib. Məcburi köçkünlər üçün burada yeni yaşayış qəsəbələri, parklar salınıb, Şəhidlər Kompleksi ucaldılıb. Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan qəsəbədə bütün imkanlar yaradılsa da, dövlət başçısının apardığı prinsipial və ardıcıl siyasəti, birmənalı şəkildə müdafiə edən laçınlılar el-obalarına, Laçına getmək arzusundadırlar. Ölkəmizin artan beynəlxalq nüfuzu və hərbi qüdrəti onların dədə-baba torpaqlarına tezliklə dönəcəklərinə əminlik yaradıb. İyirmi dörd illik məcburi köçkünlük həyatı yaşamaların, baxmayaraq, inanırlar ki, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.

   

  Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2016.- 18 may.- S.13.