Hüquqi dövlət quruculuğu, sosial rifahinsan haqları

 

Azərbaycan Respublikasında bu gün hüquqi dövlət quruculuğu sahəsində və iqtisadiyyatda əldə edilmiş uğurlar əhalinin sosial rifahını yaxşılaşdırmışdır. Cəmiyyət bütün istiqamətlərdə dinamik tərəqqi edir. Elm və təhsilin inkişafına diqqət artırılmışdır. İnsanın maddi rifah halı köklü dəyişikliklərə məruz qalmış, hüquq və azadlıqların etibarlı qorunması sahəsində uğurlar əldə edilmişdir. Son illər müxtəlif istiqamətlərdə və müxtəlif mövzularda keçirilən beynəlxalq konfranslar ölkəmizə marağın artdığını sübut edir. Bütün bunlara baxmayaraq, ölkəmizdə həyata keçirilən hüquqi dövlət quruculuğu, qanunların təkmilləşdirilməsi, hüquq mədəniyyətinin yüksəldilməsi, hüquq maarifçiliyinin səmərəliliyinin artırılması, cəmiyyətdə sabitliyin və barışığın əldə edilməsi, bu məsələlərin daim diqqətdə saxlanılmasını tələb edir. Etiraf edək ki, tezliklə iyirmi illiyini qeyd etməyə hazırlaşdığımız Milli Konstitusiyamızın və ayrı-ayrı normativ-hüquqi aktların, məcəllələrin bir daha yenidən nəzərdən keçirilməsi və onların təkmilləşdirilməsi barədə müxtəlif tədqiqatçıların fikirlərinin müəyyən əsasları da vardır. Aydın məsələdir ki, konstitusiyamızda göstərilən din-dövlət, din-ailə münasibətlərinin, mülkiyyət və mülkiyyət hüququnun müdafiəsini təmin edən normaların, qadın və uşaq hüquqlarının, əqli mülkiyyət hüququnun, nikah hüququnun, əmək hüququnun, azad sahibkarlıq hüququnun, şərəf və ləyaqətin müdafiəsi hüququnun konstitusion tənzimlənməsinin təkmilləşdirilməsinə zərurət vardır. Korrupsiyaya qarşı mübarizənin hüquqi əsaslarının və mexanizmlərinin, dövlət idarəçiliyi sahəsində əmək münasibətlərinin, yerli idarəçilik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi də olduqca vacibdir. Məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətində qanunçuluğa əməl edilməsini tələb edən mexanizmlərin yaxşılaşdırılması və dünya təcrübəsinin nəzərə alınmasında böyük zərurət vardır. Bu gün ölkədə hüquqi təhsil sisteminin də təkmilləşdirilməsi vacibdir. Bütün bu məsələlərə kompleks yanaşmadan ölkədə hüquqi dövlət quruculuğunun uğurla başa çatdırılması mümkünsüz olacaqdır.

Ölkənin elmi potensialı belə islahatların ardıcıl və sistemli aparılmasına imkan verir. Hesab edirik ki, bu islahatların əsas istiqamətləri aşağıdakı məsələləri əhatə etməlidir:

1. Ölkədə konstitusiyanın və normativ-hüquqi aktların daimi olaraq tədqiq edilib öyrənilməsi və onun təkmilləşdirilməsi üçün qanunverici orqanın - Milli Məclisin nəzdində Dövlət və Hüquq İnstitutunun; yaxud Qanunvericilik İnstitutunun yaradılmasına zərurət vardır. Belə ki, ölkədə kifayət qədər ali təhsil və elmi- tədqiqat institutlarının olduğu bir şəraitdə, hüquqi dövlət quruculuğunun nəzəri və təcrübi problemlərinin həll edilməsi sahəsində elmi təminatların əsaslı surətdə yaxşılaşdırılması üçün belə bir elmi-tədqiqat institutunun yaradılması məsələsi nəzərdən keçirilməlidir.

2. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq müqavilələrin qanunvericilik sistemimizin ayrılmaz tərkib hissəsi olduğu nəzərə alınaraq, həmin beynəlxalq müqavilələrin məcəllələləşdirilməsi və ya onların külliyatının rəsmi nəşri təmin edilməlidir.

3. Dövlət quruculuğunda eyniya oxşar məsələləri həll etmək funksiyası tapşırılmış qurumların birləşdirilməsi və ya yenidən təşkil edilməsi məsələsinə diqqət artırılmalıdır. Dünya təcrübəsi təsdiq edir ki, elm və təhsil biri-biri ilə sıx əlaqədə olmaqla, əslində tamın hissələridir, onların məqsədləri və vəzifələri kifayət qədər yaxınlaşmışdır və bir çox hallarda üst-üstə düşür. Belə vəziyyətdə tələbə qəbulu üzrə komissiyanın, dövlət qulluğuna qəbul üzrə komissiyanın, təhsil və elm sahəsində fəaliyyəti həyata keçirən çoxsaylı qurumların vahid bir mərkəzdə birləşdirilməsi məsələsinə baxılması zəruridir.

4. "Cinayətin qurbanı" haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsinə zərurət vardır. Bu, insan hüquq və azadlıqlarının təmin ediməsi üçün mühüm əhəmiyyətə malikdir. Eləcə də ölkədə "Cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizəni gücləndirmək tədbirləri haqqında" dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edən xüsusi doktrinanın hazırlanıb, həyata keçirilməsi təmin edilməlidir. Bundan başqa Azərbaycan Respbulikasının Cinayət-Prosessual Məcəlləsinin 7-ci maddəsində "cinayətin qurbanı"na anlayış verilməli, 87-1-ci maddəsində isə onun statusu, hüquqları və vəzifələri dəqiq müəyyən edilməlidir.

5. Cinayətkarlıqla və hüquq pozuntuları ilə mübarizəni səmərəli təşkil etmək üçün respublika, onun ayrı-ayrı regionları, rayonları və şəhərləri üzrə antikriminal Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi nəzərdən keçirilməlidir.

6. Cinayətkarlığın və məhkumluğun statistikası əsaslı surətdə təkmilləşdirilməli, mərkəzləşdirilməli, o cümlədən "cinayətin qurbanı" haqqında demoqrafik və digər zəruri məlumatlar, eyni zamanda, cinayət əməlləri nəticəsində vətəndaşlara, dövlətə və digər subyektlərə vurulan zərər, ziyan, itki və digər bu kimi anlayışların definisiyasının və meyarlarının müəyyən edilməsi üçün tədbirlər görülməlidir. Bu, cinayətkarlığın proqnozlaşdırılması üçün son dərəcə vacibdir.

7. Cinayətkarlığın qarşısının alınması və profilaktikası sahəsində hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş tədbirlər sistemi ayrı-ayrılıqda statistik hesabatlarda müfəssəl olaraq öz ifadəsini tapmalı, nəticə etibarilə cinayətkarlığın və hüquq pozuntularının ölkəyə, ayrı-ayrı şəxslərə və digər subyektlərə yetirdiyi maddi zərərlərin ayrı-ayrılıqda və ümumi səviyyədə miqyası müəyyən edilməlidir. Bu məlumatlarda, eyni zamanda, hüquq-mühafizə orqanlarının fəaliyyətini təmin edən maddi vəsaitlərin əsas göstəricilərinin əks olunması həyata keçirilməlidir. Cinayətin törədilməsinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması haqqında istintaq və məhkəmə orqanlarının təqdimatlarını icra etməməyə və ya lazımi qaydada icra etməməyə görə məsuliyyət müəyyən edən xüsusi norma - 306-1-ci maddə Cinayət Məcəlləsinə əlavə edilməlidir.

8. "Cinayətlərin qarşısının alınmasında dövlət sisteminin əsasları barədə" Qanun qəbul edilməsi zəruridir. Bu zaman cinayətkarlığın vəziyyətinə dair regional xəritələrin və topoqrafiyaların hazırlanması da əhəmiyyətli olardı.

9. Polis orqanlarında yetkinlik yaşına çatmamışların işləri üzrə cinayətkarlığın profilaktikası və proqnozlaşdırılması sahəsində müstəqil analitik-nəzarət qurumları yaradılmalı və qanunvericilikdə müvafiq dəyişikliklər aparılmaqla bu istiqamətdə tədbirlər gücləndirilməlidir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminologiya Problemləri Elmi-Tədqiqat İnstitutunun yaradılması məsələsi nəzərdən keçirilməlidir.

10. İstintaq və məhkəmə nəticələri barədə, cinayətkarlığın statistikası və dinamikası ilə yanaşı, təqsirləndirilən şəxslərin və məhkumların psixoloji vəziyyətləri bütün hallarda məhkəmə-psixoloji ekspertlər vasitəsilə müəyyən edilməli, bu barədə xüsusi psixoloji testlər hazırlanmalı və onun nəticələri istintaq zamanı, məhkəmədə və xüsusilə, cəzaçəkmə prosesində istifadə edilməlidir. Bu məlumatlardan cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan şəxslərlə profilaktiki tədbirləri həyata keçirən polis orqanlarının fəaliyyətində nəzərə alınmalıdır.

11. Hüquq-mühafizə orqanlarının cinayətkarlıqla mübarizə sahəsində fəaliyyətinin kordinasiya edilməsi, qanunların bütün ölkə üzrə eyni cürdürüst icrasını təmin etmək funksiyası prokurorluq orqanlarının səlahiyyətinə aid edilməlidir. Prokurorluq orqanları icra hakimiyyətinə - ölkə prezidentinə tabe etdirilməli və məhkəmə hakimiyyətinin tərkibindən çıxarılmalıdır.

12. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsində, "Dövlət qulluğu haqqında" Qanunda və digər müvafiq xidmətlərə dair normativ-hüquqi aktlarda müvafiq təkmilləşdirilmələr aparılmaqla, bir şəxsin yalnız bir vəzifədə (pedaqoji xidmət istisna edilməklə) işləməsini nəzərdə tutan norma təsbit edilməlidir. Bu, bir tərəfdən saatının təyinatı üzrə səmərəli istifadəsini təmin edəcək, digər tərəfdən isə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş yeni yerlərinin yaradılması haqqında dövlət siyasətinin real olaraq həyata keçirilməsini təmin etmiş olacaqdır.

13. Vətəndaşların böyük ictimai təhlükə təşkil etməyən və ya xüsusi ittihamlı işlər üzrə müraciətlərinin aidiyyatı dəyişdirilməli, bu barədə ərizələrə və şikayətlərə baxılması məhkəmə orqanlarının səlahiyyətinə aid edilməlidir. Hesab edirəm ki, belə yanaşma vətəndaş müraciətlərinin həll edilməsinin tezliyi prinsipinə uyğundur və ədalətin obyektiv olaraq təmin olunmasının ən optimal və mütərəqqi yolu hesab edilməlidir.

İrəli sürdüyümüz təkliflər yalnız epizodik səciyyə daşıyır. Buna görə də ölkədə qanunvericiliyin təkmilləşdirilməsi, cinayətkarlığın və hüquq pozuntularının problemlərinə dair kompleks tədbirlərin hazırlanması və həyata keçirilməsi zəruridir. Heç şübhə yoxdur ki, belə tədbirlər ölkəmizdə hüquqi dövlət quruculuğunun uğurla başa çatdırılmasını təmin edəcəkdir.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2016.- 27 may.- S.15.