İNSAN HÜQUQLARI
NƏZƏRİYYƏSİNƏ DAXİL OLAN ƏSAS
ANLAYIŞLAR: ƏXLAQİ HÜQUQİ NORMALAR,
TƏBİİ HÜQUQLAR
Bəşəriyyət tərəfindən həqiqi universal dəyərlər kimi dərk olunan bütün qeyri-maddi xarakterli dəyərlər içərisində insan hüquq və azadlıqları ilk yerlərdən birini tutur. 2,5 min il ərzində sivilizasiyanın keçirdiyi məşəqqətlərdən nəşət tapmış, svilizasiya tərəfindən dərk edilmiş və formalaşdırılmış insan hüquqları, son nəticədə, özünün müasir forma və anlamını tapmışdır.
Ə.Abdullayev, A.Azarov, K.Hüfner və V.Röyter yazırlar: "Müasir sivilizasiyanın fundamental dəyərləri kimi insan hüquqları və əsas azadlıqları XXI əsrin beynəlxalq münasibətlərində də mühüm əhəmiyyət kəsb edəcəkdir. 2000-ci ilin sentyabrında Minilliyin Sammitində iştirak edən dövlət və hökumət başçıları bu barədə əminlik ifadə etmişlər. İnsan hüquqlarına hörmət prinsipi beynəlxalq hüququn əsas prinsiplərindən biridir. Azərbaycan Respublikasının Konstitusiyası da insan, onun hüquq və azadlıqlarını ən ali dəyərlər kimi təsbit edir.
Bununla belə, insan hüquqlarına yeganə doğru sayıla biləcək tərif vermək mümkün deyil. Həm də bu, ona görə mümkün deyil ki, insan hüquqları çoxcəhətli hadisədir.
İnsan hüquq və azadlıqları hər şeydən əvvəl insan taleyinə, onun başqaları ilə münasibətdə yeri və roluna dair fəlsəfi və dünyagörüşü səciyyəli təsəvvürlər sistemidir. İnsan hüquqları dünyanın quruluşuna müəyyən bir baxış, daha doğrusu, humanizm prinsiplərinə əsaslanan dərketmə və dünyagörüşü sistemidir. İnsan hüquqlarına cəmiyyətdə qarşılıqlı münasibətlərin qurulmasına xidmət edən humanist dəyərlər sistemi kimi yanaşma da ədalətlidir.
İnsan hüquqlarına cəmiyyət üzvləri arasındakı münasibətlərin (daha doğrusu, üfüqi münasibətlərin) mənəvi-etik normalardan ibarət sosial tənzimləmə sistemi kimi baxanlar da yanılmırlar. Belə bir müddəa da ədalətlidir ki, insan hüquqları şəxsiyyətin hüquq normalarında təsbit olunmuş, hakimiyyət və dövlətlə qarşılıqlı münasıbətlərindəki (daha doğrusu, şaquli münasibətlərdə) statusunu səciyyələndirən hüquqi anlayışdır".
Müəlliflər yazırlar ki, hüquq müdafiəçiləri isə deyə bilərlər ki, insan hüquqları dövlətin zorakılığı və özbaşınalığından (dövlət öz təbiəti etibarilə buna meyillidir) qorunma vasitəsidir. Papa İohann-Pavel II iddia edirdi ki, İncil insan hüquqlarını kifayət qədar tam şəkildə bəyan və təsdiq edir. BMT-nin sabiq Baş Katibi Koffi Annan təhlükəsizliyin möhkəmləndirilməsini insan huquqlarına hörmətin, onların müdafiəsinin, demokratiyanın və sosial ədalətin gücləndirilməsi ilə əlaqələndirir. Kimsə fikirləşə bilər ki, insan hüquqları siyasi spekulyasiya və beynəlxalq münasibətlərdə digər dövlətlərə təzyiq göstərmək alətidir... Bu müddəaların hər biri doğrudur və bu sıranı kifayət qədər uzatmaq olar.
İnsan hüquqları azadlıq, demokratiya, totalitarizm, qloballaşma, diskriminasiya, sülh mədəniyyəti, tolerantlıq, zorakılıq, ekstremizm, faşizm, terrorizm, antisemitizm, millətçilik, dini fundamentalizm, ksenofobiya və s. kimi problemlərdən ayrılmazdır.
İnsan
hüquqlarının bu və ya digər mövcudluq
formasında obyektiv hadisə olmasına baxmayaraq, bu fenomenə
müəyyən baxışlar, təsəvvürlər, yanaşmalar meydana
çıxmış, insan huquqları nəzəriyyəsi
formalaşmışdır. Müasir elmi baxışlarda insan hüquqları humanitar biliyin kompleks sistemi kimi çıxış edir. Bu bilik sahəsi
fəlsəfə, siyasi
və hüquqi təlimlər tarixi ümumdünya tarixi (bizim reallığa uyğun olaraq, həm də Azərbaycan tarixi), dövlət və hüquq nəzəriyyəsi,
konstitusiya hüququ, beynəlxəlq hüquq, beynəlxalq humanitar huquq, politologiya, sosioiogiya, iqtisadiyyat, etnologiya, dinşünaslıq,
pedaqogika, sosial psixologiya kimi elmlərin əsaslarına
daxildir.
Ə.Abdullayev və məlum digər müəlliflər
yazırlar: "İnsanlar
arasındakı qarşılıqlı
münasibətlər sosial
normalar sistemi vasitəsilə tənzimlənir.
İctimai münasibətlərin əsas tənzimləyicisi
kimi mənəviyyat normaları və hüquq normaları çıxış edir.
İnsan
hüquqları genetik
cəhətdən mənəvi
normalardan qaynaqlansa da, həm mənəviyyat
normaları, həm də hüquq normaları kimi mövcuddur. Bəzən hüquqi
sənədlərdə də
mənəvi kateqoriyalardan
istifadə edilir.
Məsələn, İnsan
Hüquqları Haqqında
Ümumi Bəyannamədə
göstərilir ki, insanlar ağıla və vicdana malikdirlər və bir-birləri ilə münasibətdə qardaşlıq
ruhunda davranmalıdırlar,
Uşaq Hüquqları
haqqında Konvensiyada xoşbəxtlik və məhəbbət sözləri
vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
ailə münasibətlərinin
qarşılıqlı sevgi
və hörmət hissləri üzərində
qurulmasının zəruriliyini
təsbit edir.
Vicdan, qardaşlıq, xoşbəxtlik,
məhəbbət kimi
sırf mənəvi anlayışlar hüquqi normalarda yer alsalar da, hüquqi
kateqoriyalara çevrilməmişlər,
insanların qarşılıqlı
münasibətlərinin sosial
normaları kimi insan hüquq va azadlıqlarının nəhəng aysberqində
bizim hüquqlarımızın
böyük hissəsi
"suyun altında",
daha doğrusu, hüquqi tənzimləmədən
kənarda qalır. Hər bir insanın xoşbəxt olmaq, sevib-sevilməyə haqqı
var. Lakin dövlət
insanın xoşbəxt
olmağa, sevilmək haqqına zəmanət vermir, onu təmin
etmir, onu müdafiə etmir. Doğrudur,
AR Ailə Məcəlləsi
bəyan edir ki, ailə qanunvericiliyi
ailənin möhkəmləndirilməsi,
ailə münasibətlərinin
qarşılıqlı məhəbbət
və hörmət hissləri üzərində
qurulmasının zəruriliyindən
çıxış edir.
Amma təbii ki, nə dövlət, nə də hər hansı digər sosial təsisat "qarşılıqlı
sevgi hisslərini"
təmin və müdafiə edə bilməz. Məhəbbət bir çox
digər mənəvi
kateqoriya, münasibət
və hüquqlar kimi hüquqi cəhətdən reqlamentləşdirilə
bilməz. Məsələn, Azərbaycan qanunvericiliyi əmək qabiliyyəti olmayan valideynlərə yetkinlik yaşına çatmamış əmək
qabiliyyətli övladlar
tərəfindən qayğı
göstərilməsini nəzərdə
tutur. "Qayğı"
həm maddi, həm də məhəbbət, diqqət,
dərdinə şərik
olmaq, ünsiyyət, hörmət, canıyananlıq
və s. kimi mənəvi səpkilərə
malikdir".
Müəlliflər yazırlar ki, dövlət yalnız aysberqin görünən tərəflərini
təmin edir: müvafiq nümunələrdə
nikaha girmək, ailə qurmaq hüququnu, həmçinin,
əmək qabiliyyətini
itirmiş, köməyə
ehtiyacı olan valideynlərin yetkinlik yaşına çatmış
əmək qabiliyyətli
övladlarından məhkəmə
qaydasında aliment tələb
etmək hüququnu tanıyır. Lakin heç bir məhkəmə ''qayğının''
mənəvi hissəsini:
məhəbbət, diqqət
dərdinə şərik
olmaq və s. tələb edə bilməz.
Təbii
hüquq konsepsiyasının
əsasında (insanın
təbii hüquqları
haqqında təlim də mənbəyini buradan götürür) ictimai-siyasi fikrin təxminən üç
yüz il
ərzində inkişaf
etdirilən liberal-demokratik
ənənəsi durur.
Təbii
hüquq azadlıq, ədalət, hamının
qanun qarşısında
bərabərliyi, xalqın
hakimiyyətin yeganə
mənbəyi kimi tanınması ideallarını
ehtiva edir. Klassik liberalizmin nümayəndəsi F.Lassal
yazırdı: "mülkiyyət,
təhlükəsizlik, azadlıq
- ictimai nizam buna əsəslanır".
AZADLIQ anlayışını insan hüquqları və AZADLIQLARI anlayışlarından
fərqləndirmək lazımdır. Birinci halda
azadlıq geniş fəlsəfi anlamda insana və sosial birliklərə xas olan, öz
iradəsinə və
istəyinə uyğun
olaraq müstəqil və sərbəst suveren kimi fəaliyyət
göstərmək, davranmaq
imkanı mənasında
başa düşülür.
Azadlıq şəxsiyyətin və cəmiyyətin təşəkkülü, inkişafı
və reallaşdırılmasının
qaçılmaz şərtidir.
Azadlıq insana özünü kəşfetmə, özünü
reallaşdırma və
beləliklə də,
bəşəriyyətin ümumi
nailiyyətlərinə öz
töhfəsini vermək
imkanını qazandırır. Bu da, öz növbəsində,
bütün bəşəriyyəti
kamilləşməyə və
zənginləşməyə doğru aparır.
İkinci
Dünya müharibəsindən
sonra faşist Almaniyası və Stalin rejimi qanunlarının nəzəri əsasını
təşkil edən və ona hüquqi
don geydirən hüquqi
pozitivizm konsepsiyasına
reaksiya kimi yenidən dirçəldilmiş
təbii huquq nəzəriyyəsi formalaşmağa
başlayır. Bu nəzəriyyənin təsiri
altında insan hüquqları idealları
BMT-nin, Avropa Şurasının sənədlərində,
bir çox dövlətlərin müharibədən
sonrakı konstitusiyalarında
öz əksini tapdı.
İNSANIN TƏBİİ HÜQUQLARI konsepsiyasının əsas müddəaları bundan ibarətdir ki, insanın hüquq və azadlıqları ona nə Allah, nə də dövlət tərəfindən bəxş edilməmişdir. İnsan öz hüquqlarına görə nə ali sakral hakimiyyətə, nə də dünyəvi hakimiyyətə borclu deyil. Ona göstərilmiş iltifata və verilmiş hüquq və azadlıqlara görə heç kimə təşəkkür etmək və heç kimin qarşısında əbədi borclu olmaq lazım deyil. Bu hüquqlar insana ona görə verilir ki, o insandır və bunlar onun təbiətinə xasdır. Onlar insan təbiətinin mahiyyətidir və məhz bu səbəbdən də, onları təbii hüquqlar adlandırırlar. İnsanın təbii hüquqları hər hansı yazılı, hüquqi tərtibata ehtiyac duymur. Onlar obyektiv olaraq mövcuddur və bu huquqların daşıyıcısı olan hər hansı konkret insandan asılı deyil. Qarşılıqlı münasibətlərin adi norma və qaydalarını, mənəvi hüquq, qadağa və borcları ehtiva edən yazılı hüquq POZİTİV HÜQUQ adlanır. Bu gün bir çox insan hüquqları beynəlxalq sənədlərdə və bütün dövlətlərin milli qanunvericiliyində öz əksini tapmış və mənəvi-etik norma, qayda, hüquq kateqoriyasından pozitiv hüquq kateqoriyasına çevrilmişdir.
Hər bir şəxsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır (AR Konstitusiyasının 24-cü maddəsi). Hüquqların insana doğulduğu andan məxsus olması, insan hüquqlarının təbii xarakteri ilə bağlı müddəalar ilk dəfədir ki, bu cür aydın şəkildə Azərbaycan hüququnda öz əksini tapmışdır. Bu, bizim qanunvericilikdə yenilik barədə sadə bir fakt deyil. Onun arxasında ictimai-siyasi fikrin radikal dəyişməsi, müasir Azərbaycanın tarixin və zamanın sınağından çıxmış dəyərlərə qoşulması dayanır. Ölkənin müasir hüquqi doktrinası təbii hüquq konsepsiyasına əsaslanır. Bu, XX əsrin sonuna aid marksizm-leninizm ehkamlarının qarşısına sədd çəkildiyinə dəlalət edir. Təbii hüquq və bərabərliyin liberal-demokratik konsepsiyası sinfi yanaşma, marksist-leninçi hüquqşünasların ideoloji təmizliyi, sosialist hüququnun pozilivist konsepsiyası ilə bir araya sığmır və öz dövründə sovet hüquq məktəbi və kommunist rejiminin siyasi praktikası tərəfindən rədd edilirdi. Sovet dövrünün hüquq ədəbiyyatı bu konsepsiyanı belə qiymətləndirirdi: "Təbii hüquq ideyalarının təbliği proletar inqilabına və kommunizmə qarşı yönəlmişdir, Təbii hüququn köməyi ilə bütün əksinqilabi hərəkatlara, Sovet İttifaqına, eləcə də, xalq demokratiyası ölkələrinə qarşı təxribatçı fəaliyyətə haqq qazandırılır".
Vahid ÖMƏROV,fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2016.- 1 noyabr.- S.15