Maks Veber və dini etiqad
azadlığı
Görkəmli alman filosofu və sosioloqu Maks Veber
yüzilliyin astanasında bu suala "yox" cavabını
verirdi. Veberin fikrincə, kapitalizm və demokratiyanın
uğurlu inkişafı üçün insan xüsusi mədəniyyətə
- həyata münasibətdə rasional və tənqidi
baxışa, eləcə də, protestantizm dini təlimi və
dini praktikası vasitəsilə təşəkkül
tapmış əməyin kapitalist etikasına yiyələnməlidir.
Veber yazırdı ki, kapitalizm münasibətləri Qərbdə
uydurulmayıb, bunlar bütün sivilizasiyaya xasdır, ancaq
protestant kapitalizminin əsaslı fərqi əməyə
xüsusi münasibətdədir. Digər mədəniyyətlərdə
"insan yaşamaq üçün işləyir, protestantlar
isə işləmək üçün
yaşayırlar". Çünki
kalvinistlərin dini təliminə görə, Allaha sonsuz
dualar deyil, uğurlu, Allah-Taalanın adını şöhrətləndirəcək
əmək xoşdur və əgər insanın əməyi
uğurludursa - ona var-dövlət gətirirsə, ümid edə
bilər ki, cənnətdə əbədi həyat
üçün Allah məhz onu seçib. Protestantizmin yayılmasından yüzilliklər sonra
əmək etikasının dini motivi, demək olar ki,
unudulmuşdu. Lakin Veberin yazdığı
kimi, əməyə xüsusi münasibət Qərb
insanı psixologiyasında özünə möhkəm yer eləmişdi.
Veberin uğurlu kapitalizm və sabit demokratiyanın
protestant etikası ilə əlaqəsi haqqındakı nəzəriyyəsi
dəfələrlə tənqid hədəfinə
çevrilmişdi. Veberin opponentləri buna istinad edirdilər ki, 19 - 20-ci
yüzilliklərdə dünyada katolik Fransası,
İtaliyası və İspaniyası, yaxud 20-ci əsrin
sonlarında xristian ənənələrinə
büsbütün yad olan Sakit okean bölgəsi ölkələri
və müsəlman Türkiyəsi kimi uğurla inkişaf edən
kapitalist ölkələri peyda olmuşdu.
Veberin özü və onun tərəfdarları buna belə
cavab verirdilər ki, inkişaf edən qeyri-protestant ölkələr,
çox güman ki, öz mədəniyyətlərində əvvəllər
gizli qalan ehtiyatları üzə çıxara bilmiş və
bu, onlara protestant etikasına bənzər əmək etikasını
formalaşdırmağa imkan vermişdir.
Veberin nəzəriyyəsi Marksın da mənsub
olduğu fəlsəfi məktəbə meydan oxumaq demək
idi. Marks iddia edirdi ki, şüuru maddi varlıq təyin
edir. Veber isə bunun tam əksini sübut
edirdi - protestantizm ideyası Qərb ölkələrinin maddi
inkişafını təmin etmişdir.
Hətta biz Veberlə razılaşmalı olsaq ki,
protestant ölkələrinin inkişafını, məhz dini
reformasiya irəlicədən müəyyən etmişdir, bu
halda da inkişaf probleminin əsas sirri yenə
açılmamış qalacaqdır. Axı indiyədək
aydın deyildir ki, nə üçün reformasiyanı, məhz
Şimali Avropanın almandilli xalqları birinci olaraq (hələ
16-cı əsrdə) həyata keçirmişlər? Nə üçün Cənubi və Şərqi
Avropa xalqları bu reformasiyanı rədd etmişdir? Nə üçün katoliklər öz dinləri
daxilində liberal islahatı yalnız 20-ci yüzilliyin
ortalarında həyata keçirə bilmişlər? Bəs nə üçün pravoslav xristianlar, eləcə
də müsəlmanlar indiyəcən öz dinlərində
reformasiya aparmamışlar?
Hər necə olsa da, ümumi rəyə görə,
Veberin "Protestant etikası və kapitalizm ruhu" əsəri
Qərb insanının davranış motivlərini və Qərb
cəmiyyətinin xüsusiyyətlərini anlayıb dərk
etmək üçün əvəzolunmaz mənbə
sayılmalıdır.
Maks Veber
yazır: "Əhalisinin müxtəlif dinlərə mənsub
olduğu istənilən ölkənin peşəkar
statistikası ilə tanışlıq zamanı katolik mətbuat
və ədəbiyyatında, həmçinin Almaniyanın
katolik qurultaylarında dəfələrlə müzakirə
olunmuş bir məsələ diqqəti cəlb edir. Biz protestantların kapital yiyələri və
sahibkarlar arasında, həmçinin yüksək ixtisaslı
fəhlə təbəqələri, hər şeydən əvvəl
isə müasir müəssisələrin ali-texniki və
kommersiya personalı içərisində şəksiz
çoxluq təşkil etdiklərini nəzərdə tuturuq.
Bu, yalnız dini müxtəlifliklə milli müxtəlifliyin
üst-üstə düşdüyü və buradan da, məsələn,
Şərqi Almaniyanın alman və polyak əhalisinin
nümunəsində olduğu kimi, müxtəlif mədəni
inkişaf səviyyəsinin üst-üstə
düşdüyü ölkələrdə deyil,
çiçəklənmə dövründə kapitalizmin
öziinə zəruri sosial və peşəkar dəyişiklikləri
maneəsiz həyata keçirdiyi hər yerdə əksini
tapmışdır. Bu proses isə nə qədər sürətlə
gedibsə, dini statistika da bu hadisəni o qədər
aydınlıqla əks etdirib.
Düzdür,
kapital yiyələri, iri ticarət-sənaye müəssisələrinin
rəhbərləri və yüksək ixtisaslı fəhlələr
içərisində protestantların nisbi çoxluq təşkil
etməsi... qismən kökləri ilə uzaq keçmişə
gedən tarixi səbəblərlə izah olunur... Müəyyən iqtisadi funksiyaların yerinə
yetirilməsi ya kapitalın, ya da bahalı təhsilin, çox
vaxt isə hər ikisinin olmasını tələb edir.
Hazırda bu funksiyalar irsi sərvətlə,
yaxud hər halda məlum var-dövlətlə
bağlıdır. 16-cı əsrdə
imperiyanın bir çox varlı vilayətləri (onlar, əsasən,
əlverişli təbii şəraitə və ticarət
yollarının yaxınlığına görə
varlanmışdılar), o cümlədən varlı şəhərlərin
əksəriyyəti protestant etiqadını qəbul etdilər.
Bu faktın nəticələri bu günə qədər hiss
olunur və protestantların yaşamaq və iqtisadi inkişaf
uğrunda mübarizəsinə yardım edir. Lakin burada tarixi
xarakterli bir sual ortaya çıxır: iqtisadi cəhətdən
inkişaf etmiş vilayətlərin kilsə inqilabına bu qədər
güclü rəğbətinin səbəbi nədir? Bu suala cavab vermək ilk baxışdan
göründüyü qədər də asan deyil. Əlbəttə, iqtisadi ənənəçiliklə
əlaqənin kəsilməsi dini ənənələrin
toxunulmazlığına şübhələri, ümumiyyətlə,
ənənəvi avtoritetlərə qarşı üsyan
meyilini xeyli gücləndirməli idi. Lakin
çox vaxt unudulan bir şeyi nəzərdən
qaçırmaq olmaz. Reformasiya kilsənin gündəlik
həyatda hökmranlığının aradan
qaldırılmasını deyil, həmişəki
hökmranlıq formasının başqası ilə əvəz
olunmasını nəzərdə tutur və həm də
ağır olmayan, demək olar ki, hiss edilməyən,
çox vaxt az qala formal xarakter daşıyan hökmranlıq
bütün davranışları ən yüksək səviyyədə,
ağır və sərt çərçivələrə
salan, şəxsi və ictimai həyatın bütün sahələrinə
nüfuz edən hökmranlıqla əvəz olunurdu. "Dönükləri cəzalandıran, lakin
günahkarları bağışlayan (əvvəllər
indikindən daha çox) katolik kilsəsinin
hökmranlığı ilə bu gün tam müasir iqtisadi
quruluşa malik olan xalqlar razılaşırlar, onunla 15-ci və
16-cı əsrlərin kəsişməsində ən
varlı, iqtisadi cəhətdən daha çox inkişaf
etmiş ölkələr də razılaşırdılar.
Kalvinizmin 16-cı əsrdə Cenevrə və Şotlandiyada,
16-cı əsrin axırında və 17-ci əsrin əvvəlində
Niderlandın böyük hissəsində, 17-cı əsrdə
Yeni İngiltərədə, bəzən isə İngiltərənin
özündə hökmranlığını indi biz şəxsiyyət
üzərində ən dözülməz kilsə nəzarəti
kimi qəbul edərdik. Məhz o vaxtın
iqtisadi cəhətdən daha çox inkişaf etmiş
ölkələrinin, bu ölkələrdə isə
(sonrakı şərhdə görəcəyik), məhz
iqtisadi yüksəlişin daşıyıcıları - orta
"burjua siniflərinin nəinki o vaxta qədər
görünməmiş puritan tiraniyası ilə
razılaşmasını, hətta o vaxta qədər və
sonralar da bir daha göstərmədikləri qəhrəmanlıqla
müdafiə etmələrini bəs nə ilə izah etmək
olar? Bu, Karleylin haqlı olaraq dediyi kimi,
"the last of our heroism" (qəhrəmanlığımızın
son təzahürü - ing.) idi".
Müəllifin fikrincə, sonra ən əsası: ...katolik abituriyentlər arasında texniki və ticarət-sənaye fəaliyyəti, ümumiyyətlə, burjua sahibkarlığına hazırlayan təhsil müəssisələrini qurtaranların faizi protestantlara da nisbətən xeyli aşağıdır - katoliklər klassik gimnaziyaların humanitar hazırlığına üstünlük verirlər və bu faktı heç cür yuxarıda deyilən səbəblə izah etmək olmaz... Müasir iri sənayedə çalışan yüksək ixtisaslı fəhlələrin arasında katoliklərin azlıq təşkil etməsi də bunu əyani surətdə göstərir... Bu halda, ortaya belə bir səbəb əlaqəsi çıxır: tərbiyə, xüsusilə tərbiyənin vətən və ailənin dini mühiti ilə şərtlənən istiqaməti ilə aşılanmış xüsusi psixi xarakter peşənin seçilməsi və sonrakı peşə fəaliyyətini müəyyən edir...
Hər şeydən əvvəl, aydınlaşdırmalıyıq ki, adları çəkilən dini etiqadların xüsusiyyətlərinin hansı ünsürləri yuxarıda göstərilən istiqamətlərdə təsir göstərmişdir və göstərməkdə davam edir...
İngilis, holland və amerikan puritanları (16-cı əsrdən
radikal protestant sektaları - red.) "şən həyatı"
inkar etməklə səciyyələnirdilər. Bir azdan görəcəyik ki, onların, məhz bu
xüsusiyyəti tədqiqatımız üçün daha
vacibdir. Məsələn, fransız protestantizmi uzun
müddət (müəyyən dərəcədə, hətta
bu günə qədər) kalvinist kilsənin xarakterini
saxlamışdır... Lakin buna baxmayaraq, yaxud ola
bilər ki, məhz buna görə o, məlum olduğu kimi,
Fransanın sənaye və kapitalist inkişafını şərtləndirən
amillərdən olmuşdur. Əgər ciddiliyi və həyat
tərzinin, bütövlükdə dini maraqlara tabe etdirilməsini
"tərki-dünyalıq" adlandırsaq, onda təsdiq
etməliyik ki, o vaxtdan indiyə qədər bu ideyanın
qızğın tərəfdarları olan fransız kalvinistləri
dini, məsələn, dünyanın istənilən
xalqından artıq qiymətləndirən Şimali
Almaniyanın katoliklərindən heç də çox tərki-dünya
olmamışlar. Hər ikisi hakim dini partiyalardan eyni dərəcədə
fərqlənir: həm aşağı təbəqələrində
həyat eşqi ilə dolu, yuxarılarında isə dinə
açıq düşmən mövqedə olan fransız
katoliklərindən, həm də məzhəbini dünyəvi
işlərin içərisində unutmuş və dini biganəliyi
ilə seçilən alman protestantından...
Diqqəti özünə çəkən bir sıra məsələni
nəzərə almaq lazımdır. Məsələn, tərki-dünyalıq,
asketizin və kilsə möminliyi ilə kapitalist
sahibkarlığı arasında nisbətin yerlərinin dəyişdirilməsinə
ehtiyac yoxdur ki?
Bu cür
yerdəyişmə harada meydana gəlməsindən
asılı olmayaraq həmişə kalvinizmdə
müşahidə olunur... Hələ ispanlara məlum idi ki,
"dönüklük (yəni Niderland kalvinizmi) "ticarət"
ruhunun inkişafına imkan yaradır... Burada göstərilən
bir neçə misal artıq tam sübut edir ki, oyanışın,
adətən, protestantizmlə bağlanıldığı
"əmək fəaliyyəti" ruhunu, "tərəqqini"
və s. "həyat sevinci kimi başa düşmək
lazım deyildir və ümumiyyətlə, ona
"maarifçi məna" vermək düzgün deyildir.
Lüter, Kalvin, Noks və Foetin protestantizmi indi "tərəqqi"
adlandırılan şeydən çox uzaq idi.
M.Veber
qeyd edir ki, başlıqda bir qədər iddialı səslənən
anlayış -
kapitalizm ruhu verilir. Bu anlayış altında nə
başa düşülməlidir?..
Bu məqsədlə
xatırlanan "ruha aid sənəddən" - bizi maraqlandıran məsələni,
demək olar ki, klassik aydınlıqla əks etdirən sənəddən
istifadə edək...
Bu sənəddə
deyilir: "Yadında saxla ki, vaxt puldur, kim ki, hər gün on
şillinq qazana bilir, lakin günün yarısını
boş gəzintiyə, yaxud evdə tənbəlliyə sərf
edir və özünə yalnız altı pens xərcləyirsə,
təkcə bu xərci nəzərə almamalı və bilməlidir
ki, ondan başqa daha beş şillinq xərcləmiş, daha
dağrusu, çölə atmışdır. Yadında
saxla ki, kredit - puldur. Kim ki, öz pullarını daha bir
neçe müddətə məndə saxlayır, bu vaxt ərzində
qazana biləcəyim faizi mənə
bağışlayır...
Yadında saxla ki, pul təbiətcə bar verəndir və
yeni pul yaratmağa qadirdir. Pul pul törədə, onun törəmələri
isə daha çox törədə bilər...
Bu məsələni
yadda saxla: borcunu vaxtında ödəyən adama
başqalarının pul kisəsi həmişə
açıqdır. Borcunu vaxtında qaytaran adam
öz dostlarından həmin vaxt onlara lazım olmayan
pulları borc götürə bilər.
Bu isə çox sərfəlidir. Çalışqanlıq və
sadəliklə yanaşı, dəqiqlik və ədalətlilik
kimi heç nə cavanlara cəmiyyətdə hörmət
qazanmağa kömək etmir...
Nəzərə alınmalıdır ki, ən əhəmiyyətsiz
şeylər də kreditə təsir göstərir. Sənin çəkicinin səsini
sənə borc verən səhər saat 5-də və
axşam saat 8-də eşidirsə, bu, onun inamını daha
altı ay müddətinə uzadır, ancaq əgər o, səni
bilyard stolu arxasında görsə, yaxud iş vaxtı sənin
səsini meyxanadan eşitsə, onda elə səhərisi
gün borcu sənin yadına salar və pulunun
olmadığı vaxtda öz pullarını geriyə tələb
edər...
...Xərcinin
və gəlirinin dəqiq hesabını apar. Əgər hər
xırda şeyə diqqət yetirməyin əziyyətinə
qatlaşsan, aşağıdakı gözəl nəticə
alınacaqdır: görərsən ki, necə xırda məsrəflər
böyük məbləğə çevrilir və görərsən
ki, nəyi keçmişdə qənaət etmək olardı
və nəyi gələcəkdə qənaət etmək
olar..."
Bencamin Franklin belə tövsiyə edir və onun tövsiyələri "Amerika mədəniyyətinin surətinə çox yaxındır... Borcunu qaytarmağa qadir olan nəcib adam onun idealıdır. Onun fikrinə görə, belə adam kapitalının daim artmasına məqsəd kimi baxmalıdır. Məsələnin mahiyyəti ondadır ki, burada adi məişət davranışı qaydaları təbliğ edilmir, xüsusi "etika" şərh olunur və ondan kənara çəkilmək təkcə axmaqlıq kimi deyil, həm də müəyyən mənada vəzifə borcunun yerinə yetirilməməsi kimi qiymətləndirilir..."
Müasir təsərrüfat həyatında hökmranlığa nail olmuş kapitalizm iqtisadi seçim yolu ilə özünə zəruri olan təsərrüfat subyektlərini - sahibkarları və fəhlələri tərbiyə edir və yaradır. Amma məhz burada tarixi hadisələri izah etmək üçün "seçim" anlayışının tətbiq olunma hədləri tam aydınlığı ilə görünür. Həyat tərzi və peşəyə münasibət sahəsində kapitalizmin xüsusiyyətinə uyğun "seçimin baş verməsindən..." yəni müəyyən davranış və təsəvvür növlərinin digərləri üzərində qələbə çalmasından ötrü o, əlbəttə, əvvəlcə meydana gəlməli, özü də ayrı-ayrı, bir-birindən təcrid olunmuş şəxsiyyətlərin simasında deyil, daşıyıcılarının insan qrupu olduğu dünya baxışı kimi meydana gəlməlidir... Tarixi materializmin iqtisadi münasibətlərin "əks olunması", yaxud "üstqurumu" kimi "ideyaların" meydana gəlməsi haqqında sadəlövh təsəvvürlərinə gəldikdə isə, onların üzərində təfərrüatı ilə dayanacağıq...
Vahid
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2016.- 24 may.- S.15.