HEYDƏR
ƏLIYEV VƏ AZƏRBAYCANIN MİLLƏTLƏRARASI VƏ
SİVİLİZASİYALARARASI DİALOQ,
MULTİKULTURALİZM ƏNƏNƏLƏRİNİN
DÜNYADA TƏBLİĞI
Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa etdiyi 1991-ci ildən bəri öz daxili və xarici siyasətində diaspora və lobbiçilik işinə xüsusi diqqət verir. Dünya təcrübəsi göstərir ki, dövlətçiliyin inkişafında diaspor amili mühüm yerlərdən birini tutur. Bu siyasətin başlıca məqsədi dövlətimizi və millətimizi xaricdə layiqincə təmsil və təbliğ edə bilən diaspor cəmiyyətləri və "Azərbaycanın dostları" olan lobbi quruplarının yaradılması və formalaşdırılmasından, lobbi və diaspora təşkilatlarını dəstəkləməkdən, yaşadıqları ölkənin daxili və xarici siyasətinə təsiretmə imkanına malik olan insanları tapıb Azərbaycan Respublikasına dəvət etməkdən, soydaşlarımıza iqtisadi, siyasi, mənəvi və s. sahələrdə dayaq durmaqla onların yaşadıqları dövlətlərin iqtisadi, siyasi və mənəvi həyatına sıx inteqrasiya olunmasına, cəmiyyətin layiqli bir üzvünə çevrilməsinə kömək etməkdən ibarətdir. Bu mənada, diaspora siyasəti dövlətimizin yeritdiyi daxili və xarici siyasətin ayrılmaz tərkib hissəsidir. O ki qaldı diaspora işinin zəruriliyinə, bu iş olduqca zəruri və vacib əhəmiyyətli bir fəaliyyət sahəsidir, ona görə ki, bugünkü dünyada hələ də ikili standartlar, yanaşmalar vardır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan Respublikası BMT üzvü və BMT-nin Təhlükəsizlik Şurasının qeyri - daimi üzvü kimi, Avropa Şurasinin üzvü və Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi, ATƏT üzvü və digər beynəlxalq təşkilatların üzvü kimi daim öz fəaliyyətində beynəlxalq hüquq normalarını, hüququn aliliyini, ədaləti əsas götürür. Əfsuslar olsun ki, onlarin hər ikisi kobud şəkildə pozulur. Lakin bu pozulmaya beynəlxalq aləmdə adekvat reaksiya yoxdur. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Həmin qətnamələrdən heç biri həyata keçirilməyib, işğal indiyədək davam edir, biz etnik təmizlənməyə məruz qalmışıq, ölkəmizin tarixi ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır. BMT Baş Məclisi və Təhlükəsizlik Şurası ilə bərabər digər beynəlxalq təşkilatlar: ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası işğalı pisləyən qərar və qətnamələr qəbul ediblər. Lakin onlardan heç biri yerinə yetirilməyibdir. Bundan əlavə, Azərbaycan xalqı son 250 ildə dəfələrlə soyqırımlarına və deportasiyalara məruz qalmış, onun torpaqları işğal olunmuşdur. Azərbaycan xalqının başına gətirilən bu ədalətsizliklər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və əsl mahiyyəti barədə dünya ictimaiyyətinə məlumat verilməlidir.
Azərbaycanın qədim tarixi, zəngin və bənzərsiz mədəniyyəti, adət-ənənələri, yeritdiyi daxili və xarici siyasətin mahiyyəti barədə dunya birliyini məlumatlandırmaq və Azərbaycanı dünyada tanıtmaq vacib vəzifələrdən biridir. Bir sözlə, diaspora işiinin tərkib hissəsinə daxil olan çoxsaylı vəzifələrdən biri kimi Azərbaycanın dünyada tanıdılması işinin çox böyük əhəmiyyəti vardır.
Xüsusilə, qeyd olunmalıdır ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması, siyasi-iqtisadi və hərbi qüdrətinin möhkəmlənməsi və yeritdiyi daxili və xarici siyasətin düzgünlüyü, uğurlu inkişaf modeli dünyanın bir çox nüfuzlu dövlət xadimləri, siyasətçiləri tərəfindən get-gedə daha çox müdafiə olunur və bunun nəticəsində beynəlxalq arenada tərəfdaşlarımızın və bizim səsimizə səs verən dostlarımızın sayı artır.
Multikulturalizm Azərbaycanın dəvlətinin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə 2015-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müçavirədə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olundu. Bu münasibətlə nəzərdə tutulan çoxsaylı tədbirlər proqramı çərçivəsində 2016-cı ilin martın 9-10-da Bakıda IV Beynəlxalq Humanitar Forum keçirildi.2016-cı il aprelin 24-25-də isə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək. Keçirilən bu tədbirlərdə Azərbaycan Respublikası ev sahibi olaraq bir tərəfdən Azərbaycanın əldə etdiyi iqtisadi, siyasi, sosial və demokratik sahələrdə nailiyyətləri bütün dünyaya nümayiş etdirir,digər tərəfdən isə dünyada baş verən bütün prosesləri təhlil etmək və Azərbaycanın təcavüzkar Ermənistan və onun havadarları tərəfindən işğal olunmuş torpaqlarının geri alınması üçün haqlı mövqeyini ortaya qoyur, təcavüzkarlar tərəfindən Azərbaycanın maddi-mədəni irsinin talan edilməsi, multikulturalizm obyektlərinə zərbə vurulması faktlarını da çatdırılır.
Azərbaycan Respublikasının dünya birliyinə inqeqrasiyası, mədəni dünya ilə qarşılıqlı şəkildə zənginləşməsi, onun dünyada tanınması, davamlı, rəqabətqabiliyyətli və təhlükəsiz inkişafı üçün dini tolerantlıq və multikulturalizm ideyası mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri,YAP Siyasi Şurasının üzvü Novruz Məmmədov yazır: "Azərbaycan mütərəqqi dünyəvi dövlət perspektivini aydın dərk edən bir ölkəyə çevrilmişdir. Bu, Azərbaycana islam dünyası üçün mədəni inkişaf nümunəsi olmaq şansını verdiyini çəkinmədən demək olar. Heydər Əliyevin güclü dövlət konseptində mədəniyyətin və sosial inkişafın yeri və rolu bu strateji məqsəddə öz əksini tapmışdır. Azərbaycan mahiyyət etibarilə dünyəvi dövlət kimi inkişafda olmalıdır, lakin o, eyni zamanda, güclü mədəniyyət ənənəsini özündə ehtiva etməlidir" (Bax, səh. 15,Novruz Məmmədov, "Heydər Əliyev: Güclü dövlət quruculuğu və sosial inkişafın vəhdəti" məqaləsi,Yeni Azərbaycan Partiyasının İcra Katibliyi tərəfindən hazırlanmış və Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə nəşr edilmiş " Heydər Əliyev və yeni cəmiyyət modeli" kitabı, Bakı, 2014-cü il, səh.291-292). Novruz Məmmədov daha sonra yazır ki, Azərbaycan dövlət səviyyəsində mədəniyyətlər və dinlərarası dialoqu təşkil edən, cəmiyyətdə onu praktiki şəkildə həyata keçirən yeganə Qafqaz ölkəsidir... bütün bunların kökündə Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasında nəzəri şəkildə yer almış prinsiplərin dövlət quruculuğuna tətbiqi mexanizmlərinin işlənməsi durur.
Dünyada tolerantlıq məkanları və multikulturalizm ocaqları sadalanarkən və Beynəlxalq Tolerantlıq Günü qeyd edilən zaman Azərbaycan xalqı, ilk növbədə, yada düşür. Azərbaycan xalqının qədim zamanlardan Azərbaycan ərazisində yaşayan və məskunlaşan müxtəlif etnik qurupların, milli azlıqların etiqad etdikləri dini və milli adət-ənənələrinə qarşı hörmət və dözümlu münasibət bəslənilməsi, tolerant,multikultural ənənələrin və dinlərarası normal münasibətlərin hökm sürdüyü bir məmləkət olması haqqında kifayət qədər tarixi məlumatlar vardır. Bu gün də Azərbaycanda təşəkkül tapmış davamlı tolerantlıq mühiti, millətlərarası və sivilizasiyalararası dialoq sahəsində görülən işlər və həyata keçirilən tədbirlər dünyanın diqqətini cəlb edir. Azərbaycan cəmiyyətində bərqərar olan davamlı milli-mənəvi həmrəylik və möhkəm ictimai-siyasi sabitlik tolerantlıq mühitinə də müsbət təsir edir. Dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları ölkəmizdə mövcud olan söz, vicdan və dini etiqad azadlığından, normal dövlət-din münasibətlərindən və demokratik-hüquqi şəraitdən lazımınca yararlanırlar. Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilən və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən düzgün milli,etnik və din siyasəti olkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Azərbaycanda bütün konfessiyalar üçün bərabər şərait yaradılır. Azərbaycan beynəlxalq hümanitar forumlara, BMT-nin Sivilizasiyalar Alyansına, Mədəniyyətlərarası Dialoq Forumuna, UNESKO və İSESCO-nun mötəbər tədbirlərinə ev sahibliyi edir. Eyni zamanda, dünya dinləri nümayəndələrinin təmsil olunduğu ali məclislər - MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının iclasları, Dünya Dini Liderlərinin Beynəlxalq Sammiti Bakıda keçirilir. Roma Papası Azərbaycana səfər etmiş və ölkəmizdə mövcud olan dini tolerantlıq mühitinə yüksək qiymət vermişdir.
Qeyd etmək lazımdır ki, qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada, eyni zamanda, ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni, mənəvi və siyasi qarşıdurmalar, islamofobiya, dini ekstremizm, antisemitizm, ksenofobiya kimi halların artması da müşahidə olunur. Təəssüf hissi ilə qeyd etməliyik ki, müasir dünyada milli-etnik,dini zəmndə qarşıdurmalar, terrorizm, separatçılıq, dini radikalizm, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi, bütövlükdə bəşər sivilizasiyasını təhdid edən hadisələr də tez-tez baş verir. Azərbaycan Respublikası əksər beynəlxalq və regional təşkilatlarda təmsil olunur. Azərbaycan Respublikası bu gün dünyada daha çox ehtiyac duyulduğunu nəzərə alaraq, təmsil olunduğu məclislərdə daim mədəniyyətlərarası dialoqa, aparıcı dünya dinlərini həmrəyliyə və sülhə çağırır. Azərbaycanın bütün dövlət və qeyri-dövlət orqanları, o cümlədən Heydər Əliyev Fondu tərəfindən ölkəmizin tolerantlıq mühiti bir model olaraq dünyada təbliğ olunur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə,Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr,Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhüdiləri İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı İcmasının sədri Gennadi Zelmanoviç, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili və başqaları arasında mövcud yüksək səviyyəli münasibətlər də Azərbaycanda dinlərarası münasibətlərə müsbət təsir göstərir.
2015-ci il noyabrın 26-da Nardaranda baş verən hadisədən sonra Azərbaycanda da dini ekstremizmə qarşı mübarizənin zəruriliyi gündəmə gəldi. Azərbaycan dini modeli ən düzgün modeldir. Baxmayaraq ki,qanunla din dövlətdən ayrıdır, Azərbaycanda dövlət həmişə dinin, din isə dövlətin yanında olub. Xüsusilə, narahatlıq törədən məsələlərdən biri də ondan ibarətdir ki,xaricdə dini təhsil alıb Azərbaycana qayıdan gənclərin bir qismi ekstremizmə meyil edir. Bunu nəzərə alaraq Milli Məclisdə "Dini ekstremizmə qarşı mübarızə haqqında" müvafiq qanun layihəsi hazırlandı. Azərbaycanda dini,milli və siyasi ekstremizmə qarşı ciddi mübarizə aparılır.
Azərbaycanın beynəlxalq aləmdə öz sözünü demək üçün keçirdiyi effektiv tədbirlərdən biri də beynəlxalq hümanitar illik forumlardır. IV Qlobal Bakı Forumu 2016-cı il martın 10-12-də "Çoxqütblü dünyaya doğru" devizi ilə keçirildi. Forumun işində 53 ölkədən 300-dən çox nünayəndə, o cümlədən 4 fəaliyyətdə olan prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir, tanınmış siyasətçilər, biznes, elm, mədəniyyət xadimləri, jurnalistlər və s. iştirak etdilər. Bununla əlaqədar olaraq Albaniya, Montoneqro, Bolqarıstan və Gürcüstan prezidentləri və Yunanıstan, Bosniya və Hersoqovina, Makedoniya, Xorvatiya, Sloveniya, və digər dövlətlərin dövlət və hökümət başçıları Bakı şəhərinə gəldilər. Bu forumların təşkili ilə Nizami Gəncəvi adına Beynəlxalq Mərkəz və Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi məşğul olur. Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin İdarə Heyyətinə dünyanın görkəmli siyasətçiləri,sabiq dövlət və hökümət başçıları, məşhur ictimai-siyasi xadimlər daxildir. Həmin mərkəz xətti ilə Azərbaycanda və dünyada bir çox beynəlxalq hümanitar tədbirlər təşkil edilmişdir. Bundan əvvəl keçirilmiş üç forum (I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013-cü, 2014-cü və 2015-ci illərdə Bakı şəhərində baş tutmuşdur.
IV Qlobal Bakı Forumunda bu dəfə yeni dünyada geosiyasi münasibətlər, iqtisadi,siyasi və fəlsəfi baxışlar, qlobal təhlükəsizliyin təmin olunması,münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, multikulturalizm beynəlxalq terrorizm, ekstremizm, radikalizm, ekologiya, miqrasiya, və inteqrasiya məsələləri, o cümlədən elm və texnologiya sahəsində İKT inqilabı kimi mühüm məsələlər gündəliyə salınmışdı. Bundan başqa, həmin forumda enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də müzakirə edildi.
Forumda nitq söyləyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev qeyd etdi ki, dünyada vəziyyət dəyişmiş, dünya daha da sakit və təhlükəsiz olmaq əvəzinə, daha da təhlükəli olmuşdur. Bizim regionda da vəziyyət kəskin şəkildə dəyişmişdir. Mövcud münaqişələr həll edilməmiş qalır, bununla yanaşı,yeni münaqişələr, yeni qarşıdurma və təhlükə bölgələri yaranmışdır. Qərbin siyasi və iqtisadi baxışlarının sərhəd tanımadığı, XX əsrin sonunda üstünlük təşkil edən ənənəvi siyasi, iqtisadi və fəlsəfi baxışların hazırda XXI əsrin əvvəllərində kəskin təhdidlərlə üzləşdiyi, dünyada beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması, beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın azalması, qlobal və regional təhlükəsizliyin zəifləməsi, beynəlxalq terrorizmin, radikalizm, separatizm kimi təhlükəli proseslərin artmasından narahatlıq ifadə olundu və bu mənfi proseslərin dəhşətli nəticələr törədə biləcəyi haqqında bəşəriyyətə mesajlar verildi.
Azərbaycann öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, təhsil,mədəniyyət və intellektual potensialı, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır. Biz qloballaşma prosesində beynəlxalq birliyə birtərəfli inteqrasiya yolunu seçməmişik.Çünki biz dünyaya öz mədəni zənginliyimizi təqdim və təbliğ etməyi bacarır, dünyanı bizdən nələrisə öyrənməyə də təşviq edə bilirik. Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq demişdir: "Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməkdir".
Həmin siyasətin davamı kimi, 2016-cı ilin aprelin 25-27-də Bakıda keçiriləcək Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da çox böyük əhəmiyyət daşıyır. Məlum olduğu kimi, həmin forumun keçirilməsi haqqında 2014-cü il sentyabrın 26-da BMT-nin Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu tədbirin keçirilməsi üçün Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin rəhbərliyi altında Təşkilat Komitəsi yaradılıb və növbəti yüksək səviyyəli tədbirin keçirilməsi üçün hazırlıq gedir.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında müəyyən edilmiş xarici və daxili siyasi kursun mahiyyətində dünya xalqları ilə dostluq və beynəlxalq aləmə intiqrasiya, beynəlmiləlçilik ideyalarının təbliği əsas prinsiplərdən biri kimi yer tutur. Azərbaycan xalqı öz mahiyyəti etibarı ilə həmişə dostluğa, beynəlmiləlçiliyə, dini tolerantlığa, multikulturalizmə, sivilizasiyalararası dialoqa üstünlük vermişdir.
Qafar Əliyev,
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin sektor
müdiri,
YAP Siyasi Şurasının üzvü
Səs.- 2016.- 19 may.- S.8-9