Bazar iqtisadiyyatı şəraitində
sahibkarların iqtisadi fəaliyyət hüququ və bu sahədə
cinayətə görə məsuliyyət
Cinayət qanunvericiliyinin inkişaf mərhələlərinin və müvafiq sahəyə dair nəzəri fikirlərin qarşılıqlı təhlili göstərir ki, iqtisadi fəaliyyət sahəsində olan cinayətlərlə bağlı qanunvericilik normalarının yaradılmasının əsas məqsədi iqtisadi həyatın müxtəlif sahələrinin cinayətkar qəsdlərdən qorunması olmuşdur.
Hüquq üzrə fəlsəfə doktoru Şəhla Həsənova yazır: "Azərbaycan Respublikasının göstərilən sahəyə dair cinayət qanunvericiliyi Müstəqil Dövlətlər Birliyi üzvü olan digər ölkələrdə də olduğu kimi, eyni baza, yəni inqilabaqədərki Rusiya İmperiyası və ondan sonra yaranmış Sovet İttifaqı qanunvericiliyi üzərində qurulmuş, vaxtilə həmin dövlətlərdə mövcud olmuş cəmiyyətin siyasi və iqtisadi vəziyyətinə uyğun olan inkişaf mərhələləri keçmişdir. Odur ki, siyasi və iqtisadi vəziyyətin dəyişməsi bu və ya digər əməlin kriminallaşmasına, yaxud dekriminallaşmasına səbəb olmuşdur.
SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş keçmiş sovet respublikalarında da, demək olar ki, əsasən belə yanaşma saxlanılmış, iqtisadi fəaliyyət sahəsinə dair cinayət qanunvericiliyi normaları yeni yaranmış müstəqil dövlətlərdə mövcud olan siyasi və iqtisadi vəziyyətə uyğunlaşdırılmış, formalaşmaqda olan yeni ictimai münasibətlərin qorunmasına istiqamətləndirilmişdir".
Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin "İqtisadi fəaliyyət sahəsində olan cinayətlər" adlanan 24-cü fəslinin normalarının formalaşdırılmasında da analoji yanaşma tətbiq olunmuşdur.
Göstərilənlərə və mövcud nəzəri fikirlərə əsaslanaraq, deyə bilərik ki, iqtisadi fəaliyyət sahəsində olan cinayətlər - bazar iqtisadiyyatına əsaslanan cəmiyyətdə iqtisadi fəaliyyət sahəsində yaranan və dövlət tərəfindən qorunan ictimai münasibətlər sisteminə zərər vuran, yaxud real zərərvurma şəraitini yaradan təqsirli olaraq törədilmiş hüquqazidd ictimai təhlükəli əməllərdir. Həmin cinayətlərin ictimai təhlükəliliyi mülkiyyətçinin, kommersantın, istehlakçının və bazar münasibətlərinin digər iştirakçısının, bir sözlə, iqtisadi fəaliyyət subyektlərinin qanuni maraqlarına qəsd etmək, qanuni şəxsi təşəbbüsə və vicdanlı rəqabətə maneçilimk törətmək, sahibkarlığın və qanunla qadağan olunmayan digər iqtisadi fəaliyyətin tənzimlənməsi sahəsində dövlət maraqlarının pozulması formasında təzahür etməsi ilə səciyyələnir.
İqtisadi fəaliyyət sahəsində törədilə bilən və aktuallığına görə kriminallaşdırılması zəruri olan əməllər, demək olar ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 24-cü fəsli ilə, əsasən əhatə olunur. Həmin fəsildə nəzərdə tutulan normaların əksəriyyəti iqtisadiyyatın bugünkü inkişaf səviyyəsinə uyğun olmaqla, beynəlxalq-hüquqi standartlara cavab verir. Ancaq Azərbaycan SSR-in 1960-cı il Cinayət Məcəlləsinin 154-cü maddəsində nəzərdə tutulmuş alıcıları aldatma (1927-ci il Cinayət Məcəlləsinin 1393-cü maddəsi "çəkidə və ölçüdə aldatmaq") əməlinin dekriminallaşdırılması və Azərbaycan Respublikasının 2000-ci il Cinayət Məcəlləsində nəzərdə tutulmaması haqlı sual doğurur. Belə ki, göstərilən əməl nəinki öz aktuallığını itirməmiş, əksinə müstəqillik dövründə daha da geniş yayılmışdır. Keçirilmiş anonim sorğunun nəticələri də bunu təsdiq edir. Sorğuda iştirak etmiş 217 nəfərdən 189-u (87 %) "Onun hüquqlarının pozulması və qanuni maraqlarına ziyan vurulması ilə nəticələnən iqtisadi fəaliyyət sahəsinə aid edilən hansı əməli göstərə bilərsən" sualına bazarlarda, marketlərdə və digər ticarət müəssisələrində aldadıldığını bildirmişdir.
Müxtəlif ticarət obyektlərində keçirilmiş monitorinqin nəticələri də alıcıların çəkidə aldadılması faktının geniş yayıldığını təsdiq edir.
Keçirilmiş digər anonim sorğuda iştirak etmiş 172 nəfərdən 139-u (81 %) "İqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərlə mübarizənin zəif aparılmasının səbəbini nədə görürsünüz" sualına iqtisadi fəaliyyət sahəsində törədilən əməllərlə mübarizəni aparacaq xüsusi bir xidmətin olmaması ilə izah etmişdir.
MDB üzvü olan dövlətlərin daxili işlər nazirliklərinin strukturlarının müqayisəli təhlili göstərir ki, Ukrayna, Rusiya, Belarus, Moldova və s. daxili işlər nazirliklərinin strukturlarında iqtisadi cinayətkarlıqla mübarizəni həyata keçirən xidmət mövcuddur. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində belə xidmətin nəzərdə tutulmaması səbəbini başa düşmək çətindir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 215.5-ci maddəsinə uyğun olaraq, "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 25 avqust 2000-ci il tarixli 387 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194, 197-201, 204, 205, 213-2, 213-3-cü maddələrində nəzərdə tutulan cinayətlərin ibtidai istintaqı Azərbaycan Respublikasının daxili işlər (polis) orqanlarına həvalə olunmuşdur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə məsuliyyəti müəyyən edən 192-ci maddəsinin dispozisiyasında, "həmçinin, lisenziyalaşdırılma şərtlərinin; pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə" sözlərinin işlədilməsi sahibkarlıq fəaliyyəti subyektlərinin işinə əsassız müdaxilələrin edilməsinə və maneələr törədilməsinə şərait yaradır, dispozisiyanın mətnini lüzumsuz olaraq mürəkkəbləşdirir. Qanunvericilik texnikası baxımından da, bu, yolverilməz sayılmalıdır. Belə ki, qanunsuz sahibkarlıq birbaşa qəsdlə səciyyələnir, lakin lisenziyalaşdırılma şərtlərinin pozulması, yaxud xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadəetmə təsadüf nəticəsində, yəni ehtiyatsızlıqdan da baş verə bilər. Bundan başqa, göstərilən ifadə qeyri-müəyyən xarakter daşıyır, konkret olaraq hansı şərtlərin pozulmasından, yaxud mülki dövriyyəsi məhdudlaşdırılmış hansı əşyalardan bəhs olunduğu bilinmir ki, bu da dispozisiyanın subyektiv yanaşma baxımından, genişləndirmə istiqamətində şərh edilməsinə imkan verir.
Ş.Həsənova göstərir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə məsuliyyəti nəzərdə tutan 196-cı maddəsinin dispozisiyası olduqca qüsurludur. Təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, qəsdən yayınması absurd xarakteri daşıyır. Yəqin ki, burada müvafiq məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınmasına görə məsuliyyət nəzərdə tutulur. Lakin seçilmiş dil üslubu qüsurlu olduğu üçün mətn həmin mənanı əks etdirmir. Bununla yanaşı, dispozisiyadakı "qəsdən yayınma" sözləri konkret hərəkəti ifadə etmir, onun nədən ibarət olduğu dəqiqləşdirilmir, sərbəst qiymətləndirmə xarakteri daşıyır ki, bu da subyektiv yanaşmaya yol açır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini hazırlama, əldə etmə və ya satmaya görə məsuliyyəti müəyyən edən 205-ci maddəsinin dispozisiyasında "başqa ödəniş sənədlərini" sözləri işlədilir, hansı sənədlərdən bəhs olunduğu isə göstərilmir ki, bu da, öz növbəsində, qeyri-müəyyənlik yaradır. Dispozisiyada olan "habelə əldə etmə" əlaməti konkret deyil. Belə ki, kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərinin əldə edilməsinin məqsədi dəqiqləşdirilmir.
Göstərilən qüsurların aradan qaldırılması məqsədilə aşağıda göstərilən tədbirlərin görülməsi təklif olunur:
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə alıcıları çəkidə, ölçüdə və hesabda aldatmaya görə məsuliyyəti müəyyən edən maddə əlavə edilsin;
- İqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərlə mübarizənin aparılmasının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində müvafiq xidmət yaradılsın;
- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 190-cı maddəsinin dispozisiyasından "kommersiya təşkilatının" sözləri "hüquqi şəxsin" sözləri ilə əvəz edilsin və "təşkilat-hüquqi və ya mülkiyyət formasından asılı olmayaraq" sözləri dispozisiyadan çıxarılsın;
- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinin dispozisiyasından, "həmçinin, lisenziyalaşdırılma şərtlərinin pozulması ilə" sözləri dispozisiyadan çıxarılsın;
- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196-cı maddəsinin dispozisiyasında "qəsdən yayınması" sözlərinin kəsb etdiyi məna şərh olunsun, yəni qəsdən yayınma hərəkətinin nədən ibarət olduğu izah edilsin və "xeyli miqdarda" sözləri "külli miqdarda" sözləri ilə əvəz olunsun;
- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-ci maddəsinin dispozisiyasında "başqa ödəniş sənədlərini" dedikdə, hansı sənədlərdən bəhs olunduğu konkretləşdirilsin, yəni həmin sənədlərin tam siyahısı verilsin, "habelə, əldə etmə" sözləri "istifadə etmə və ya satma məqsədilə əldə etmə" sözləri ilə əvəz edilsin.
Zənnimizcə, göstərilən təkliflərin həyata keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24-cü fəslinin normalarının təkmilləşdirilməsinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərlə mübarizənin müvafiq tələblər səviyyəsində aparılmasına xidmət edəcəkdir.
Vahid
ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2016.- 28 may.- S.15